29 okt 10:43iqtisadiyyat

Azərbaycana milyardlar axa bilər – Ekspert baxışı

Azərbaycana milyardlar axa bilər – Ekspert baxışıİqtisadiyyatımız inkişafı çərçivəsində həyata keçirilən son islahatların sözsüz ki, ölkəmizə investisiyaların cəlb olunmasında böyük rolu var.

Bu sözləri Axar.az-a açıqlamasında Mərkəzi Bank sədri Elman Rüstəmovun dünyada 0 və mənfi faiz altında olan 15 trilyon vəsaitin mövcudluğu və bu vəsaitdən ölkəmizə gətirilməsi istiqamətində istəkləri barədə danışan iqtisadçı ekspert, professor Elşad Məmmədov deyib. O bildirib ki, ölkə iqtisadiyyatının inkişafı üçün kəskin şəkildə birbaşa və yüksək texnoloji sahələrə prioritet olaraq, investisiyalar tələb olunur:

“Biz bu investisiyalar uğrunda mübarizə aparmalıyıq. Bu gün dünya iqtisadiyyatında çox böyük pul kütləsi formalaşdığını görürük. Sözsüz ki, investisiyalar üçün hər bir ölkə, öz cümlədən Azərbaycan mübarizə aparır və aparmalıdır. Lakin mühüm məqam onunla izah olunmalıdır ki, bu böyük maliyyə resurslarının çox hissəsi təəssüf ki, birbaşa investisiyalar şəklində deyil, portfel və kapitalın bölgüsünə yönələn investisiyalar şəklində reallaşdırılır. Buna görə də bu investisiyalar uğrunda mübarizə aparmaq son dərəcədə çətin olacaq. Amma düşünürəm ki, çox ciddi şəkildə bazarın təhlilini aparmalıyıq. Bizim coğrafi mənada da mövqeyimiz elədir ki, bu resurs bazarlarının ölkəmizə müəyyən mənada gəlməsi üçün şərait yarada bilərik. Bunun üçün kompleks yanaşma lazımdır. Son günlər bu sahədə aparılan islahatlarla yanaşı paralel şəkildə ölkədə pul-kredit siyasətini yumşaltmalıyıq. Çünki xarici investisiyaları daxili investisiyalar tamamlayır. Yəni daxildə investisiyalar artsa, yeni iş yerləri açılsa, biznes aktiv şəkildə kreditləşsə, xarici investisiyalar da ölkəmizə gələcək”.

Professor xarici investisiyaların ölkəmizə aşağı faizlə gətirilməsinin lazım olduğunu qeyd edib:

“Biz istəsək də, istəməsək də, dollar investisiyalarından danışanda ABŞ-ı nəzərdə tutmalıyıq. Digər tərəfdən reallığı da unutmamalıyıq ki, ABŞ-ın böyük həcmdə birbaşa investisiyalarının Azərbaycana gəlməsi o qədər də real görünmür. Bir tərəfdən bazar uzaqdır, digər tərəfdən isə görürük ki, ABŞ investisiyaların tam əksəriyyəti birbaşa investisiyalar olmur. Misal üçün Çin “Bir kəmər-bir yol” layihəsi çərçivəsində çox aktiv şəkildə qonşu dövlətlərə investisiyalar yatırıb. Düzdür, bunun hansısa təhlükəsi də ola bilər. Çünki investisiyalar kreditləşmə şəklində əsasən faizlərlə yerləşdirilir. Amma hesab edirəm, 2-3 faizlə Çin investisiyalarını kredit şəkildə ölkəmizə cəlb etmək, sözsüz ki, aparıcı şirkətlərin xaricdən 7-8 faizlik kredit cəlb etməsindən daha məqbuldur. Bu gün qonşu Rusiyanın 500 milyardan çox qızıl-valyuta ehtiyatı var. Biz bunun bir hissəsini yumşaq faizlərlə Azərbaycan iqtisadiyyatında yerləşdirə və bunun hesabına hansısa birgə layihələri reallaşdıra bilərik. Eyni zamanda özümüzün 50 milyard dollara yaxın qızıl valyuta ehtiyatımız var ki, onların böyük hissəsi ABŞ-ın qiymətli kağızlarına yerləşdirikib. İlk növbədə bu resursların daxili bazarda biznesin stimullaşdırılmasına və investisiyaların artımına səbəb olması barədə düşünə bilərik. Azərbaycanın resurs mənbələri çoxdur. Bütün bu proseslər ilk növbədə daxildə pul-kredit siyasətinin yumşaldılması ilə həyata keçirilməlidir. Ümid edirəm ki, aparan islahatlar pul kredit seqmentinə də çatacaq”.

Qeyd edək ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin dünyada 0 və mənfi faiz altında olan 15 trilyon vəsaitdən bir qisminin investisiya kimi ölkəmizə gətirməsi üçün mübarizə aparılması barədə tapşırıq verdiyini deyib.
XƏBƏR LENTİ
17-11-2019, 17:10
SORĞU