22 sen 10:59iqtisadiyyat

Konstitusiya Məhkəməsindən dollar kreditləri ilə bağlı VACİB QƏRAR

Konstitusiya Məhkəməsindən dollar kreditləri ilə bağlı VACİB QƏRARÖtən gün Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. "Qafqazinfo” xəbər verir ki, iclasda Mülki Məcəllənin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz. Belə olan halda manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir.

Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır.

Borc alan krediti xarici valyutada götürdüyü zaman manatın məzənnəsinin dəyişməsinin mümkünlüyünü görməli və bilməli idi. Bu halda borclu krediti xarici valyutada götürməklə manatın məzənnəsinin dəyişməsi riskini öz üzərinə götürmüş olur.

Nəzərə alınmalıdır ki, maliyyə bazarının bütün iştirakçıları (banklar, əmanətçilər, kredit müqaviləsinin tərəfləri və s.) üçün daim maliyyə riski mövcuddur. Bu risk maliyyə bazarının bütün iştirakçılarının maliyyə bazarında yarana biləcək neqativ faktorlarla əlaqədar maliyyə itkisi ilə üzləşməsi ehtimalıdır. Milli valyutanın məzənnəsinin dəyişməsi, faiz dərəcəsinin dəyişməsi və s. maliyyə riskinin (itkisinin) yaranmasına səbəb ola bilən faktorlardır.

Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu manatın məzənnəsinin dəyişməsini nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müqavilələrinin şərtlərinin əhalinin maraqları baxımından dəyişdirilməsinin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.

Eyni zamanda, tərəflər müqavilə azadlığı prinsipinə əsasən kredit müqaviləsi bağlayarkən müqavilənin şərtlərinə Azərbaycan manatının məzənnəsinin dəyişməsi ilə bağlı müddəalar daxil edə bilərlər.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Bütün bunları nəzərə alan məhkəmə qərara alıb ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

İqtisadçı ekspert Vüqar payramov bildirib ki, qərarın mahiyyəti ondan ibarətdir ki, xarici valyutada götürülmüş kreditlər ödəniş edilən günə olan kurs ilə ödənilməlidir. Yəni, bank güzəşt tətbiq etməyibsə, hansı məzənnə ilə kredit götürməsindən asılı olmayaraq, borc sahibləri indiki məzənnə ilə ödəniş etməlidir.

Bu isə o deməkdir ki, dollar keditləri üzrə müqavilə şərtlərinin dəyişdirilməsi yalnız bank ilə müştərinin birgə razılığı nəticəsində mümkündür.
XƏBƏR LENTİ
SORĞU