"Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz""İslam Əməkdaşlıq Təşkilatına, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir.

"Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır", - deyə Azərbaycan prezidenti vurğulayıb .
Prezident İstanbula getdi - FotoPrezident İlham Əliyev Türkiyə Respublikasına rəsmi səfər edib.

Avrasiya.net xəbər verir ki, Prezidenti İlham Əliyev dekabrın 12-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün İstanbula gedib.
İlham Əliyev 4 nəfərə xüsusi rütbə verdi – SərəncamAzərbaycan Prezidenti İlham Əliyev ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Report xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində fəaliyyət göstərən ticarət nümayəndələrinə - Əliyev Ruslan Allahverdi oğlu, Əliyev Elnur Əli oğlu, Nadiroğlu Teymur Mahmud oğlu və Nağdəliyev Nemət Zeynal oğluna ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
General Heydər Əliyevdən yazdı - Tarixi faktların ÜSTÜ AÇILDITarix sübut edib ki, hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Siyasi müdriklik, dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması, qətiyyətlilik və dəmir iradə liderlərin fəaliyyətinin ana xəttini təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə keyfiyyətlərə malik, Vətəninə və millətinə əvəzsiz xidmətləri ilə əbədilik qazanmış ümummilli lideri – Heydər Əliyevi var.

Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş ümummilli lider Heydər Əliyevin siyasi irsi, ölməz ideyaları, dövlət inkişafı kursu onun vəfatından sonra da yaşadı, uğurla davam etdirildi. Dahi öndərin Fəxri xiyabanda ucaldılmış abidəsi əbədi ziyarətgaha çevrildi.

Heydər Əliyevi hər şeydən, hər kəsdən fərqləndirən cəhəti onun doğma xalqının qəlbini fəth etməsidir. Bu fəthi ilə o, xalqının, bugünkü və gələcək nəslin qəlbində əbədi yaşayır və yaşayacaq.

Heydər Əliyev şəxsiyyəti, irsi tam öyrənilməmiş bir salnamədir. Onu dönə-dönə oxumaq, öyrənmək, təbliğ etmək lazımdır, çünki Heydər Əliyevin ömrü elə yaşadığımız Azərbaycan tarixinin parlaq səhifələridir. Bu tarixin otuz ildən artıq dövrü məhz xalqını və Vətənini canından artıq sevən ən böyük azərbaycanlı, ulu öndər Heydər Əliyevlə bağlı olub.

İstər Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı eşalonunda yüksək rəhbər vəzifələr daşıdığı vaxtlarda Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi əlahiddə və dühası baxımından həmişə seçilib.

Moskvada xüsusi orta milis məktəbində təhsil aldığım illərdə yaxşı xatirimdədir ki, hələ o dövrdə Heydər Əliyevə çox böyük maraq var idi, hər kəs onun iti zəkasına, idarəçilik məharətinə həsəd aparır, onun barəsində çox müsbət fikirlər səsləndirirdilər. Bu dahi şəxsiyyətə olan xüsusi rəğbətimin təzahürü idi ki, Ulu Öndərin çıxışlarını mütəmadi mütaliə edir, hətta imtahanlar verərkən Heydər Əliyevdən sitatlar gətirməyim müsbət qiymətləndirilirdi. Bu, ondan irəli gəlirdi ki, Heydər Əliyevin qüsursuz, anlaşıqlı, dolğun şəkildə çıxışları həm də tədris edirmiş kimi onu ustad bir müəllim kimi xarakterizə edirdi.

Baxmayaraq ki, Heydər Əliyevin o zaman sovet hakimiyyətində təmsil olunmasını hiddətlə qarşılayanlar ona qarşı paxıllıq, riyakarlıq nümayiş etdirərək, çirkin kampaniyalar apararaq 1987-ci ildə Ulu Öndər məcburi istefaya göndərilmişdi, onu tanıyanlar, sevənlər bununla heç cür barışmır, əksinə ona olan məhəbbətini, dəstəyini əsirgəmirdi. Hələ 1988-ci ilin ilk mitinqlərindən başlayaraq, Azərbaycan xalqı üzləşdiyi ciddi problemləri həll etməyə qadir siyasətçini görür və onun yenidən Azərbaycan rəhbərliyinə qayıtmasını arzulayırdı. Lakin həmin vaxtlarda görkəmli siyasətçi, dövlət xadimi Heydər Əliyev ciddi təqib olunur, onun və tərəfdarlarının xalqla birləşməsinə hər vəchlə maneçilik törədilirdi. Minlərlə adamın mitinq və nümayişlərə Heydər Əliyevin portretləri ilə çıxması onu yenidən rəhbər görmək arzusunun ümumxalq miqyasında, açıq şəkildə ifadəsi idi. Bakı şəhəri Sabunçu (o vaxtkı Lenin) polis idarəsində cinayət-axtarış bölməsinin rəhbəri olduğum həmin illərdə dahi rəhbərin portretini iş otağında böyük fəxr hissi ilə saxlayırdıq.

Təsadüfi deyildi ki, xalqın öz qüdrətli rəhbəri ilə birləşəcəyindən qorxan imperiya Heydər Əliyevin hər vəchlə Azərbaycana qayıtmasına mane olurdu. Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Heydər Əliyev həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunan etiraz mitinqində çıxış etmiş və 20 yanvar faciəsinə siyasi qiymət verərək, mərkəzin və respublika rəhbərliyinin hüquqazidd əməllərini ifşa etmişdi.

Tarixin bu məsuliyyətli və çətin, lakin şərəfli dövründə xalqı ilə olmağı, ona kömək etməyi vacib bilən Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya gəlir və onu qarşılayanlardan biri kimi Ulu Öndərlə ilk tanışlığımız olur. Həmin vaxt qardaşı Cəlal Əliyevin evində qalan Heydər Əliyevə qarşı təhdidlər səngimir, onu Bakını tərk etmədiyi təqdirdə istənilən hadisənin baş verə biləcəyi ilə hədələyirlər. Heydər Əliyev Naxçıvana getmək məcburiyyətində qalır. Yaxşı xatirimdədir, Cəlal Əliyevlə görüşümüzdən sonra ertəsi günü Vasif Talıbovla (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) birgə Heydər Əliyevi Naxçıvana yola salmaq üçün aeroporta apardıq və onu təyyarənin salonunadək ötürdük. Sonralar Naxçıvanda olarkən də Ulu Öndərlə görüşlərimiz oldu. Yaşının çox və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq hər zaman qamətli duruşu, daxili gücə və özünəgüvənliyə malik olması, simasında ifadə olunan möhkəm iradəlilik və qətiyyətlilik əlamətləri, səsindəki amiranəlik Ümummilli Lideri ilk görünüşdən məğrur sərkərdəyə bənzədir, onun hələ də bundan sonra xalqına xidmət etmək iqtidarında olduğunu göstərirdi. Təbiətən çox təmkinli olsa da, baş verən haqsızlıqlara qarşı hər zaman barışmaz idi. O, güclü siyasi fəhmə, taleyüklü məsələləri həll etmək bacarığına, dəmir iradəyə və zəngin idarəçilik təcrübəsinə malik idi.

Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub.



1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edən xalqımız çox çətin sınaqlardan keçmiş, qanı bahasına qazandığı müstəqilliyi yenidən itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin dövrdə Azərbaycanda müstəqil dövlətçilik maraqları ilə üst-üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri-ardıcıl, səriştəsiz siyasətin aparılması, silahlı birləşmələrin özbaşınalığı, xaos və vətəndaş qarşıdurması, erməni təcavüzü bu təhlükəni daha da dərinləşdirirdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik”. Məhz belə bir ağır dövrdə – 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdaraq müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Buna rəğmən bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, meydana atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi.

Məhz Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub saxlanılmış, atəşkəsə nail olunmuş, dövlətlə xalqın birliyi təmin edilərək, bütün sahələrdə demokratik islahatlara başlanılmış, güclü dövlətin möhkəm təməli qoyulub.

Hamımızın yaxşı xatirindədir ki, müstəqilliyin ilk illərində olan vəziyyət dövlət qurumlarından da yan keçməmiş, respublikanın prokurorluq, ədliyyə, polis, milli təhlükəsizlik, gömrük orqanlarında kadr siyasəti ciddi şəkildə təhrif olunmuş, həmin orqanlar öz üzərlərinə düşən sabitlik və əmin-amanlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi vəzifəsini unudaraq hərəsi bir siyasi qüvvəyə xidmət edirdi.

Respublikada cərəyan edən hadisələri dərindən təhlil edən Heydər Əliyev həm də yaxşı dərk edirdi ki, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ictimai-siyasi sabitlik, qanunçuluq, hüquq qaydası təmin edilməlidir. “Dövlət - dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyev çox qəti və prinsipial mövqedən çıxış edərək ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amilləri ön plana çəkmişdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ilin avqustun 9-da imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Eyni zamanda, milli dövlətçiliyin inkişafında korrupsiyanın aradan qaldırılmasının əhəmiyyəti nəzərə alınaraq bu ümumbəşəri sosial bəla ilə mübarizəyə başlanıldı.

Heydər Əliyev qətiyyətinin ifadəsi olan bu mühüm tədbirlərin həyata keçirilməsində iştirakımı daim xatırlayır, Ulu Öndərin fəaliyyətimə verdiyi dəyərdən böyük fəxarət duyuram. Həqiqətən 10 ilə yaxın bir müddətdə bu dahi şəxsiyyətlə birgə çalışmaq, onun rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirak etmək qürurvericidir. Ümummilli liderin etimadı sayəsində 1993-cü ildən uzun müddət Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişəm.

1993-1998-ci illər Azərbaycanda ən gərgin illər idi. Bu illərdə Bakı kimi böyük bir şəhərin təhlükəsizliyi, sözsüz ki, təmin olunmalı idi. Az qala hər gün mitinqlər keçirilir, müxtəlif təxribat xarakterli addımlar atılırdı. Bütün bunların öhdəsindən gəlmək isə asan iş deyildi. Dahi rəhbərin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirmək ən ümdə vəzifəmiz idi.

1994-cü ilin oktyabrı və 1995-ci ilin martında baş vermiş dövlət çevrilişi cəhdləri, ölkə Prezidentinin fiziki məhvinə yönəldilmiş sui-qəsdlər görülmüş kompleks və çevik əməliyyat tədbirləri nəticəsində tamamilə aradan qaldırılaraq, onların təşkilatçıları ifşa olunaraq respublikada siyasi qarşıdurma yaratmaq cəhdlərinə qətiyyətlə son qoyuldu.

1995-ci ildə Heydər Əliyevə sui-qəsd təşkil etmək istəyən şəxslər işlədiyim dövrdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq cinayətkarların hamısı yaxalandı. Hətta o zaman Heydər Əliyev bu cinayətin açılmasına görə bizə təşəkkür də etmişdi.

“Hər bir insanın taleyi xalqın taleyinə çevrilməlidir” deyən Heydər Əliyev necə böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü sonrakı dövrdə öz cinayətkar əməllərini dayandıran, qanuna əməl edən qanunsuz silahlı birləşmələri də cinayət məsuliyyətindən azad etməsi ilə təsdiqlədi.

Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikliklə bacarırdı.



Onun hər zaman xalqının yanında olduğuna, Heydər Əliyevi böyük bir izdihamın müşayiət etdiyinə, hər bir vətəndaşa qayğı ilə yanaşdığına şahid olmuşam, bir rəhbər kimi onunla birgə tədbirlərdə iştirak etmişəm. Ümummilli Lider Azərbaycanı bir xalq, Vətən, dövlət olaraq çox sevirdi, azərbaycanlı olması ilə fəxr etməsi, Azərbaycan kəlməsini gözləri yaşara-yaşara söyləməsi Ulu Öndərin Vətənə olan sevgisinin sübutudur: “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Xalqın əbədi sevgisini qazanan ulu öndər Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına dövlət müstəqilliyimizi yenidən bərqərar etdi. Azərbaycan dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qoşulan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevrildi.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli liderimiz Heydər Əliyev qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, mütərəqqi hüquqi, o cümlədən məhkəmə-hüquq islahatları ilə tariximizin parlaq səhifələrini yazdı.

Azərbaycanın özü qədər əbədi olan dahi öndər Heydər Əliyevin ölkənin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri xalqımız tərəfindən sonsuz məhəbbət və dərin ehtiram hissi ilə yad edilir, onun əziz xatirəsi daim qəlbimizdə yaşayır.

Bu gün ölkəmizin sürətli hərtərəfli inkişafı onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uğurlarımız müstəqil dövlətçilik prinsipləri ilə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi xətt müasir şəraitdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatlar bu gün öz real bəhrəsini verir.

Bizim isə ən böyük vəzifəmiz Heydər Əliyevin ideyalarının inkişafı və Azərbaycan tarixinin yeni şanlı səhifələrinin yazılması naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ona layiqli yardımçı olmaqdır.

Məhərrəm Əliyev,

Azərbaycan Respublikası

ədliyyə nazirinin müavini
Heydər Əliyev Qorbaçovun və KQB-nin dərsini necə verdi? - İNANILMAZ FAKTLARHeydər Əliyevin Moskvadan KQB-ni necə aldadaraq Azərbaycana gəlməsi hələ də məlum olmayan müəmmaya çevrilib. Hələ o zaman - 1987-ci ildə Sovet İKP MK-nın Baş katibi Qorbaçov onu işdən uzaqlaşdırır və Moskvadan çıxmağına imkan vermir. Bu, həmin vaxt idi ki, artıq ermənilərin Azərbaycana qarşı ərazi iddiaları gündəmə gəlmişdi və ardınca Qarabağ müharibəsi olacaqdı. Heydər Əliyevin Azərbaycana gəlişi Moskvanın planlarını poza bilərdi, böyük ehtimalla onun nəzarətə götürülməsi də bununla bağlı idi. Qorbaçov KQB-yə Heydər Əliyevi izləmək, onun Moskva sərhədlərini çıxmaq cəhdlərinin qarşısını almaq tapşırığı vermişdi. Ötən il Rusiyanın “Tam məxfi” verilişi maraqlı məqamları ortaya çıxartmışdı.

Heydər Əliyevin Politbürodan və vitse-premyerlikdən Qorbaçova rəqib olduğu üçün uzaqlaşdırılmasından başlayaraq, əhəmiyyətli bir dövrü əhatələyən sənədli filmdə deyilir ki, 1980-ci illərdə belə bir fikir var idi ki, Andropov öldükdən sonra Heydər Əliyev Sov.İKP MK-nın Baş katibi ola bilər.

Heydər Əliyevin xatirələrində bu fakt belə dilə gətirilirdi: “Xarici və yerli mətbuatda çoxlu şayiələr və proqnoz xarakterli versiyalar var idi ki, mən SSRİ-nin Baş katibi ola bilərəm. Səhv etmirəmsə “Times” qəzeti məni hətta SSRİ-nin “parlayan ulduzu” adlandırmışdı. Təbii ki, bu fikri artıq özümə yaxın buraxmağa başlamışdım”.

Təbii ki, bu cür şayiələr Qorbaçovun xoşuna gəlmirdi. Nəhayət 1987-ci il oktyabrın 19-u Qorbaçov Heydər Əliyevi otağına dəvət edir və bu sözləri deyir: “Sən getməlisən”.

Daha sonra Əliyev “səhhətində olan problemə görə” vəzifəsindən istefa verir. Beynəlxalq Münasibətlərin məzunu və Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi İlham Əliyev də işdən azad edilir və xaricə çıxışı yasaqlanır.

Azərbaycanda vəziyyət çox ağır oldu, iqtisadiyyatın tənəzzül etdiyi dövrdə Qorbaçov Heydər Əliyevə Moskvadan çıxmağa imkan vermir, KQB onun hər addımını izləyirdi. Ancaq Heydər Əliyev Moskvanı tərk edir və Azərbaycana qayıdır. Və bu vaxta qədər onun KQB-nin gözündən necə yayındığını bilən yoxdur.

Təbii ki, uzun illər KQB-də çalışmış, böyük kəşfiyyat təcrübəsinə malik olan bir insan üçün hansısa variant tapmaq çətin olmazdı. Amma hansı variant? Təsəvvür edin ki, bütün səlahiyyətləri əlindən alınmış, işdən çıxarılmış, hər addımı nəzarət olunan, qura biləcəyi bütün təmaslar qapadılan bir şəxs vəziyyətdən çıxmaq üçün hansı addımları ata bilərdi.

Adının açıqlanmasını istəməyən MTN-nin keçmiş yüksək vəzifəli şəxsi bu barədə Publika.az-a bildirib ki, Heydər Əliyevin həmin vaxt KQB-nin nəzarətindən çıxaraq Moskvanı tərk etməsinin bir neçə yolları ola bilərdi. Onun sözlərinə görə, ilkin versiya KQB daxilində kimlərində ona yardım etməsidir: “İkinci versiya KQB-də çalışmış, amma ehtiyatda olanların dəstək verməsidir. Heydər Əliyevin özü uzun müddət KQB-də çalışmışdı və əməliyyat işini praktiki cəhətdən çox yaxşı bilirdi. Amma istənilən halda Moskvanın nəzarətində olan keçmiş Büro üzvünün hansısa yeri tərk etməsi iki variantda mümkündür. Ən böyük ehtimal daxildən dəstək, ikinci variantda isə ən yaxşı hazırlanmış əməliyyatdır”.

Keçmiş MTN-çi qeyd edib ki, Heydər Əliyev bu iki variantdan istifadə etmiş olmalıdır: “Amma hesab edirəm ki, onun Moskvadan çıxmağına özünün təşkil etdiyi xüsusi əməliyyat səbəb ola bilərdi. Çünki həmin vaxt vəziyyət elə idi ki, sabiqlərdən kiminsə ona kömək etməsi inandırcı görünmür. Güman ki, müəyyən dəstək olub, lakin bu dəstəyin miqyası onun KQB-ni azdırmağına yetərli olduğunu demək çətindir. Adətən peşəkar kəşfiyyatçılar daha az ehtimal edilən versiyadan istifadəyə üstünlük verirlər”.

Sabiq kəşfiyyatçının fikrincə, Heydər Əliyev zahiri görünüşünü dəyişdirərək Moskvanı tərk edib.

“Xüsusi əməliyyat dediyim də budur. Güman ki, o, zahiri görünüşü tanınmaz hala salaraq, bu addımı atıb. Bu Moskvanın ağılına gəlməzdi. Çünki Heydər Əliyevin həmin vaxt artıq xeyli yaşı var idi və kifayət qədər yüksək vəzifələrdə işləmiş nüfuzlu şəxs kimi tanınırdı. Moskva inanmazdı ki, bu yaşda və bu nüfuzda olan şəxs belə bir addımı ata bilər. Amma bütün versiyaları analiz etdikdə daha çox bunu üzərində dayanmaq mümkündür”, - deyə o bildirib.

Digər maraqlı məqam Moskvadan Azərbaycana qədər olan uzun məsafənin necə qət edilməsidir. Sabiq kəşfiyyatçı hesab edir ki, ağıllı kəşfiyyatçı belə məqamlarda təyyarədən istifadə etməz. Onun sözlərinə görə, Heydər Əliyev də bunu etməzdi: “Maşınla başqa yerə gedib, ordan qatar, yaxud digər nəqliyyat vasitəsilə Azərbaycana gələ bilərdi. Yəni məsələnin tam tərsi - ən çox gözlənilən yox, ən az ehtimal olunan nəqliyyatdan istifadə etmiş olmalıdır”.

Hər halda Heydər Əliyev KQB-ni özünəməxsus olaraq aldadaraq Bakıya gəldi və bu, Azərbaycan üçün çox lazımlı idi. Amma onun gəlişi sirr olaraq qalır və bunun belə olacağı daha inandırıcı görünür.

publika.az
İham Əliyev Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

Avrasiya.net xəbər verir ki, bu gün Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək H.Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.
Ərdoğan Əliyevə zəng etdi: Prezident təcili İstanbula gedirBu gün Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Avrasiya.net prezidentin mətbuat xidmətinə istənadən xəbər verir ki, Ərdoğan İlham Əliyevi İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısına dəvət edib.

İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Dövlət başçıları ABŞ Prezidenti Donald Trampın Qüdsün İsrail Dövlətinin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarının çox yanlış olduğunu vurğulayaraq bildiriblər ki, bu addımlar beynəlxalq hüquqa ziddir və Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Eyni zamanda, dövlət başçıları Türkiyə və Azərbaycanın islam həmrəyliyinə töhfə verdiklərini qeyd edərək müsəlman aləminin maraqlarını bundan sonra da müdafiə edəcəklərini bildiriblər.

İlham Əliyev Türkiyə prezidentinin növbəti dəfə islam həmrəyliyi işinə dəstəklə bağlı öz üzərinə götürdüyü missiyaya görə Azərbaycan xalqı adından minnətdarlığını ifadə edib.
Prezidentdən yeni təyinat - 4 sərəncamAzərbaycan Respublikası Prezidenti Abbasəli Həsənovun Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, Abbasəli Kərəm oğlu Həsənov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

***

Prezident İlham Əliyevin sərəncamı ilə Həsən Dilsuz oğlu Məmmədzadə Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Hüquq müdafiəçiləri Prezident İlham Əliyevə müraciət etdiAzərbaycanın bir sıra insan haqları müdafiəçiləri Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətdə deyilir: "Hörmətli cənab Prezident!

Çox çətin geopolitik şərtlər altında Azərbaycan dövlətinin güclənməsi üçün gördüyünüz işlər ölkədə vətəndaş sülhünə töhfə verməkdədir. Ancaq insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi 2018-ci ildə bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan Respublikası bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz.

Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müraciət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız, biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər".

Müraciəti Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfaroğlu, İnsan Haqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, Hüquq Müdafiə Mərkəzi İdarə Heyətinin üzvü Zəlihə Tahirova, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İB-nin sədri Mirvari Qəhrəmanlı, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva və Humanitar Tədqiqatlar Mərkəzi İB-nin sədri Əvəz Həsənov imzalayıblar.
Prezident və birinci vise-prezident Quba “ASAN həyat” kompleksinin açılışını ediblərAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

Qeyd edək ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. 2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-ə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyni adlı qurum “Asan Khedmat” təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya və ISESCO təşkilatı ilə əməkdaşlığa dair “Anlaşma Memorandumu” imzalanıb. 2014-cu ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci il BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var.

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlətimizin başçısına Quba “ASAN həyat” kompleksi barədə ətraflı məlumat verdilər.

Bildirildi ki, bu kompleks Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Şəhərin Heydər Əliyev prospektində yerləşən, öz möhtəşəmliyi ilə seçilən Quba regional “ASAN həyat” kompleksinin tikintisi yüksək səviyyədə həyata keçirilib. Kompleksin tikintisinə bu ilin əvvəlində başlanılıb. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN xidmət” Mərkəzi, “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb.

Dövlətimizin başçısı mərkəzlə tanış oldu. Kompleksin “ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba “ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.

Dövlətimizin başçısı Quba “ASAN xidmət” Mərkəzini işə salıb.

Bildirildi ki, bu günə kimi “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 18 milyon 600 minə çatıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən təqribən 1 milyon 250 min vətəndaşa səyyar formada xidmət göstərilib.

Prezident İlham Əliyevə “Ready 2.0” avadanlığı haqqında məlumat verildi. Bu avadanlıq “ASAN xidmət” mərkəzlərində hazır sənədlərin vətəndaşlara avtomatlaşdırılmış qaydada verilməsi üçün hazırlanmış cihazın yeni versiyasıdır. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq. Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN kommunal” xidmətində bu günədək 217 min vətəndaş müraciəti qeydə alınıb.

Mərkəzlə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni layihələr barədə də məlumat verilib.

Bildirildi ki, “ASAN viza 2.0” sistemi Azərbaycan vətəndaşları üçün xarici ölkələrə səfər vizalarının alınmasına elektron müraciətin təmin edilməsi üçün yaradılıb.

Diqqətə çatdırıldı ki, yeni layihələrdən biri də doğum evlərində körpələrə fərdi identifikasiya nömrələrinin verilməsinin təmin edilməsi üçün aparılan inteqrasiya işləridir.

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun təqdimatı zamanı İKT sahəsində ixtisaslaşmış 10 şirkəti özündə birləşdirən bu qurumun fəaliyyət istiqamətləri və ölkəmizin intellektual məhsullarının beynəlxalq bazara çıxarılması ilə bağlı planlar barədə məlumat verilib.

Diqqətə çatdırıldı ki, maliyyə xidmətlərinin “one-stop shop” prinsipi ilə təqdim edilməsi üçün isə “ASAN finance” elektron portalının yaradılması nəzərdə tutulur.

Dövlətimizin başçısına “Tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin Elektron Reyestri” barədə də məlumat verildi. Burada reyestrin funksional imkanları, fəaliyyəti və tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsinin nəticələri əks olunub. Bildirildi ki, 2018-ci ildə Şəki və İmişli rayonlarinda “ASAN həyat” komplekslərinin istifadəyə verilməsi planlaşdırılır.

Prezident İlham Əliyevə növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olunub.

Qeyd edək ki, “ASAN həyat” konsepsiyası “ASAN xidmət” Mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN həyat” Kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Quba “ASAN həyat” Kompleksinin kinoteatrında Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin filmləri də nümayiş etdiriləcək. “ASAN təlim” Mərkəzində isə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına “ASAN” təcrübəsi əsasında formalaşmış vətəndaş axınının idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsi təmin olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də oldular.

“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verdi ki, Kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

Sonra dövlətimizin başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxıb.

Qeyd edildi ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Azərbaycanın 19 şəhər və rayonundan ümumilikdə sənətkarlıqla bağlı 143, kənd təsərrüfatı sahəsi üzrə isə 24 ailə seçilib. Bu günədək Masallıda 6, Balakəndə isə 12 ailəyə monoblok-konteyner şəklində zəruri istehsal avadanlıqları təqdim olunub. “ABAD”a qoşulan ailələrin məhsullarının sərgi-satışını həyata keçirmək üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmiryolu Vağzalı, Şamaxının Dəmirçi kəndində “ABAD” sərgi-satış mərkəzləri yaradılıb. Hazırda “ABAD” sərgi-satış mərkəzlərində 167 “ABAD”çı ailənin ümumilikdə 1900-dək çeşiddə əl işləri, 25 çeşiddə ərzaq məhsulları təqdim olunur.

“ABAD” Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçiriləcək. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılacaq, təlimlər keçiriləcək, o cümlədən ərzaq məhsullarının istehsalı ilə məşğul olan ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunacaq.

Quba “ASAN həyat” Kompleksinin ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb. Ümumi sahəsi 1,58 hektar olan Kompleksin ərazisində fəvvarə, avtomobillər və avtobuslar üçün dayanacaq tikilib, park və uşaq oyun meydançası yaradılıb.

Prezident İlham Əliyev Quba “ASAN həyat” Kompleksinin əməkdaşları ilə görüşüb.

Kompleksin əməkdaşları Tünzalə Piriyeva və Fəxriyyə Balakişiyeva yaradılan bu şəraitə görə kollektivin adından dövlətimizin başçısına minnətdarlıq etdilər.

Sonda xatirə şəkli çəkdirilib.