27 noy 10:37hadise

Əjdər Ağayev vəfat etdi

Əjdər Ağayev vəfat etdiAzərbaycan Təhsil Şurasının fəxri sədri, tanınmış təhsil eksperti Əjdər Ağayev 81 yaşında dünyasını dəyişib.

Bu barədə Report-a mərhumun ailə üzvləri məlumat verib.

Məlumata görə, Ə.Ağayev bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

Onun Mehdibad qəbiristanlığında dəfn olunması nəzərdə tutulub.

Qeyd edək ki, Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981). Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.

Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlayıb. İlk hekayəsi "İlk və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" adlı ilk şeri isə 1957-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunub. 200-dək şerinə mahnı bəstələnib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərlərini mətbuatda Ə.Ə.Ağayev, A.Əjdər, Əjdər Ağazadə, Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirib. Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır. Azərbaycan Təhsil Şurasının sabiq sədridir.

Allah rəhmət eləsin!
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU