ABŞ-da ölü sayı inanılmaz səviyyəyə qalxdı
ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı ilə bağlı iki fərqli statistika yayılıb.

Axar.az xəbər verir ki, Cons Hopkins Universitetinə istinadla yayılan məlumata görə, son sutkada bu ölkədə 4.931 nəfər koronavirusdan ölüb və beləliklə, ümumi ölənlərin sayı 30.990 nəfərə çatıb.

Universitetin məlumatında ABŞ-da 639.733 nəfərin bu virusa yoluxduğu qeyd olunub.

Ən son xəbərlərin əks olunduğu Vorldometers portalında isə ABŞ-da son sutka ərzində ölənlərin sayının 2032 nəfər olduğu, bununla da ümumilikdə bu virusdan ölənlərin 34.475 nəfərə qalxdığı bildirilib.

Ölkədə virusa yoluxma səviyyəsi də olduqca yüksəkdir. Ümumilikdə dünyada 2.173.168 yoluxma halı qeydə alınıb ki, bunun 674.829 nəfəri ABŞ-dadır.

ABŞ yoluxma faktına görə ən yaxın "rəqibi" İspaniyanı (182.816) az qala 4 dəfə qabaqlayır.
Koronavirusun yeni əlaməti aşkarlandı
Ayaqlarda iri qırımızı ləkələr koronavirus infeksiyasının əlamətlərindən biri ola bilər.

Modern.az xəbər verir ki, belə bir nəticəyə Avropada pandemiyanın daha geniş yayıldığı İspaniya və İtaliya həkimləri gəlib.

Belə ki, COVID-19 ilə xəstəxanaya yerləşdirilən hər beşinci italiyalının dərisində problemlər mövcuddur. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə olur.

İspaniya Pediatr Assosiasiyası bildirib ki, səpgilər qızılca xəstələyinin yaratdığı qırmızı səpgilərə bənzəyir.

Bir qayda olaraq, barmaqlarda qızartı görünür və sonradan bədəndə iz qoymadan sağalır.
Koronavirusla bağlı ŞOK PROQNOZLAR - Böyük BƏLALAR GƏLİR
Neft erasının sonu gəlir, bazarlar alt-üst olacaq, “fövqəladə vəziyyət” uzun müddət davam edəcək, yeni miqrasiya böhranı və ərzaq qıtlığı yaşanacaq.

Publika.az xəbər verir ki, bu proqnozlarla amerikalı ekspertlər çıxış edib.

Geopolitiklər Paraq Hanna və Karan Khemkanın “Fast Company” dərgisində dərc olunan birgə müəllifi olduqları məqalədə deyilir: “Koronavirus növbəti altı ay ərzində dünyada pik həddə çatacaq. Amma iqtisadiyyatlara, hökumətlərə və sosial institutlara bərpa olunmaq üçün illər lazım olacaq. Növbəti 3-5 il COVID-19 haqda ildırımdan əvvəl və ildırımdan sonra kimi bəhs olunacaq”.

Geopolitiklər postkorona dövrü haqda müxtəlif ssenarilər irəli sürür.

Uzunmüddətli fövqəladə vəziyyət

Vaksinin axtarışı və tapılması 12-18 ay davam edəcək. Karantin rejimini tətbiq edən ölkələr bunun köməyi ilə yoluxmanın maksimallaşmasının qarşısını ala biləcəklər, amma kasıb və sıx məskunlaşmanın olduğu ölkələr çətin günlər yaşayacaq. Ümumi ölümlərin sayı 100 mindən azdır, amma bu, milyon və daha çox saya qədər davam edəcək. Ölkələr sərhədləri bağlı saxlayacaq, amma daxili siyasətdə əhalinin xəstələnməsi və iqtisadi dirçəliş arasında ağrılı seçim qarşısında qalacaqlar. Çoxsaylı amillər prosesə sakit baxmağa mane olur. Ən vacib məqamlardan biri budur ki, inkişaf edən bazarlar və ölkələrin “həlak olması” dünya iqtisadiyyatını zəiflədir.

Daxili işsizlik “Böyük depressiya” dövründə mövcud olan səviyyəyə yüksələcək və yardım paketləri kifayət etməyəcək. Böyük firmalar dağılacaq, ticarətdən aviasiyaya, ofis və ticarət mərkəzlərindən hava limanlarına qədər hər şey zərər görəcək. ABŞ-ın vahid bazarı ilə müqayisədə Avropa bazarı daha çox ziyan görəcək, çünki ölkələr arasında fikir ayrılığı qaçılmaz olacaq.

“Süveyş ssenarisi”

1956-cı ildə ABŞ Böyük Britaniyanı qoşunlarını Süveyş kanalından çıxarmayacağı halda funtsterlinqə dəstəyi dayandırmaqla hədələdi. Eyni ssenarinin təkrarlanması mümkündür. Neft ölkələri valyuta ehtiyatlarını ABŞ dollarında saxlamağı azaldacaq, əvəzində Çin yuanla neft ticarətini aparmağa çalışacaq. Doğrudur, Çinin daxili vəziyyəti hələki ürəkaçan deyil, amma “Süveyş ssenarisi”nin təkrarlanması ehtimalı qalır.

Növbəti miqrasiya böhranı

İnsanlar kasıb ölkələrdən qaçaraq qurtulmaq istəyəcək. Türkiyə anlamağa imkan verdi ki, nə həmişəlik 4 milyon suriyalı qaçqını saxlamaq, nə də virusun kütləvi partlayışına dözmək istəyir. Körfəz ölkələri tərəfindən Misir və Sudana dəstəyin azalması bu ölkələrin əhalisinin də miqrasiya yolunu tutmasına səbəb ola bilər. İnsanlar Meksikadan, Mərkəzi Amerikadan və Yaxın Şərqdən Avropaya axın etməyə çalışacaqlar. Bununla yanaşı, virusun yayılması dünyada “qırmızı” və “yaşıl” zonalar yaradacaq, “qırmızı” zonalardakı insanlar qaçacaqlar. Ölkələr həmçinin, işçi qüvvəsini doldurmaq üçün də miqrantları qəbul edə bilər. Böyük şəhərlərdən əyalətlərə axın sürətlənəcək.

Millətçiliyin güclənməsi

Lakin çox ölkələr hər şeydən əvvəl öz ərzaq və tibbi ehtiyatlarının yığımına başlayacaqlar. Bu, “ərzaq millətçiliyidir”, misal üçün, Rusiya dən məhsullarının ixracını, Vyetnam isə düyünün ixracını məhdudlaşdırdı. BMT mövqelərini itirəcək, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da həmçinin. Regional təşkilatların dirçəlişi müşahidə olunacaq.
Dəfn mərasimi zamanı ölü dirildi
Paraqvayın cənubundakı Koronel-Ovyedo şəhərində ölü hesab edilən qadın "dirilib".

Modern.az-ın məlumatına görə, xəstəxanada xərçəngdən müalicə olunan 46 yaşlı qadın növbəti baxış zamanı ölü hesab edilib.

Yaxınları onu dəfn bürosuna apardıqdan sonra onun tərpəndiyini görüblər. Yenidən xəstəxanaya qaytarılan qadın müalicəyə davam edib.
Alimlərin koronavirus araşdırması hər kəsi ŞOKA SALACAQ: Xəstəliyə yoluxmuş bütün şəxslər...
Mütəxəssislər COVID-19-a bənzər infeksiyaların sinir sisteminə hücum edə biləcəyini düşünür. Koronavirus epidemiyasının başlanğıcında xəstələri müşahidə edən və təhlillər aparan həkimlər aşağıdakı simptomların korona üçün xarakterik olduğunu bildirib: yüksək temperatur, öskürək və təngənəfəslik. Qusma və ishal isə az hallarda özünü göstərir. Ancaq məlum oldu ki, koronavirusun təsirləri həddən artıq böyükdür.

Publika.az xəbər verir ki, “Medium Elemental” elmi portalında yayımlanan məqalədə infeksiyanın sadəcə tənəffüs yollarını deyil, həzm sistemini də poza biləcəyi deyilir.

Fevral ayının sonlarında dünya öyrəndi ki, koronavirus asiptomatik də ola bilər. İnfeksiyanı olduqca normal keçirən insanlar da qeydə alındı. Bir aydan sonra yoluxmuş şəxslər qoxu itkisindən şikayət etməyə başladı.

Eyni zamanda həkimlər elan edib ki, bəzi xəstələr infeksiyanı yüngül formada keçirə bilər. Bu zaman yorğunluq, burun axması kimi əlamətlər özünü göstərir.

İndi də həkimlər SARS-CoV-2-nin beyinə hücum etməyə qadir olduğu qənaətinə gəlib. Koronavirusun beyinə necə təsir edə biləcəyi hələ məlum deyil. Lakin qrip və koronavirusun digər növləri ilə bağlı aparılan tədqiqatların nəticələri bunun istisna olmadığını göstərir.

Bu günə qədər bu mövzuda edilən bütün müşahidələr daha çox tibbi nağıllara bənzəyir. Həkimlər COVID-19 xəstələrində ilk simptomların şüurun bulanıqlaşması və baş ağrısı şəklində ortaya çıxdığını iddia edir. Amma koronavirusun beyinə birbaşa və ya dolayı yolla nə dərəcədə təsir göstərə biləcəyini, onun oksigendən məhrum olub-olmadığını müəyyən etmək hələ də mümkün deyil.

Texas Tibb Mərkəzinin neyrocərrahı Çetan Rao bu iki təsiri beyində fərqləndirməyin çox çətin olduğunu deyib. Bəlkə də onlar eyni vaxtda baş verir.

Ötən həftə Sankt-Peterburq Dövlət Universitetinin virusoloqları elan etmişdi ki, COVID-19 qan-beyin baryerinə nüfuz edə və beyin toxumasını məhv edə bilər. Onların araşdırmasına görə, qrip və herpes virusları beynin bütün hissələrinin ölümünə səbəb ola bilər. Eyni hal yeni tip koronavirus infeksiyasında da baş verir. Bəzi yoluxmuş xəstələrdə həkimlər ağciyər pozğunluqlarını təyin etmirdilər. Lakin eyni zamanda xəstələrdə şüurun bulanıqlaşması ​​və ya epileptik əlamətlər qeydə alınıb. Bundan əvvəlsə onlar dad və qoxu itkisindən şikayətlənirdilər ki, bu da COVID-19-un beyin toxuması infeksiyası olduğunu göstərə bilər.

İlk dəfə fevral ayında Çinin epidemiya mərkəzinə çevrilən Uhan şəhərinin alimləri koronavirusun beyinə də hücum edə biləcəyi haqqında danışmağa başlamışdı. Mart ayında tədqiqatçıların nəzəriyyəsi elmi jurnalda dərc edilmişdi. Alimlər iddia edir ki, SARS-CoV-2 digər koronavirus növlərinə bənzəyir, yalnız tənəffüs yolları ilə məhdudlaşmır və bəzən nevroloji xəstəliklərin inkişafına səbəb olan mərkəzi sinir sisteminə təsir göstərə bilər.

Bu günə qədər Amerika alimləri Çin mütəxəssislərinin nəzəriyyəsini təsdiqləyən yalnız bir hadisəni qeydə alıb. Belə ki, 50 yaşlı qadın öskürək, qızdırma və şüurun bulanıqlaşmasından dolayı həkimlərə müraciət edir. Onun korona testinin nəticəsi müsbət çıxır. Ancaq qeyri-adi simptomlar səbəbindən xəstə beynin CT və MR müayinəsinə göndərilir. Müayinədə qeyri-adi ödem aşkarlanır. Həkimlər xəstəyə kəskin ensefalopatiya diaqnozu qoyur. Bu, olduqca nadir bir xəstəlikdir (anadangəlmə və ya qazanılmış), beyində toxuma dəyişir, bu da zehni funksiyaların pozulmasına səbəb olur. Bu diaqnoz mərkəzi sinir sisteminə təsirlə bağlıdır, qıcolma və ruhi pozğunluqlarla xarakterizə olunur. Yeri gəlmişkən, bəzi yoluxucu xəstəliklər və ya qrip virusu ensefalopatiyaya səbəb ola bilər.

Həkimlər qadının beyninin müxtəlif sahələrində bir sıra zədələnmə müşahidə edib: nitqin qavranılması, təhlili və sintezi, habelə dad, qoxubilmə qabiliyyətindən məsul olan müvəqqəti loblar zədələnib.

“Henri Ford” səhiyyə təşkilatının tədqiqatçılarının “Nature” jurnalında nəşr olunan açıqlamasında qeyd olunur ki, bu, koronavirus infeksiyası ilə əlaqəli kəskin nekrotik hemoragik ensefalopatiyanın ilk açıqlanan hadisəsidir. COVID-19 xəstələrinin sayı artdıqca, rentgenoloqlar nevroloji xəstəliklərin inkişafının qarşısını almaq üçün yoluxmuş şəxslərin zehni vəziyyətindəki bütün dəyişiklikləri izləməlidirlər.
Təhlükəli yaxınlaşma: İran gəmiləri hərəkətə keçdi
İran İslam İnqilabı Keşikçiləri Korpusunun sürət katerləri Bəsrə körfəzində ABŞ-ın birlikdə hərəkət edən 6 gəmisinə təhlükəli dərəcədə yaxınlaşıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Donanmasının yaydığı məlumatda deyilir.

“ABŞ gəmiləri Bəsrə körfəzində, beynəlxalq sularda quru qoşunlarına məxsus AH-64 “Apaçi” helikopterləri ilə təlim keçirirdi. İranın hərbi katerləri amerikan gəmilərinin ön və arxa hissəsindən dəfələrlə keçdi. Katerlər “USS Levis Puller” gəmisinə 45 metr, “USCG Maui” gəmisinə isə 9 metrə qədər yaxınlaşdı. İran katerləri xəbərdarlıqlara 1 saat sonra reaksiya verib ərazidən uzaqlaşdı və hər hansı münaqişə baş vermədi”, - deyə bildirilib.
ABŞ-da şok araşdırma: Korona ilə bağlı 2022-ci ilə qədər...
ABŞ-da 2022-ci il qədər insanlar arasında sosial məsafə tələb oluna bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın elm adamları Harvard Universitetində araşdırma aparıb.

Universitetdə epidemiya zamanı kompüter simulyasiyasından istifadə edən alimlərin modelləşdirmə işinin təfərrüatı "Sayəns" jurnalında yayımlanıb.

Qeyd olunur ki, xəstəxanaların təkrar dolmaması üçün sosial məsafə 2022-ci ilə qədər vaxtaşırı tətbiq olunmalıdır.
Tanınmış həkim korona barədə: “Bu hadisələr mənə çılpaq kralın nağılını xatırladır”Alman pulmonoloq, Avropa Şurası Parlament Assambleyasının Səhiyyə komitəsinin keçmiş sədri Volfqanq Bodarq koronavirus pandemiyası ətrafında yaranmış vəziyyətin aydın olmadığını söyləyib.

Publika.az xəbər verir ki, tanınmış həkim epidemiya ilə mübarizə tədbirləri barədə qərarların əsasən tibbi deyil, siyasi səbəblərə görə verildiyini hesab edir. O, bu barədə yerli mətbuata verdiyi açıqlamada danışıb:

“Əhəmiyyətli rol oynamaq və təşkilatları üçün pul qazanmaq istəyən elm adamları siyasətçiləri dəstəkləməyə çalışır. Bu cür elm adamları sadəcə axınla gedir və onun bir hissəsi olmaq istəyirlər... Bu həqiqətən yeni bir şeydir? Çatmayan budur. Bu, mənə çılpaq kralın nağılını xatırladır. Çünki yalnız bir uşaq “Bax, o çılpaqdır!” deməyə cürət edir. Qalan hər kəs bu oyuna qoşulub. Sual yaranır ki, bu virusun təhlükəli olduğunu haradan bildiniz? Əvvəllər necə idi? Keçən il belə deyildimi? İndi rasional fikir çatışmazlığı var”.