““ACUN MEDİA” Pərvizi aldadıb“ - İdmançının qohumundan şok açıqlama
Türkiyənin “TV8” telekanalında yayımlanan “Survivor” yarışmasında Pərviz Abdullayevin gözlənilməz şəkildə yarışı tərk etməsi ilə bağlı hələ də söz-söhbətlər səngimir.
Acun Ilıcalının Türkiyə mediasına “Azərbaycandan səsverməni açsaydıq, asan yolla pul qazanardıq, ancaq bu haqsızlıq olardı. Bütün ölkə vətəndaşları Pərvizə səs verib onu qalib edəcəkdi. Bu isə düzgün olmazdı. Pərviz güclü iştirakçı idi. Ancaq bu yarışda təmkinlə mübarizə aparmaq işə yaramır. Lazım olanda xarakter nümayiş etdirməlisən. Pərviz passiv oldu və yarışla vidalaşdı”, - deyə açıqlama verməsi də azərbaycanlı izləyiciləri qane etməyib.
Xatırladaq ki, hazırda Dominikanda olan idmançımızın əmisioğlu, “Kobra” İdman Klubunun direktoru Faiq Abdullayev də Acun bəyin fikiləri ilə razılaşmayıb: “Əvvəlcə onu bildirim ki, son ana qədər, daha dəqiq desəm, Pərviz telefonunu təhvil verən dəqiqəyə kimi “ACUN MEDİA”dan bizə deyilmişdi ki, Azərbaycandan da səs göndərmək olacaq. Ancaq yarışa başlayanda bildik ki, bu mümkün olmayacaq. Yalnız bank hesabı olan, onu telefonuna yükləyən azərbaycanlılar bunu edə bilərdi. Özünüz də bilirsiz ki, bu sistem çoxlarının telefonunda yoxdu. Sadə vətəndaşlar, Pərvizin çıxışını izləyənlər lazımi anda ona dəstək olmaq istəsələr də, bunu edə bilmirdilər. Acun bəyin açıqlamasıyla tanışam. Ancaq onun “belə halda başqalarına haqsızlıq etmiş olardıq” fikirləri ilə razılaşmıram. Azərbaycanın 10, Türkiyənin 80 milyondan çox əhalisi var. Bu o deməkdi ki, istənilən türkiyəli yarışmaçıya yetərincə səs vermək olardı. Pərviz ilk gündən favoritlər arasında idi. Ancaq gülməli bir addımla, xanımların əli ilə onu yarışdan uzaqlaşdırdılar. Pərviz yarışa rəng qatan iştirakçılardan biri idi. Onu tək Azərbaycanda yox, Türkiyədə də sevirdilər. Təəssüf ki, onu mücadilədən erkən yola saldılar. Hamı gözləyirdi ki, Pərviz finala qədər gedəcək”.
Faiq bəy yarışdan uzaqlaşdırılan əmisioğlunun hazırda Dominikanda qalmasının səbəbini də söyləyib: “O “Survivor”a qoşulanda əlaqə üçün mənim nömrəmi qoymuşdu. Ailə üzvləri, bizlərlə danışanda da mənimlə əlaqə saxlayırdı. Koronavirusla bağlı Tükiyənin hava məkanı bağlı olduğundan Pərviz hələ də Dominikandadı. Arada danışırıq. Özü də çox darıxır, qısa vaxtda vətənə dönmək istəyir. Lakin məlum səbəblərdən hələ gələ bilmir. Vəziyyəti yaxşıdı, onlar üçün xüsusi məkan ayrılıb və orda qalırlar. Onu deyim ki, bu gün saat 5-də efirə gedəcək “Panorama” verilişində Pərviz görüntülü efirə qoşulacaq. Kim istəsə, baxa bilər”. /Futbol+