Sizin Reklam Burada

Nicat Muradzadə: “İstehlak malları üçün elektron ticarət platforması yaradıla bilər”

Nicat Muradzadə: “İstehlak malları üçün elektron ticarət platforması yaradıla bilər”Nicat Muradzadə

Koronavirusa yoluxma tendensiyasının dünyadakı son artış trendi pandemiyanın yeni fazaya qədəm qoyduğunu deməyə əsas verir. Müxtəlif peyvənd vasitələrinin ixtirasına dair xəbərlər mətbuatda dövr etsə də, mötəbər təşkilatlar hələ bir müddət də virusun həyatımızın tərkib hissəsi olacağında dair çoxsaylı proqnozlarla çıxış edirlər. Bu hal isə “2-ci və 3-cü dalğa” adlanan yeni mərhələlərin fonunda məhdudlaşdırıcı tədbirlərin davam edəcəyindən xəbər verir. Bu baxımdan, biznes ekosistemini istənilən üsul və vasitə ilə robustlaşdırmaqla, yaxın gələcəkdəki itkiləri minimallaşdırmaq, habelə informasiya kommunikasiya texnologiyalarının prosesə inteqrasiyası ilə biznes subyetklərini dayanıqlılaşdıraraq, onların vəziyyətə reaksiya potensialını adekvatlaşdırmaq mümkündür.

Pandemiya dövründəki müşahidələrə əsasən deyilə bilər ki, iqtisadi dövriyyənin minimallaşması nəticə etibarı ilə ən çox kiçik və orta sahibkarlıq subyektlərinə zərər verir. Bu subyektlərin sırasından, geyim ticarəti ilə məşğul olanlar üçün vəziyyət heç də ürəkaçan deyil. Şübhəsiz ki, 6 aydır davam edən karantin rejimi səbəbindən bütün sferalarda fəaliyyət göstərən müəssisələr bu və ya digər formada təsirlənirlər. Rəqəmlərlə ifadə etsək, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Lakin geyim sektorunun spesifikliyi, onun əsasən mövsümi məhsullar üzərində öz fəaliyyətini qurması, müəyyən istehlakçı seqmentinə xitab etməsi, əmtəə alğısında əvəzetmə prinsipinin mövcudluğu bu sahəyə əlahiddə diqqəti tələb edir. Son dövrlərdə olduqca geniş vüsət alan elektron ticarətin geyim sektoruna da sirayət etməsi perspektivdə yeni fürsətlər yaradır. Başqa sözlə, insanlar artıq heç bir fiziki mağazaya müraciət etmədən asanlıqla istədikləri məhsulu internet satış platformaları üzərindən satın alma imkanına malikdirlər. Bu nöqteyi-nəzərədən, onlayn ticarət vərdişi olan cəmiyyətlərdə, pandemiyanın biznes ekosisteminə, xüsusilə geyim ticarəti kateqoriyasına təsirlərini müəyyən mənada neytrallaşdırmaq daha asan oldu.

ABŞ-ın tanınmış biznes jurnalı “Fortune”un Türkiyə buraxılışının sentyabr seriyasında, elektron ticarət üzrə mütəxəssis N. Ahmadov, 2019-cu ildə azərbaycanlı istehlakçıların Türkiyə Respublikasında fəaliyyət göstərən elektron ticarət platformalarından satınalma həcminin təqribən 1 milyard Türk lirəsi, yəni 180 milyon ABŞ dolları səviyyəsində olduğunu bildirmişdir. Bu göstərici onu deməyə imkan verir ki, son dövlərdə Türkiyə Respublikasında yerləşən elektron ticarət platformalarından satınalma dövriyyəsində Azərbaycandan olan istehlakçıların payı nəzərəçarpacaq dərəcədə yüksəlib. Belə olan halda, artıq azərbaycanlı istehlakçılarda da qeyd etdiyim, onlayn alğı-satqı vərdişlərinin müəyyən mənada formalaşdığını demək üçün ciddi əsaslar yaranır. Nazirlər Kabinetinin qərarı ilə sözügedən qəbildən olan məhsullara müəyyən limitin tətbiqinə başlanılması isə ölkə daxilində bu sferada tamamilə yeni situasiyanı bərqərar etmişdir. Bu addım yerli platformaların meydana çıxması üçün kifayət qədər münbit zəminin şərtlənməsinə səbəb oldu. Lakin mövcud vəziyyətdə, real sektorun imkanları və baxış bucağı nəzərə alındıqda, dövlətin bura müdaxiləsinin zərurəti açıq-aşkar görünür.

İqtisadiyyat ziddiyətlər və fürsətlər toplusu, iqtisad elmi isə bu manelər arasından ümumi maraqlara xidmət edən ən optimal variant seçmə sənətidir. Azərbaycanın geyim sektorunun bu günkü vəziyyəti, pandemiyanın qeyri-müəyyənliyi və dayanıqlı elektron satış platformasının mövcud olmaması kimi faktorlar ziddiyət kimi görünsə də yuxarıda qeyd etdiyim dövlət müdaxiləsi tamamilə yeni fürsətlər yarada bilər. Burada müdaxilə dedikdə, maddi-texniki onlayn infrasturukturun və ödəniş sistemlərinin o cümlədən, loqistika şəbəkəsinin yaradılması və onun inzibatçılığı kimi proseslərin idarəedilməsi nəzərdə tutulur. Bu halda, Kiçik və Orta biznesin inkişafı Agentliyinin qəyyumluğunda, “Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində yaradılacaq elektron satış platforması ilkin dövrdə əsasən geyim sektorunu əhatə etməklə, alıcılarla satıcılar arasında şərti bir bazar rolunu oynaya bilər. Nəzərə alsaq ki, son dövrdə “Azərpoçt” MMC-nin xidməti fəaliyyət istiqamətləri innovativ üsullarla tənzmilənir, o zaman loqistika və ödəniş məsələlərində müvəffəqiyyət nöqteyi-nəzərindən sözügedən qurumun potensialından istifadə üçün geniş imkanlar vardır.

Qonşu ölkələr e-ticarət platformlarının fəaliyyətindən olduqca ciddi gəlir əldə edirlər. Məsələn, 2019-cu il üçün e-ticarətin həcmi Rusiya Federasiyasında 19,56 milyard, Türkiyə Respublikasında isə 24,28 milyard ABŞ dolları olmuşdur. Türkiyə Respublikasının e-ticarət həcminin 2,46 milyard dollarlıq qismi geyim, ayaqqabı və aksesuar satışının hesabına formalaşmışdır. Buna əlavə olaraq, qardaş ölkənin təcrübəsinə əsasən deyilə bilər ki, bu qəbildən olan platformaların fəaliyyətinin qısa zaman kəsiyində geniş vüsət alması üçün təklif artıqlığının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir. Karantin rejiminin fonunda geyim satışının minimallaşdığını və əksər mağazaların anbarlarının dolu olduğunu nəzərə alsaq, ölkəmizdə də qardaş ölkədə olduğu kimi e-ticarət tendesiyasının yayğınlaşması üçün endemik mühitin formalaşdığını demək mümkündür.

Respublikamızda platformanın bütün təşkilati, loqistika və ödəmə məsələləri KOBİA tərəfindən digər müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində həll edilərsə və bu platformanın biznes əməliyyatları bütövlükdə, “Ümumi Keyfiyyət İdarəetməsi” prinsipləri əsasında formalaşdırılarsa, orta dövrdə həm azərbaycanlı sahibkarların böhrandan qazanclı çıxması təmin edilə, həm də Azərbaycanda rəqəmsallaşmanın inkişafına çox ciddi töhfə verilə bilər. Növbəti mərhələdə isə bu platformanın əhatə dairəsi elektronikadan gündəlik tələbat məhsullarına qədər genişləndirilə bilər. Qonşu Rusiya Federasiyasında və Türkiyə Respublikasında bunun bir çox uğurlu nümunəsi mövcuddur. İstənilən halda, koronavirusun hələ uzun müddət özünün neqativ təsirləri ilə həyatımızın tərkib hissəsi olacağı aşkardır. Onun yaradacağı böhran və kataklizmlər isə müasir dövrdə bəşər övladının ən vacib sınaqlarından hesab edilə bilər. Albert Eynşteyn “Hər böhranın ortasında böyük bir fürsət var” dedikdə, zənnimcə bu tip situasiyaları nəzərdə tutmuşdur. Bu baxımdan, ölkəmizin geyim sektorunda yaranmış böhranı fürsətə çevirmək üçün elektron satış platformasının yaradılması proseslərin müsbət istiqamətdə inkişafına rəvac verə bilər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər