ÜST-ün baş direktoru Azərbaycana təşəkkür etdiÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus Azərbaycana təşəkkür edib.

Avrasiya.net-in məlumatına görə, bu barədə o, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə bildirib.

"COVID-19 Strateji Hazırlıq və Reaksiya Planımıza dəstək verən bütün üzv dövlətlərə və tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm. 800 milyon dollara qədər maliyyə dəstəyi verilib. Xüsusilə, beş milyon dollar dəyərində yardımla bu işə öz töhfəsini verən Azərbaycan hökumətinə və xalqına təşəkkür edirəm", - deyə Zirvə görüşünə qatılan ÜST rəhbəri bildirib.
Azərbaycana giriş-çıxış dayandırıldı - Rəsmi
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik.
Bu nömrəyə SMS yazmaqla küçəyə çıxa bilərsiniz -  Yeni qaydalar
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məluamata görə, bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

• təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar;

• ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar;

• yaxın qohumunun dəfnində iştirakla əlaqədar.

Bu şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir.

1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);

3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.

Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:

• Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),

• Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),

• Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).

Nümunə: ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün 2 AZE1111111 məzmunlu SMS məlumatı göndərilməlidir.

Elektron Hökumət informasiya sistemindən gələn cavab SMS məlumatında icazənin qüvvədə olduğu müddət göstərilir. Şəxs yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

SMS icazə sistemindən istifadə qaydaları və SMS göndərilməsi ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat 10:00-dan etibarən daxil etməlidirlər.

Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir.

Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir.


Azərbaycanda evdən çıxan vətəndaşlar xüsusi cihazla izlənəcək
“Vətəndaşların evdən çıxması ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər artıq öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Avrasiya.net-in Oxu.Az-a istinadən məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, hər bir vətəndaşın hərəkətləri polis əməkdaşlarında olan elektron cihazlar vasitəsilə izləniləcək:

“Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək.

Əhali küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq, vətəndaşın evdən çıxmasına icazənin verilib-verilməməsini müəyyənləşdirəcək”.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, bu barədə yaxın saatlarda sərəncam veriləcək.





Bu gün azərbaycanlıların soyqırımı günüdür31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilib. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.

Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir.

1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində məskunlaşdırılan ermənilərin orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. "Böyük Ermənistan" ideyaları təbliğ olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına bəraət qazandırmaq məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqaz tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlar 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim Azərbaycan torpaqlarını əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün siyasi-hüquqi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdilər.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət ayrıldı. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci il mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırım və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçilər öz havadarlarının köməyi ilə 1950-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

XX əsrin əvvəlində əhalisinin əksəriyyəti azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulurdu. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilirdi. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməmiş qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verirdi.

Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhda böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə qaldırılırdı. Böyük humanist ideallara xidmət edən Azərbaycan ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalırdı.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 1980-ci illərin ortalarında daha da güclənən anti-Azərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiyməti vermədi.

1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında ermənilərin qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də, Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qaldı.

1992-ci ilin fevral ayında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı avantürist hərəkatın nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarlar tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınıb çadırlarda yaşamağa məhkum edilmişdi. Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə vətəndaşımız şəhid oldu, xəsarət aldı.

Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Azərbaycanda vətəndaşların küçəyə çıxışı məhdudlaşdırılır - YENİ QAYDALAR
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir:

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

• Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• Fərdi mənzillərdə təmizlik xidmətləri;

• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

2. Səhiyyə və sosial sahə üzrə:

• Elmi-tədqiqat və laborator xidmətləri

• Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər

• Baytarlıq xidmətləri

• Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı

• Sosial xidmətlər

• Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

3. İnfrastruktur sahəsi üzrə:

• Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)

• Elektrik enerjisinin istehsalı və təchizatı

• Su təchizatı və meliorasiya

• Telekommunikasiya və rabitə xidmətləri

4. Nəqliyyat və logistika sahəsi üzrə:

• Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları

• Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri

• Logistika xidmətləri

• İctimai nəqliyyat və taksi xidmətləri

5. Əsas istehsalat növləri:

• Müdafiə sənayesi məhsullarının istehsalı

• Neft avadanlıqları və qurğularının istehsalı

• Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı

• Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı

• Kimyəvi məhsulların istehsalı

• Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti

• Əkinçilik və məhsul yığımı

• Neft və qazın hasilatı, emalı, saxlanması və satışı

• Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi

• Metallurgiya sənayesi üzrə fəaliyyət

• Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri

• Mühəndislik və layihələndirmə xidmətləri

• Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri

• Qablaşdırma məhsullarının istehsalı

• Daş, metal və taxta məhsullarının istehsalı

• Mebel istehsalı və təmiri

• Diri heyvanların kəsimi

6. Pərakəndə və topdan satış üzrə:

• Ərzaq məhsullarının satış məntəqələri

• Apteklər

• Yanacaqdoldurma məntəqələri

• Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri

• Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri

7. Məişət xidmətləri üzrə

• Məişət tullantılarının yığılması və utilizasiyası

• Poçt xidmətləri

• Kimyəvi təmizləmə

• Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi

• Avtomobillərin təmiri

• Avtomobil yuyulma məntəqələri

• Tərcümə xidmətləri

• Heyvan sığınacaqları

• Dizayn xidmətləri

8. Kütləvi informasiya vasitələri

9. Maliyyə təşkilatları üzrə

• Banklar və valyuta mübadiləsi məntəqələri

• Sığorta təşkilatları

• Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

10. Xüsusi xidmət növləri üzrə

• Çatdırılma xidmətləri

• Məişət avadanlıqlarının təmiri

• Dezinfeksiya xidmətləri

Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.

Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.

COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.
Payızda koronavirus yenidən aktivləşə bilərmi? - Epidemioloq danışdı“Yaya qədər əhalini qorumaq üçün tədbirlər görülməzsə, koronavirus pandemiyası geri dönə, izolyasiyanın ləğvi ilə yeni dalğa yarana bilər”.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikri serbiyalı epidemioloq, doktor Zoran Radovanoviç “RİA Novosti”yə açıqlamasında deyib. O, hesab edir ki, fərqli dövlətlərdə görülən məhdudlaşdırıcı tədbirlər yoluxma hallarının və ölənlərin sayının azalmasına kömək edəcək.

“Vaxtında tədbir görülməsəydi, bir çox ölkədə virusa yoluxanların sayı daha çox ola bilərdi. Sosial məsafə, təcrid və xəstələrlə təmasda olanların axtarışı səhiyyə sisteminin hazırlıqlı olmasına xidmət edir. Beləliklə, bütün ağır xəstələr mexaniki ventilyasiya aparatlarına və reanimasiya şöbələrinə aparıla bilər. Əks təqdirdə hazırda xəstələr xəstəxana dəhlizi boyu uzanardı” deyə ekspert qeyd edib.

Epidemioloq əmindir ki, pandemiyanı dayandırmaq tamamilə mümkün deyil, ancaq onu ləngitmək olar. O etiraf edir ki, koronavirusdan ölənlərin sayının azalması ilə ölkələr məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlaya bilər. Lakin Radovanoviç yumşaldıcı qərarların payızda yeni pandemiya sürətinə səbəb olacağını istisna etmir.

O, Qərbi Balkanlarda izolyasiyanın aprel ayının sonuna qədər davam edəcəyini proqnozlaşdırır: “Sonra dövlətlər sayıqlığını itirə bilər. Bu vəziyyətdə pandemiyanın may-iyun aylarında yenidən yüksələcəyini və ya payıza qədər təxirə salınacağını söyləmək çətindir. Məsələn, SARS epidemiyası 2003-cü ilin iyul ayına qədər davam etdi, lakin yeni tip koronavirusda da eyni halın baş verə biləcəyi dəqiq deyil” deyə ekspert sözlərinə əlavə edib.

Xatırladaq ki, COVID-19 pandemiyası kontekstində mart ayında Qərbi Balkanların hökumətləri vətəndaşların hərəkətini məhdudlaşdırdı, işçilərin əksəriyyəti evdən işləməyə başladı. Eləcə də beynəlxalq və nəqliyyat əlaqələri dayandırıldı.
Azərbaycanda xüsusi karantin rejimi başladı
Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, bu dəqiqədən etibarən ölkəmizdə xüsusi karantin rejimi qüvvəyə minir.

Avrasiya.net xəbər verir ki, xüsusi karantin rejimində aşağıdakı qadağalar tətbiq edilir:

* xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir);

* Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilir.

* supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

* bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılır və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

* bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.
Azərbaycanda parklarda gəzmək qadağan edildi
Sabahdan bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd edək ki, ölkədə 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.
Prezident təsdiq etdi: Karantin rejimini pozanlar cəzalandırılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiq edib.

Avrasiya.net xəbər verir ki, qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.


***

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri də təsdiq edib.

Dəyişikliklərə əsasən, Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.



Qanuna əsasən, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunacaq.