“Qanlı Yanvar”ın icraçısı Yazov: “Ordunu şəhərə mən daxil etdim, Qorbaçov hiylə işlədərək...”Qanlı Yanvar hadisələrindən 28 il ötür. Bütün proseslərin başında Qorbaçov dayanırdı. SSRİ müdafiə naziri, marşal Dmirti Yazov isə Bakıya yeridilən qoşunun törətdiyi qırğınların, vəhşiliklərin birbaşa icraçısı idi. Törətdiyi cinayətə görə layiqli cəzanı almasa da, hər halda, ona ölkədən çıxmaq qadağası qoyulub. Lakin o, həqiqəti boynuna almaqdan imtina edir.

Publika.az xəbər verir ki, Yazov “Lider Tv”-nin Moskva bürosunun rəhbəri Anar Həsənovla müsahibəsində 20 Yanvar hadisələrindən, həmçinin Qarabağ münaqişəsindən bəhs edib.

- SSRİ-nin dağılmasında Qarabağ münaqişəsi böyük rol oynadı. Siz o hadisələrin mərkəzində idiniz. Bununla bağlı sizin fikrinizi bilmək istəyirik. Günahkar kim idi?

- Qorbaçovun yenidənqurma dövrü zamanı Ermənistanda zəlzələ baş verdi. Həmin vaxt artıq münaqişə də başlayırdı. Mən onda erməni mədəniyyət işçilərinin iclasında iştirak edirdim. Yazıçı Silva Kaputikyan Qarabağ haqqında danışmağa başlayanda Qorbaçov xüsusi tərzdə soruşdu: “Siz Artsax haqqında danışırsınız?” Ermənilər Qarabağı “Artsax” adlandırır. Bu, onlarına xoşuna gəldi. Onlar gülümsəməyə başladılar və Qorbaçova dedilər: “Siz tarixi bilirsiniz”.

Əslində, Qorbaçov tarixi bilmirdi. Ona, sadəcə, kimsə bu haqda demişdi və o, ermənilərin xoşuna gəlmək üçün belə etdi. Bu görüşdə ciddi suallara toxunulmuşdu. Ermənilər Qarabağı Azərbaycandan ayırmağı tələb edirdilər.

İclasda MK Siyasi Büronun üzvləri Nikolay Rıjkov və Slyunkov da iştirak edirdi. Biz bir-birimizin üzünə baxdıq. Anladıq ki, Qorbaçov danışıq aparmır, odun üzərinə yağ tökür. Müdafiə naziri kimi 172 min azərbaycanlının öz torpaqlarından qovulduğu artıq mənə məlum idi. Sumqayıtda xüsusilə vəziyyət gərgin idi. Bu, Siyasi Büroda şok effekti yaratdı. Qorbaçov məni, Kryuçkovu və Bakatini yanına dəvət etdi. Dedi ki, Bakıda vəziyyət pisdir. Bakıya ezam olunmuş Girenko və Primakovla telefon vasitəsilə danışırdı. Onlar Bakıda fövqəladə vəziyyət elan edilməsinin vacibliyini deyirdilər. Çünki “azərbaycanlılar erməniləri pəncərələrdən atır və buradan nəhəng qan iyi gəlir”. O zaman Qorbaçov hiylə işlədərək özünün yerinə müavini Bobkovu Bakıya göndərdi. Mən də getdim. Nəticədə, nümayəndə heyəti böyük oldu.

Bakıda Girenko, Primakov, Mütəllibov və Azərbaycan MK-nın başqa üzvləri toplaşdı. Mən 3 gün ərzinə fövqəladə vəziyyət elan edəcəyimizi bildirdim. Moskvada Çkalov aeroportundan uçarkən artıq hansı rayonlara desant alaylarının yerləşdirilməsi haqdaəmr verdim. Biz radiovasitəsilə qoşunların şəhərə girişi haqda elan etdik. Televiziya partladılmışdı. Bunu kimin etdiyini bilmirəm. Radio vasitəsilə insanları küçələrə çıxmamağa çağırdıq. Qoşunlar şəhərə sakinləri öldürmək məqsədilə girməmişdi. Məqsəd vəziyyəti sabitləşdirmək, ermənilərlə azərbaycanlılar arasında münaqişəni həll etmək idi.

- Rəsmi məlumatlara görə, Bakıda 136 insan həlak oldu.

- Siz bunun qoşunların daxil olduğu vaxt baş verdiyini nəzərdə tutursunuz?

- Bəli.

- Biz heç bir insanı öldürmədik.

- Amma faktlar var ki, bir neçə insan avtomat süngüləri ilə öldürülüb. Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları avtomobildə qətlə yetiriliblər.

- Bizim əsgərlərimizin kimisə vurmağı haqda mənə məlumat verilməmişdi.

- Bəs tankın altında qalan təcili yardım maşını?

- Mən tankın altında qalan təcili yardı maşını haqda heç nə bilmirəm. Bakıda tanklar yox idi. Sadəcə, piyada döyüş maşınları vardı.

- Putin Bakıda olanda Şəhidlər xiyabanına baş çəkdi və bildirdi ki, bu, Sovet rəhbərliyinin hərbi cinayətidir.

- Nə deyə bilərəm? Qoy danışsın. O deyir ki, bu, Sovet İttifaqının cinayətidir? Lakin sovet hökuməti təkcə Moskva, yaxud Azərbaycanda deyildi. Bu gün o hökumətin yaxşı tərəflərini hamı inkar edir.

- Siz özünüzü 20 Yanvar hadisələrində günahkar hesab edirsinizmi?

- Mən özümü günahkar hesab edirəm? Mən başqasının əmrini yerinə yetirirdim. İndi o əmrləri verən insan hər şeydən imtina edir. Mən ölkədən çıxa bilmərəm. Mən hara getsəm, həbs olunacağam. Çünki fövqəladə vəziyyəti mən elan etmişdim, ordunu şəhərə mən daxil etmişdim. İnsanların güllələnməsində məni günahkar hesab edirlər. Kimi ittiham edirlər?

Məni, Yazovu. Mən insanları güllələməyi əmr etmirdim. Həm Bakıda, həm Vilnüsdə. Mən gəldim, çünki məni göndərmişdilər. Təkcə məni yox, daxili işlər nazirini, dövlət təhlükəsizlik katibini də göndərmişdilər. Ölkədə daxili vəziyyətə görə mən cavab verməli idim? Əlbəttə ki, ilk növbədə daxili işlər naziri cavab verməli idi. Mənim vəzifəm ölkənin sərhədlərini müdafiə etmək və düşmənlə vuruşmaq idi. Məni aldatdılar.

Xatırlayıram, Heydər Əliyev öz məqalələrinin birində yazırdı ki, Qorbaçovu və o hadisələrin icraçısı Yazovu bağışlamayacam.

Lakin mən öz vəzifəmi yerinə yetirdiyimi hesab edirəm. Vətəndaş müharibələri zamanı həmişə mülki insanlar məhv olur. Qoşunları mən daxil etdim, lakin bu mənim “güllələyin” əmrini verməyim demək deyil.

Asif Nərimanlı

PUBLİKA.AZ-dan: Yazov öz cinayətini etiraf etməkdən imtina edir. Bu gün 20 Yanvar istintaqı ilə bağlı materiallar Rusiya prokurorluğunda saxlanılır və Moskva bu sənədləri Bakıdakı həmkarlarına ötürmək istəmir. Bir neçə ölkə DmitriYazovu cinayətkar elan edib. Lakin bu ittihamlar hələlik hüquqi statusunu almayıb.
MTN-nin sabiq nazir müavini: “20 yanvarla bağlı arxivdə olan bütün dosyelər Moskvaya aparılıb”1990-cı ilin 20 yanvarında Bakıda törədilən dəhşətli qırğından 28 il ötür. Faciənin üzərindən bu qədər uzun zaman keçməsinə baxmayaraq, hər ilin bu günlərində hadisə ətrafında yeni-yeni müzakirələr açılmaqla yanaşı, ənənəvi məsələlər də gündəmə gəlir.

Bu il də bu sarıdan boş keçmir. Ən çox da suallar doğuran və müzakirələr yaradan mövzulardan biri 20 Yanvar faciəsi ilə bağlı hələ də açılmayan sirlərin qalıb-qalmaması ilə bağlıdır. Çoxları hesab edir ki, faciədə bir çox faktlar ört-basdır edilib. Bununla yanaşı, hadisəyə verilən ümumi rəy də nəzərə alınaraq, faciənin hansı dairələr tərəfindən təşkil olunduğu, burada kimlərin məsuliyyət daşıdığı önə çəkilərək, əsl həqiqətlərin indiyə qədər zamanla üzə çıxdığını düşünənlər də az deyil.

KQB-nin arxivlərinin açılmaması hər zaman olduğu kimi, bu günlərdə də gündəmə gəlir. Arxivlərin açılacağı təqdirdə 20 Yanvar faciəsi ilə bağlı bir çox faktların üzə çıxacağına ümidlər kifayət qədər böyükdür. Bundan əlavə, həmin dövrdə xalq hərəkatına rəhbərlik edən Azərbaycan Xalq Cəbhəsinin üzərinə də o zamandan başlayan hücumlar bu günlər də davam edir. Sabiq prezident Ayaz Mütəllibov və AXC-nin rəhbərlərindən olan Nemət Pənahlının bu günlərdə “Yeni Müsavat”a verdikləri müsahibələrdə faciənin əsas günahkarı kimi AXC-ni göstərmələri hələ də bu ittihamların sıradan çıxmadığını göstərdi.

Bütün bunlarla bağlı 20 Yanvar faciəsindən bir ay öncəyə qədər AXC-nin rəhbərlərindən olan və 1992-93-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini vəzifəsini tutan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin münasibətini öyrəndik. Sabiq MTN-çi hüquqi baxımdan hadisəyə lazımi qiymətin verildiyini bildirdi: “Söhbət konkret olaraq cinayət hadisəsinin istintaqından gedirsə, bunu cinayət materialları ilə tanış olan şəxslər, yəni prokurorlar, müstəntiqlər, bu işdə iştirak edən tərəflər və onların vəkilləri daha dəqiq məlumat verə bilərlər. Çünki onlar daha geniş və detallı bilgiyə sahibdirlər. Bir faktı hər kəs bilməlidir ki, həmin dövrdə bu cinayət işinin araşdırılması, yəni istintaqı ilə MTN məşğul olmayıb, mənim nazir müavini olduğum dönəmdə də. KQB arxivləri ilə bağlı Moskva böyük təmizləmə işi aparıb. Xüsusilə Moskvanın buradakı fəaliyyəti, bu işə cəlb olunmuş əhəmiyyətli agentlər, onların şəxsi işləri, eyni zamanda iş fəaliyyətləri barədə olan dosyelərin hamısı demək olar aparılıb. Təbii ki, istənilən halda arxivdə nəyisə tapmaq mümkündür. Amma xüsusi əhəmiyyətli nəyinsə tapılacağını düşünmürəm. Ondan sonra bir neçə dəfə hakimiyyət dəyişiklikləri olub. Hər hakimiyyət də öz maraqlarına uyğun orada təmizləmə işi aparıb. Əgər ora açılacaqsa, təbii ki, kimlərinsə haqqında məlumatlar oradan çıxa bilər. Amma yenə deyirəm ki, əsas şəxslər barəsində böyük ehtimalla məlumatlar çıxmayacaq. Bir də bu iş daha çox ziyan gətirə bilər. Çünki hadisədə əsas başlıca rol oynayanlar gizlədiləcək. Avtoritar cəmiyyətlərdə belə olur, mühasibi tuturlar, amma milyonlar, milyardlar mənimsəyənlər kənarda qalırlar. Bu işdə də böyük ehtimalla elə ola bilər. Moskvada arxivlər açılmayınca, bu işlər haqqında ətraflı bilgilər əldə etmək mümkün olmayacaq. KQB ilə məxfi əməkdaşlıq etmiş şəxslərdən tutmuş etibarlı şəxslərə qədər, bu işdə rolu olan partiya, hüquq-mühafizə orqanları işçilərinə qədər olan məlumatlar Moskvada saxlanılır. Arxivlərin açılmamasına gəlincə, buna kim mane olur ki? Parlament qərar qəbul etsin, bununla da arxivlər açılsın. Mətbuat niyə bu barədə danışmalıdır ki”.

S.Əkbər 20 Yanvar faciəsinin ola biləcəyini hələ bir müddət öncədən hiss etdiyini də qeyd etdi: “Mən 1989-cu ildə hadisələrin hansı istiqamətdə getdiyini görüb AXC-nin İdarə Heyətindən istefa verdim. Fikirlərimi bununla əsaslandırmışam ki, artıq hadisələr qeyri-konstruktiv istiqamətdə gedir, idarə heyəti prosesləri idarə edə bilmir, kənardan müdaxilələr var, hadisələr zorakılıq istiqamətində gedir, Moskvanın məqsədi Xalq Cəbhəsini zorakılıq istiqamətinə çəkib, yəni konstitusiya çərçivəsindən çıxarmaqla onu sərt şəkildə cəzalandırmaqdır. Həmin dövrdə yaşayanlar yaxşı bilirlər ki, Xalq Cəbhəsinin keçirilən konfransında 10 dekabrda mən istefa vermişəm. “20 Yanvar faciəsi baş verməyə bilərdimi?” kimi sualınıza gəlincə, deyə bilərəm ki, tarix bir variantlıdır, tarix haqqında geri dönüb danışmağı sevmirəm. Əgər qarşısını almaq mümkün olsaydı, hər halda, alınardı. Məsələyə geniş rakursdan yanaşsaq, Xalq Cəbhəsi həmin vaxt o qədər böyümüşdü ki, qarşıdan gələn seçkilərdə Xalq Cəbhəsinin əzici üstünlüklə qalib gəlib, dinc yolla hakimiyyətə gələcəyini Moskva görürdü. Başlıca məqsəd Xalq Cəbhəsini dinc, demokratik mübarizə müstəvisindən zorakılıq müstəvisinə çəkmək, qanundankənar işlərə sövq etməklə cəzalandırmaq idi. Ona da nail ola bildilər. Burada da Moskvanın partiya, sovet təsərrüfat orqanlarındakı adamlarının, eyni zamanda KQB-nin hərəkat içərisindəki adamlarının böyük rolu oldu. Onlar da istədiklərinə nail oldular, sərhədlərin sökülməsindən tutmuş Bakıda baş verən hadisələrə qədər. Bütün bunlar Xalq Cəbhəsi daxilindəki radikal ünsürlər tərəfindən idarə olunan bir proses idi”.

“Yeni Müsavat”
ABŞ İrandan sonra Azərbaycanda müharibə başladacaq və... - Farslar AÇIQLADIİranda aksiyalar dayansa da, baş verənlərin hədəfləri haqda müxtəlif versiyalar və proqnozlar irəli sürülür. Ən maraqlı proqnozlardan biri isə iranlı politoloq Kayhan Barzaqerin fikirləridir.

Publika.az-ın xəbərinə görə, K.Barzaqer bildirib ki, İranda baş verən daxili gərginlik və bunun fonunda müşahidə olunan ABŞ-İran qarşıdurması Dağlıq Qarabağda müharibəyə səbəb ola bilər.

İranlı ekspert 2015-ci ildə başlanan Rusiya-Türkiyə gərginliyini xatırladıb.

“Türkiyə və Rusiya arasında gərginlik yaşanandan sonra Qarabağda qısa müddətli müharibə baş verdi. Bu baxımdan, İrandakı gərginlik də bölgədə Qarabağ kimi hər an alovlanmağa hazır olan münaqişə ocaqlarına təsir edə bilər”, - deyə o bildirib.

İranlı ekspert 2015-ci ildə Rusiya və Türkiyə arasında təyyarə böhranını və 2016-cı ildə baş verən “aprel müharibəsi”ndən bəhs edir. Bu iki hadisənin bir-birinə bağlılığı uzaq ehtimal kimi görünsə də, bütün hallarda regional gərginliyin arzuolunmaz hadisələrə yol aça biləcəyi mümkündür.

Ən diqqətçəkən versiyalardan biri isə ABŞ-ın İranı daxildən qarışdıraraq bölgəyə dair planlarını həyata keçirməsi haqdadır.

Bu kontekstdə İbni Haldun Universitetinin beynəlxalq əlaqələr şöbəsinin dosenti Talha Kösenin fikirləri yada düşür.

Köseyə görə, İrandakı hadisələrin əsas hədəfi Çindir: “Hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq istəyir. Məqsəd İpək Yolu layihəsi üzərindəki ölkələrin – Əfqanıstan, Mərkəzi Asiya, İran və s. – qarışdırılmasıdır. Suriyadan İŞİD-çilər Əfqanıstana göndərildi. Gözləniləndir ki, Əfqanıstanda gərginlik başlayacaq və bunun hədəfi də İpək Yolu layihəsi, yəni Çindir. Çünki ABŞ-ın yeni hədəfi Çindir”.

Ekspertlər istisna etmir ki, ABŞ-İran qarşıdurmasından İpək Yolu üzərindəki ölkələr də əziyyət çəkəcək. O cümlədən, bu qarşıdurma Qarabağda daxil olmaqla bölgədə münaqişə ocaqlarının alovlanmasına səbəb ola bilər. Xüsusilə ABŞ-ın İranla yanaşı, əks cəbhədə dayanan Rusiyanı da “vurmaq” üçün bu ölkənin cənub sərhədlərində - Qarabağda müharibəni alovlandıra biləcəyi ehtimalları diqqət çəkir. Versiyalara görə, ABŞ erməni lobbisinin əli ilə Sarkisyan hakimiyyətinə müharibəyə başlaması üçün dəstək verə, beləliklə, Rusiyanın başını öz sərhədləri ətrafında qarışdıra bilər. Bu ehtimallar fonunda erməni hərbi birləşmələrinin dünən cəbhədə təxribata cəhd etməsinin nə qədər təsadüf olduğu da düşündürücü sualdır.
Duqinin 5 rayon təklifi - tələ, yoxsa...Kreml ideoloqunun Qarabağla bağlı mövqeyinə iki fərqli baxış

Rusiyanın ideoloqlarından sayılan Aleksandr Duqin Dağlıq Qarabağla bağlı səsləndirdiyi ənənəvi fikirlərlə yenidən gündəmə gəlib. Başa çatmaq üzrə olan 2017-ci illə bağlı açıqlamalar verən Rusiyanın “danışan dili” əvvəlkilərdən heç də fərqlənməyən fikirlər dilə gətirib, “5 rayon söhbəti” edib.

Dağlıq Qarabağın ətrafındakı 5 rayonun qaytarılması ilə bağlı qərarın 2016-cı ildə hazırlandığını qeyd edən Duqin qərarın icrasını Ermənistan hakimiyyətinin ləngitdiyini bildirib. Həmçinin, Azərbaycanın aprel savaşı tipli bir əməliyyatı yenidən təkrarlamasının vacibliyi bildirilir. Belə olan təqdirdə nəinki 5 rayon, işğal edilən digər ərazilərimizin azad edilməsi üçün qarşımızda imkanlar açılacağı deyilir.

“Yeni Müsavat”ın yazarı Kənan Rövşənoğlu Duqinin açıqlamalarına bu cür şərh verdi: “Duqinin gələn il 5 rayonun qaytarılması ilə bağlı açıqlamaları bir neçə tərəfdən bizim üçün maraqlıdır. Bu cür açıqlamalar azərbaycanlılarda müəyyən ümid yaratsa da, aydın məsələdir ki, Duqinin də etiraf etdiyi kimi, bu planın həyat keçməsi qarşısında ciddi maneələr var. Özü də təkcə Ermənistanda deyil, həm də Rusiyanın özündə. Amma son iki ildə biz Duqinin də timsalında gördük ki, Rusiyada Azərbaycana, eləcə də Qarabağ münaqişəsinə yanaşmada bizim də ”dostlarımız" var - həm dövlət aparatında, həm də ictimai-siyasi sektorda.

Duqin, Şevçenko kimi ictimai rəyə təsiri olan şəxslər Qarabağ münaqişəsinin ədalətli, yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə azad edilməsini müdafiə edirlər. Özü də bunu təkcə Azərbaycana görə etmirlər. Söhbət ondadır ki, avrasiyaçılar bu regionda anti-Amerika blokunun yaranmasını müdafiə edirlər. Bunun üçün də Rusiya, Türkiyə, İranın ittifaqı lazımdır. Təbii ki, bu “zəncir”in ortasında Azərbaycan da var. Bu səbəbdən də Duqinin tez-tez səsləndirdiyi fikirlər həm də onun beynində qurduğu projenin konturlarına daxildir. Bu prosesin nə qədər davam edəcəyi və Duqinin göstərdiyi xətt üzərində nə dərəcədə sabit olacağını indidən demək çətindir. Amma aydındır ki, antiqərb bloku bu tezisi müdafiə edəcək. Çünki Rusiyaya Avrasiyada möhkəm, güclü müttəfiqlər lazımdır. Bu isə onu Türkiyə və İrana yaxınlaşdırır".

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli 5 rayon məsələsinin Rusiyanın əlində bir alver obyektinə çevrildiyini söylədi: “İlkin variantda 5 rayonun ermənilərin heç bir şərt irəli sürmədən geri qaytarılması məsələsi müzakirə edilərsə, bəlkə də buna razılaşmaq olar. Amma Qərb, Avropa Birliyi, Amerika işğal edilmiş ərazilər dedikdə 7 rayonu nəzərdə tuturlar. Doğrudan da sülhə doğru getmək istəyiriksə, 7 rayonun qaytarılması gündəmə gətirilməlidir. Amma 5 rayon deməklə Rusiya Azərbaycanla alver etmək istəyir. Bu alverin əsas mahiyyəti odur ki, Dağlıq Qarabağa keçici status verilsin. Bu keçisi status Dağlıq Qarabağı məsələsini yeni bir mərhələyə qaldırır. Bu mərhələ də gələcəkdə Dağlıq Qarabağın müstəqilliyi üçün tramplin rolunu oynaya bilər. Bu baxımdan düşünürəm ki, 5 rayon məsələsi də aldadıcıdır. Burada söhbət işğal edilmiş ərazilərimizdən və ərazi bütövlüyümüzdən getdiyi üçün Azərbaycanın bu məsələyə yanaşması tamam fərqlidir. Azərbaycan 7 rayonun geri qaytarılması məsələsini müzakirə edə bilər. Daha sonra isə Dağlıq Qarabağa Azərbaycanın tərkibində respublika statusu verə bilər. Bu məsələnin ən ədalətli həlli yoludur. Başqa cür variantların təklif edilməsi Dağlıq Qarabağı Azərbaycanın əlindən almağa xidmət edir. Ermənilər hətta naz edirlər ki, bir qarış torpaq da geri qaytarmayacağıq. Çünki onlar arxalarında rusları görüb, bu qədər özlərində əminlik hiss edirlər. Bütün dünya hazırda separatizmə qarşıdır. Çünki Avropada da artıq bu tipli narahatedici proseslər baş verir. Azərbaycanın aprel savaşı tipli bir əməliyyat həyata keçirməsi ilə bağlı deyilənlərə münasibət bildirmək çətindir. Çünki hərbi əməliyyatların başlaması məsələsi çox risklidir. Sözsüz ki, Azərbaycan ordusu hazırlıqlarını hər an davam etdirməlidir. Amma düşünürəm ki, torpaqlarımızı azad etmək üçün daha münasib zamanı gözləməyə məcburuq. Çünki Rusiyanın önə sürdüyü həll variantları var. Bütün bunlar məsələyə ehtiyatlı yanaşmağı tələb edir”.

Y.M
Ermənistan qorxu içində - Müharibə başlaya bilər2018-ci ildə Dağlıq Qarabağda müharibə başlaya bilər.

Publika.az xəbər verir ki, Rusiyanın beynəlxalq əlaqələr üzrə məsləhət şurası (RSDM) “Rusiyanın xarici siyasəti: 2018-ci il” adlı hesabatda proqnozlarını açıqlayıb.

“2018-ci ildə Azərbaycanda və Ermənistanda seçkilər keçiriləcək. Seçki ilində Qarabağ münaqişəsində ziddiyyətlər gözlənilir”, - deyə hesabatda deyilir.

RSDM ekspertləri hesab edirlər ki, gələn il Ermənistan Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında qalacaq: “Lakin istisna deyil ki, seçkilər fonunda Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yüksələcək”.

Azərbaycana gəlincə, hesabatda qeyd olunur ki, Bakının Moskva ilə münasibətləri qarşılıqlı əlaqələr fonunda davam edəcək.

“Böyük ehtimalla xalqın dəstəklədiyi Prezident İlham Əliyev seçkinin qalibi olacaq. Moskvada keçiriləcək Rusiya, İran və Azərbaycan liderlərinin sammiti ilin böyük hadisəsi olacaq”, - deyə rus ekspertlər bildirib.

Hesabatda Dağlıq Qarabağ ətrafında ziddiyyətlərin davam edəcəyi, münaqişə zonasında gərginliyin arta biləcəyi qeyd olunur: “Seçkilər dövründə Qarabağ ətrafında ziddiyyətlər aktuallaşacaq. Müəyyən fasilələrlə toqquşmalar baş verəcək. Hər iki tərəf müdafiə xərclərini artıracaq”.
Qarabağ görüşündən niyə hər iki nazir razı qaldı?Bütün hallarda indiki danışıqlar prosesinin nəticələrinin necə olacağı barədə Moskva görüşündən sonra rəy söyləmək olacaq.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Azərbaycan və Ermənistan XİN başçılarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada keçirilən görüşdən sonra müsbət açıqlamalar vermələrinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, iki ölkənin də XİN rəhbərinin görüşdən sonra verdiyi açıqlamalarda maraqlı məqamlar çoxdur:

“Maraqlıdır ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyanın hazırda müzakirə olunan təkliflərin müsbət cəhətlərinin çox olması ilə bağlı açıqlamaları vaxt etibarı ilə də üst-üstə düşür. Şübhə yoxdur ki, bu, Rusiyanın hazırladığı təkliflərdir. Onların bu açıqlamaları düşünməyə imkan verir ki, danışıqlar prosesində elə təkliflər var ki, onlar Azərbaycan və Ermənistan tərəfindən maraqla qarşılanır. Bunun hansı təkliflər olması və reallaşması perspektivini isə Moskva görüşündən sonra dəyərləndirə bilərik. Çünki onlar Moskva görüşündən sonra bu təkliflərlə bağlı konkret cavab verməli olacaqlar”.

Politoloq qeyd edib ki, çox güman ki, bu təkliflər bütün hallarda indiki vəziyyətin dəyişməsinə yönəlib:

“Azərbaycan tərəfinin bunu müsbət qarşılaması bu təkliflərin münaqişənin Azərbaycan üçün arzuolunmayan ssenaridə inkişafına mane olacağını göstərir. Erməni tərəfinin müsbət açıqlamaları isə bu təkliflərdə onların da maraqlarının, narahat olduqları məqamların nəzərə alındığını söyləməyə əsas verir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dünən Vyanada görüşüblər. nazirlərin gələn ay yenidən görüşəcəyi gözlənilir.

Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbəndyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.
Yaxında Dağlıq Qarabağda hərbi əməliyyatların başlanacağı qaçılmazdır — Hərbi ekspertTürkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün ardınca general-leytenant Yavuz Türkgencinin başçılıq elədiyi nümayəndə heyəti bu gün Bakıya səfərə gəlib.

Bir neçə gün öncə Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağa səfər edərək hərbçilərlə görüşüb, müşavirə keçirmişdi.

Bundan əlavə erməni ordusu son günlər Dağlıq Qarabağda hərbi təlimlər keçirir. Ümumiyyətlə, son zamanlar bölgədə hərbi canlanma artan templə davam edir.

Baş verənlərlə bağlı hərbi ekspert Abuzər Əbilov "Ölkə.Az"a açıqlama verib:

"Son ayların geosiyasi gedişatı bunu deməyə əsas verir ki, Ermənistan artıq öz ağasına belə desək təpik atmağa meyillidir. Avropaya yönlənmə bir növ özünü qiymətə mindirmək siyasəti olsa belə, Moskvanın ruporu olan Rusiya KİV-ləri göründüyü kimi aldıqları komanda ilə Ermənistan üzərinə informasiya həmləsinə başlayıblar. Bu da artıq Rusiyanın Ermənistanın hərəkətlərindən hiddətləndiyini və onun cəzalandırılacağı anlamına gətirir. Məhz bunu anlayan Ermənistan rəhbərliyi əlində olan kartdan, yəni, Qarabağ regionuna səfərlərlə doldurmağa çalışaraq özünün iqtisadi və siyasi tənəzzülünü yenə də müharibə aurası ilə doldurmaq istəyir.

Lokal müharibə qaçılmazdır. Mən təəssüf edirəm ki, Qarabağ savaşı məhz Ermənistanı cəzalandırmaq üçün gündəmə gəlir. Bu müharibə böyük dövlətlərin iradəsi ilə yox, xalqımın istəyi ilə olmalıdır. Lakin gəlin boynumuza alaq ki, böyük güclərin arasında Azərbaycan elə də bir söz sahibi deyil və Qarabağ problemi artıq ümumdünya probleminə çevrilib. Məhz Türkiyə Silahlı qüvvələrini təmsil edən yüksək rütbəlilərin də regiona səfərləri, bunu deməyə imkan verir ki, yaxında hərbi əməliyyatların başlanacağı qaçılmazdır və həmişə olduğu kimi məhz Türkiyə Azərbaycanın yanında olacaqdır. Tamamilə Qarabağın ermənilərdən təmizlənməsindən söhbət gedə bilməz. Güclərin əlində olan bu kart inanmıram bu tezliklə vurula. Lakin "aprel" burunovulmasını gözləmək realdır. Və buna hazır olmalıyıq"
Sarkisyan Azərbaycana nə üçün GƏLMİŞDİ? - 3 GİZLİ SƏBƏB ÜZƏ ÇIXDIErmənistan prezidenti Serj Sarkisyanın dekabrın 2-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri Qarabağ münaqişəsi ətrafında baş verən proseslər fonunda diqqət çəkir: Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi; Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana gəldi; Ermənistan mediası Lavrovun özü ilə Qarabağ planını gətirdiyini və İrəvandan işğal olunmuş rayonların bir neçəsinin qaytarmaq tələb olunduğunu yazdı; Sarkisyan Brüsseldə Avropa İttifaqı ilə saziş imzalayaraq, Moskvanın qarşısında mərkəzdənqaçma addımı atdı.
Bu hadisələr fonunda Sarkisyanın bir müddət əvvəl “Qarabağla bağlı Ermənistanı ağrılı qərar gözləyir” açıqlaması yada düşür. Bu baxımdan, Sarkisyanın Azərbaycan torpaqlarına səfərinə iki rakursdan baxmaq olar:

Birinci: ərazilərin qaytarılması üçün Ermənistanın qarşısına tələb qoyulub, Sarkisyan da məhz bu tələbi müzakirə etmək üçün Qarabağda separatçılarla bir araya gəlir. Lakin hadisələrin inkişafı səfərə ikinci rakursdan baxmağı zəruri edir.

İkinci: Ermənistan həll variantına yox, təxribata hazırlaşır. Ermənistan mediasının Sarkisyanın Qarabağa “hərbi formada” səfər etməsinə diqqət çəkməsi də bu ehtimalı önə çıxarır. Hesab etmək olar ki, Sarkisyan Qarabağda generallarla qapalı toplantıda münaqişənin həlli istiqamətində müzakirələrin pozulması üçün cəbhədə yeni təxribatların törədilməsi planını müzakirə edib. Burada İrəvanın Lavrovun özü ilə Qarabağ planı gətirməsindən sonra Moskvanın siyasətinin əksinə gedərək, Avropa İttifaqı ilə saziş imzalanması yada düşür. Görünür, Avropada alternativ tapan Sarkisyan Qarabağda yeni təxribat hücumlarını həyata keçirməklə həm də ruslara mesaj verəcək.

Ruslara verilən digər mesaj isə Ermənistana rəhbərliyin kimin edəcəyi ilə bağlıdır. Ermənistan mediası Sarkisyanın səfərini “2018-ci il əməliyyatı” olaraq qiymətləndirib.

“Sarkisyan “2018-ci il əməliyyatı”na Qarabağdan strat verdi. Bu, sinvolik start nöqtəsidir. Bununla o, hərbi və təhlükəsizlik amilini qabardır və bu sferalarda özünə alternativin olmadığını nümayiş etdirir”, - deyə “1in.am” saytı yazır.

Söhbət 2018-ci ilin aprelində prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanın baş nazir olaraq Ermənistana rəhbərlik etmək planından gedir. Oktyabrın 16-da Cenevrədə keçirilən Qarabağ görüşündən qayıdandan sonra Sarkisyanın baş nazir Karapetyanla razılaşdığı haqda məlumat yayıldı. Razılaşmaya görə, Sarkisyan baş nazir olur və xarici siyasət, təhlükəsizlik kimi məsələlərə nəzarət edir. Karapetyan isə baş nazirin birinci müavini olaraq, hökumətə rəhbərlik edir. O da deyilirdi ki, Karapetyan məhz Azərbaycan lideri İlham Əliyevlə Qarabağ danışıqlarını apara bilməyəcəyi qoruxusuna görə bu təkliflə razılaşıb. Hətta Sarkisyanla Karapetyanın yeni sistemdə kimin hansı qərargahda əyləşəcəyinə qədər razılaşdığı deyilirdi. Lakin ötən həftə “Qraparak” qəzeti mənbələrə istinadən Karapetyanın baş nazir postunu saxlamaq üçün təbliğat kampaniyasına start verdiyi haqda məlumat yaydı. Sarkisyanın Brüsseldə Avropa İttifaqı ilə saziş imzalamasından sonra vaxtilə “Qazprom”da işləyən və Ermənistana məhz Putin tərəfindən baş nazir göndərilən Karapetyanın hərəkətə keçməsi Moskvanın planı olaraq qiymətləndirilə bilər. Görünür, Rusiya Sarkisyanın 2018-ci ildə səlahiyyətlərini təhvil verəndən sonra təqaüdə çıxmasını istəyir. Lakin getmək niyyətində olmayan Sarkisyan məhz erməni ictimaiyyətindən dəstək almaq üçün Qarabağa gəldi.
6 ölkə rəhbərindən Qarabağla bağlı bəyanatKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səylərinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.

AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasi-diplomatik vasitələrlə kömək göstərən yeganə beynəlxalq birliyin müvafiq mandatına malik olan qurumdur:

“Biz Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq.

Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik” - deyə bəyanatda bildirilib.
5  rayonun qaytarılması ilə bağlı Putinə dedim ki... - ƏrdoğanDağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: “O mənə deyib ki, Rusiya bu problemin həlli üçün mümkün olan hər şeyi edir. Mən bir daha Rusiya Prezidentini 5 rayonun qaytarılması məsələsinə daha diqqətli münasibət göstərməyə çağırdım, çünki bu problemi yalnız Rusiya həll edə bilər.

Mən bu gün bir daha Rusiya Prezidenti ilə görüşdə bu mövzunu qaldıracağam. Belə ki, Dağlıq Qarabağ münaqişəsi bizim üçün milli məsələdir".