Azərbaycanda xüsusi karantin rejimi uzadıldıAzərbaycan Respublikası ərazisində yeni nov koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş və son günlərdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq, ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilib ki, Azərbaycanda virusa ilk yoluxma faktının qeydə alındığı tarixdən bu günədək COVID-19 testi musbət çıxmış 8191 nəfər aşkarlanıb, hazırda isə 3487 aktiv xəstə müalicəsini xüsusi karantin rejimli xəstəxanalarda davam etdirir.

Ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilmişdir. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.

Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah aşağıdakıları qərara alır:

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla);

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir;

sakinlər qeyd olunan müddətdə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

elektrik enerjisinin istehsalı və təchizatı;

meliorasiya və su təsərrüfatı;

rabitə xidmətləri;

teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər;

Müəyyən olunmuş tarixlər üzrə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslər, onların xidməti və şəxsi avtomobillərin hərəkətinə işəgötürən tərəfindən məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək. Fəaliyyətinə icazə verilən qurumlar, eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcəkdir.

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

COVID-19 virusu ilə mübarizədə, insanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdə həmrəylik nümayiş etdirdiklərinə görə vətəndaşlarımıza bir daha təşəkkür edir, özünüzün və yaxınlarınızın səhhəti naminə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə çağırırıq.

Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, digər günlərdə 65 yaşdan yuxarı insanların ciddi zərurət olmadan yaşayış yerlərindən və ya olduğu yerlərdən çıxmamaları tövsiyə olunur. Eyni zamanda kütləvi yoluxma hallarının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejimi müddətində respublika üzrə ictimai yerlərində, bulvarlarda və parklarda, ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağanına, qoruyucu vasitələrdən istifadə edilməsi qaydalarına ciddi əməl olunması tələb edilir.
Həftə sonu küçəyə çıxmağın aqibəti -1 aylıq həbs, 5 min manatadək cəriməBaş Nazir Əli Əsədovun 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq sərt karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, məhdud sayda əməkdaşla fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub

Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı, avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək.

Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş dövlət orqanları əməkdaşlarının, eləcə də fəaliyyətinə icazə verilmiş xidmət sahələrində işləyən və hərəkət üçün məlumatları işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər, habelə yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti -Zəng Mərkəzi vasitəsilə icazə alma halları istisna olmaqla, iyun ayının 5-dən 6-na keçən gecə saat 00:00-dan iyunun 8-i saat 06:00-dək kimsə yaşadığı evdən, mənzildən çıxarsa, bu qanun pozuntusu kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsin əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.
Evdən hansı hallarda çıxmaq olar? - SiyahıQərarın 1.1.1-1.1.13-cü yarımbəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsinə aşağıdakı müstəsna hallarda icazə verilib.

Avrasiya.net bu siyahını təqdim edir:

- həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə);

- yaxın qohumların dəfnində iştirakla əlaqədar.

- Xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım və fəaliyyətinə icazə verilmiş orqanlara (qurumlara) və təşkilatlara məxsus xidməti avtomobillər istisna olmaqla, bütün digər avtomobillərin və ictimai nəqliyyatın hərəkəti qadağan edilsin.

Qeyd edək ki, qadağa 6 iyun saat 00:00-dan 8 iyun saat 6:00-a qədər qüvvədədir.
SMS icazə bərpa edilir, nəqliyyat qapanır: ərzaq ehtiyatı görün...Bu həftənin cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldıması üçün müraciət edəcəyik.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Küçəyə çıxma qadağasında ərzaq, supermarketlər xaric bütün sahələrin tam qapadılması nəzərə tutulur. Buna görə insanlardan ərzaq ehtiyatı etmələrini xahiş edirik. Təşvişə düşməyə ehtiyac yoxdur, bu qadağalar həftə sonları tətbiq olunacaq", - o bildirib.

R.Bayramlının sözlərinə görə, bu günlərdə həyatı vacib sahələrin çalışması nəzərdə tutulur:

"Bununla bağlı məlumat veriləcək. Eyni zamanda, SMS-icazə sistemi bərpa oluna bilər. Lakin bu SMS-icazə əvvəlki kimi olmayacaq. Yalnız xüsusi sağlamlıq vəziyyətində və tibb müəssisələrinə çıxmaq üçün icazə veriləcək.

Eyni zamanda, ictimai və şəxsi nəqliyyatın tam qapadılması nəzərdə tutulur. Zəruri sahələrdə çalışanlar üçün müəyyən istisnalar ola bilər".
Bu gündən bəzi məhdudiyyətlər ləğv edilir - RƏSMİNazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyunun 15-i saat 00.00-dək uzadılıb.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, eyni zamanda 31 may saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

- ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

- açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

- Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Qərargah hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırıb. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
Yenidən sərtləşmə ola bilər - İbrahim MəmmədovMəscidlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi qadağandır.

Avrasiya.net xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, bu gün qərarlar riyazi hesablamalarla aparılır:

"Əgər kritik vəziyyət yaranarsa, yenidən sərtləşmə elementlərinə qayıtmaq olar. Ölkəyə vətəndaşların gətirilməsi zamanı yoluxmalar 20-30 faiz səviyyəsindədir. Ukraynadan ölkəyə gətirilən 120 nəfərdən 29-unda virus aşkarlanıb. Rusiyadan gətirilən vətəndaşlar arasında da 20 faiz yoluxma qeydə alınıb. Hazırkı imkanlar daxilində bunu idarə etmək mümkündür".
Azərbaycanda komendant saatı tətbiq edilə bilər - RƏSMİBu gün koronavirusa yoluxanların böyük əksəriyyəti Bakının Nəsimi rayonunun payına düşür.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, ikinci yerdə Bakının Yasamal rayonu gəlir. Ramin Bayramlı insanları ictimai yerlərdə məsuliyyətli olmağa, qruyucu vasitələrdən istifadə etməyə çağırıb. O qeyd edib ki, bayram günləri və həftə sonları koronovirusla bağlı Azərbaycnada Türkiyə təcrübəsindən istifadə edilə, məhdudiyyətlərin tətbiqi üçün Operativ Qərargaha müraciət edilə bilər. "Bu təbii ki, vətəndaşların məsuliyyətindən asılı olacaq" / Baku.ws
Karantin rejiminin uzadılması xalqdan asılıdır - SədrXüsusi karantin rejiminin uzadılması xalqımızdan asılıdır.

Avrasiya.net xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqdə deyib.

O bildirib ki, hər kəs öz məsuliyyətini dərk etməlidir:

"Ölkə başçısı, hökumət istəməz ki, bu situasiya uzansın. Çünki ölkəmizin sosial, iqtisadi həyatına ciddi təsir göstərir. Dövlət öz üzərinə düşün bütün məsuliyyəti və vəzifələri, onsuz da, yerinə yetirir. Bizə isə bu tədbirlərə riayət etmək düşür".
ÜST-ün rəhbəri İlham Əliyevə təşəkkür etdiÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi mətbuat konfransında Azərbaycanın koronavirus pandemiyasına qarşı həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.

Avrasiya.net xəbər verir ki, baş direktor bu yaxınlarda Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən videokonfrans formatında toplantıda koronavirusa qarşı mübarizə barədə müzakirələr aparıldığını, özünün də həmin toplantıda iştirak etdiyini bildirib. Tedros Adhanom Qebreyesus bu kimi addımları vacib hesab etdiyini vurğulayıb.

ÜST-nin baş direktoru Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizəyə verdiyi qlobal töhfəni yüksək qiymətləndirib. O deyib ki, Azərbaycan qlobal səviyyədə bu mübarizəyə 5 milyon ABŞ dolları vəsait ayırıb.

“Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədə güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir”, - deyə Tedros Adhanom Qebreyesus bildirib.
Cümhuriyyətin süqutundan 100 il keçir
Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun 100-cü ildönümüdür.

1920-ci il aprelin 27-də Sovet Rusiyasının rəhbəri Vladimir İliç Lenin tərəfindən Moskvada Nəriman Nərimanovun sədrliyi ilə Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsi yaradılıb. Komitənin tərkibinə Nərimanovdan başqa Qəzənfər Musabəyov, Həmid Sultanov, Dadaş Bünyadzadə, Mirzə Davud Hüseynov, A.Alimov və Əliheydər Qarayev daxil edilib.

Komitənin yalnız azərbaycanlı kommunistlərdən təşkil olunması təbii ki, gözdən pərdə asmaq məqsədi güdürdü. Belə ki, həmin gün Nərimanov Moskvada olub, komitənin bəzi üzvləri Bakıda, bəziləri isə Azərbaycanın şimal sərhədində - rus ordusunun zirehli qatarında əmr gözləyirdi. Elə həmin gün Dağıstanda olan M.K.Levandovskinin başçılıq etdiyi XI Qızıl Orduya Azərbaycana hücum əmri verilib. Bolşeviklər bu məsələdə də hiylə işlədiblər - bəyan olunub ki, Qızıl Ordu Azərbaycandan keçməklə Anadoluda ölüm-dirim savaşı aparan Mustafa Kamal Atatürkün əsgərlərinə yardım etməyə gedir.

Aprelin 27-də Azərbaycan bolşevikləri Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verib. Ultimatumu özünü "Sovet Azərbaycanının Qırmızı Donanmasının komandanı, mühəndis" kimi təqdim edən Çingiz İldırım imzalamışdı: "Tələb edirik ki, hakimiyyəti dərhal yoldaş Nərimanovun başçılıq etdiyi Sovet Fəhlə-Kəndli Hökumətinə təhvil verəsiniz. Bu halda Qırmızı Donanma milliyyətindən asılı olmayaraq, Bakı şəhərinin bütün əhalisinə sülh və sakitlik təminatı verir. Cavab iki saat ərzində göndərilməlidir. Əks halda, atəş açılacaq".

Cümhuriyyət Parlamentinin həmin gün saat 20:45-də başlayan iclası 3 saat davam edib. İclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə XI Qızıl Ordunun Anadoluya yardıma getmədiyini və Azərbaycanı işğal etməyə gəldiyini bildirsə də, müzakirələrdən sonra hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi barədə qərar çıxarılıb.

Həm ultimatumda, həm də digər danışıqlarda milli hökumət üzvlərinin təhlükəsizliyinə təminat verilsə də, bu vədlərə əməl edilməyib, AXC hökumətinin üzvlərinə qarşı repressiyalar, “qırmızı terror” başlayıb. Milli hökumət üzvlərinin bir qismi, o cümlədən M. Ə. Rəsulzadə isə mühacirətə getmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, SSRİ dövründə 27 aprel deyil, 28 aprel tarixi Azərbaycanda sovet hakimiyyətinin qurulduğu tarix kimi bayram edilib.

Azərbaycanda sovet hakimiyyəti 71 il davam edib. 30 avqust 1991-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə qəbul edilib.

18 oktyabr 1991-ci ildə isə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib.

Hər iki sənədə əsasən, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib.

2 mart 1992-ci ildə Azərbaycan BMT-yə daxil olmaqla beynəlxalq aləmin tamhüquqlu üzvünə çevrilib.