Azərbaycanda xüsusi karantin rejiminin müddəti avqustun 1-dək uzadıldıKoronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 avqust saat 06:00-dək uzadılıb.

Avrasiya.net bildirir ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında belə deyilir.

Qərara əsasən, 2021-ci il 31 may saat 06:00-dan:

- açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilir;

- Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir;

- ölkənin şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir.

2021-ci il 10 iyun saat 00:00-dan aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir:

- dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla);

- iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla);

- bu Qərarın 2.3-cü bəndi nəzərə alınmaqla idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan);

- çimərliklərin və onların ərazisində yerləşən hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur.

Bu Qərarın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə, həmçinin digər dövlət orqanları (qurumları) tərəfindən müəyyən edilmiş bütün tələblərə və metodiki göstərişlərə əməl edilməsi məcburidir.

2021-ci ildə futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək 4 oyununda məhdud sayda tamaşaçının iştirakına icazə verilir.

Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

2021-ci il 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılır.

Qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində tibbi maskadan istifadə qüvvədədir.

İctimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tibbi maska taxmaq tələbi ləğv edilib.

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

Bu Qərar 2021-ci il 31 may saat 06:00-dan qüvvəyə minir.
Dünya liderləri Prezidenti təbrik edirBöyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

"Zati aliləri,

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan xalqına və Zati-alinizə təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Keçirdiyimiz bu çətin ildən sonra qlobal səhiyyənin üzləşdiyi maneələri dəf edəcəyimizə və gələcəkdə daha gözəl günlər yaşayacağımıza olan ümidimi ifadə etmək istəyirəm".

***

Çin Xalq Respublikasının sədri Si Szinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünlanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və dost Azərbaycan xalqına səmimi təbriklərimi, ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Hazırda Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikası müşahidə olunur. Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir. “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına firavanlıq, xoşbəxtlik arzu edirəm".

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məıktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik".

Eyni zamanda Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudd da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Əs-səlami əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikası hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirəm".

***

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm".

***

Koreya Respublikasının Prezidenti Mun Ce-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər gələcək illərdə daha da güclənəcək, xalqlarımızın dostluğu və əməkdaşlığı daha da dərinləşəcək.

Zati-alinizə möhkəm cansağlığı və bütün işlərinizdə davamlı uğurlar, Azərbaycan xalqına firavanlıq arzu edirəm".

***

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın sosial-iqtisadi inkişafında və beynəlxalq arenada nüfuzunun artırılmasında Sizin rəhbərliyinizi və önəmli töhfələrinizi qeyd edərək, ölkənizin daha yüksək zirvələrə çatdırılması istiqamətindəki fəaliyyətinizdə Sizə böyük uğurlar arzulayıram.

Əminəm ki, ölkələrimiz arasında ümumi mənəvi dəyərlərə və dostluğa, həmçinin strateji tərəfdaşlığa söykənən hərtərəfli qarşılıqlı faydalı əlaqələr xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, məsuliyyətli işinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq diləyirəm".

***

Tacikistan Respublikasının Prezidenti İmaməli Rəhman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda deyilir:

"Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Biz azərbaycanlı tərəfdaşlarımızın sosial-iqtisadi inkişafda qazandığı böyük uğurlara, xalqın rifahının yüksəldilməsinə, habelə ölkənizin dünya arenasında nüfuzunun artmasına görə səmimi qəlbdən sevinirik.

Bu gün Azərbaycan ilə əməkdaşlıq Tacikistanın xarici siyasət prioritetlərində mühüm yer tutur. Biz Tacikistan ilə Azərbaycan arasında səmimi və məzmunlu dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, biz ümumi səylərimizlə ölkələrimizin bunun üçün mövcud olan potensial imkanlarını tam reallaşdıra biləcəyik, xalqlarımızın dinc və xoşbəxt gələcəyi naminə qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.

Əziz İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm.

***

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və həmvətənlərim adından səmimi təbriklərimi çatdırıram.

Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir. Ötən il baş vermiş hərbi toqquşmalardan sonra Qarabağ bölgəsindəki münaqişənin davamlı həlli istiqamətində siyasi və diplomatik irəliləyişlərin olacağına ümid edirəm. Əmin ola bilərsiniz ki, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun üzvü kimi bunun üçün əlindən gələni əsirgəməyəcək.

Ümidvaram ki, ölkənizlə hərtərəfli münasibətlərimiz imkan yaranan kimi keçiriləcək yeni şəxsi görüşlər və səfərlər vasitəsilə davam etdiriləcək.

Sizə ən xoş arzularımı çatdırır, xalqınıza sülh, azadlıq və rifah dolu gələcək arzulayıram".

***

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Biz Azərbaycanı qədim və zəngin mədəni irsə malik olan ölkə, Sizin hərtərəfli düşünülmüş və uzaqgörən siyasətiniz sayəsində bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş, öz milli maraqlarının səmərəli müdafiəsində və tarixi ədalətin bərpa edilməsində böyük uğurlar qazanmış dövlət hesab edirik, bundan sonra da sizi hərtərəfli dəstəkləməyə hazır olduğumuzu bildiririk.

Tam əminəm ki, bizim qardaş xalqlarımız arasında qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxəsrlik dostluq və strateji tərəfdaşlıq telləri birgə səylərimiz və yüksək səviyyədə səmərəli dialoq sayəsində daha da möhkəmlənəcək və bütün prioritet istiqamətlərdə tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, məsuliyyətli dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzulayıram".

***

Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlatıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək dünyanı çağırışlarla üz-üzə qoyan belə bir zamanda Sizə şəxsi əmin-amanlıq, həmçinin Azərbaycan xalqına xoşbəxt və dinc gələcək dolu ən gözəl arzularımı çatdırıram”.

***

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik mətbubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam dəyərlərinin birgə təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İƏT üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək.

Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm".

***

Gürcüstanın Prezidenti Salome Zurabişvili Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm.

Gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini bərpa etmək üçün bir çox çətinlik və faciələrdən keçiblər, lakin bu gün ölkələrimiz qürurla güclü və azad dövlət qurmaqda davam edirlər.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfəmi verməyə hazır olduğumu bir daha bildirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə Sizi Gürcüstanda qarşılayacağam və strateji tərəfdaşlığımızın daha da dərinləşməsi yollarını birlikdə müəyyənləşdirəcəyik.

Cənab Prezident, bir daha Sizə dərin ehtiramımı izhar edir, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı və firavanlıq diləyirəm".

***

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu yazıb.

Məktubda deyilir:

"Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə təbrik edir və Azərbaycan xalqına ən xoş rifah arzularımı çatdırıram.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş bir problem olduğunu etiraf etməliyəm. COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm".

***

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed ən-Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram”.

***

Əbu-Dabinin vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və inkişaf arzu edirəm”.

***

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm”.
Açıq havada toylara HAZIRLIQ BAŞLADI - Qiymətlər bahalaşdı - VİDEOToyların keçirilməsi ilə bağlı yeni qaydaların hazırlanması xəbəri bu sektorda əməlli-başlı canlanma yaradıb. Toy etmək istəyən şəxslər indidən növbəyə yazılırlar.

Avrasiya.net Xəzər TV-yə istinadən xəbər verir ki, şadlıq evi sahibi Mahir Zeynalov deyir ki, son günlər açıq havada toy etmək istəyən şəxslərdən xeyli müraciətlər daxil olub.

İcazə verildiyi gündən növbəyə uyğun olaraq toyların keçirilməsinə başlayacaqlar. Artıq açıq hava toyları üçün qiymət də müəyyən ediblər. Pandemiyadan əvvəlki vaxtla müqayisədə indiki qiymətlər baha olacaq.

Ekspertlər bildirirlər ki, açıq hava toylarının qiymətlərinin yüksək olmasının səbəbi bu ənənənin əvvəllər Azərbaycanda çox zəif olmasıdır. Çünki hazırda Bakıdakı şadlıq evlərinin 80 faizində bu imkan yoxdur.

Marketoloq Sabit Məmmədov deyir ki, toylara icazənin veriləcəyi xəbəri indiyə qədər toy keçirməyən restoran sahiblərini də hərəkətə keçirib. O hesab edir ki, əgər açıq hava məkanlarının sayı artmasa, bu sektorda sürətli qiymət artımı baş verə bilər.

Dekorasiya xərcləri, mümkün say məhdudiyyəti də qiymətə təsir edən amillərdən olacaq.

Sabit Məmmədov bildirir ki, açıq hava məkanlarının sayı artıqca gələcəkdə qiymətlərdə müəyyən qədər enmə müşahidə edilə bilər.


Respondentlərin 84,6%-i Prezidentin Qarabağa qayıdışla bağlı fəaliyyətini yüksək qiymətləndirib - SORĞUSosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının 5-ci sayında, “Prezidentin Fəaliyyəti ictimai rəydə” sorğusunda yer alan bəzi nəticələri açıqlayıb.

Qurumdan verilən məlumata görə, sorğu zamanı Prezidentin müxtəlif istiqamətlərdəki fəaliyyəti də respondentlər tərəfindən qiymətləndirilib.

Belə ki, Prezidentin ordu quruculuğu və ordunun təkmilləşdirilməsi (86.5%), xarici siyasət (69.4%), sosial müdafiə (50%), qeyri-neft sektorunun (45.3%) və kənd təsərrüfatının inkişafı (46.7%), kadr islahatları (43.7%), korrupsiyaya qarşı mübarizə (45.8%), əhalinin sağlamlığının qorunması (54.9%), əhalinin fiziki və mülki təhlükəsizliyinin təmin edilməsi (60%), pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması (55.7%), mədəni sahədəki islahatlar (51.5%) istiqamətlərindəki fəaliyyəti respondentlər tərəfindən “çox yaxşı” qiymətləndirilib.

Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonrakı dövr üçün respondentlərin əsas gözləntiləri ölkəmizin siyasi-iqtisadi gücünün artacağı (60,6%) və regionda mövqeyinin güclənəcəyi (51,6%), Ermənistan üzərində təsirinin daha da artacağı (46,9%) olub. Bundan başqa, respondentlərin 49,6%-i Azərbaycan və Türkiyənin regionun taleyinin müəyyənləşməsində mühüm rol oynayacağını, 45,8%-i Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul edəcəyini, 32,4%-i regional əməkdaşlığın və inteqrasiyanın sürətlənəcəyini, 41,7%-i Türkiyənin regionda hərbi iştirakının artacağını, 38,7%-i isə Rusiya, Türkiyə və Azərbaycan müttəfiqliyinin güclənəcəyini düşünür.

Respondentlərin 81,8%-i postmüharibə dövrü üçün Qarabağda Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarları (mesajları) müsbət, 1,6%-i mənfi qiymətləndirib. 7,5% respondent isə neytral mövqe sərgiləyib. 8,4% respondent Böyük Qayıdış planları (təşəbbüsləri) ilə bağlı verilən qərarlar haqqında heç bir məlumatının olmadığını bildirib.

Respondentlər tərəfindən II Qarabağ müharibəsi şəhidlərinin ailələri, veteranları və iştirakçıları ilə bağlı dövlət siyasətində həmin ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının (74%), həmin ailələr üçün aylıq təqaüdün miqdarının artırılmasının (70,8%), sosial problemlərinin həll edilməsinin (69,4%), müharibədə yaralananların müalicə üçün xarici ölkələrə göndərilməsinin (67,7%), orden və medalların təsis olunması və silahlı qüvvələrin şəxsi heyətinin qəhrəmanlıqlarının yüksək qiymətləndirilməsinin (61%), əlillik dərəcələrinin düzgün təyin edilməs (63,3%) və vaxtında müəyyən olunmasının (67,6%), müxtəlif səviyyələrdə imtiyazların verilməsinin (55,8%), onlarla aidiyyatı orqanların rəhbərlərinin birbaşa görüşlərinin keçirilməsinin (51%), həbsdə olan yaxınlarının əfv edilməsinin (37,7%) daha obyektiv nəzərə alınması qeyd olunub.

Sorğuda iştirak edənlərin fikrincə, Prezidentin azad edilmiş ərazilərə səfərləri Qarabağın dirçəlişinin və qayıdışın tezliklə reallaşmasının (61,7%), Ali Baş Komandanın bütün quruculuq tədbirlərinə bilavasitə rəhbərlik etməsinin (61%), Azərbaycanın ərazi bütövlüyünün təminatının (59,8%), Prezidentin tarixi abidələrə xüsusi önəm verməsinin (59,6%), işğaldan azad olunmuş ərazilərimizdə sabitlik və təhlükəsizliyin təminatının (58,9%), Böyük Qayıdışa Prezidentin verdiyi əhəmiyyətin (58,4%), Vətənə, xalqa, milli-mənəvi, tarixi və mədəni dəyərlərə verilən xüsusi önəmin (54,3%), bütün dünya azərbaycanlılarının Qarabağın dirçəlişinə cəlb etməsinin (54,6%), işğaldan azad edilmiş ərazilərin inkişafını və bölgəyə investisiya yatırımını stimullaşdırmasının (50,3%), Ermənistandakı qüvvələrə və onların havadarlarına xəbərdarlığının (48,3%) və informasiya müharibəsinə töhfə verməsinin (36,3%) göstəricisidir.

Prezidentin Qələbə tonqalını Şuşada Cıdır düzündə qalamasını 73.9% respondent qələbə, 72%-i şəhidlərimizin qanı ilə qazanılmış Şuşa zəfərinin təntənəsi/qələbə simvolu, 65.2%-i Şuşanın Azərbaycanın mənəvi-mədəni paytaxtı olmasının dünyaya nümayişi, 64.7%-i vətənpərvərlik, 62.2%-i torpaq və bayraq sevgisi, 58.9%-i Prezidentin dəyər və ənənələrimizə sadiqliyi, 58.9%-i milli birlik, 58.4%-i ərazi bütövlüyü, 57.4%-i həmrəylik, 54.3%-i tarixi irsin xilası, 49.6%-i Qarabağda bərpa və quruculuq strategiya və planları kimi dəyərləndirib və bununla Prezidentin dünyaya mesajlar verdiyini bildiriblər.

Qarabağa qayıdışın ölkə başçısı üçün prioritet olması fikri ilə respondentlərin 84,6%-i tam, 12,2%-i qismən razıdır.

Prezidentin tarix və mədəniyyət abidələrinin bərpası ilə bağlı fəaliyyətinə münasibət bildirən respondentlərin 73,9%-i düşünür ki, Prezidentin Azıx mağarasına getməsi işğaldan azad edilmiş bütün ərazilərimizdəki tarix və mədəniyyət abidələrinin bərpa ediləcəyindən xəbər verir. Sorğuda iştirak edənlərin 68,9%-i Prezident İlham Əliyevi Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi görür. Respondentlərin 67,8%-nin fikrincə, Prezidentin Şuşada Natəvanın abidəsinin açılışında iştirak etməsi, Vaqifin büstünü və məqbərəsini ziyarət etməsi Qarabağa xüsusi diqqətinin təzahürüdür. 67,2% respondent bu qənaətdədir ki, bu, Azərbaycanın tarixi-mədəni irsinə hörmətin, sevginin və qayğının, 61% isə Azərbaycanın öz tarixi və əzəli ərazilərinə sahibliyinin göstəricisidir.
Növbəti razılaşma: Qazaxın 7 kəndi, Kərki qaytarılır, üstəlik...Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri arasında bir neçə gündür ki, davam edən Qaragöl ərazisi ilə bağlı danışıqların şifahi razılaşmasının ilkin, lakin rəsmi şəkildə hələ təsdiqlənməyən detalları açıqlanıb.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilir ki, şifahi razılaşmaya əsasən Qarabağdaki bütün erməni silahlıları çıxarılır, eyni zamanda, Qırmızı Bazar-Şuşa yolu Azərbaycan ordusunun nəzarətinə verilir. Həmçinin Qazaxın işğalda olan 7 kəndi və Naxçıvanın Kərki kəndi azad edilir.

Sözügedən İnstitut əlavə edib ki, razılaşmaya görə Zəngəzur bölgəsindən nəqliyyat dəhlizinin açılmasına icazə verilir, erməni tərəfi isə bu öhdəlikləri 2 həftə ərzində yerinə yetirməlidir.

İddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, bundan öncə erməni mediası razılaşmanın detallarını açıqlayıb.

Xatırladaq ki, Qaragöllə bağlı ötən gün saat 14:00-dan davam edən danışıqlarda Azərbaycandakı Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradov da iştirak edib.
Şuşada bayram namazı qılındı - Videoİşğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada 29 ildən sonra Ramazan bayramı namazı qılınır.

Avrasiya.net xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.

Bu gün Ramazan bayramıdırBu gün Azərbaycanda Ramazan bayramıdır.

Avrasiya.net xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fitvasına əsasən, Eydül Fitr - Ramazan bayramı şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq mayın 13-nə təsadüf edir.

Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və sabah məscidlərdə bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.

İslama görə Ramazan ayının orucu bütün həddi-büluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın”.

QMİ-nin fitvasında deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!

Qeyd edək ki, Ramazan ayı aprelin 14-də başlamışdı.
Şuşada atəşfəşanlıq oldu - VideoArzular gerçəkləşir! Bütün Azərbaycan xalqını təbrik edirəm!

Avrasiya.net xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində yazıb.

Mehriban Əliyeva Şuşada atəşfəşanlığın videogörüntüsünü də paylaşıb.
Sabah Şuşada bayram namazı qılınacaq29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada Ramazan bayramı namazı qılınacaq.

Bu barədə Avrasiya.net-ə Bakı Media Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakı Media Mərkəzi Qarabağın mirvarisı Şuşada baş tutacaq İslam aləminin Müqəddəs ayı ilə bağlı bayram namazının çəkilişini və canlı yayımını həyata keçirəcək. Şuşadan birbaşa canlı yayıma mayın 13-ü saat 09:00-da İctimai TV, REAL TV və Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti vasitəsilə baxmaq mümkün olacaq.
Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIRBu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalı başlayır.

Avrasiya.net xəbər verir ki, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək.

Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək.

Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər var.

Bununla yanaşı, verilən məlumata görə, dəvət olunan bir sıra mədəniyyət xadimləri səhhəti ilə əlaqədar festivalda iştirak edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etməsi, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalını bərpa etməsi ölkənin mədəni həyatında əlamətdar hadisələrdən biridir.

Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Tarix boyu Qarabağa qonaq gələnlər hər zaman Xarı bülbülü seyrə çıxıb. Qarabağda bu gülün şöhrəti o qədər səs salıb ki, hətta onun şəninə konsertlər verilib, festivalar təşkil edilib. Həmin konsertləri ölkəmizin böyük sənətkarları öz ifaları ilə bəzəyiblər. Çıxışlar arasında Azərbaycanın Xalq artisti Qədir Rüstəmovun ifa etdiyi, Azərbaycan musiqisinin "Qızıl Fond"una daxil olan “Sona bülbüllər” mahnısı xüsisi yer alıb.

Xatırladaq ki, "Xarı bülbül" Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Musiqi festivalı ilk dəfə 1989-cu ilin 21 may tarixində Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

Həmin festival bir sıra xarici ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.

Festivalın sonralar da keçirilməsi 1992-ci il mayın 8-də Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar dayanmışdı.

Nəhayət 28 ildən sonra 44 günlük Vətən mühüribəsində zəfər çalan Azərbaycan Ordusu 2020-ci il noyabrın 8-də Şuşanı azad etdi.