26 okt 08:05Gundem

Prezident ali qonaqlara möhtəşəm abidələrimizdən danışdı

Prezident ali qonaqlara möhtəşəm abidələrimizdən danışdıBMT Baş Assambleyasından sonra üzv dövlətlərin sayına görə ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının bu iki gün ərzində - (25-26 oktyabr) Bakıda keçirilən Zirvə Görüşü dünya miqyasında ən önəmli hadisədir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı bildirib.

"Ümid edirəm ki, nümayəndə heyətlərinin üzvləri imkan tapıb paytaxt Bakı ilə tanış olacaqlar. Bakı dünyanın ən qədim şəhərlərindən biridir. Ən azı 20 min il tarixi olan Qobustan petroqlifləri, VI əsrə aid olan Qız qalası, XII əsrdə inşa edilmiş İçərişəhər, Qala divarları və Şirvanşahlar Sarayı kimi abidələrimiz UNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Üç ay bundan əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qədim Azərbaycan şəhəri olan Şəkinin tarixi mərkəzi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə malikdir. Ölkəmizdə mövcud olan tarixi abidələr bunu əyani şəkildə təsdiq edir. Azərbaycan ərazisində eramızdan əvvəl birinci əsrdə yaradılmış və böyük bir ərazini əhatə etmiş Qafqaz Albaniyasına aid çoxlu tarixi abidələrimiz mövcuddur. Belə abidələrdən biri də Şəki rayonunun Kiş kəndindəki alban məbədidir.

On üç əsr bundan əvvəl, 743-cü ildə inşa olunmuş Şamaxı Cümə Məscidi Qafqazda və Yaxın Şərqdə ən qədim məscidlərdən biridir. Zaman-zaman təbii fəlakətlərdən və qəsdlərdən zərər çəkmiş bu qədim məsciddə sonuncu dəfə mənim Sərəncamımla əsaslı təmir və bərpa işləri aparılmış, 2013-cü ildə məscidin açılışı olmuşdur. Bakı yaxınlığında atəşpərəstliyin erkən orta əsrlərə aid Atəşgah məbədi mövcuddur. Bizim dini və etnik müxtəlifliyimiz böyük sərvətimizdir. Bu il biz qədim Şamaxı şəhərində dünyaya gəlmiş böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyini qeyd edirik. Mənim Sərəncamımla 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunmuşdur. Azərbaycan dünya mədəniyyətinə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, böyük sərkərdə və şair Şah İsmayıl Xətai və digər dühalar bəxş etmişdir. Onların əsərləri dünya ədəbiyyatının inciləri sırasına daxildir", - İ.Əliyev qeyd edib.
XƏBƏR LENTİ
Dünən, 20:38
SORĞU