18 avq 14:58dunya

Nə üçün Çin?

Nə üçün Çin?Çinin məktəb-pansionları

Çində ali və orta təhsilin üstünlükləri

Çinin orta təhsili haqlı olaraq dünyada ən yaxşılardan hesab olunur. PİSA-nın nəticələrinə baxmaq kifayətdir ki, bu barədə fikir söyləyəsən. Çinli şagirdlərin liderliyi getdikcə daha aydın nəzərə çarpmaqdadır. 2009-cu ildə onlar 600 mümkün baldan 556 bal toplamışdılar. 2012-ci ildə isə riyaziyyat üzrə toplanan balların həcmi 613-ə bərabər idi. Mütəxəssislər çinli şagirdlərin əldə etdikləri bu “möcüzəni” ölkədə təhsil sahəsində aparılan müdrik siyasətlə əlaqələndirirlər. Bu da öz növbəsində şagirdlərin yüksək motivasiyasını təmin edir. Şagirdlər bu gün aldıqları mükəmməl təhsilin gələcək firavan həyat üçün “qızıl təminat” olduğuna inanırlar.

25 il öncə aqrar ölkə kimi dünyaya daha çox kənd təsərrüfatı məhsuları ixrac edən, yarısavadlı ölkə kimi qəbul edilən Çin höküməti supertexnologiya dövlətinə çevrilməyi qarşıya məqsəd kimi qoymuşdu. Ölkədə yaxşı başa düşürdülər ki, bunun üçün təhsil sistemi müasirləşdirilməlidir. Buna görə də Çin dövləti təhsil sisteminin müasirləşdirilməsi planını qəbul etdi. Bu plan özündə müasir qərb tədris metodları ilə Çin təhsilinin ənənələrini birləşdirməyi, Çin ali və orta məktəblərini dünyanın ən qabaqcılları sırasına çıxarmağı qarşıya məqsəd kimi qoyurdu. Bu gün Çin təhsili ən cəlbedici təhsil proqramları ilə dünyanı özünə çəkir. İllər sonra bu planın nə qədər etibarlı və effektiv olduğu meydana çıxdı. Bir rəqəmə diqqət yetirək: əgər 2001-ci ildə Çin Təhsil nazirliyinin məlumatına əsasən ölkənin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 60 min nəfər təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 328,3 min nəfər idi. Bu rəqəm deməyə əsas verirdi ki, Çin liderlər sırasında möhkəmlənəcək. (2012-ci ildə ABŞ üçün bu rəqəm 764,5 min nəfər idi. Hazırda ABŞ-da 1,044 milyon əcnəbi tələbə təhsil alır. Bu, ölkədə ali təhsil alanların 5,2 faizini təşkil edir. https://vokrugsveta.ua) Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, 2018-ci ildə ölkədə təhsil alan əcnəbi tələbələrin sayı 470 min nəfərə çatıb (https://studyinchinas.com.). Bu rəqəm 2014-cü illə müqayisədə 35 faiz çoxdur. Çinin ali təhsil müəssisələri xarici tələbələri, qeyd etdiyim kimi keyfiyyətli təhsil, məzunların işlə təmin olunmaq şanslarının yüksəkliyi, ali məktəblərin reytinqi, maraqlı proqramlarla cəlb edirlər. Bu da öz növbəsində liderliyə yol açır. Ümumilikdə isə Çinin ali məktəbləri əcnəbi tələbələrin sayına görə Birləşmiş Ştatlar və Birləşmiş Krallıqdan sonra dünyada üçüncü yeri tutur.


Çinin məktəb-pansionları

...Onlar 2020-ci ilə qədər Asiya regionunun ən nəhəng təhsil mərkəzinə çevrilməyi hədəfləyirlər. Bu hədəflərə ölkədə təhsil alan əcnəbi tələbələrin sayının 500 minə çatdırılması da daxildir. Ölkədə təhsil xidmətlərindən əldə olunan gəlir ildə 1 milyard dolları keçib. Bu göstərici Rusiyadan iki dəfə artıqdır.

Çinin ali məktəbləri bu gün daha çox qərbi Avropa və Şimali Amerika universitetləri ilə rəqabətdədirlər. Bəlli olduğu kimi, bu regionlarda dünyanın ən reytinqli ali məktəbləri yerləşir. Peking University Çinin ən qabaqcıl ali məktəblərindən biridir. Dünyanın ən yaxşı universitetlərindən hesab edilən Peking University 2012-ci ildə The Times-in reytinqində 49-cu yerdə qərarlaşmışdı. Universitet 4 ilə ərzində böyük texnoloji sıçrayışlar, elmi nailiyyətlər sayəsində 20 pillə irəliləyərək 29-cu yerə yüksəldi. Tsinghua University də əldə etdiyi uğurları ilə dünyanın elm və təhsil ictimaiyyətinin diqqətindədir. Bu universitet 4 il ərzində 58-ci yerdən 35-ci yerə yüksəlməyə nail olub. Əlbəttə ki, belə yüksək göstəricilərin, daha dəqiq desək inanılmaz möcüzənin əldə olunmasının təməlində dayanan ən mühüm amil keyfiyyətli orta məktəb təhsili və çinlilərin özlərinin də dediyi kimi, ölkədə ingilis dilinin uşaqlara kiçik yaşlarından, həm də yaxşıca öyrədilməsidir. İngilis dili Çin məktəblərinin vacib fənlərindən hesab edilir. Uşaqlar bu dili repetitor yanında deyil, məhz məktəbdə, genişləndirilmiş proqram əsasında, ən yaxşı yerli müəllimlərdən, eləcə də xaricdən dəvət olunmuş ingilisdilli mütəxəssislərdən öyrənirlər. Məhz bunun nəticəsidir ki, Çinin orta məktəblərində ingilis dilinin tədrisi səviyyəsi bakalavr səviyyəsinə bərabərdir. Bu göstəriciyə çox az sayda olkə nail ola bilib. Çinin 40-a yaxın universitetində ingilis dili proqramı təklif olunur.

Çin höküməti məktəblərə səxavətlə pul ayırır və onları obyektiv kriteriyalarla qiymətləndirir. Milli və beynəlxalq olimpiadalarda qalibiyyət, dünyanın ilk yüzlükdə dayanan ali məktəblərinə daxil olan məzunların sayı...Baxın, əsasən bu göstəricilərə görə Çin höküməti məktəb-pansionları qiymətləndirir. Məktəblərin qiymətləndirilməsində beynəlxalq əlaqələr – xarici ölkələrin məktəbləri ilə yaradılmış əməkdaşlıq da önəmli rol oynayır. Hökümət bu əlaqələrin inkişafına yeri gəldikcə maddi yardımını da əsirgəmir. Məktəblər bu əlaqələri qurmaqda sərbəstdirlər. “Yuxarıdan” bunun üçün “olar”, “olmaz” göstərişi verilmir. Məktəblilərarası proqram mübadiləsi, müəllimlərin ixtisasartırması üçün xaricə ezamiyyəyə göndərilməsi də hökümətin maraq dairəsinədir.

Çin höküməti şagirdlərin və tələbələrin xaricdə təhsil almasında maraqlı olmaqla bərabər, onların yaşayışına və təhsillərini yüksək səviyyədə davam etmələrinə maddi vəsait ayırır. Tələbə, yaxud şagirddən bu vəsaiti o halda geri istənilir ki, o, təhsilini başa vurduqdan sonra ölkəsinə dönmür. Vətənə dönən məzun hökümət tərəfindən müəyyənləşdirilmiş dövr ərzində fəaliyyət göstərib yenidən xaricə gedirsə, bu halda da o, təhsili üçün dövlətin xərclədiyi vəsaiti geri qaytarmır. Amma Çinin ali məktəbləri, eləcə də məktəb pansionlar elə bir inkişaf səviyyəsinə qədəm qoyur ki, valideynlər öz övladlarını xaricə göndərməyə o qədər də maraqlı deyillər. Bir halda ki, bu ölkə özü “elm və təhsil arzularının işığı” kimi hər kəsi özünə cəlb edir...

Bəs Çinin məktəb-pansionlarının məşhurluq qazanmasının sirri nədədir? Birlikdə onlara nəzər salaq:

1. Keyfiyyətli tədris və riyaziyyatın, kimyanın, fizikanın, biologiyanın və proqramlaşdırmanın dərinləşdirilmiş şəkildə öyrədilməsi. Bu səviyyədə tədrisə nail olmaq avropa ölkələrində belə mümkün deyil.
2. Yüksək səviyyəli müəllim heyəti: Adətən Çinin ən yaxşı məktəblərində yuxarı siniflərdə müəllim heyətinin yarıdan çoxu magistr təhsillilərdir. (Bəlli olduğu kimi, qərbdə bakalavr təhsillilər üstünlük təşkil edir)
3. Yüksək səviyyəli infrastruktur: bu məktəblər malik olduqları müasir komputerlər, multimedia avadanlıqları, elmi laboratoriyalar, bəziləri isə teleskoplu observatoriyası ilə seçilirlər.
4. Çin və ingilis dilində - ikidilli proqramlar üzrə təhsil almaq, Çin milli standartlarına, eləcə də Britaniya, Amerika, beynəlxalq ölçülərə uyğun gələn attestat əldə etmək imkanı.
5. Bu attestatlar nəinki bütün dünyada tanınır, onları təqdim etməklə qərb universitetlərinə birbaşa qəbul olmaq imkanı belə mümkündür.
6. Hər cürə imkanlara malik idman infrastrukturu və yaşayış şərtləri.
7. Böyük Britaniya, İsveçrə, ABŞ və Kanada ilə müqayisədə ucuz olan qiymətlər.
8. Motivasiyalı mühit.
Bu yerdə “Elm Çində də olsa onun arxasınca getməyə usanma” deyimi yada düşür. Yüz illər öncə səsləndirimiş bu deyim, həm də onu deməyə əsas verir ki, bu ölkədə elm və təhsilə həmişə önəm verilib, onun inkişafı prioritet sahə kimi hər zaman diqqətdə saxlanılıb.

Ardı var
Böyükağa MİKAYILLI
XƏBƏR LENTİ
SORĞU