10 apr 10:19dunya

ABŞ-ın SEPAH-ı yox etmək istəməsinin iki mühüm – Səbəbi

ABŞ-ın SEPAH-ı yox etmək istəməsinin iki mühüm – SəbəbiABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına daxil edərək digər ölkələri oraya qoşulmamağa səsləməsi Vaşinqtonun sanksiya siyasətinin davamıdır.

Bu sözləri Axar.az-a ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsini şərh edən “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, ABŞ məqsədi İran rejiminin əsas sütunlarından biri olan SEPAH-ı yox etməkdir:

“ABŞ-ın SEPAH-ı terror təşkilatları siyahısına daxil edərək digər ölkələri oraya qoşulmağa səsləməsi Vaşinqtonun sanksiya siyasətinin davamıdır. ABŞ və İranın Suriyadakı maraqları toqquşur. İran Rusiya ilə bir, ABŞ isə bəzi ərəb ölkələri ilə digər antiterror koalisiyasının üzvüdür. Bu iki koalisiya üzvlərinin terrora baxışları xeyli fərqlənir. İran və Rusiya Suriya rejimini və qanuni hökumətini dəstəkləyir, ABŞ isə müxaliflərə dəstək verir. Bu mənada ABŞ-ın İran siyasəti birbaşa Suriya ilə bağlı məsələlərdən qaynaqlanır”.

Ekspertin fikrincə, ABŞ-ın SEPAH-ı terror təşkilatı elan etməsi həm də bir növ İsrailə dəstəkdir:

“ABŞ Qolan təpələrini təsadüfən İsrail ərazisi kimi tanımadı. İsrail İranı Hizbullaha yardım etməkdə və Təl-Əvivə qarşı hərbi əməliyyatlar hazırlamaqda ittiham edir. ABŞ da İranı Suriyada İsrailə qarşı çıxış etdiyinə görə cəzalandırır”.

Politoloq SEPAH-a qarşı sanksiyaların ABŞ-la İran arasında hələlik ciddi hərbi qarşıdurmaya səbəb olacağına inanmır:

“Çünki ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyaları yeni deyil. Ancaq gərginlik artarsa, vəziyyət hər an dəyişə bilər”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan edib.

Rəsmi Tehran da bu qərara adekvat olaraq ABŞ Silahlı Qüvvələrini terror təşkilatı kimi tanıyıb.
XƏBƏR LENTİ
SORĞU