Sizin Reklam Burada

“Qarabağ ərazisi üçün bir çox planlarımız var” - Prezident

“Qarabağ ərazisi üçün bir çox planlarımız var” - Prezident"Hazırda bizim əsas məqsədimiz işğaldan azad edilmiş ərazilərin bərpasıdır".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Ermənistan tərəfdən 25 ildən çox, demək olar ki, 30 il davam edən işğal nəticəsində hər şey dağıdılıb. Əcnəbi diplomatlar və media nümayəndələri işğaldan azad edilmiş ərazilərə artıq dəfələrlə səfər ediblər və özləri hər şeyin tamamilə dağıdıldığının şahidi olublar. Şəhərlər dağıdılıb, kəndlər dağıdılıb. Odur ki, biz öz doğma torpaqlarına qayıtmağı gözləyən insanlar, bir milyondan çox keçmiş məcburi köçkün üçün layiqli həyat şəraiti təmin etmək məqsədilə 10 min kvadratkilometrdən böyük bir ərazini yenidən qurmalı olacağıq. Beləliklə, bu, bizim əsas vəzifəmizdir və biz artıq buna başlamışıq. Münaqişənin və müharibənin faktiki sonu olan bəyanatın imzalanmasından yalnız dörd ay keçməsinə baxmayaraq, biz artıq işlərə başlamışıq. Biz indi beynəlxalq hava limanı tikirik, avtomagistrallar tikirik, dəmir yolu xətlərini inşa edirik, artıq başlamışıq. Bu ilin sonuna kimi bütün Qarabağ ərazisi üçün, demək olar ki, enerji təchizatını 100 faiz tamamlamağı planlaşdırırıq və bizim bir çox başqa planlarımız da var".

"Əlbəttə ki, biz bu məsələlərdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığa güvənirik. Mən işğaldan azad olunmuş torpaqları “yaşıl enerji” zonası elan etmişəm. Biz əsasən bərpa olunan enerji mənbələrindən, su, günəş və külək mənbələrindən istifadə etməyi planlaşdırırıq. Bizim böyük beynəlxalq enerji şirkətləri ilə yaxşı iş təcrübəmiz var. Yeri gəlmişkən, Avropa Yenidənqurma və İnkişaf Bankı bu investisiya layihələrinin maliyyələşdirməsində iştirak edir. Ümid edirik, eyni təcrübə azad edilmiş ərazilərdə də tətbiq olunacaqdır. Çünki bərpa olunan enerji mənbələri baxımından orada böyük potensial var.

Başqa sözlə, bu, Azərbaycanın və regionun inkişafında yeni bir dövr və ya hətta yeni bir eradır. Demək olar ki, 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra regional inkişaf, regional əməkdaşlıq, bağlılıq üçün yeni imkanlar var və Azərbaycan bunlara hazırdır. Mən artıq ictimaiyyətə bunu açıqlayaraq demişəm ki, biz əməkdaşlıq, düşmənçilik səhifəsini geridə qoymaq, regionda daha yaxşı vəziyyəti və daha da proqnozlaşdırıla bilən vəziyyəti təmin etmək üçün qonşularımızla dürüst şəkildə işləməyə hazırıq. Beləliklə, bu, görülmüş işlərin və bəzi planlarımızın nədən ibarət olmasının kiçik xülasəsi idi. Əlbəttə ki, müzakirələr zamanı biz gələcək tərəfdaşlığımızın praktiki addımlarını daha geniş müzakirə edəcəyik. Görüşmək üçün irəli sürdüyünüz bu təşəbbüsə görə bir daha təşəkkür edirəm. Sizi bir daha görməyə çox şadam", - Prezident İlham Əliyev vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər