İlham Əliyev Bülbüloğluna orden verdi - FotoFevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.

Avrasiya.net xəbər verir ki, Polad Bülbüloğlunu yubileyi münasibətilə təbrik edən Prezident İlham Əliyev deyib:

- Hörmətli Polad müəllim, mən sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik etmək istəyirəm. Sizə baxanda adam heç deyə bilməz ki, 75 yaşına çatmısınız. Həmişə cavan, həmişə gümrah, enerjili fəaliyyət göstərirsiniz. Siz böyük sənətkar, böyük bəstəkar, böyük ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermisiniz. Deyə bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində özünəməxsus və təkrarolunmaz iz buraxmısınız. Nəinki Azərbaycan miqyasında, hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli bəstəkarlardan birisiniz. Bunun əyani sübutu odur ki, sizin mahnılarınız yaşayır. Baxmayaraq ki, mahnıların bəziləri 40 il, 50 il bundan əvvəl yazılıb, amma bu mahnılar bu gün də sevilir. Yəni, onlar ölməz mahnılardır, Azərbaycan musiqi fondunun dəyərli nümunələridir. Bildiyiniz kimi, mən də həmişə sizin istedadınızın pərəstişkarı olmuşam və bu gün də böyük məmnuniyyətlə sizin ifanızda o ölməz mahnıları dinləyirəm. Siz nadir musiqiçilərdəsiniz ki, ancaq özünüz bəslədiyiniz mahnıları ifa edirsiniz. Bu mahnıları heç kim sizin kimi belə ürəklə, məharətlə ifa edə bilməz. Təsadüfi deyil ki, sovet dövründə siz ümumittifaq məhəbbəti qazanmısınız. Siz Sovet İttifaqının hər bir yerində böyük coşqu ilə, böyük məhəbbətlə qarşılanırdınız və sovet estrada məkanında aparıcı ulduzlardan biri idiniz.

Bu gün müstəqil Azərbaycanın mədəniyyətinin inkişafına böyük töhfə verirsiniz. Siz böyük Bülbülün ailəsində dünyaya göz açmısınız. Ailə tərbiyəsi, Azərbaycan dəyərləri üzərində verilən tərbiyə əlbəttə ki, sizə çox güclü təsir göstərmişdir. Sizdə milli ruh, milli ləyaqət və çox güclü mətanət hissi var. Mən sizi yaxından tanıyan insan kimi bunu tam məsuliyyətlə deyə bilərəm. Siz ömür boyu sənətdə, həyatda və siyasətdə atanızın adına layiq fəaliyyət göstərmisiniz. Siz fəaliyyət başlayan gündən Polad Bülbüloğlu kimi özünüzü təqdim etmisiniz, bu da böyük məsuliyyətdir. Çünki siz bu adla o böyük ailə məsuliyyətini, böyük, dahi Bülbülün fəaliyyətini öz fəaliyyətiniz vasitəsilə davam etdirirsiniz. Bu, doğrudan da böyük məsuliyyətdir və bu şərəfli missiyada siz böyük uğurlar əldə etmisiniz.

Eyni zamanda, dövlət xidmətində böyük nailiyyətləriniz olubdur, bu gün də var. Siz uzun illər Azərbaycanın Mədəniyyət naziri kimi mədəniyyətimiz üçün ən ağır illərdə böyük işlər görmüsünüz. Allaha şükür, indi Azərbaycan inkişaf edən ölkədir, maliyyə imkanlarımız da çoxdur. Amma siz Mədəniyyət Nazirliyinə rəhbərlik etdiyiniz dövrdə bizim maliyyə imkanlarımız yox idi. Əlbəttə, ölkə qarşısında o qədər böyük məsələlər dayanmışdı ki, bəzi hallarda mədəniyyətə vəsait çatmırdı. Siz bizim uzun illər ərzində əldə etdiyimiz nailiyyətləri qoruya və inkişaf etdirə bilmisiniz.

Siz uzun illərdir ki, Azərbaycanı dünyanın supergüclərindən biri olan Rusiyada ləyaqətlə təmsil edirsiniz. Bilirəm ki, Azərbaycanın maraqları sizin üçün hər şeydən üstündür. Bu illər ərzində görüşlər əsnasında, əlbəttə, bir daha əmin oldum ki, çox düzgün qərar qəbul olundu və siz Rusiyada Azərbaycanın səfiri kimi çox böyük uğurlar əldə etmisiniz. Rusiya-Azərbaycan əlaqələrinin inkişafında sizin çox böyük rolunuz var.

Yaxşı bilirsiniz ki, ulu öndər Heydər Əliyev həmişə sizə, sizin fəaliyyətinizə böyük diqqət göstərirdi. Zərifə xanım da həmişə sizə diqqət göstərirdi. Siz bizim evimizdə dəfələrlə olmusunuz və biz bir-birimizi 40 ildən çoxdur ki, tanıyırıq. Siz bizim üçün - valideynlərim və mənim üçün həmişə çox doğma adam olmusunuz. Ona görə xüsusi qeyd etməliyəm ki, bu gün - yubiley ərəfəsində sizinlə görüşmək, sizi təbrik etmək mənim üçün çox xoşdur. Sizin fəaliyyətiniz dövlət tərəfindən yüksək qiymətləndirilib. Siz Azərbaycanın bir neçə mötəbər mükafatı ilə təltif olunmusunuz. Ancaq bu mükafatların arasında ən ali mükafat, ən ali orden “Heydər Əliyev” ordenidir. Mənim Sərəncamımla siz bu gün “Heydər Əliyev” ordeni ilə təltif olunursunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.

Dövlətimizin başçısı “Heydər Əliyev” ordenini Polad Bülbüloğluna təqdim etdi.

Polad Bülbüloğlu: Böyük şərəfdir, çox sağ olun, cənab Prezident, minnətdaram. Çox böyük şərəfdir, çox sağ olun. Heydər Əliyevin adı bilirsiniz ki, mənim üçün çox əzizdir. Çox sağ olun, cənab Prezident, kövrəldim. Siz çox düzgün qeyd etdiniz ki, Azərbaycanın, bizim vətənimizin ən çətin vaxtında 10 il ulu öndər Heydər Əliyevlə işləmək bir nazir, ümumiyyətlə, bir xadim kimi mənim üçün çox böyük məktəb oldu. O illəri, görüşləri tez-tez yada salıram. Baxmayaraq ki, çətin idi, bizim Böyük Öndərimiz mədəniyyətə həmişə diqqətlə yanaşırdı. İnanın ki, bu günlərdə biz Filarmoniyada məşq aparırdıq, Moskvadan baş dirijorumuz gəlib. Orada mənim yadıma düşdü, danışdım, Filarmoniya təmir olunanda Ulu Öndər kreslolara qədər maraqlanırdı ki, necə olacaq, nə olacaq, hansı rəngdə olacaq, çox diqqətli idi. Çox düz buyurdunuz, hətta vəsait olmayanda şəxsən mənə, ümumiyyətlə, mədəniyyət sahəsinə, mədəniyyət adamlarına onun diqqəti hər bir vəsaitdən artıq idi. Sənət adamları bunu bilirdi ki, cənab Prezident, onlara çox böyük diqqətlə yanaşır. Siz də atanızın yolunu davam etdirərək Azərbaycan üçün çox işlər gördünüz. Mən son günlər Bakıdayam, Azərbaycandayam. Qonaqlar gəlir, inanın ki, bizim bu yeni küçələri, binaları, - qədim Bakı da saxlanılıb, - görəndə hamı Bakıya heyran olur. Bunlar hamısı Sizin, Mehriban xanımın diqqəti sayəsindədir. Mən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Amma cənab Prezident, bu, mənim üçün çox böyük mükafatdır, çox böyük.

Prezident İlham Əliyev: Siz buna layiqsiniz.

Polad Bülbüloğlu: Siz deyən sözlər də, Vallah, tarixi sözlərdir. Bu, mənim üçün çox xoşdur. Siz bununla mənim 75 illik yubileyimə, bütün bu illər ərzində zəhmətimə böyük qiymət vermisiniz. Mənim üçün danışmaq çox çətindir. Çox sağ olun. Minnətdaram.

Prezident İlham Əliyev: Çox sağ olun.
İlham Əliyev ilin yekunlarına həsr olunan konfransdaFevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

Dövlət başçısı konfransda giriş nitqi söyləyib.
Azərbaycanın Birinci vitse-prezidenti gəncləri təbrik edib
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Gəncləri Günü münasibəti ilə gəncləri təbrik edib.

Avrasiya.net-in məlumatına görə, təbrik Birinci vitse-prezidentin “İnstagram” səhifəsində yerləşdirilib.

Birinci vitse-prezident gənclərimizin ölkənin gələcəyi olduğunu vurğulayıb: “Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”.




İlham Əliyev onlara yüksək rütbə verdiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Məmməd oğlu Mehdiyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilsin:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynova

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət İsa oğlu Həbibbəyliyə.

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Həsən Nəbi oğlu Eyubova

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Faiq oğlu Quliyevə.

4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Yusuf oğlu Məmmədova tibb xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Goranboy rayonunun əhalisi 30378 nəfər olan 16 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün nəzərdə tutulmuş vəsaitin 1,19 milyon (bir milyon bir yüz doxsan min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 fevral tarixli 1320 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 159, № 7, maddə 588, № 9, maddə 790; 2009, № 2, maddə 74; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2019, № 2, maddə 295) 1-ci hissəsindən “Azərbaycan Respublikası Prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi ‒ şöbə müdiri” sözləri “Azərbaycan Respublikası Prezidentinin köməkçisi ‒ Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri” sözləri ilə, “direktoru” sözü “sədri” sözü ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 may tarixli 237 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 402; 2010, № 2, maddə 80; 2017, № 7, maddələr 1334, 1337; 2019, № 8, maddə 1389 ) 2.1-2-ci bəndi ləğv edilsin.
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, Elazığda baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə sarsıtdı.

Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".
Bizim güclü siyasi dəstəyimiz var - İlham ƏliyevYeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən bildirib.

Prezident İlham Əliyev bildirib: "Hesab edirəm ki, əvvəllər biz əsasən infrastruktur layihələrinə sərmayə yatırmışıq. Buna görə yenə də Davos Forumuna əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə ikinci yerdədir. Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faiz təşkil edir. Biz 16 min kilometr yol, 3 mindən çox məktəb və 700 xəstəxana inşa etmişik. Lakin bunlar dövlət sərmayəsinin bir hissəsi idi. İndi bizə nə lazımdır? Bizdən yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarların Avropa İttifaqının standartlarına daha da yaxınlaşması üçün yeni yanaşma tələb olunur. Hesab edirəm ki, bu, mümkündür. Buna nail olmaq olar, çünki bizim güclü siyasi dəstəyimiz var. Yenə də mən Azərbaycan hökumətinin strateji baxışını 10-cu yerə, hökumətin sabitlik təmin etmək bacarığını isə dünyada 11-ci yerə layiq görən Davos Forumunun qiymətləndirməsinə toxunmaq istəyirəm. Beləliklə, yeni hökumət əsas diqqətini artan əhalidən ibarət olan böyük çağırış üzərinə yönəldəcək. Buna görə də bizim iqtisadi artımımız əhalinin artımına uyğun gəlməlidir. Müstəqillik illərində əhalimizin sayı 7 milyondan 10 milyona qədər artdı. Beləliklə, əhaliyə əlavə infrastruktur, əlavə ərzaq təminatı tələb olunur. Bizim əhalimiz hər il 100 mindən çox artır. Bu isə o deməkdir ki, bizə ən azından ildə 100 min iş yeri lazımdır. Bu, asan deyil. Buna görə də hökumət bu məsələ ilə məşğul olacaq. Biz yoxsulluğu bugünkü səviyyədə - 5 faizdən aşağı səviyyədə saxlamağa çalışacağıq. Həmçinin bizim birbaşa xarici borcun azaldılması ilə bağlı uzunmüddətli strategiyamız var. Bu gün bu borc çox aşağıdır, ümumi daxili məhsulun 17 faizini təşkil edir. Lakin bizim hədəfimiz onu ümumi daxili məhsulun 10 faizinə qədər endirməkdir. Əlbəttə ki, inflyasiyanın keçən il olduğu kimi 2,5 faiz səviyyəsində, aşağı səviyyədə saxlanılması məsələsi üzərində də işləyəcəyik. İnsanların gəliri həmişə inflyasiyanı üstələməlidir, habelə iş yerlərinin yaradılması da demoqrafik artımdan daha çox olmalıdır".
Prezident Davosda parlament seçkilərindən danışdıAzərbaycanda fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərinin nəticələri əsasında formalaşdırılacaq Milli Məclisin yeni tərkibi ölkədə aparılan sosial-iqtisadi islahatların vacib hissəsi olacaq.

Oxu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” konfransında bildirib.

“Yaxın aylarda biz əhaliyə etimad göstərdikləri şəxsləri seçmək imkanı vermək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Parlament isə seçkilərdən sonra islahatların çox vacib hissəsi olacaq”, - dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, Azərbaycanda aparılan islahatlar çərçivəsində ölkə hökumətinin tərkibi əhəmiyyətli dərəcədə yenilənib.

“Hökumətin tərkibi dəyişdirildi. Hökumətdə yeni insanlar meydana çıxdı. Bunlar müasir baxışları olan yüksək təhsilli gənclərdir. Dəfələrlə demişəm ki, XXI əsrdə uğur yalnız XX əsrin baxışlarına köklənməməklə mümkündür. Buna görə yeni insanlar təkcə hökumətdə deyil, həm də Prezident Administrasiyasında lazımdır. Burada da böyük dəyişikliklər baş verdi”, - İ.Əliyev bildirib.

Prezident Azərbaycanın qonşu ölkələrə qarşı dostluq siyasəti yürütdüyünü vurğulayıb.

“Ancaq milli maraqlar bizim üçün hər şeydən üstündür. Siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa nail olduq. Əldə etdiyimiz nailiyyətlər Dünya İqtisadi Forumunun qiymətləndirmələrində və Davos Forumunun işində öz əksini tapıb. Biz infrastruktur, yolların keyfiyyəti sahəsində çox şey əldə etdik - bu göstərici ilə dünyada 27-ci yerdəyik”, - dövlət başçısı deyib.
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Avrasiya.net xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər.
"20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Avrasiya.net xəbər verir ki, paylaşımda deyilir: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.

Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".