Quba məktəbliləri arasında idman mövzusunda bilik yarışı keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin fərdi kateroqiya üzrə qalibi olan Quba şəhər 7 saylı tam orta məktəbinin fiziki tərbiyə müəllimi Müşfiq Rəsulov tərəfindən icra edilən “Sağlam gələcək naminə yarışaq!” şagirdlər arasında sağlam həyat tərzinin idman oyunları vasitəsilə təbliği layihəsi çərçivəsində Quba rayonu ümumtəhsil məktəblərinin 5-11-ci sinif şagirdləri arasında təlim və bilik yarışları keçirilib.
Məktəblilərin idmana cəlbi ilə sağlam həyat tərzinə təşviq edilməsi, məktəblilərin sağlam həyat tərzi ilə bağlı biliklərinin artırılması, məktəbli qızlar arasında idmanın təbliği məqsədilə icra edilən layihə çərçivəsində 5-11-ci sinif şagirdlərinin iştirakı ilə Microsoft Teams platforması üzərindən distant şəkildə təlimlər və bilik yarışlarının təşkili nəzərdə tutulur.
İlk tədbir günündə çıxış edən layihə rəhbəri Müşfiq Rəsulov qeyd edib ki, layihədə iştirak üçün 86 nəfər şagird qeydiyyatdan keçib. Təlimlər və yarışlar 5-6-ci siniflər, 7-8-ci siniflər və 9-11-ci siniflər üzrə olmaqla 3 qrupda təşkil olunacaq. Hər bir qrupda ilk öncə şagirdlərə yüngül atletika, baskebol (3*3) və voleybol üzrə maarifləndirmə təlimləri keçiriləcək, daha sonra onlar arasında idman mövzusunda bilik yarışları təşkil olunacaq. Hər bir sinif üzrə qalib və mükafatçılar ayrı-ayrılıqda diplom və medallarla təltif olunacaqdır.
Rəsmi hissədən sonra 5-6-ci sinif şagirdlərinin iştirakı ilə təlimlərə start verilib. Təlimlərə Quba şəhər 1 və 7 saylı tam orta məktəblərində, Quba şəhər 2 saylı məktəb-liseydə və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə təhsil alan ümumilikdə 15 nəfər şagird qatılıb.
Təlimlər sonra, tədbirin ikinci günündə isə şagirdlər arasında idman mövzusunda bilik yarışı keçirilib. Yarışda şagirdlərə distant formada fiziki tərbiyə, idman növləri, Azərbaycan idmançılarının olimpiya oyunlarındakı uğurlarına dair 30 sualdan ibarət test nümunələri təqdim edilib. 30 dəqiqə ərzində onlayn şəkildə cavablandırılan testlərin nəticələrinə əsasən qalib və mükafatçılar müəyyən edilib.
5-ci siniflərin yarışında Quba şəhər 2 saylı məktəb-liseyin şagirdi Amin Mustafayev 19 balla birinci, Quba şəhər 1 saylı tam orta məktəbin şagirdi Ayşənur Mahmudova 18 balla ikinci, Quba şəhər 2 saylı məktəb-liseyin şagirdi Nuran Abdulov isə 17 balla üçüncü yeri tutub.
6-cı sinif şagirdlərinin mübarizəsində isə Quba şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin şagirdi Nihat Həsənov 22 balla birinci, Quba şəhər 7 saylı tam orta məktəbinin şagirdi Əziz Əzizov 21 balla ikinci, eyni məktəbin şagirdi Günay Cəlilova isə 20 balla üçüncü yeri tutub.
Qalib və mükafatçılara diplom və medallarla yanaşı layihə çərçivəsində Azərbaycan idmançılarının olimpiya oyunlarındakı nəticələrinə dair statistik məlumatlardan ibarət maarifləndirici kitabçalar təqdim olunacaq.
Layihə çərçivəsində növbəti təlinlər 7-8-ci və 9-11-ci siniflərin iştirakı ilə ayrı-ayrı qruplarda yanvar ayının 23-dən 26-dək keçiriləcəkdir.
Layihə 15 mart 2021-ci ilə qədər davam edəcək.