27 apr 08:23Gundem

"Hər zaman sizin yanınızdayam"

"Hər zaman sizin yanınızdayam"Qarabağ problemi ölkəmizin ən böyük problemidir və daim Prezidentin diqqət mərkəzindədir. Bu münaqişə və torpaqlarımızın işğal altına düşməsi nəticəsində qaçqın və köçkün həyatı sürməyə məcbur olan soydaşlarımızın problemlərinin həlli bizim ən böyük vəzifəmizdir.

Avrasiya.net xəbər verir ki, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüşündə bildirib.

"Buraya gəlməmişdən əvvəl Bakıda yataqxanada məskunlaşmış soydaşlarımızla görüşdüm. Çox acınacaqlı, təhlükəli vəziyyətdə yaşayırlar. Onların hamısını normal ev şəraiti ilə təmin etmək dövlətimizin, Prezidentimizin, şəxsən mənim ən vacib vəzifəmizdir. Bu istiqamətdə bütün lazımi işlər görülüb və görülür. İndiyədək 300 mindən çox soydaşımız evlə təmin olunub, 103 yeni qəsəbə, şəhərcik salınıb. Şəhərcik təkcə evlərdən ibarət deyil, onu yaratmaq üçün infrastruktur - məktəblər, bağçalar tikilib, su, qaz, işıq xətləri çəkilib, asfalt yollar salınıb. Amma, yenə də hələ ki, ağır vəziyyətdə yaşayan insanlarımız var və onların həyatının yaxşılaşdırılması üçün əlimizdən gələni edəcəyik.

Bu gün belə bir gözəl qəsəbədə olmağıma görə çox şadam. Xatırlayıram ki, buranın açılışında bərabər iştirak etmişdik. Görürəm ki, siz çox gözəl, rahat şəraitdə yaşayırsınız. Arzum odur ki, hər bir qaçqın və köçkün məhz belə şəraitdə yaşasın. Biz buna nail olacağıq. Mən əminəm, buna iradə də, imkan da var. Bütün bu məsələlər ardıcıl olaraq öz həllini tapacaq. İnşallah, Qarabağ problemi də öz həllini gərək sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında tapsın, soydaşlarımız doğma torpaqlarına qayıtsın. Hələ ki, bütün soydaşlarımızı normal yaşayış şəraiti ilə, işlə təmin etmək Azərbaycan dövlətinin ən əsas vəzifəsidir. İnanın ki, bu sahədə bütün lazımlı işlər, addımlar atılır. Uzun bir prosesdir, çətin prosesdir, böyük maliyyə tələb edən prosesdir. Amma yenə də bütün lazımi addımlar atılır və bu istiqamətdə işlər davam etdirilir. Gözəl, yaxşı, müsbət dinamika var. Əgər 2017-2018-ci illər ərzində 6126 mənzil təhvil verilibsə, təkcə bu il 6 min mənzil təhvil veriləcək. Yəni, bu, o deməkdir ki, 6 min ailənin yaşayış şəraiti yaxşılaşacaq. Mən sizin hər birinizi görməyə çox şadam. Əgər sizin hansısa problemləriniz, xahişləriniz varsa, mən hər zaman kömək etməyə hazıram, hər zaman sizin yanınızdayam", - Mehriban Əliyeva vurğulayıb.
XƏBƏR LENTİ
SORĞU