04 noy 14:50hadise

Terror kimi qəzalar: 3 günə 13 ölü - BDYPİ-dən açıqlama

Terror kimi qəzalar: 3 günə 13 ölü - BDYPİ-dən açıqlama1-3 noyabr tarixlərində ölkə ərazisində baş verən 6 yol-nəqliyyyat hadisəsi nəticəsində 13 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, noyabrın 1-də Sabunçu rayonu, Maştağa qəsəbəsində Bakıda minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Noyabrın 2-də Xızı rayonu ərazisində “Mersedes” və “Lada” markalı minik avtomobilləri toqquşması ilə 4 nəfər dünyasını dəyişib.

2 noyabrda Bakı-Quba yolunda baş verən digər bir qəzada isə 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb.

Noyabrın 3-də Kürdəmir rayonu Şilyan kəndində minik avtomobilinin aşması nəticəsində 3 nəfər yaralanıb. Həmin gün Sumqayıtda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər həyatını itirib.

Noyabrın 3-də baş verən üçüncü avtomobil qəzası isə Qobustan-Bakı yolunda qeydə alınıb. Qəza nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev Axar.az-a açıqlamasında yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən danışıb. O, sürücülərə və piyadalara lazımi xəbərdarlıqların edildiyini bildirib:

“BDYPİ yol hərəkəti iştirakçılarının nəzərinə çatdırıb ki, hər bir situsiyanı nəzərə almaq lazımdır. Bilirsiniz ki, son günlər ölkəmizdə küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Bununla bağlı BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edərək bildirib ki, yollarda diqqətli olsunlar. Yola çıxmazdan əvvəl ilk növbədə nəqliyyat vasitəsinin texniki vəziyyətinə bir daha diqqət yetirilməlidir və nəqliyyat vasitələrindəki nasazlıq mümkün qədər aradan qaldırılmalıdır. Eyni zamanda qoşqulu, tendli və böyük ölçülü yük maşınlarının sahiblərinə də müraciət etmişik ki, küləkli hava şəraitində hərəkətin çətin və bir qədər təhlükəli olduğunu unutmasınlar. Bundan əlavə, dəfələrlə sürücülərə idarə etdikləri nəqliyyat vasitələrində sürət həddinə də diqqət etmələri tövsiyə edilib. Sürücülər hava şəraitinə uyğun olaraq optimal sürət seçməli və zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, eləcə də qəfil manevrlərdən çəkinməlidirlər”.

R.Quliyev qeyd edib ki, yol qəzalarına səbəb olan digər məsələ yorğun və yuxusuz sürücülərdir:

“Yaxşı olardı ki, sürücülər 3-4 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddət də olsa, avtomobili saxlayaraq istirahət etsinlər. Dövlət Yol Polisinin (DYP) stasionar postlarında da bunun üçün müəyyən şərait yaradılıb.

Sürücülər və sərnişinlər qəzaların mümkün nəticələrindən qorunmaq üçün təhlükəsizlik kəmərlərindən istifadə etməlidirlər. Həmçinin piyadalara tövsiyə edirik ki, yalnız piyada üçün nəzərdə tutulmuş yerüstü, yeraltı keçidlərdən və piyada zolaqlarından istifadə etsinlər”.

R.Quliyev DYP əməkdaşları əlverişsiz hava şəraitində belə bütün zəruri təhlükəsizlik tədbirlərini imkan daxilində həyata keçirmək üçün fasiləsiz xidmət apardıqlarını söyləyib.
XƏBƏR LENTİ
SORĞU