19 iyl 18:17Gundem

Prezident onları işdən çıxardı: 3 sərəncam, 1 fərman

Prezident onları işdən çıxardı: 3 sərəncam, 1 fərman
Prezident İlham Əliyev Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya. Net sərəncamın mətnini təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə dilçilik elminin inkişafına qiymətli töhfələr vermiş görkəmli alim Məmmədağa Şirəliyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmmədağa Şirəliyevin 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Hökuməti ilə Uruqvay Şərq Respublikası Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında 2019-cu il mayın 1-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Uruqvay Şərq Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İ.Y.Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsini və 97-ci maddəsinin ikinci hissəsini rəhbər tutaraq qərara alıram:

1. İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

İlham Əliyev Tərtər Rayon Məhkəməsinin hakimi M.S.Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin iş yerlərinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrinə uyğun olaraq, Tərtər Rayon Məhkəməsinin hakimi Mübariz Sərxoş oğlu Məmmədovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrinə uyğun olaraq, aşağıdakı hakimlərin iş yerləri dəyişdirilsin:

2.1. Yaşar Xanoğlan oğlu Həşimov Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Füzuli Rayon Məhkəməsinin hakimi təyin edilsin;

2.2. Zamin Cəbrayıl oğlu Tahirov Quba Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Balakən Rayon Məhkəməsinin hakimi təyin edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
loading...
XƏBƏR LENTİ
SORĞU