6 ölkə rəhbərindən Qarabağla bağlı bəyanatKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçilik səylərinin dəstəklənməsi haqqında bəyanat qəbul edib.

AzVision.az-ın məlumatına görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan Fransa, Rusiya və Amerika Birləşmiş Ştatları tərəflərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında siyasi-diplomatik vasitələrlə kömək göstərən yeganə beynəlxalq birliyin müvafiq mandatına malik olan qurumdur:

“Biz Dağlıq Qarabağ probleminin istisnasız olaraq sülh yolu ilə həlli zərurətini təsdiqləyərək ATƏT-in Minsk qrupu ölkələrinin münaqişənin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktında əksini tapan güc tətbiq etməmək və güclə hədələməmək, ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək prinsipləri əsasında həlli cəhdlərini alqışlayırıq.

Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin azaldılması, vəziyyətin stabilləşdirilməsi və sülh prosesinin irəliləməsini nəzərdə tutan şəraitin yaradılmasına dair 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə sammitlərində əldə edilmiş razılaşmalara dəstəyimizi ifadə edirik” - deyə bəyanatda bildirilib.
5  rayonun qaytarılması ilə bağlı Putinə dedim ki... - ƏrdoğanDağlıq Qarabağ problemini yalnız Rusiya həll edə bilər, ona görə də Soçidə Vladimir Putinlə bugünkü görüş zamanı bu məsələ yenidən qaldırılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

O, daha əvvəl də V.Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini deyib: “O mənə deyib ki, Rusiya bu problemin həlli üçün mümkün olan hər şeyi edir. Mən bir daha Rusiya Prezidentini 5 rayonun qaytarılması məsələsinə daha diqqətli münasibət göstərməyə çağırdım, çünki bu problemi yalnız Rusiya həll edə bilər.

Mən bu gün bir daha Rusiya Prezidenti ilə görüşdə bu mövzunu qaldıracağam. Belə ki, Dağlıq Qarabağ münaqişəsi bizim üçün milli məsələdir".
Putinlə Qarabağı müzakirə etdik, 5 rayon… - ƏrdoğanPutinin Qarabağın həlli ilə bağlı elə də ümidi yoxdur.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Biz cənab Putinlə Dağlıq Qarabağ problemini müzakirə etmişik. Rusiya Ermənistan üzərində təsirə malikdir. İşğal edilmiş 7 rayonun 5-i haqqında öncədən qəbul edilmiş qərarlar var. Biz bu qərarların icra edilməsinin vacib olduğunu vurğuladıq. Cənab Putin məsələyə müsbət yanaşdı, amma mənim anladığım qədər ilə hər şeyin həll olacağından elə də ümidli deyil. Məncə, ümidsizlik tərəflər arasında münasibətlərlə bağlıdır”, – deyə o bildirib.
Ərdoğanla Putin razılaşdı, 5 rayon qayıdır...Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ məsələsi xüsusi olaraq müzakirə edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Novosti.az” saytı diplomatik mənbələrə istinadən yayıb. Mənbə prezidentlərin xüsusi olaraq ilkin mərhələdə Dağlıq Qarabağ ətrafında 5 rayonun azad edilməsini nəzərdə tutan “Lavrov planı”nı müzakirə etdiyini bildirib. Tərəflər görüş zamanı bundan sonra danışıqların bu istiqamətdə davam etdirilməsi məsələsində razılaşıblar.

Qeyd edək ki, Putinlə Ərdoğan arasında Soçi görüşü noyabrın 13-də keçirilib.
ATƏT: Qarabağ üzrə bütün addımlar müzakirə olunurHazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur.
Bunu Trend-ə ATƏT-in Avstriya nümayəndəliyindən deyiblər.

Qeyd olunur ki, ATƏT müvafiq müzakirələrin keçirilməsi üçün başlıca platformadır: “Biz oktyabrın 16-sı Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü diqqətlə izləmişik. Bundan sonra biz müsbət dinamikanı müşahidə edirik. Avstriya nümayəndəliyi ümid edir ki, bu istiqamətdə bərpa olunan fəaliyyət münaqişənin dinc yolla həlli üçün konkret addımlarla müşayiət olunacaq. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üzrə bütün addımlar müzakirə olunur və indi tərəflərin müvafiq qərar qəbul etmək növbəsidir. ATƏT həmsədrləri bu prosesə yalnız kömək göstərə bilərlər”.

ATƏT-in Avstriya nümayəndəliyindən bildiriblər ki, Cenevrə görüşündən sonra bütün səylər sülhün əldə olunmasına yönəldilməlidir: “2016-cı ildə Vyana və Sankt-Peterburq sammitləri zamanı etimadın möhkəmləndirilməsi üzrə konkret təkliflər verilmişdi. Bunların arasında ATƏT-in hazırkı sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi yer almışdı. Prinsip etibarilə, Ermənistan və Azərbaycan prezidentləri bu təkliflə razılaşmışdı”.

Bundan başqa vurğulanıb ki, ATƏT-in Avstriya nümayəndəliyi sülhün əldə olunmasına yönələn səyləri dəstəkləməyə hazırdır.
Kremlin baş ideoloqu:“Ermənistan siyasətçiləri 5 rayonunun qaytarılması ilə razılaşıblar”“Açıq görünür ki, biz 5 rayonun azad edilməsinin tərəfdarıyıq. Təbii ki, biz Azərbaycanı AİB və KTMT-də görmək istəyirik. Amma bu, suveren Azərbaycanın qərarı ilə olmalıdır”.

Bu sözləri Kremlin ideoloqu, filosof və publisist, Avrasiya ideyasının müəllifi kimi tanınan Aleksandr Duqin minval.az saytına müsahibəsində Qarabağ danışıqları ilə bağlı Moskvanın mövqeyini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi Azərbaycan xalqının azad iradəsi ilə Vladimir Putin və İlham Əliyev arasında müzakirə olunur: “Vladimir Putin həmişə sübut edib ki, Azərbaycanın müstəqilliyinə, azadlığına və suverenliyinə hörmət edir. Türkiyə ilə Bakının iştirakı olmadan Ankara ilə heç bir danışıqlar aparmayacağıq”.

Kremlin ideoloqu daha sonra bildirib ki, Ermənistanın ağlı başında olan siyasətçiləri 5 rayonunun qaytarılması ssenarisi ilə razılaşıblar. “Bu məsələ üçtərəfli görüşlərdə dəfələrlə müzakirə olunub. Həm Ermənistan prezidenti, həm də bütövlükdə ağlı başında olan erməni siyasətçiləri bu ssenariyə hazırdır. Burada yeni və gözlənilməz heç nə yoxdur. Ermənistan mətbuatı 5 rayonun qaytarılmasıni Ermənistan mətbuatı məğlubiyyət, Azərbaycan tərəfi qələbə kimi qələmə verir. Bu razılıq o mənada qələbədir ki, regionda sülh bərqərar olacaq”, – Duqin bildirib.

Xatırladaq ki, 5 rayon məsələsi bir müddətdir ki, gündəmdən düşmür. Ermənistan KİV-də bu barədə ətraflı məlumatlara yer verilməsə də, ölkənin yüksək vəzifəli siyasətçiləri bununla bağlı mesajlar veriblər. Məsələn, bu yaxınlarda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan etmişdi ki, ölkəsi 5 rayonu azad etməyə hazırdır.
Ermənistan 5 rayonu “sata” bilər – Rus analitikindən sensasion"Azərbaycanla Ermənistanın mövqeləri bir-birilə uzlaşmır. Bu yaxınlarda Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş də bunu təsdiq etdi. Bu görüş heç olmasa mövqelərin bir-birinə yaxınlaşmasını göstərməli idi, Qarabağ münaqişəsinin nizama salınmasına hansısa bir cəhd olmalı idi”.

Avrasiya.net-in məlumatına görə, bunu haqqın.az portalına müsahibəsində rusiyalı jurnalist və analitik Vadim Dubnov deyib.

Politoloq bildirib ki, hər iki ölkənin siyasi elitaların mövqeyinə baxdıqda Qarabağ münaqişəsinin nizama salınması prosesində qarşılıqlı məqbul variantların gözdən keçirilmədiyini görmək olar.

"Sual oluna bilər ki, bəs sülh mümkündürmü? Bəli, o mümkündür. Təbii ki, əgər detalların texniki müzakirəsinə yaxınlaşma olarsa. İndi müəyyən dərəcədə vəziyyət sabitləşib. Amma texniki yanaşmalarda böyük çətinliklər var”-Vadim Dubnov belə hesab edir.

Onun sözlərinə görə, siyasi iradə olduğu halda Laçın koridoru ilə bağlı məsələni həll etmək olar.

Analitik Ermənistanın işğal etdiyi bir neçə rayonun Azərbaycana qaytaracağı haqdakı iddialara da münasibətini açıqlayıb.

"Birincisi kommunikasiyaların açılması Ermənistan üçün kifayət deyil. İkincisi, Yerevan bu plana etibar etmir. Üçüncüsü isə Ermənistan hərbi-topoqrafik fikirlərdən, Qarabağın ətrafında "təhlükəsizlik kəməri”ni itirməkdən qorxur”.

Vadim Dubnov Ermənistanın gələcəkdə işğal etdiyi torpaqları Azərbaycana "sata” biləcəyini də söyləyib.

"Başqa amillər də var. Məsələn, Ermənistan bu 5 rayonu gələcəkdə baha qiymətə "sata” bilər. Ermənistan tərəfi buna hazırdır. Ermənistan cəmiyyətində və siyasətində parçalanma təhlükəsi var. Bunları nəzərə almaq lazımdır, lakı Ermnənistan cəmiyyəti hansısa rayonun Azərbaycana qaytarılmasını istəmir”.

Ekspert 2018-ci ildə Ermənistanda siyasi təlatümlərin artacağını və bunun partlayışa səbəb olacağını da bildirib. Bu isə Serj Sarkisyanın prezident postundan gedəndən sonra onun baş nazir olmaq istəyi ilə bağlıdır.

Vadim Dubnov bu fonda cəbhədə vəziyyətin gərginləşəcəyi ehtimalının yüksək olduğunu da bildirib.

"Cəbhədə vəziyyətin yenidən kəskinləşməsi mümkündür. Bakı status-kvo ilə razı deyil və bunu dünyaya da çatdırır. Bakı deyir ki, hazırkı vəziyyət onu qane etmir. Lakin cəbhədə insidentlər başlasa, bu 3, 5, 7 gün davam edə bilməz. Çünki münaqişə tərəfləri bu yüklənməyə dözə bilməz”.
Qışda Qarabağ müharibəsi BAŞLAYA BİLƏRDünən Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu.

Publika.az xəbər verir ki, görüşün nəticələri ilə bağlı bəyanatda tərəflərin gərginliyin qarşısının alınması və danışıqların davam etdirilməsilə bağlı razılığa gəldiyi deyilir. Lakin digər detallar açıqlanmır. Bu görüşün Dağlıq Qarabağ münaqişəsinin inkişafına necə təsir edəcəyi maraqlıdır.
Rusiyalı siyasi şərhçi, tarix elmləri namizədi Oleq Kuznetsov hesab edir ki, Serj Sarkisyan bundan sonra Qarabağın statusu mövzusunu irəli sürərək, danışıqları ləngitməyə çalışacaq: “Unutmaq lazım deyil ki, Ermənistanda Sarkisyanın mövqeyi güclənib və daxili siyasətdə dividendlər əldə edib. Buna görə də düşünürəm ki, o, növbəti danışıqlarda Bakı üçün qəbuledilməz olan məsələləri gündəliyə çıxaracaq. İlham Əliyevin danışıqlarda mövqeyi həmişə birmənalı olub və bundan sonra da belə olacaq. Sarkisyanın yanaşması isə növbəti neqativ halların yaşanmasına gətirib çıxaracaq”.

Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov isə bildirib ki, Qarabağda payız-qış aylarında yeni müharibə gözlənilirdi və bu risk hələ də gündəmdədir.

“Prezidentlərin görüşü hər şeydən öncə münaqişə bölgəsində vəziyyətin kəskinləşməsinin qarşısını almağa kömək edə bilər. Hərçənd, bölgədə vəziyyyətin yenidən alışması potensialı yüksəkdir. Proqnozlarıma görə, partlayış payız-qış dövründə ola bilərdi. Çünki yayda hər iki ölkə turistlərin axınında maraqlıdır. Bu ehtimal fikrimcə, yüksəkdir. Hesab edirəm ki, tərəflər hərbi eskalasiyanın olmaması üçün danışıqları davam etdirəcəklər. Lakin onların buna nail olacaqlarını, yaxud olmayacaqlarını indidən demək çətindir”, - deyə Markov vurğulayıb.
Rusiya Ermənistanın məxfi məlumatlarını Azərbaycana ötürür – İrəvanda TƏŞVİŞDƏRusiya Ermənistana 100 milyon dollarlıq silah krediti ayırır.

Publika.az xəbər verir ki, Ermənistan mediası Rusiyanın verəcəyi silahların siyahısını Azərbaycana ötürəcəyi iddiası ilə çıxış edib.

Siyasi şərhçi Aram Amatuni yazır ki, hələlik hansı silahların veriləcəyi açıqlanmır.

“Lakin ehtimal ki, tezliklə Rusiya mediası bu silahların detallarına qədər bütün məlumatları dərc edəcək. Beləliklə, Azərbaycan Ermənistan ordusuna məxsus məxfi məlumatları əldə edəcək. İndiyə qədərki təcrübə göstərir ki, Rusiya Ermənistanın məxfi məlumatlarını məhz media üzərindən Azərbaycana ötürür”, - deyə o iddia edir.

A.Amatuni qeyd edir ki, silahlar haqda məlumatların yayılması Azərbaycana qabaqlayıcı tədbirlər görmək imkanı verir.

Onun sözlərinə görə, bundan əvvəl 200 milyon dollar silah kreditinin verildiyi zamanda bu baş vermişdi: “Rusiya mediası dərhal verilən silahların siyahısını dərc etdi və Ermənistana məxsus məxfi məlumatları Bakı əldə etdi. İstisna deyil ki, bu dəfə də eyni ötürmə prosesi baş verəcək. Lakin bizim hakimiyyətimiz Rusiyaya heç bir etiraz etmir, daha doğrusu edə bilmir”.
“Lavrov planı” nədir və Bakı niyə 5 rayonla razılaşmır?Dağlıq Qarabağ məsələsi üzrə danışıqlarda müəyyən hərəkətlilik var. Hiss olunur ki, xarici işlər nazirlərinin görüşü müsbət mənada alınıb və müəyyən nəticələr müzakirə edilib.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinin prezidentlərin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsinin müzakirə olunacağı ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib. O bildirib ki, hazırda proseslər elə gətirib ki, 5 rayonun verilməsi birmənalı şəkildə təsdiq olunarsa, Azərbaycan da hansısa kompramisə getmək məcburiyyətində qala bilər:

“Duqin və onun kimi ideoloqlar, siyasətçilərin belə açıqlamalar verməsinin əsas səbəbi Rusiyanın Azərbaycanla münasibətlərinin yaxşılaşdırmasına nail olmaqdır. Xüsusilə onlar başa düşür ki, Rusiyanın Cənubi Qafqazda mövqeyinin möhkəm olması ilk növbədə Azərbaycan və Rusiya münasibətlərindən xeyli dərəcədə asılıdır. Bu münasibətlərin möhkəmlənməsi yolunda ən ciddi maneə isə Dağlıq Qarabağ problemidir. Ona görə də onlar bu problemin həlli edilməsini, müsbət nəticələr əldə olunmasını, işğal edilmiş rayonların qaytarılmasını həqiqətən də istəyirlər. İki ölkənin xarici işlər nazirlərinin görüşündə kifayət qədər ciddi nəticələr əldə olunduğunu deyə bilərik. Bundan ruhlanan Minsk Qrupunun həmsədrləri artıq prezidentlərin görüşünü hazırlamağa çalışır və iki ölkənin prezidentlərinin görüşünün keçiriləcəyi artıq istisna edilmir. Onlar həm də regiona səfər ediblər. Regiona səfər zamanı hər iki ölkə başçısı ilə görüş keçirilib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, gələcək yüksək səviyyəli görüş haqqında danışıqlar aparılıb. Belə demək olar ki, stol üzərində müzakirə ediləcək sənədlər artıq xarici işlər nazirləri səviyyəsində razılaşdırılıb. Bu nöqteyi-nəzərdən prezidentlərin görüşü zamanı da ortada olan və həllini gözləyən sənədlərin müzakirə ediləcəyi gözənilir. Bu da Dağlıq Qarabağ probleminin həllində irəliyə doğru addım ola bilər. Ümumiyyətlə, baş verən prosesləri pozitiv dəyərləndirmək olar. Belə hesab edirəm ki, müəyyən çətinliklərə baxmayaraq, Azərbaycan bu məsələdə mövqeyini ortaya qoya bilib”.

Politoloq həm də ideoloqların və siyasətçilərin “Lavrov planı” adlandırdığı həll modelinə diqqət çəkib:

“Lavrov planı” Kazan şəhərində Prezident İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyanın 2012-ci ildə görüşü zamanı imzalanıb. Burada Rusiya Xarici İşlər naziri Sergey Lavrovun hər hansı əhəmiyyətli rolu olmayıb. Bu razılaşma xarici işlər nazirlərinin və prezidentlərin səyləri nəticəsində mümkün olub. “Lavrov planı”nın Azərbaycan və Ermənistan arasında əldə edilmiş digər razılaşmalardan elə də böyük fərqi yoxdur. Sadəcə, bu planda ilk dəfə olaraq 5 rayonun qaytarılması üçün prinsipial olaraq iki ölkənin prezidentləri razılıq əldə edib. Lakin aprel döyüşlərindən sonra Lavrov İrəvanla Bakı arasında müəyyən görüşlər keçirdi, problemin həllinə müəyyən cəhdlər etdi. Bu zaman 5 rayonun qaytarılmasını bir növ öz planı kimi təqdim etməyə başladı. Amma 5 rayonun qaytarılması məsələsi artıq 10 ildir ki, gündəmdədir. Bunun “Lavrov planı” adlanmasının heç bir əhəmiyyəti yoxdur”.

Politoloq vurğulayıb ki, Lavrov indiyə qədər Dağlıq Qarabağ probleminin həlli yolunda ən ciddi maneələrdən biridir:

“Bu gün də Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlərin lazımi səviyyədə alınmaması Lavrovun bu işə maneə olan hərəkətləri ilə qırılmaz surətdə bağlıdır. Beş rayonun qaytarılması məsələsinə Azərbaycan bir şərtlə razı ola bilər ki, ermənilər Dağlıq Qarabağa keçici status verilməsi ilə bağlı öz israrlarından vaz keçsin. Bu planın həyata keçirilməsində Azərbaycan üçün ən çətin məqam Dağlıq Qarabağa ermənilərin tələb etdiyi müvəqqəti statusun verilməsi məsələsidir. Çünki Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi gələcəkdə onun statusunu daha da yüksəltmək deməkdir. Bu da Dağlıq Qarabağın gələcəkdə Azərbaycanın tərkibində qalıb-qalmayacağını sual altında qoyur. Bu nöqteyi-nəzərdən Azərbaycan bu məsələyə çox ehtiyatlı yanaşacaq və bu məsələnin həyata keçirilməsinə imkan verməyəcək”.

Politoloq vurğulayıb ki, hazırda Dağlıq Qarabağ probleminin həlli yolunda xarici ölkələrin də səyləri xeyli intensivləşir:

“Bu məsələyə ABŞ-ın diqqəti xüsusi əhəmiyyətə malikdir. Məsələn, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Endryu Şofer təkbaşına həm Azərbaycanın işğal altında olan bölgələrinə, həm də Azərbaycana səfər edib və oktyabrın 5-də o, separatçı rejimin başçısı Bako Saakyanla, oktyabrın 7-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb. ABŞ tərəfi 7 rayonun dərhal, birmənalı qaydada Azərbacana qaytarılmasının tərəfdarıdır. Amma onlar da Dağlıq Qarabağa keçici bir status, Dağlıq Qarabağla Ermənistan arasında “Laçın dəhlizi”nə nəzarətin ermənilərə verilməsini istəyir”.

Qeyd edək ki, ötən gün mətbuata açıqlamasında Kremlin ideoloqu kimi tanınan Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında Dağlıq Qarabağ münaqişəsinin “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə müzakirələr aparılacağını deyib.