14 iyn 12:49dunya

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"“Lobbiçilik qurmaq, həyata keçirmək üçün əsas şərt o sahənin başında təcrübəli, işini bilənlər oturmalıdırlar. Həm Komitənin özündə, həm də xaricdə yaşayan soydaşlarımızın qurduğu təşkilatlarda”.

Bunu Avrasiya.net-ə 40 illik Avropa həyatında daim Azərbaycan həqiqətlərini dünyaya çatdıran, Azərbaycan haqqında 5 kitab hazırlayan, Türkiyədə Azərbaycan Evi olan Doğal parkın yaradıcısı, Belçika Azərbaycan Evinin rəhbəri, tanınmış və nüfuzlu lobbist Bulənt Gürcam bildirib.

B.Gürcamın sözlərinə görə, 2002-ci ildə böyük ümidlər üzərində qurulan Diasporla İş üzrə Dövlət Komitəsi yanlış bir yol tutaraq diaspora təşkilastlarını parçaladı, böldü və özünə tabe etdirmək siyasətini həyata keçirdi. Bu gün diaspora sahəsində acınacaqlı vəziyyətin düşməsinə komitə səbəb oldu: “Birlik, bərabərlik üçün həyatını bu yolda xərcləyən insanlarla barışmaq lazımdır, onları yaxına buraxmaq lazımdır, onların təcrübəsindən faydalanmaq lazımdır. Onları kənara itələmək, yeni bir diaspora işi, siyasəti qurmaq ən böyük yanlışlıqdır”.

B.Gürcam qeyd edib ki, onun kimi bu sahədə saç ağardan şəxslərin təcrübəsindən faydalanmaq istəməyənlər var: “Onlar bizim üçün çox əngəldirlər”.

Sual etdik ki, kimlərdir sizin yolunuzda əngəl olanlar. Cavabı belə oldu: “Komitədə çalışanlar və ya onları idarə edən qüvvələr. Mənim yazılarımdan rahatsız olurlar, mənim yazı yazmamı, tənqid etməyimi istəmirlər, xəbər göndərirlər, fəqət, bu belə olmamalıdır. Oturub üz-üzə danışmalıyıq, problemin həlli yollarının axtarmalıyıq”.

B.Gürcamdan Avropada azərbaycanlıları bir araya gətirmək üçün yaradılan Avropa Azəraycanlıları Konqresinin (AAK) fəaliyyəti barədə soruşduq.

Dedi ki, AAK içi boş və planlanmış bir oyundur, təşkilat deyil: “O, özü özünü ifşa etdi və daxildə bir dartışmalar baş verdi, ora qatılan təşkilatlar sonradan ayrıldılar. Onun heç bir fəaliyyəti yoxdur. Diaspor Komitəsinin bundan öncəki sədri, rəsmiləri özlərinə uyğun bir qurum yaratmaq istəmişdilər. Bir çox təşkilatı özlərindən kənarlaşdırıb öz düşüncələri, fikirləri üzərində AAK adlı təşkilat yaratdılar, amma istədikləri alınmadı”.

B.Gurcam qeyd etdi ki, Diasporla İş üzrə Dövlət Komitəsinə diaspora quruculuğu sahəsi ilə bağlı tövsiyələr verib. Hətta komitənin sabiq sədri onların tövsiyələrinin bir çoxunu bəyənmişdi, amma nədənsə sonradan heç diqqətə götürülmədi: “Komitənin yeni sədri ilə də görüşdüm. Ona fikir və tövsiyələrimi söylədim. Amma təəssüflər ki, şərtlənmiş bir formada öz işlərini həyata keçirdilər. Məsələn, komitənin yeni sədri ilə görüşümdə o, mənə diaspordan çox özümlə bağlı sullarıyla qarşılaşdım. Təəccübləndim, komitə özünə tabe olmayan heç bir qurum və təşkilatın və ya bizim kimi lobbiçilərin işinə nə diqqət, nə də nəzarət edir və ya fəaliyyətimizi internet saytlarında işıqlandırmır”.

Bu arada ona sual etdik ki, nə səbəbdən Komitə diaspora təşkilatları arasında parçalanma siyasətini həyata keçirdi. B.Gürcam bildirdi ki, 2000-ci illərin əvvəllərində Komitə yaradılarkən ümummilli liderimizin komitəylə bağlı çox ciddi və önəmli planları vardı, axı özü də bir diasporaçıydı. İllər boyu Sovetlər Birliyində Azərbaycanı layiqincə təmsil etmişdi: “Ona görə ölkə xaricində yaşamanın verdiyi bütün elementləri o bilirdir. Bu təşkilatı yaradarkən demişdi: “Diaspora, ölkəsini hər nə səbəbdən və nə şərtlərdən tərk etməsindən asılı olmayaraq özünü azərbaycanlı hiss edən hər kəsin ortaq adıdır və hər kəs Azərbaycanda yaşayan Azərbaycan vətəndaşıyla eyni haqq və hüquqa sahibdirlər”. Amma Komitə bunu belə etmədi, hər nə səbəblə xaricə gedən vətəndaşlarının arasında ayrı-seçkilik yaratdı və nəticədə acınacaqlı bir vəziyyət yarandı”.

B.Gürcam onu da qeyd edib ki, bu gün Avropanın dörd bir yanından Azərbaycan üzərinə qaldırılan soydaşlarımız varsa, bunun məsuliyyəti ilk növbədə Komitənin üzərinə düşür: “Lobbiçilik qurmaq, həyata keçirmək üçün əsas şərt o sahənin başında təcrübəli, işini bilənlər oturmalıdırlar. Həm Komitənin özündə, həm də xaricdə yaşayan soydaşlarımızın qurduğu təşkilatlarda. Hansı ölkə olursa olsun, o ölkədə yaşayan nüfuzlu, dili bilən, ictimai, siyasi həyatda təcrübəsi, cəmiyyət tərəfindən qəbul edilən Azərbaycan türklərindən faydalanmaq lazımdır. Lobbiçilik işi Avropa və dünyada leqaldır, yəni bir çox beynəlxalq qurumların (Avropa Parlamenti, NATO və s.) içində mövcuddur, fəaliyyət göstərirlər, qeydiyyatdan keçərək bu işi rəsmi şəkildə həyata keçirən təşkilatlar var. Amma bunların siyahısında biz yoxuq. Niyə? Çünki biz diaspora işini pul silmək, pul qazanmaq və ya şəxsi imkanlar üçün qururuq. Belə davam edərsə, biz lobbi mərhələsinə keçə bilmərik, öncə ondan qurtarmaq lazımdır”.

Lobbiçilik və diaspora təşkilatları arasında həmrəylik və bərabərliyin yaradılmasından söhbət düşmüşkən B.Gürcama Ümumdünya Azərbaycanlılari İttifaqının prezidenti, xeyriyyəçi, iş adamı Füzuli Məmmədovun Rusiyada Rusiya Azərbaycanlılar İttifaqını yaratdığını xatırlatdıq.

B.Gürcam qeyd etdi ki, onun Füzuli Məmmədovla heç bir tanışlığı yoxdur: “Dünyanın bir çox ölkəsində diasporumuzu təmsil edənlərlə görüşmüşəm, amma onunla şəxsi münasibətim yoxdur. Ola bilər, bir neçə dəfə hansısa beynəlxalq tədbirdə iştirak edək, amma danışmaq imkanımız olmayıb. Bunlara baxmayaraq, onun işləri, xüsusən də Azərbaycandakı xeyriyyəçilikləri ilə bağlı mediadan tanışam və təqdir edirəm. Rusiyadakı diasporamızın bir arada olması, təbii ki, önəmlidir, həm də çətindir. Füzuli bəyin Rusiyada diaspora təşkilatlarımız arasında həmrəylik yaratması təcrübəsindən Avropada da istifadə olunmalıdır. Amma diaspora işi bunu artıq aşmalıdır, biz artıq lobbiçilik işinə keçməliyik. Təəssüflər olsun ki, biz bu barədə hələ heç bir addım atmamışıq. Nüfuz və madiyyata gəldikdə isə, diaspora işində hər ikisi çox önəmlidir. Cənab prezident Diasporamıza Yardım Fondu yaradıb. İş adamlarımızın diasporamızın inkişafı üşün bu fonda dəstək durmaları vacibdir”.
loading...
XƏBƏR LENTİ
SORĞU