Azərbaycanda daha 9 nəfər dönərdən zəhərləndi

Azərbaycanda daha 9 nəfər dönərdən zəhərləndiDaxili İşlər Nazirliyi (DİN) Şəkidə dönərdən zəhərlənmə faktı ilə bağlı açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Şəki Şəhər Rayon Polis Şöbəsinə 9 nəfərin qida zəhərlənməsi diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumatın daxil olduğunu deyib.

Həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər.

Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb. Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.