"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Avrasiya.net-in məlumatına görə, püşkatmaya səpələnmişlər səbətindən qatılacaq Ağdam təmsilçisi növbəti raundda nisbətən zəif rəqiblə üz-üzə gələcək.

III təsnifat mərhələsi
Çempionlar yolu

Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Yanq Boyz” (İsveçrə)
“Srvena Zvezda” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Makkabi” (Təl-Əviv, İsrail)

Səpələnməmişlər

“Molde” (Norveç)
“Midtülland” (Danimarka)
“Ferensvaroş” (Macarıstan)
“Omoniya” (Kipr)
“Dinamo” (Belarus)

Liqa yolu

Səpələnmişlər

“Benfika” (Portuqaliya)
“Dinamo” (Kiyev, Ukrayna)
“Gent” (Belçika)

Səpələnməmişlər

“Rapid” (Avstriya)
PAOK (Yunanıstan)
AZ (Niderland)

Qeyd edək ki, III təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq.
“Qarabağ” doğma meydanda qalib gəlib: 2-1Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşıb və 2-1 hesabı ilə qalib gəlib.

Avrasiya.net xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Şerif”in ilk onbirliyində isə meydana Dmitri Celabnik, Feyt Fraydey Obolor, Usman Ndiay, Andrey Peteley, Kristiano, Vilyam Parra, Andrey Lukiç, Benedik Mioç, Şarl Petro, Anatol Abanq və Qabriel Boban çıxıblar.

Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edib. Referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edirlər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirib.

UEFA-nın qərarına əsasən, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.

Xatırladaq ki, “Qarabağ” klubu indiyədək “Şerif” ilə beş dəfə üz-üzə gəlib.

Ağdamlılar UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib - 2:0.
“Qarabağ” bu gün “Şerif”lə qarşılaşacaqBu gün Ağdamın “Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünün II təsnifat mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.

Avrasiya.net xəbər verir ki, saat 20:00-da baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

UEFA daha əvvəl görüşü Furkat Atajanovun rəhbərlik etdiyi Qazaxıstandan olan hakimlər briqadasına tapşırsa da, sonrada bu oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Mikola Balakinə həmyerliləri Viktor Matyaş və Sergey Pristupa yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

“Qarabağ” klubu bu günə kimi “Şerif” ilə beş dəfə üz-üzə gəlib.

Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), “Şerif” isə Lüksemburqun “Fola Eş” komandasını məğlub edib - 2:0.

“Qarabağ” ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubuna qalib gəlsə, növbəti mərhələdə “Seltik” (Şotlandiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Lüdoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə) və “Srvena Zvezda” (Serbiya) klublarından biri ilə qarşılaşacaq.
“Bavariya” Çempionlar Liqasının qalibi  olduÇempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb.

Avrasiya.net xəbər verir ki, turnirin final qarşılaşmasında Fransa çempionu PSJ ilə Almaniya birinçisi "Bavariya" üz-üzə gəlib.

Fransalı futbolçu Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol finalın taleyini həll edib.

Rəqibini 1:0 hesabı ilə məğlub edən "Bavariya" 7 ildən sonra yenidən Çempionlar Liqasının qalibi olub.
Bu gün ÇL-nın qalibi müəyyənləşəcəkBu gün UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı görüşdə Fransanın PSJ komandası ilə Almaniya "Bavariya"sı üz-üzə gələcək. İtaliyalı Daniele Orsatonun idarəyə edəcəyi matç "Estadio da Luş" stadionunda Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu oyun komandaların avrokuboklarda 9-cu dueli olacaq. PSJ və "Bavariya" indiyədək Çempionlar Liqasının qrupunda 8 dəfə üz-üzə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münhenlilər qələbə qazanıb. PSJ-nin 12 qoluna, "Barvariya" 11 topla cavab verib.

PSJ tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirinin baş mükafatına yiyələnmək niyyətindədir. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə ÇL-də finala yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.

5 dəfə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" isə son olaraq 2013-cü ildə bu titulu əldə edib. Münhen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə "Liverpul"u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olacaq.

Bu oyun həmçinin Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız dueli olacaq. İlk dəfə "Bavariya" 1975/1976 mövsümündə "Sent-Etyen"i 1:0 hesabı ilə üstələyib.

23 avqust

Çempionlar Liqası, final

23:00 PSJ (Fransa) - "Bavariya" (Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

"Estadio da Luş" stadionu.
Avropa Liqasının qalibi bəlli olduFutbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşü keçirilib.

Avrasiya.net xəbər verir ki, Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutan görüşdə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.

Görüş “Sevilya” komandasının 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb.

“Sevilya”nın heyətində Luk de Yonq (2), Dieqo Karlos, “İnter”in isə Romelu Lukaku və Dieqo Qodin fərqləniblər.

Beləliklə, “Sevilya” finalda qalib gələrək tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi adı qazanıb. Komanda bu günə kimi beş dəfə - 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finala çıxıb və hamısında qalib gəlib.

“İnter” isə dörd dəfə həlledici görüşdə oynamaq hüququ qazansa da, onların üçündə (1991, 1994, 1998) qalib gəlib.

“Sevilya” və “İnter” komandaları avrokuboklarda ilk dəfə üz-üzə gəliblər. İspaniyalılar buna qədər İtaliya təmsilçiləri ilə 13 dəfə qarşılaşıblar. “Sevilya” bu görüşlərin 6-da qələbə qazanıb, 2-də isə heç-heçəyə nail olub.

Xatırladaq ki, “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu (2:1), “İnter” isə Ukraynanın “Şaxtyor Donetsk” komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıb.
Bu gün UEFA Avropa Liqasının qalibi müəyyənləşəcəkBu gün UEFA Avropa Liqasında 2019/2020 mövsümünə yekun vurulacaq.

"Report"un məlumatına görə, turnirin final oyununda İspaniya "Sevilya"sı ilə İtaliya "İnter"i qarşılaşacaq.

Almaniyanın Köln şəhərindəki "Reyn Energi" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.

Oyun öncəsi komandaların heyətində cəzalı futbolçu yoxdur. La Liqa təmsilçisində yüngül zədəsi olan Lukas Okamposun meydana çıxması sual altındadır. Milan klubunda isə zədəli Matias Vesinonun oynamayacağı dəqiqdir.

Bunadək UEFA Avropa Liqasında 5 dəfə (2006, 2007, 2014, 2015 və 2016) finala çıxan "Sevilya" bunların hamısında qalib gəlib. Bu mənada, əndəlusiyalıar rekordçudur.

Cari mövsüm turnirə "Qarabağ"ın da yer aldığı A qrupunda başlayan "Sevilya" 1/16 finalda ÇFR (Rumıniya), 1/8 finalda "Roma" (İtaliya), 1/4 finalda "Vulverhempton" (İngiltərə) və yarımfinalda "Mançester Yunayted"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.

Avropa Liqasında daha əvvəl 4 dəfə (1991, 1994, 1997 və 1998) final oynayan "İnter" isə bunların 3-də titula sahib çıxıb. Komanda 1997-ci ildəki həlledici matçda Almaniya "Şalke"sinə uduzaraq gümüş medallarla kifayətlənib.

Bu mövsüm avrokubok macərasına Çempionlar Liqasında başlayan "İnter" "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Slaviya" (Praqa, Çexiya) ilə birlikdə mübarizə apardığı F qrupunu 3-cü pillədə tamamlayaraq Avropa Liqasına düşüb. Antonio Kontenin başçılıq etdiyi komanda 1/16 finalda "Ludoqorets" (Bolqarıstan), 1/8 finalda "Xetafe" (İspaniya), 1/4 finalda "Bayer" (Almaniya) və yarımfinalda Ukrayna "Şaxtyor"unu məğlub edib.

"Sevilya" və "İnter" komandaları avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər. İspaniyalılar bunadək 13 dəfə İtaliya təmsilçilərinə qarşı oynayıblar - 6 qələbə, 2 heç-heçə, 5 məğlubiyyət.

"İnter" isə beynəlxalq arenada İspaniya klubları ilə 43 dəfə qarşılaşıb. Bunların 18-də uduzan komanda 14 dəfə qələbə sevinci yaşayıb. 11 matç isə heç-heçə başa çatıb.

20 oyundur məğlubiyyət üzü görməyən "Sevilya" son 9 görüşün 8-də qalib gəlib. Xulen Lopeteginin baş məşqçisi olduğu kollektiv bu mövsüm Avropa Liqasında keçirdiyi 11 oyunun yalnız 1-də uduzub.

"İnter" isə son 7 qarşılaşmada cəmi 1 qol buraxıb. 11 oyundur uduzmayan komandada belçikalı hücumçu Romelu Lukaku cari mövsüm Avropa Liqasında oynadığı 5 matçın hamısında qol vurmağı bacarıb.

UEFA Avropa Liqası

Final

23:00. "Sevilya" (İspaniya) - "İnter" (İtaliya)

Baş hakim: Denni Makkeli

Almaniya, Köln. "Reyn Energi" stadionu.

Bizim Instagram səhifəmizə abunə olun
"Qarabağ" ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Avrasiya.net xəbər verir ki, buna Tiraspolda keçirilən "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) qarşılaşmasının nəticəsi aydınlıq gətirib.

Rəqibi üzərində 2:0 hesabı ilə qalib gələn "Şerif" II raunda yüksəlib. Bununla da ÇL-də mübarizəni davam etdirən Moldova klubu II təsnifat mərhələsində "Qarabağ"a rəqib olub.

Bu komandalar arasında görüş avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" I raundda Şimali Makedoniyanın "Sileks" komandasını 4:0 hesabı ilə məğlub edib.
Çempionlar Liqasının ilk finalçısı məlum olduUEFA Çempionlar Liqasında yarımfinal mərhələsi çərçivəsində ilk oyun keçirilib.

Avrasiya.net xəbər verir ki, ilk oyunda Fransa PSJ-si ilə Almaniyanın "Leyptsiq" komandası üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə məğlub edən Fransa klubu finala vəsiqə qazanıb.

Portuqaliyanın paytaxtı Lissabondakı "Eştadiu Da Luj" stadionunda keçirilən görüşdə hesabı 13-cü dəqiqədə Markos Korrea açıb. İlk hissənin sonlarında fransızlar növbəti dəfə rəqibi cəzalandırıblar. 42-ci dəqiqədə Anxel di Mariya fərqi 2 topa çatdırıb - 2:0. İlk yarı bu hesabla başa çatıb.

İkinci hissədə PSJ daha bir qol vurub. Xuan Bernat 52-ci dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Lion" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.
“Qarabağ”dan möhtəşəm QƏLƏBƏ“Qarabağ” “Sileks” oyununun 80-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi 4 topa çatdırıb.

Avrasiya.net xəbər verir ki, oyun elə bu hesabla da bitib. Bu dəfə "Qarabağ"ın heyətində Mahir Emreli fərqlənib.

Oyun “Qarabağ”ın 4-0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan çempionunun növbəti təsnifat mərhələsində rəqibi “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun qalibi olacaq.

21:11

“Qarabağ” “Sileks” oyununun 51-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi üç topa çatdırıb.

Avrasiya.net xəbər verir ki, Donald Gerye oyunda dublun rəsimləşdirib: 3-0

20:41

“Qarabağ” “Sileks” oyununda daha bir qol vurulub.

Avrasiya.net xəbər verir ki, Azərbaycan çempionu oyunun 40-cı dəqiqəsində rəqibi ikinci dəfə mərkəzə dəvət edib: 2-0

“Qarabağ”ın heyətində Xayme Romero fərqlənib.

20:11

“Qarabağ” “Sileks” oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu oyunun 11-ci dəqiqəsində hesabı açıb: 1-0

“Qarabağ”ın heyətində bu dəfə Donald Gerye fərqlənib.

20:00

“Qarabağ” “Sileks” oyunu başlayıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasında ilk oyuna çıxıb.

19:19

Bu gün son Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlayır.

Avrasiya.net xəbər verir ki, Ağdam təmsilçisi ÇL-in I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarətdir.

Çempionlar Liqasının I təsnifat mərhələsi

18 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 8. Uroş Matiç, 9. Xayme Romero, 11. Mahir Emreli, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 12. Emil Balayev, 21. Rauf Hüseynli, 27. Ovusu Kvabena, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 71. Toral Bayramov, 99. Ruslan Hacıyev.
Baş məşqçi: Qurban Qurbanov.

Sileks: 1. Daniel Bojinovski, 5. Srdan Draşkoviç, 6. Hristiyan Qrozdanoski, 7. İvan İvanovski, 14. Pepi Georgiyev, 16. Viktor Serafimovski, 17. Burhan Mustafov, 20. Denis Ristov, 22. Angelçe Timovski, 26. Daniel Karçeski, 27. Deyan Tanturovski.
Ehtiyat oyunçular: 25. Qoran Traykovski, 8. Boyan Şpirkoski, 9. Stefan Duriç, 10. Miloş Jeraviça, 11. Kristiyan Kostovski, 23. Filip Kostovski, 28. Andrey Kirovski.
Məşqçi: Draqan İvanov.