Koronanın dərmanı tapıldı: Xəstələr sağalır
Avstraliya alimləri yeni tip koronavirus (Kovid-19) pandemiyasının vaksinini tapıblar.

Axar.az xəbər verir ki, bu barədə Kvinslenddəki Klinik Tədqiqat Mərkəzinin direktoru, professor Devid Paterson danışıb.

O bildirib ki, malyariya və HİV-in müalicəsində istifadə edilən iki dərmanın tərkibindəki maddələrin birləşməsi koronavirusu zərərsizləşdirib.

“Koronavirus daşıyıcısı olan xəstə həmin dərmanı qəbul edib və tamamilə sağalıb. Bu dərmanları virusun əlacı kimi qəbul etmək yanlış olmaz. Üstəlik, bu günə qədər hər hansı bir əks təsiri də görülməyib. Dərmanın 3 ay ərzində koronavirusun müalicəsində təsirli olub-olmadığını dəqiqliklə müəyyən edəcəyik”, - D.Paterson bildirib.
ÜST-nin əməkdaşları koronavirusa yoluxdu
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2 əməkdaşına koronavirus diaqnozu qoyulub.

Xarici mətbuat xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Kristian Lindmayer məlumat verib.

“Əməkdaşlarımız ofisdən ayrıldıqdan sonra onlarda evdə xəstəliyin simptomları aşkarlanıb və bunun COVID-19 olduğu təsdiqlənib. 2 əməkdaşımızın koronavirusa yoluxduğu aydınlaşıb”, - o qeyd edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 184 000-ə çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 182 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Azərbaycanlılar Almaniyada qaçqın düşərgəsindən təxliyə olunduAlmaniyanın paytaxtı Berlindəki qaçqın düşərgəsi koronavirus səbəbindən bağlanıb.

Ötən gün sığınacaq axtaranlardan biri koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. Onun qan və tüpürcək analizinin nəticəsi pozitiv çıxıb. Berlin bələdiyyəsi və səhiyyə idarəsi düşərgənin dərhal bağlanması, sakinlərin isə, yaxınlıqdakı məktəb binasında karantin altında saxlanılması ilə bağlı qərar verib.

Ötən gecə düşərgənin 135 sakini polis və təcili tibbi yardım işçilərinin müşayiəti ilə yaxınlıqdakı məktəb binasının idman zalına köçürülüblər.

Aldığımız məlumatda bildirilir ki, təxliyə olunan sığınacaq axtaranların arasında 24 nəfər Azərbaycan vətəndaşı var. Eyni zamanda, düşərgədə 20 nəfər 60 yaşdan yuxarı, 15 nəfər isə, 5 yaşından kiçik uşaq qalırmış.

Berlin səhiyyə idarəsindən bildirilib ki, yaşlı insanların koronavirusa yoluxma ehtimalı daha çox olduğundan onlar paytaxtdakı xəstəxanalarda xüsusi müşahidə altında saxlanılacaqlar.

Məlumat üçün bildirək ki, bu Almaniyadakı qaçqın düşərgələrində ilk koronavirus faktıdır.

Bundan əvvəl Almaniya “Dublin sazişi” ilə bağlı Yunanıstan, İtaliya, Macarıstan kimi Avropa Birliyi ölkələrinə sığınacaq axtaranların deportasiyasını dayandırmış, eyni zamanda yeni sığınacaq axtaranları qəbul edən zamanı onları 14 günlük karantin altında saxlanılmaları ilə bağlı qərar vermişdi. (report)
Koronavirusa qarşı ilk peyvənd sınaqdan keçirildi - VİDEOÖtən gün ABŞ-da koronavirus əleyhinə hazırlanan peyvəndin ilk sınağı həyata keçirilib.

Bu barədə Amerika Prezidenti Donald Tramp Ağ Evdə keçirilən mətbuat konfransı zamanı açıqlama verib.

O, bildirib ki, bu, tarixin ən sürətlə hazırlanan peyvəndlərdən biridir.

Qeyd olunur ki, vaksin 4 nəfər sağlam könüllü üzərində test edilib. Testlərdə iştirak edən insanların heç bir risklə üzləşmədikləri qeyd olunub.

Önümüzdəki günlərdə 45 sağlam insan üzərində aparılan peyvənd testlərinin müsbət nəticə verdiyi təqdirdə, müvafiq federal qurumların icazəsindən sonra peyvəndin ictimaiyyətə təqdim edilməsi üçün 12-18 ay arası bir müddət nəzərdə tutulur.(Qafqazinfo.az)
İrana ŞOK müharibə anonsu: Tramp orduya SƏLAHİYYƏT VERDİ
ABŞ prezidenti Donald Tramp İraqda amerikalı hərbçilərin həlak olması ilə nəticələnən hücumla bağlı addımlar atmaq üçün Müdafiə Nazirliyinə səlahiyyət verib.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz”qəzeti məlumat yayıb. Pentaqon rəhbəri Mark Esper isə bildirib ki, hücumu həyata keçirən qüvvələrin cəzalandırılması üçün bütün seçimlər masadadır. Onun sözlərinə görə, hücumu İranın dəstək verdiyi qruplaşmalar həyata keçirib.

Xatırladaq ki, ötən gecə “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb.
ABŞ qırıcıları İran ordusunu bombaladı - Onlarla hərbçi həlak oldu
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İrana məxsus hərbi obyektlərə hava zərbələri endirib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qırıcılar Bukemal və Hizam rayonlarında 3 hərbi məntəqəni hədəfə alıb. Əməliyyatlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun çox sayda əsgərinin və Tehranın dəstək verdiyi qruplaşmanın üzvlərinin həlak olduğu deyilir. Məlumata görə, hava əməliyyatları ABŞ-ın Bağdaddakı bazasının vurulmasına cavabdır.

Xatırladaq ki, ötən gecə “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb.

Anar Türkeş
Daha 3 ölkə Rusiyaya neft müharibəsi elan etdi
Dünyada neft müharibəsi davam edir. Belə ki, İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də neftin qiymətinə təsir etmək niyyətindədir.

Axar.az "Blumberq"ə istinadən xəbər verir ki, İraq neftin bir barrelini Asiyaya 5 dollar aşağı qiymətə satmağa hazır olduğunu bəyan edib. Küveyt isə neftinin qiymətini 6 dollar endirib. BƏƏ də neft hasilatını artırmaq niyyətini ortaya qoyub.

Qeyd edək ki, martın 6-da OPEK+ ölkələrinin toplantısında Rusiya və Səudiyyə Ərəbistanı neftin hasilatı ilə bağlı razılıq əldə edə bilmədiyi üçün ərəblər hasilatı artırıb. Bundan sonra isə neftin qiymətində kəskin ucuzlaşma qeydə alınıb.