Əməliyyat plan üzrə gedir - Prezident
İşğal altındakı torpaqlarımızın geri alınması ilə bağlı əməliyyat plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilib. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.
Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “TRT Haber” telekanalına müsahibəsində məlumat verib.
Dövlətimizin başçısı deyib: “Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda, bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.