17 mar 07:56dunya

Yeni Zelandiya terrorunda erməni izi...

Yeni Zelandiya terrorunda erməni izi...Martın 15-də Yeni Zelandiyada dünyanı sarsıdan daha bir terror hadisəsi baş verib. Ölkənin Baş naziri Casinda Ardern Kraystçerç şəhərində məscidlərə edilən hücum nəticəsində 49 nəfərin qətlə yetirildiyini təsdiqləyib.

Report xəbər verir ki, "Nyu Zeland" qəzetinin yazdığına görə, terroru iki nəfər törədib. Onlardan birinin 28 yaşlı Brentpn Tarrant olduğu deyilir. Hər iki şəxsin ultrasağ görüşə malik olduqları deyilir.

Əslində, hadisə ilə bağlı aşkarlanan bəzi detallar diqqətçəkicidir. Terror hücumundan əvvəl Tarrant Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkeli öldürməyə çağırış edib. Terrorçuların atəş açdığı avtomatın qundağında isə erməni dilində “Sarıqamış hərəkatı”, “Vyana 1683” və bir sıra adlar yazılıb. Əvvəlcə hər iki hadisənin tarixi ilə bağlı qısa məlumat verək. “Vyana 1683” yazısı ilə terrorçu 1683-cü il sentyabrın 12-də Osmanlı dövləti ilə Avstriya arasında baş vermiş müharibəyə işarə edir. Osmanlı ordusu həmin tarixdə Avstriyaya yürüşə çıxıb. Ordunun yol üstündə strateji əhəmiyyətə malik qüllələri ələ keçirməsi gözlənilərkən Mərzifonlu Qara Mustafa Paşa birbaşa Vyananı mühasirəyə almaq qərarına gəlib. Mühasirə iki ay davam edib. Sadəcə, sədrəzəm yeniçərilərin şəhəri talan etməsinin qarşısını almaq üçün könüllü təslim olmasını gözləyib və bu səbəbdən hücuma keçməyib. Bununla yanaşı, Krım xanı Murad Giray Dunay çayının şimalından gələn yardımın qarşısının alınmasında heç bir rol oynaya bilməyib.

Nəhayət, Polşa kralı III Yan Sobeski 25 minlik ordu ilə Vyananın köməyinə yetişib. İki rəqib arasında qalan Osmanlı əsgərləri ağır məğlubiyyətlə Belqrada geri çəkilməyə məcbur edilib. Osmanlı - “Müqəddəs İttifaq” müharibəsi 1683-1699-cu illərədək sürüb. Nəticədə Osmanlı dövləti məğlub olub. Bundan sonra Avropadakı bəzi dövlətlər birləşərək Osmanlıya qarşı müharibə aparmaqda cəsarətləniblər.

İkinci hadisə isə Osmanlı dövlətində baş verib. Sarıqamış hərəkatı - Birinci Dünya müharibəsi dövründə Rus və Osmanlı imperiyaları arasında 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsilə nəticələnmişdi. Həmin döyüşdə Rusiya ordusu 16 min nəfər itki vermişdi. Osmanlının isə 33 min əsgəri döyüş meydanında, 10 mini xəstəxanada ölmüş, 7 mini əsir düşmüşdü. Sarıqamış uğursuzluğundan sonra Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi isə ermənilərin hücumuna məruz qaldı. 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda isə Ərzincan erməni terrorçu dəstələri tərəfindən işğal edildi. Ruslara arxalanan ermənilər kürd-müsəlman kəndlərinə hücum edərək əhalini qılıncdan keçirdilər. Hər iki tarixi hadisə elə belə yad edilməyib. Vyana və Sarıqamış hadisələrində xristian adı altında birləşən türk düşmənləri osmanlıya hücum edib, onun məğlubiyyətinə nail olublar.

Yeri gəlmişkən, dünyada türk düşmənləri iddialarını həyata keçirmək üçün daha çox ermənilərdən istifadə ediblər. Bunu tarix də sübut edir. Onlar ötən yüz ildə Osmanlı və Türkiyənin dövlət xadimlərinə qarşı çoxsaylı terror hücumları ediblər. Təkcə ermənilərin ASALA terror təşkilatının adını çəkmək kifayətdir. Başqa sözlə, XX əsrin əvvəllərində türk və müsəlmanlara qarşı qətliamlar törədən erməni etnik qrupunun silahlı dəstələri ötən yüzilliyin ortalarında bu yöndə cinayətləri ASALA təşkilatı vasitəsilə həyata keçiriblər. Onlar ABŞ, Avropa ölkələrində Yaxın Şərqdə, bir sözlə, dünyanın hər yerində Türkiyənin dövlət xadimlərini, onların ailə üzvlərini qətlə yetiriblər. Bu baxımdan, Yeni Zelandiyada məsciddə törədilən terrorda erməni etnik qrupuna aid antitürk, antimüsəlman şəxslərin əlinin olması ehtimalı az deyil. Çünki hər iki qeyd türk dövlətini məğlub etməyə, yaxud dünyanın Türkiyəyə qarşı birləşməsinə çağırışdır.

Bəs niyə Yeni Zelandiya seçilib? Tarixdən məlum olduğu kimi, Birinci Dünya müharibəsində Böyük Britaniya İmperiyasının tərkibində Yeni Zelandiya da mövcud idi. Onlar ANZAK - Avstraliya və Yeni Zelandiya hərbi qoşunu adı ilə savaşa qatılmışdı. Britaniyanın bu qoşunu Türkiyənin Çanaqqala bölgəsində xeyli itki vermişdi. Tarixi mənbəyə əsasən, 1915-ci il aprelin 25-də Gelibolu yarımadasında 8 500 avstraliyalı, 3 000 yeni zelandiyalı həlak olmuşdu. Çanaqqalada ANZAK əsgərlərinin məzarlığı da var. Ona görə də ehtimal etmək olar ki, terrorçular Türkiyə ilə ədavət salmaq məqsədilə Yeni Zelandiyanı seçiblər.

Görəsən Angela Merkel niyə hədəf seçilib? Almaniya Avropa İttifaqının aparıcı dövlətidir. Son illər Almaniya ilə Türkiyə arasında müəyyən soyuqluq yaranıb. Ancaq bu münasibətin yumşaldılması istiqamətində danışıqlar aparılır. Bu yaxınlarda Almaniya hökuməti terrorçu PKK qruplaşması ilə əlaqəsi olan “Mezopotamya Yayınevi” və “MİR Multimedia” şirkətinin fəaliyyətini qadağan edib. Qeyd edək ki, 1993-cü ildə terrorçu PKK qruplaşmasının Almaniyada fəaliyyəti qadağan edilib. 2018-ci ildə qəbul olunan yeni qanuna görə isə onun fəaliyyəti ilə bağlı məhdudiyyət genişləndirilib. Almaniya kəşfiyyatının məlumatına görə, ölkədə, təxminən, 14 500 PKK-çı yaşayır. Ötən il isə Almaniyada “Mərc” mafiyasının cinayətkar fəaliyyəti aşkarlanıb və qruplaşma üzvləri cəzalandırılıb. Bu cinayət məsələsi üzrə iş davam edir.

Beləliklə, izlərə, çağırışlara əsasən, Türkiyə düşməni olan PKK və ASALA-nın Yeni Zelandiyada birgə fəaliyyət göstərdiyini ehtimal etmək olar. Cinayəti törədənlərin adları fərqli olsa da, onların 104 il əvvəlki hikkənin qurbanları olduqları istisna edilmir.
loading...
XƏBƏR LENTİ
SORĞU