Şabranda üstünə hasar aşan 10 yaşlı uşaq ölüb
Aprelin 1-də saat 14 radələrində Şabran şəhəri, M.Əsədov küçəsində 2010-cu il təvəllüdlü Məmmədov Fəqan Ruslan oğlunun üzərinə hasar aşması nəticəsində xəsarətlər alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon prokurorluğundan Avrasiya.net-ə verilən məlumata görə, Fəqan Məmmədov, əmisi oğlu 2011-ci il təvəllüdlü Məmmədov Pənah Zaur oğlu və qonşusu 2007-ci il təvəllüdlü Məmmədov İlkin Mahir oğlu ilə evlərinin yaxınlığında oynadıqları zaman güclü küləyin təsirindən qonşuluqda yerləşən evin daş hasarı üzərlərinə aşıb. Hadisə nəticəsində Fəqan Məmmədov aldığı xəsarətlərdən ölüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.