29 iyl 18:03hadise

Özünü yandırmaq istədi, polis qoymadı, sonra... – Şəkidə

Özünü yandırmaq istədi, polis qoymadı, sonra... – Şəkidə
Şəkidə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılan sürücü özünü yandırmaq istəyib.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə iyul ayının 10-da baş verib. Belə ki, sözügedən tarixdə Şəki ŞRPŞ-in Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən 55 BC 281 dövlət qeydiyyat nişanlı VAZ-2101 markalı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, standartlara cavab verməyən qaynaq üsulu ilə hazırlanmış əlavə yük yerinin quraşdırıldığına, eləcə də dövlət qeydiyyat nişanının yaxşı oxunmamasına görə “saxla” əmri verilib.

YPX əməkdaşı avtomobilin sürücüsü Akif Məsimova təlimata uyğun olaraq özünü təqdim edərək, sürücünün törətdiyi qayda pozuntularını ona normal və sakit tərzdə izah edib.

Sürücü Məsimov üzərində heç bir sənəd olmadığını bildirdikdə yol polisi əməkdaşı bort kompüter vasitəsilə onun sənədlərinin yoxlanılacağını və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunacağını bildirib.

Əvvəllər də yol-nəqliyyat hadisəsi törətdiyinə görə məhkum olunmuş Akif Məsimov onun barəsində protokol tərtib olunacağını öyrəndikdə avtomobilinin yük yerindən şüşədəki benzini götürərək özünün və avtomobilin üzərinə tökməyə başlayıb. Yol polisi əməkdaşı həmin vaxt onun əlindəki yanacaq şüşəsini və alışqanı götürərək onu sakitləşdirməyə çalışıb. Lakin bir müddət sonra sürücü A.Məsimov qəfildən cibindən çıxardığı bıçaqla sol qarın nahiyəsinə zərbə endirib.

Vətəndaş Məsimov öz şikayətində həqiqətə uyğun olmayan ifadələr səsləndirsə də, YPX avtomobilində quraşdırılmış kameralarda qeydə alınan həmin görüntülər onun bu müraciətinin əsassız olduğunu sübut edir.

Yol polisi əməkdaşları tərəfindən o, təcili olaraq xəstəxanaya çatdırılıb.

Qeyd olunan faktla bağlı Şəki Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU