07 iyn 17:03dunya

Dehli S-400-lə “alver edir”: ABŞ razılıq versə...

Dehli S-400-lə “alver edir”: ABŞ razılıq versə...Hindistanın S-400-lə bağlı bəyanatının əsas məqsədi ABŞ-la hərbi əlaqələri genişləndirib, Pakistana qarşı birləşməkdir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Hindistanın ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini alacağı barədə bəyanatına münasibət bildirərkən deyib. O qeyd edib ki, Hindistan bu bəyanatı verməklə ABŞ-ın diqqətini öz üzərinə çəkməyə, daha sonra isə razılıq əldə etməyə çalışır:

“Hindistanın belə bir addım atmasının əsas səbəbi ABŞ-ın Pakistana daha çox silah yardımı göstərməsi ilə bağlıdır. Dehli bu bəyanatla Vaşinqtonun Pakistanla olan əməkdaşlığına reaksiya göstərir. Çünki Hindistanla Pakistan arasında uzun illərdir ki, çəkişmələr gedir. Lakin hesab etmirəm ki, Hindistan bu məsələdə sona qədər gedəcək. Onlar bu bəyanatla ABŞ-a sadəcə mesaj verir ki, Pakistanla hərbi əlaqələri dayandırıb, Hindistanla əlaqələri sıxlaşdırsınlar. Düşünürəm ki, bu bəyanat nəticə verəcək, ABŞ-la Hindistan arasında danışıqlar başlayacaq və müəyyən razılığa gələcəklər”.

Ekspert onu da bildirib ki, Dehlinin sözügedən bəyanatı ABŞ-dan müəyyən qədər hərbi yardım almaq istəməsi ilə bağlıdır:

“Rəsmi Dehli bu bəyanatla ABŞ-dan güzəştlər qoparmağa çalışır. Əgər Vaşinqton həmin güzəştləri tətbiq etsə, gələcəkdə Hindistan S-400-ü almaqdan imtina edəcək. Çünki onların əsas istəyi S-400-ü almaq deyil, məqsəd ABŞ-dan daha çox hərbi yardım almaqdır”.

Qeyd edək ki, Hindistan ABŞ-ın bütün təhdidlərinə baxmayaraq, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini alacağını bəyan edib.
XƏBƏR LENTİ
SORĞU