Azərbaycan idmançıları ötən ili möhtəşəm nailiyyətlərlə başa vurdular
Yusif Babanlı
Professor
İdmançılarımız dünyanın ən mötəbər turnirlərində uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Atletlərimiz müxtəlif yarışlarda idmanın olimpiya və qeyri-olimpiya növləri üzrə ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini artırırlar.
2019-cu ildə idmançılarımız beynəlxalq yarışlarda 775 medal qazanıblar. Medallardan 271-i qızıl, 238-i gümüş, 266-sı bürüncdür. Ölkəmizdə 62 beynəlxalq idman tədbiri keçirilib. Milli komandalarımız 243 beynəlxalq turnirə qatılıb.
Azərbaycanın keçən il "Formula-1” Azərbaycan Qran-prisinə, UEFA Avropa Liqasının finalına, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına, gimnastika üzrə dünya kubokları uğrunda turnirə və digər mötəbər yarışlara uğurla evsahibliyi etməsi, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı.
"Minsk-2019”: 5 qızıl, 10 gümüş, 13 bürünc medal
Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri atletlərimizin Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qazandıqları uğurdur. Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ən güclülər qalib gəldilər. 9 gün ərzində 15 idman növü üzrə 200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil olunmuşdu. Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi.
Sevindirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı özünü "Minsk-2019”da da doğrultdu. Belə ki, Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.
Ölkəmizə ilk medalları (2 gümüş, 1 bürünc) akrobatika gimnastlarımız qazandırdılar. Dinamik hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında 28,830 xal toplayan Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi gümüş medala sahib olublar. Balans hərəkətləri üzrə qarışıq cütlüklərin yarışında Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü 28,160 xalla bürünc medala layiq görülüb.
Bir gün sonra isə akrobatika gimnastlarımız II Avropa Oyunlarında üçüncü medalı qazanıblar.
Akrobatika gimnastikası yarışında təmsilçilərimiz Ruhidil Qurbanlı-Abdulla Əl-Məşayxi cütlüyü qarışıq hərəkətlər üzrə qarışıq komandaların yarışında 29,540 xal toplayaraq oyunların gümüş medalına sahib olub.
Cüdoçularımız II Avropa Oyunlarını bir gümüş və dörd bürünc medalla başa vurublar. "Minsk-2019”da Azərbaycan yığmasının bayraqdarı olan Rüstəm Orucov gümüş, Hidayət Heydərov, Məmmədəli Mehdiyev, Elmar Qasımov və İrina Kindzerska bürünc medallara layiq görülüblər.
İdmansevərlərin böyük maraqla və həyəcanla medallar gözlədiyi idman növləri sırasında güləş xüsusi yer tuturdu. Azərbaycan güləşçiləri "Minsk-2019”u ümumilikdə 10 medalla başa vurdular. Onlardan 3-ü qızıl, 3-ü gümüş, 4-ü bürünc olub. Mahir Əmiraslanov, Hacı Əliyev və Mariya Stadnik qızıl, Nurməhəmməd Hacıyev, İslam Abbasov və Elmira Qəmbərova gümüş, Hacımurad Hacıyev, Camaləddin Məhəmmədov, Sabah Şəriəti və Alyona Kolesnik bürünc medal qazanıblar.
"Minsk-2019”da karateçilərimiz də onlara göstərilən etimadı doğrultmağa çalışdılar. Onlar II Avropa Oyunlarında 5 medal (1 qızıl, 3 gümüş, 1 bürünc ) qazandılar. Ölkəmizə bu idman növündə qızıl medalı +84 kq çəki dərəcəsində kumite yarışında Asiman Qurbanlı qazandırıb. Rafael Ağayev, Firdovsi Fərzəliyev və İrina Zaretska "Minsk-2019”u gümüş, Roman Heydərov isə bürünc medalla başa vurublar.
Boks yarışlarında idmançılarımız ölkəmizin hesabına 2 medal (1 qızıl və 1 bürünc) yazdırıblar. Təmsilçimiz Alfonso Dominges II Avropa Oyunlarının qalibi olub. Lorentso Sotomayor isə "Minsk-2019”u bürünc medalla başa vurub.
II Avropa Oyunlarında sambo yarışlarında ölkəmiz 3 medal qazanıb (bir gümüş, iki bürünc). Ağasif Səmədov gümüş, Mehman Xəlilov və Emil Həsənov bürünc medala layiq görülüblər.
Sürət paytaxtı
Keçən il Azərbaycan bir sıra nüfuzlu turnirlərə evsahibliyi edib. Bunların sırasında planetin bir nömrəli avtomobil yarışı - "Formula-1” Azərbaycan Qran-prisi xüsusi yer tutur. Aprelin 26-28-də dördüncü dəfə Bakıda keçirilən "Formula-1” dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 67 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.
Pilotlar ümumi məsafəsi 306 kilometr və 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Trekin ən geniş yerinin eni 13 metr, ən dar hissəsinin eni İçəri şəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı.
Maraqlı və gərgin keçən yarışın yekununda "Mercedes” komandasının üzvü Valtteri Bottas 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə "Formula-1” SOCAR Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yeri "Mercedes” komandasının digər üzvü Luis Hamilton, üçüncü yeri isə "Ferrari” komandasının sürücüsü Sebastian Fettel tutdular.
Gimnastika üçün daha bir uğurlu il
Ötən il gimnastikada uğurlu nəticələr əldə edilib. Gimnastika növləri üzrə yığma komandalarımız beynəlxalq yarışlarda ötən il 32-si qızıl, 33-ü gümüş və 39-u bürünc olmaqla 104 medal qazanıblar. Milli Gimnastika Arenası 2019-cu ildə 8 beynəlxalq yarışa evsahibliyi edib. Yarışlara ənənəvi dünya kubokları ilə start verilib. Fevralda batut gimnastikası, mart ayında idman gimnastikası və apreldə təşkil edilmiş bədii gimnastika üzrə dünya kuboklarında iştirak etmək üçün ümumilikdə 1020-dən çox insan ölkəmizə səfər edib. Bundan əlavə, ötən ilin aprelində həm də gənclər arasında bədii gimnastika üzrə ikinci "AGF Junior Trophy” adlı beynəlxalq turnir keçirilib. Bu yarışın sonuncu günündə qrup hərəkətlərində komandamız qızıl medal qazanıb və himnimizi səsləndirib.
Ötən ilin may ayında Azərbaycanda ilk dəfə gimnastikanın iki növü üzrə birgə Avropa çempionatı təşkil edilib. Bədii gimnastika üzrə qitə birinciliyi ölkəmizdə dördüncü dəfə təşkil olunsa da, aerobika gimnastikası üzrə Avropa çempionatına ölkəmiz ilk dəfə evsahibliyi edib. Hər iki növ üzrə yarışlara 500-dən çox gimnast qatılıb.
Milli Gimnastika Arenasında keçirilmiş növbəti turnir XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində kişi və qadınların idman gimnastikası üzrə yarışları olub. "Bakı 2019”da 38 ölkədən 170 idmançı qüvvəsini sınayıb. Ölkəmizdə təşkil edilmiş ən genişmiqyaslı gimnastika tədbiri - "Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli bədii gimnastika üzrə dünya çempionatı sentyabrda olub. Azərbaycanda ikinci dəfə keçirilmiş bu çempionatda bədii gimnastika üzrə qrup hərəkətlərində komandamız çoxdan gözlənilən nəticəni - "Tokio 2020”yə lisenziya qazanıb. Olimpiadaya daha bir vəsiqəni isə Zöhrə Ağamirova əldə edib.
Bədii gimnastlarımızın uğurundan sonra Olimpiya oyunlarına daha iki lisenziyanı idman gimnastlarımız qazanıblar. Almaniyanın Ştutqart şəhərində keçirilmiş dünya çempionatında idman gimnastlarımız Marina Nekrasova və İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, Olimpiya oyunlarına vəsiqəni təmin ediblər. M.Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində ilk Olimpiya lisenziyasıdır.
Bütün bunlarla yanaşı, AGF tərəfindən ötən il müxtəlif gimnastika növləri üzrə məşqçilik və hakimlik kursları təşkil edilib. Kişi idman gimnastikası üzrə ikinci, batut gimnastikası üzrə birinci, aerobika gimnastikası üzrə ikinci dərəcəyə aid FIG Akademiyasının məşqçilik kursları, eləcə də bədii gimnastika və "TeamGym” növü üzrə yerli mütəxəssislər üçün məşqçilik və hakimlik kursları təşkil edilib.
Şahmat üzrə dünya kubokunun ilk azərbaycanlı qalibi
Ötən ilin ən yaddaqalan idman hadisələrindən biri də beynəlxalq qrossmeyster Teymur Rəcəbovun Rusiya Federasiyasının Xantı-Mansiysk şəhərində keçirilən şahmat üzrə dünya kuboku yarışının qalibi olmasıdır. Dünya reytinqinin ilk üçlüyündə yer almış çinli qrossmeyster Dinq Lirenlə final qarşılaşmasında kubokun sahibini müəyyənləşdirmək üçün on görüş keçirilib. Klassik partiyalarda və rapiddə heç-heçə qeydə alınıb, blitsdə isə Teymur Rəcəbov həm ağ, həm də qara fiqurlarla qarşılaşmalarda üstün olub və görüşü 6:4 hesablı qələbə ilə başa çatdırıb.
Dünya kubokuna aparan yolda Teymurun birinci mərhələdə rəqibi Farer adalarının təmsilçisi Helqi Ziska idi. Rəqibini asanlıqla məğlub edən qrossmeysterimiz sonrakı raundlarda rusiyalı şahmatçılar Sənan Syugirov və Daniil Yuffadan üstün olub. Teymur finala vəsiqə qazanmaqla yanaşı, iddiaçılar turnirinə qatılmaq hüququnu da əldə edib. Mötəbər yarışda qalib gələn şahmatçımız bu uğuru ilə həm də ilk azərbaycanlı kimi ölkə idmanının da tarixinə düşüb.
Bakı gələcəyin idman ulduzlarının zəfər meydanı oldu
2019-cu ilin iyul ayında Bakıda təşkil olunan XV Avropa Gənclər Yay Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı oldu. Bir həftə davam edən yarışlarda 48 ölkəni təmsil edən 3600-dən çox idmançı qalib adı uğrunda mübarizə apardı. Azərbaycan komandası Avropanın Rusiya, Böyük Britaniya və Türkiyə istisna olmaqla, bütün ölkələrini, o cümlədən Fransa, Almaniya, İtaliya, Ukrayna, İspaniya, Çexiya, Hollandiya, Belarus, İsveçrə, Avstriya və digərlərini qabaqlayaraq festivalda 23 medal qazanmış və ümumi komanda hesabında 4-cü olmuşdur. Medallardan 10-u qızıl, 7-si gümüş, 6-sı bürüncdür.
Azərbaycan komandasının üzvləri 10 idman növü üzrə keçirilmiş yarışların 3-də medallar əldə ediblər. Sözsüz ki, bütün turnirlərdə medal gözlənilən idman növləri sırasında güləş xüsusi yer tutur. Pəhləvanlarımız bu dəfə də ənənələrinə sadiq qalaraq yarışlarda ümumilikdə 16 medal (8 qızıl, 5 gümüş, 3 bürünc) əldə edərək tarixi qələbəyə imza atdılar. Bununla da 13 ölkə arasında ilk pillədə yer aldılar. Pəhləvanlarımızla yanaşı, medal estafetini cüdoçularımız da davam etdirməklə 3 yarış günündə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Gimnastika yarışlarında isə Azərbaycan atleti Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.
Bakıda London derbisi
Ötən il mayın 29-da Azərbaycan daha bir əlamətdar idman hadisəsinin şahidi oldu. Paytaxtımız Avropanın nüfuzlu klub turnirlərindən UEFA Avropa Liqasının finalına evsahibliyi etdi. Həlledici qarşılaşmada İngiltərənin iki komandası - "Çelsi” və "Arsenal” üz-üzə gəldilər. Başqa sözlə, Bakıda London derbisi oynanıldı. Paytaxtımızda əsl futbol bayramı yaşandı. Finalın təşkili Avropadan Bakıya gələn media təmsilçiləri, hər iki klubun azarkeşləri arasında böyük rəğbətlə qarşılandı, UEFA rəhbərliyinin qəlbində xoş hisslər oyatdı. Yekunda 4:1 hesabı ilə qələbə qazanan "Çelsi” UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qalibi oldu.
Müxtəlif ölkələrin media orqanları final matçının təşkilini və gedişini şərh edərək komandaların və onların rəhbərlərinin, futbol mütəxəssislərinin rəylərini öyrəndilər. Mütəxəssislərin ümumi fikri belə oldu ki, Bakının evsahibliyi etdiyi Avroliqanın finalı ən yüksək səviyyədə təşkil edildi, komandaların ədalətli mübarizəsi üçün hər cür şərait yaradıldı, möhtəşəm qarşılaşmaya evsahibliyi edən Azərbaycan hər cür təqdirə layiqdir.