Britaniya “Taliban”a qarşı sanksiyalar tətbiq edə bilər

Britaniya “Taliban”a qarşı sanksiyalar tətbiq edə bilərBritaniya Əfqanıstan böhranını müzakirə etmək üçün G7 ölkələri bir araya gələrkən dünya liderlərini “Taliban”a qarşı yeni sanksiyaları nəzərdən keçirməyə məcbur etməyi planlaşdırır.

Bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən yazıb.

Hazırda ABŞ, İtaliya, Fransa, Almaniya, Yaponiya və Kanadadan ibarət qrupa rəhbərlik edən Britaniyanın Baş naziri Boris Conson “Taliban”ın Əfqanıstanı sürətlə ələ keçirməsinin ardınca təşkilatın virtual görüşünü təşkil edib.

Conson hesab edir ki, “Taliban” insan hüquqlarını pozduğu və ölkə ərazisinin terrorçular üçün sığınacaq olaraq istifadə edilməsinə icazə verdiyinə görə G7 iqtisadi sanksiyaları nəzərdən keçirməlidir.

Qərb diplomatlarından birinin sözlərinə görə, “Taliban” əleyhinə sanksiyaların dərhal qəbul ediləcəyi ehtimalı yoxdur. Britaniyanın xarici işlər naziri Dominik Raab ötən həftə “Taliban” hərəkatına təzyiq göstərmək üçün sanksiyaların tətbiq edilməsi ehtimalını gündəmə gətirib.