Bakıda əməliyyat: "Qoca" ələ keçirilərkən öldü Bakının Qaradağ rayonunda silahlı insident baş verib.

Report xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərin bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədovun cinayət ortaqları olduğu bildirilir. E.Məmmədov hüquq-mühafizə orqanların əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunub.

Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, Qocanı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb.

Ş.Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, E.Məmmədov özü də ağır xəsarət alıb.

Qeyd edək ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2.1 və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə onların barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra Ə.Ağami Şirvan şəhərində tutularaq istintaqa təhvil verilib.

***

Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb.

Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub.

Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub.

E.Məmmədov atışmada yaralanıb və ölüb.

***

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovun yaxalanan zaman baş verən atışmada öldüyünü Axar.az-a təsdiqlədi.
21 yaşlı qız intihar etdiSumqayıtda intihar olub.

APA xəbər verir ki, şəhər sakini, 1996-cı il təvəllüdlü Şəmsiyyə Şəmistan qızı Zeynalova yaşadığı evdə özünü asıb.

Ş. Zeynalovanın özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
MTN-in tutduğu məktəb direktoru həbsdə öldüAzərbaycanda daha bir məhkum xəstəlikdən ölüb.

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Böyükxan Nağıyev xəstəlikdən ölüb.

B. Nağıyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2013-cü ildə keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Cəlilabadda uzun müddət məktəb direktoru və ədəbiyyat müəllimi işləyən B. Nağıyev İrandan qanunsuz yolla Azərbaycana keçirilən külli miqdarda narkotik vasitəni Zaqatala rayonu ərazisində satarkən tutulub.

O, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Vəhhabilər Güzdəkdə yas mərasiminə hücum etdi - VİDEOAbşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qəribə hadisə baş verib.

Mynews.az-ın verdiyi məlumata görə, ötən gün qəsəbədə yas mərasimində dava düşüb. Davanın səbəbkarı bir dəstə "vəhhabi" adlanan dindar olub. Onlar yas yerinə gələrək, mərhumun ünvanına təhqirəmiz ifadələr işlədiblər və sonra mağarı sökməyə cəhd ediblər. Onlar bunun səbəbinin qurulan mağarın yolu bağlaması və gediş-gəlişə narahatlıq yaratması ilə bağlı olduğunu bildiriblər.

Bir neçə nəfər isə ümümiyyətlə ehsan verilməsinin doğru olmadığını deyib. Nəticədə mərhumun yaxınları ilə vəhhabilər arasında mübahisə yaranıb. Qəsəbə sakinləri onları sakitləşdirib, vəhhabiləri yas yerindən uzalaşdırıblar.

Həmin hadisədən olan görüntünü təqdim edirik:
Azərbaycanda məktəbdə şok - direktor şagirdi kabinetinə çağırdı və...Azərbaycandakı məktəblərdən birində xoşagəlməz hadisə baş verib.

Avrasiya.net İstiPress-ə istinadən xəbər verir ki, insident Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb.

İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb.

Adı açıqlanmayan məktəbli qız bu hadisəni anasına danışıb. Kənddə xəbər yayılandan sonra hiddətlənmiş valideynlər məktəbin qarşısına yığışaraq direktora etiraz ediblər. Əldə etdiyimiz məlumata görə, qadınlar bu gün də məktəbə yığışıb və direktorun işdən getməsini tələb ediblər.

Xaçmaz İcra başçısının Hacıəlibəy İƏD üzrə nümayəndəliyindən belə bir hadisənin olduğu və məsələnin araşdırıldığı deyilib.

Polis vəziyyətə nəzarət edir. Direktorun və məktəblinin ifadəsi alınır. Bu hadisənin gerçək və ya direktora atılan böhtan olub-olmadığı araşdırmalardan sonra bilinəcək.
Bakıda öldürdülər, meyiti gizlətmək məqsədilə rayona aparanda qəza törətdilər - Şok təfərrüat Taksi sürücüsünü qətlə yetirməkdə ittiham olunan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz Qasımov və Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Mark Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Pərviz Qasımov və Mark Süleymanov 2014-cü il dekabrın 14-də, saat 23-də quldurluq yolu ilə özgənin əmlakını ələ keçirmək üçün plan qurublar. Həmin vaxt onlar sərxoş vəziyyətdə Bakının Nizami rayonunun ərazisindəki “8-ci Kilometr” adlanan bazardan üzü “Əhmədli” metrostansiyası istiqamətində yolun kənarı ilə gediblər.

Bu vaxt onlar Ceyhun Qurbanovun taksi kimi istifadə etdiyi avtomobili saxladıblar. Onlar avtomobilə əyləşiblər və Xətai rayonu, Gəncə prospekti istiqamətində gediblər. Orada hər iki şəxs avtomobili dayandırıb.

Bu zaman arxa oturacaqda əyləşən Mark Süleymanov elektrik naqili ilə Ceyhun Qurbanovun boğazına salıb və onu boğmağa çalışıb.

Amma sonradan sürücünü öldürməyə gücü çatmadığını görən Mark Süleymanov Pərvizdən kömək istəyib. Pərviz Qasımov da özündə olan bıçaqla Ceyhun Qurbanovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Ceyhun Qurbanov aldığı xəsarətdən ölüb.

Daha sonra cinayətkarlar mərhumun cibindəki 8 manatı götürüblər. Onlar sonra 13700 manat dəyərində “Azsamand-Runna” markalı avtomobili ələ keçiriblər.

Sonra onlar cinayətin izini itirmək məqsədilə meyiti xəlvəti bir yerdə atmaqdan ötrü maşının arxa saxlanc yerinə qoyublar. Pərviz Qasımov avtomobili Zaqatala rayonu istiqamətində sürərkən idarəetməni itirib və Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-ci kilometrliyində aşırıb. Onlar avtomobilin aşırandan sonra hadisə yerindən qaçıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3.-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.

Hər iki şəxsin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Əlləri ilə naqili saxlamaq istədi”

Məhkəmədə ifadə verən Pərviz Qasımov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, dekabrın 14-də birgə yeyib-içdiyi dostu Mark Süleymanov təsadüfi bir taksi saxlayıb: “Bu vaxt Mark arxa tərəfdə taksiyə oturdu. Lakin onun niyə arxa oturacaqda oturmasını əvvəlcədən bilməmişəm. Qardaşımın evinə çatanda taksi sürücü ilə aramızda pul xırdalamaq üstündə mübahisə düşdü. Sonra Ceyhun mənim pulumu xırdaladı. Həmin vaxt Mark arxada oturmasına baxmayaraq Ceyhunlu mübahisə etmədi. Bu mübahisə zamanı Ceyhun mənə qarşı söyüş söyüb. Bu vaxt Mark arxa tərəfdən haradansa götürdüyü təxminən 1 metr uzunluqda olan naqili arxadan Ceyhunun bağazına saldı və onu möhkəm şəkildə özünə tərəf dartdı. Ceyhun əllərilə naqili saxlamaq istədi”.

“Var gücü ilə bıçağı Ceyhunun ürəyinə sancdı”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu vaxt Mark ona “vur onu, bıçaqla vur” deyərək üstünə uca səslə qışqırıb: “Dərhal özümdə olan bıçaqla 2 dəfə Ceyhunun qarın nahiyəsinə soxdum. Lakin Ceyhun yenə müqavimət göstərməsini görən Mark mənə “ver bura bıçağı, bıçağı bura ver deyərək” sol əli ilə trosdan yapışdı. Mark bıçağı əlimdən alaraq Ceyhuna daha 3-4 dəfə zərbə vurdu. Daha sonra Mark var gücü ilə bıçağı Ceyhunun ürəyinə sancdı. Bu vaxt Ceyhun oturduğu oturacağın söykənəcək yeri necə oldusa arxa tərəfə açıldı. Mark Ceyhunu dartaraq arxa tərəfə uzatdı”.

“Qərara aldıq ki, meyitini dənizə ataq”


Pərviz Qasımov qeyd edib ki, həmin vaxt maşından yerə düşüb: “Həmçinin Markda maşından yerə düşdü. Bir müddət nə edəcəyimizi bilmədik. Bir qədər özümüzə gələndən sonra qərara aldıq Ceyhunun meyitini Hövsan-Türkan tərəflərdə dənizə ataq. Məqsədimiz cinayətin izini itirmək olub. Mark maşın sürə bilmədiyi üçün rol arxasında oturdum. Mark isə qabaqda yanımda əyləşdi”.

“Meyiti dənizə atmaq üçün əlverişli yer tapa bilmədik”

Pərviz Qasımovun sözlərinə görə, maşını Hövsan qəsəbəsi tərəfə sürərək güc nazirliklərindən birinin akademiyasının yanına gəliblər: “Lakin Hövsan istiqamətində meyiti dənizə atmaq üçün sakit, əlverişli yer tapma bilmədik. Lakin Akademiyanın yaxınlığında dar bir küçəyə girdik. Orada Ceyhunun meyitini avtomobildən arxa oturacağın ayaqaltısından götürərək maşının arxa saxlanc yerinə qoyduq ki, görən olmasın. Həmin vaxt Mark Ceyhunun cibində olan 6 manatı da götürdü. Həmçinin Ceyhunun telefonuna zəng gəlməməsi üçün sonun telefonunu cibindən götürdü və nömrəsini telefonla birlikdə kənara tulladıq”.

Pərviz Qasımov bildirib ki, Markın əynindəki paltarların qan içində olub və buna görə də evə gedərək əynindəki paltarları dəyişmək lazım olub: “Bundan sonra Mark Ceyhunun meyiti aeroport yoluna atmağı məsləhət gördü. Buna görə də oradan maşını sürə-sürə Markın kirayə qaldığı ünvana gəldik. Mark evdə hamamda yuyunub qanın içərisində olan şalvarını və maykasını dəyişdi. Mənim üstüm təmiz olduğu üçün paltarımı dəyişmədim. Mark qanlı paltarlarını sellofan torbaya qoydu və təxminən 10 dəqiqədən sonra evdən çıxdıq. Markgilin qaldığı evə gələrkən orada qalan fəhlə yoldaşları yatmışdı. Həmin şəxslərin bizim gəlib-getməyimizdən xəbərləri olmayıb”.

“Fikirləşdik ki, meyiti aşırımlardan dərəyə atarıq”

Pərviz Qasımov qeyd edib ki, Ceyhun meyitini aeroport yoluna atmaq üçün Neftçilər dairəsinin yaxınlığına çatdıq: “Orada Ceyhunun meyitini aeroport yoluna atmağımızı görən ola biləcəyini fikirləşdik. Bu səbəbdən fıkirimizi dəyişdik. Marka dedim ki, gəl izi itirmək üçün Zaqatlaya onun atası evinə gedək. Yolda Ceyhunun meyitini Şamaxı-İsmayıllı aşırımlarından dərəyə atarıq, oradan da Zaqatalaya gedərik. Sonra maşını yandırıb izi itirərlər. Mark da mənimlə razılaşdı. Oradan birbaşa Şamaxı rayonu istiqamətində 90-100 km/saat sürətlə hərəkət etməyə başladıq. Şamaxı rayonu ərazisindən keçərkən yol olduqca dumanlı olduğundan və yolu tanımadığım üçün avtomobili necə sürdüyümü bilməmişəm. Şamaxı rayonu ərazisində Muğanlı dairəsinə çatmağa az qalmış sərt döngəni dönərkən rol sanki əlimdən çıxdı. Maşın yolun kənarına çıxaraq 2 dəfə çevrilərək kənarda qaldı. Bu vaxt başım maşının tavanına dəyərək xəsarət aldım. Mark üstündə olduğu bıçaqla maşının arxa yan qapısını sındırdı və biz maşından çölə çıxdıq”.

40 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Qasımov 20 il, Mark Süleymanov da 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan Pərviz Qasımov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib. Digər təqsirləndirilən Mark Süleymanov apelyasiya şikayəti veriməyib.

Bu səbəbdən də Bakı Apelyasiya Məhkəməsində cinayət işinin yalnız Pərviz Qasımova aid olan hissəsi araşdırılıb.

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Pərviz Qasımovun apelyasiya şikayəti təmin olunmayıb.

Təqsirləndirilən şəxs Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət edib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə onun kasasiya şikayəti də təmin olunmayıb.
Bakıda arı sancan gənc oğlan öldüBakıda arı sancmasından ölüm hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü İmanlı Cavid Telman oğlunu arı sancıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Zərərçəkmişə sağ yuxarı ətrafın başlayan fleqmonası diaqnozu qoyulub. Lakin həkimlərin səylərinə baxmayaraq, C.İmanlı xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Ölümün dəqiq səbəbləri araşdırılır.
"Qoca"nı qaçırdan taksi sürücüsü: Onu baqajda gizlətdimMəhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

APA-nın xəbərinə görə, o, məhkum Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib.

Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: "Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı".

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Hacıyev Məhəmməd Famil oğlu Cinayət Məcəlləsinin 304.2.1-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş üzrə daha iki nəfər - Günay Atakişiyeva və müğənni Fədayə Laçın barəsində də həbs qətimkan tədbiri seçilib.

Taksi xidməti göstərən M. Hacıyev G. Atakişiyeva ilə birlikdə məhbus Etibar Məmmədovun qaçmasına yardım göstərməkdə təqsirli bilinir.

Faktla bağlı digər saxlanılanların da olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.
Fədayə ilə qaçan dustaq 3 yerdə...Şirvandan Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq "Qoca” ləqəbli Etibar Məmmədovun axtarışları davam edir.

O və digər məhkum 1989-cu il təvəllüdlü Əli Ağami Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmağa müvəffəq olsalar da, az sonra Şirvan şəhərində ələ keçmişdi. E.Məmmədovun isə axtarışları hələlik nəticə vermir.

Musavat.com-un xəbərinə görə, qaçış planı baş tutandan sonra E.Məmmədovun şimal istiqamətinə hərəkəti haqda məlumatlar əldə olunub. Onun bir neçə nəzarət kamerasına düşməsi haqda də xəbərlər var. Bildirilir ki, E.Məmmədov qaçışdan sonra Ə.Ağamidən ayrılıb və ona hara gedəcəyi haqda məlumat verməyib. Belə ehtimallar var ki, E.Məmmədov Rusiyaya keçə bilər. Onun Rusiya bazarlarında kriminal aləm üzvləri ilə əlaqələri olduğu da bildirilir.

Qeyd edək ki, Ə. Ağami və E. Məmmədov oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçıblar. Ə.Ağami Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama), E. Məmmədov isə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə ittiham olunaraq həbs olunub. Onların cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Vaqondan qaçmazdan bir neçə gün öncə dövlət ittihamçısı E. Məmmədovla Ə. Ağaminin hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Mühafizə altından qaçdıqlarına görə Cinayət Məcəlləsinin 304.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdi.

E.Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir. Qoca, Etibar Hacıqabullu, Brodyaqa Etibar ayamaları ilə tanınır. O, uşaq yaşlarında cinayət törədib, yetinlik yaşına çatmayanlar üçün nəzərdə tutulan müəssisəyə - "maloletka”ya göndərilib. Orada "obşak” yaradıb və nəzarətçini öldürüb. Azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal "razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. Qoca Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli kriminal aləm üzvü Nadir Səlifova yaxınlığı ilə seçilir. O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal "razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə Krıtıy Elvin adı ilə tanınıb. Hazırda bu işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. E.Məmmədovun N.Səlifovun yaxın ətrafına sığınacağı ehtimalı da nəzərdən keçirilir. Hazırda kriminal aləm üzvünün hüquq-mühafizə orqanları tərəfindən axtarışları davam etdirilir.