Atam mənim üçün müdriklik idealıdır - Mehriban Əliyeva
Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Feysbuk səhifəsində bildirib.

"Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət, isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə daha bir sübutdur", - Birinci vitse-prezident qeyd edib.
Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib
Prezident İlham Əliyev Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Azərbaycanda əsrlər boyu müxtəlif xalqların və konfessiyaların nümayəndələri mehriban qonşuluq, dostluq və qarşılıqlı etimad şəraitində yaşamışlar. Cəmiyyətdə etnik-mədəni müxtəlifliyin, multikultural ənənələrin və dözümlülük mühitinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sivilizasiyalararası və dinlərarası dialoqun möhkəmlənməsinə önəmli töhfələr verən mötəbər tədbirlərin, o cümlədən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya dini liderlərinin II Bakı Sammitinin ölkəmizdə keçirilməsi beynəlxalq miqyasda sülhün, əmin-amanlığın və harmoniyanın bərqərar olunması işində Azərbaycanın mühüm rol oynadığını göstərir.

Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan xristianlar ölkəmizdə gedən böyük quruculuq işlərində və milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsində vətəndaşlıq borcunu layiqincə yerinə yetirir, Azərbaycanın tərəqqisi naminə bacarıq və səylərini əsirgəmirlər.

Əziz həmvətənlər!

Mübarək Milad bayramı yeni həyatı, dirçəlişi, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə səadət, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin.

Bayramınız mübarək olsun!"
“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - İlham Əliyev
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz hissəsidir: “Bütün aparıcı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərarlar, qətnamələr qəbul etmişlər, öz mövqeyini ortaya qoymuşlar. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir, orada açıq-aydın göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə edilmişdir. Beləliklə, həm tarixi baxımdan, həm beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Azərbaycan Prezidenti qeyd edib ki, il ərzində münaqişə ilə bağlı Ermənistandan çox ziddiyyətli, bir-birini təkzib edən və cəfəng bəyanatlar səslənirdi: “Gah deyirdilər ki, qondarma “Dağlıq Qarabağ respublikası” müstəqil dövlətdir və Azərbaycan bu dırnaqarası müstəqil dövlətlə danışıqlar aparmalıdır. Bu, yalandır, Dağlıq Qarabağ müstəqil dövlət deyil, heç bir ölkə bu qanunsuz qurumu tanımayıb, o cümlədən Ermənistan da tanımayıb və bu il ərzində danışıqlar prosesi Ermənistan və Azərbaycan arasında aparılmışdır. Beləliklə, bu cəfəng tezis tamamilə darmadağın edilmişdir. Gah deyirdilər ki, Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Belə populist bəyanatlar vermək olar, amma bu populist bəyanatların arxasında dayanmaq mümkün deyil. Bu da yalandır, Dağlıq Qarabağ Ermənistan deyil, bütün dünya bilir və mən bunu bir daha bəyan etmişəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

“Əminəm ki, bizim ardıcıl, düşünülmüş siyasət münaqişənin həllinə gətirib çıxaracaq. İqtisadi gücümüz, hərbi gücümüz, siyasi gücümüz, demoqrafik artım - bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əminəm, gün gələcək ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və bu istiqamətdə bu il böyük addımlar atılmışdır” – deyə, Prezident İlham Əliyev vurğulayıb.