Tailandda atışmada ölənlərin sayı 25-ə, yaralı sayı 63-ə çatdı
Tailandın Nakxonratçasim şəhərində hərbçinin açdığı atəş nəticəsində ölənlərin sayı 25-ə, yaralı sayı 63-ə çatıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl, ölü sayının 21 olduğu bildirilirdi.

Onların cəsədlərini xüsusi təyinatlıların aşkar etdiyi əlavə olunur. Əməliyyatın davam etdirildiyi vurğulanır.
Yunanıstanda qripdən 38 nəfər öldü
Yunanıstanda qış fəslində qripdən 38 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Səhiyyə Təşkilatı məlumat yayıb.

Bildirilib ki, son həftədə qripdən 17 nəfər vəfat edib. Əsasən xəstələr A(H3N2) və A(H1N1) qripinə yoluxublar. Xəstəliyin gedişatı nəzarətə götürülüb.
ABŞ-da fövqəladə vəziyyət elan edildiABŞ-ın cənub-şərq ştatlarını təsiri altına alan güclü fırtına səbəbiylə azı 6 nəfər həyatını itirib.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində çox sayda insan xəsarət alıb. Güclü külək yüzlərlə tikiliyə ziyan vurub. Daha çox Alabama, Tennessi, Missisipi ştatlarına zərər dəyib.Təbii fəlakət həmçinin daşqınlara və torpaq sürüşmələrinə yol açıb. Tikililər suya qərq olub. Xilasedicilər onlarla insanı təhlükə bölgəsindən təxliyə edib.

Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib. Yerli dairələr sakinlərə vacib olmadıqca evlərini tərk etməmək barədə xəbərdarlıq edib.
ABŞ ağır itkiləri gizli saxlaya bilməyəcək - İran
ABŞ Eyn əl-Əsəd bazasına etdiyimiz hücum zamanı verdiyi itkiləri etiraf etmək məcburiyyətində qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri İran Baş Qərargahının nümayəndəsi Əbülfəz Şikarçı deyib.

“İraq baş naziri hücumdan 15 dəqiqə əvvəl məlumatlandırılıb. Hərçənd biz təcavüzkar tərəf deyilik, amma amerikalılar adekvat cavabla qarşılaşacaqlarını bilirdilər. Onlara ciddi zərbə vurduq. Bir neçə günə etiraf etmək məcburiyyətində qalacaqlar. Ağır itkiləri gizli saxlaya bilməyəcəklər”, - deyə Şikarçı bildirib.

Qeyd edək ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə ABŞ-ın Eyn əl-Əsəd bazasına raket hücumunun yeni detallarını açıqlayacaqlarını bəyan etmişdi.

İran Qasım Süleymaninin öldürülməsinə cavab olarq 8 yanvarda Eyn əl-Əsəd aviabazasına raket zərbələri endirmişdi.

Pentaqon sözügedən hücumda 64 hərbçinin xəsarət aldığını açıqlamışdı.

Koronavirusdan ölənlərin sayı 700 nəfəri keçdi
Çində 2019-nCoV koronavirusundan ölənlərin sayı 700 nəfəri ötüb.

RİA “Novosti”nin məlumatına əsasən, Hubey əyalətində bir sutka ərzində 81 nəfər dünyasını dəyişib və beləliklə, Çində bu xəstəlikdən ölənlərin ümumi sayı 720 nəfərə çatıb.

Bildirilir ki, virusa artıq 24,9 min nəfər yoluxub, 1,1 mindən artıq insan isə sağalıb.

Xatırladaq ki, Çin hökuməti 2019-cu ilin dekabr ayının sonunda Uxan şəhərində 2019-nCoV pnevmoniya virusunun səbəb olduğu epidemiyanın baş qaldırdığını bildirmişdi. ÇXR-dan savayı, 20-dən çox ölkədə də xəstəlik halları aşkar edilib.

İsraildə azərbaycanlı öldürülüb - FOTO
İsraildə azərbaycanlı qətlə yetirilib.

İsrail mətbuatının verdiyi məlumata əsasən, 40 yaşlı kişinin cəsədi ötən gün Tel-Əvivlə Ramat-Qan arasındakı Volfson parkında tapılıb.

İlkin məlumata görə, o, odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Bildirilir ki, hadisə baş verən ərazi və yaxın küçələr polis əməkdaşları tərəfindən bağlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin axtarışına başlayıb.

“Report”un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs əslən Azərbaycandan olan 1971-ci il təvəllüdlü Nizami Orucovdur. O, bir neçə il əvvəl ailəsi ilə birlikdə Azərbaycandan İsrailə köçüb və orada fəhlə işləyib.



300-ə yaxın nüvə başlığına sahibik - Makron
Ölkəmiz 300-ə yaxın nüvə başlığına sahibdir.

Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.

Dövlət başçısı bildirib ki, Avropa ölkələrinin silahlanmanı idarə etməsi üçün ortaq agentliyi yaradılmalıdır.

Makron uzun vədədə Avropanın təhlükəsizliyinin ABŞ-la güclü müttəfiq olmaqdan keçdiyini bildirib.

Fransa lideri həmçinin əlavə edib ki, ölkələrinin təhlükəsizliyi onların müstəqil fəaliyyət yürütmək qabiliyyəti ilə də bağlıdır.
Vanqanın koronavirus və toqquşma öngörüsü açıqlandıDünyaca məşhur baxıcı Vanqa 2020-ci ildə yerin asteroidlə toqquşacağını deyib.

Axar.az xəbər verir ki, bu məlumatı bir vaxtlar baxıcının tanışı olmuş jurnalist Sergey Kostornoy yayıb.

Onun sözlərinə görə, Vanqa asteroidlə toqquşmanın bir gündə beş 2 rəqəmi olan tarixdə (22.02.2020 və 22.12.2020) baş verəcəyini bildirib.

“Planetar fəlakət baş verəcək – naməlum epidemiya və dağıdıcı nəticələrə səbəb olacaq naməlum kosmik obyektlə toqquşma. Əgər bəxtimiz gətirsə, o yanımızdan keçəcək, amma yenə də sunami, zəlzələlər olacaq. Vanqa dedi: qara kül Yeri və Günəşi örtəcək, çaylar məcrasından çıxacaq. Hətta o yandan ötüb keçsə belə, nəhəng ərazilər Yer üzündən silinəcək”, - jurnalist deyib.

Qeyd edək ki, “naməlum epidemiya” ilə Vanqanın koronavirusu nəzərdə tuta biləcəyi ehtimalı istisna edilməyib.
ABŞ-dan İraqa çağırış: Onları cəzalandır!ABŞ İraqın Nəcəf şəhərindəki etiraz aksiyalarında dinc etiraçıların qətlinə görə sərt etiraz edib.

Axar.az xəbər verir ki, ABŞ Dövlət katibi Mayk Pompeo Bağdadı günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Qeyd edək ki, bundan öncə İraqın Nəcəf şəhərində etirazçılarla Müqtəda əs-Sədrin tərəfdarlarının toqquşması nəticəsində 11 nəfər həlak olub.

Ölkə ərazisində hökumətin istefasıyla bağlı etiraz aksiyalarına 2019-cu ilin oktyabrında start verilib. Aksiyalar nəticəsində indiyə qədər 600 nəfər həlak olub, 50 min nəfər yaralanıb.

Bu, Səddam Hüseynin devrilməsindən sonra baş tutan ən genişmiqyaslı etiraz aksiyalarıdır.
ABŞ-ın İraq savaşına xərclədiyi fantastik məbləğ açıqlandıABŞ İraqdakı müharibəyə 1,9 trilyon dollar xərcləyib.

Axar.az xəbər verir ki, bu məlumatı “Militari Tayms” yayıb. Bu rəqəmə təkcə ABŞ-ın İraqdakı döyüş fəaliyyətlərinə ayırdığı vəsait yox, həmçinin Dövlət Departamenti tərəfindən xərclənən vəsait, eləcə də müharibə veteranlarının təminatı və s. daxildir.

Sayt Pentaqonun 2003-2019-cu illərdə İraq savaşı üçün birbaşa 838 milyard dollar xərclədiyini bildirib.