Sindo-Ryu və Pençak Silat Federasiyası 50 ailəyə yardım edib
Ceyhun Əşrəfov: “Federasiya olaraq cənab Prezidentin, dövlətimizin yanındayıq”
Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyası (PERSİLAT) COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkədə davam edən yardım kampaniyasına qoşulub. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, federasiyasının prezidenti, idarə heyətinin sədri Ceyhun Əşrəfovun təşəbbüsü ilə 50 ailəyə ərzaq yardımı edilib.
Ceyhun Əşrəfov bildirib ki, dünya dövlətləri koronavirus pandemiyası ilə mübarizə aparır. Onun sözlərinə görə, cənab Prezidentin göstərişinə əsasən bununla bağlı tədbirlər planı hazırlanıb: “Dövlət aztəminatlı ailələri xüsusilə diqqət mərkəzində saxlayır, onların sosial problemlərini həll edir. Təbii ki, biz də federasiya olaraq cənab Prezidentin, dövlətimizin yanındayıq, bu çağırışa qoşuluruq.
Biz, bu çətin gündə aztəminatlı vətəndaşlarımızı dəstəksiz qoya bilmərik. Federasiya tərəfindən 50 aztəminatlı ailə müəyyən edilərək onlara yardım olunub. Ərzaq yardımı növbəti günlərdə də icra olunacaq, müəyyən ailələrə köməkliyimizi əsirgəməyəcəyik. Biz xalq olaraq bir olmalı, yardımlaşmağı bacarmalıyıq. İnanıram ki, birlikdə bu sınaqdan da üzüağ çıxacaq, çətin günləri birlikdə arxada qoyacağıq. Biz birlikdə güclüyük!”.