01 dek 07:26aktual

Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?

Prezident mifləri dağıtdı: bundan sonra nələr olacaq?
Dövlət başçısı İlham Əliyev Prezident Administrasiyasında (PA) hələ 2 il əvvəl başlatdığı struktur islahatlarını, zənnimizcə, həftəsonu tamamladı. Hələ 2017-ci ilin oktyabrında dövlət başçısı Administrasiyada struktur dəyişikliyinə start vermişdi. Əgər həmin günlər təxmin edib yazsaydın ki, bu prosesin sonunda PA-dan kimlər gedəcək, onların əvəzinə isə kimlər gələcək, indi onları yazanın öncəgörənliyinə kiminsə şübhəsi qalmazdı. Amma kadr dəyişikliyinin miqyası o qədər əhatəlidir ki, belə bir mənzərəyə heç indi də inanmaq olmur. 1995-ci ildə yaradılan PA ilk dəfədir bu cür siyasi «zəlzələyə» məruz qalırdı və bəziləri hətta düşünürdü ki, oranın «sütunları» heç vaxt dəyişməyəcək. Prezident həm də illərə söykənən bu mifi dağıtdı, iqtidarda onun qələmindən güclü heç bir qüvvənin olmadığını göstərdi.

Rusiya siyasətini izləyənlər təsdiq edə bilər ki, 2016-cı ilin yayında prezident Vladimir Putin öz Administrasiyasında ciddi dəyişikliyə qərar vermiş, gözlənilmədən yaxın adamı Sergey İvanovu Təhlükəsizlik Şurasında üzv saxlamaqla, ondan boşalan vəzifəni 44 yaşlı Anton Vaynoya vermişdi. Amma hakimiyyət daxili qüvvələrin balansını saxlamaq üçün daha ciddi struktur və kadr dəyişikliyinə getməmişdi. Xatırlayıram ki, o vaxt mətbuat Rusiya prezidentinin hakimiyyətdaxili qüvvələri hərəkətə gətirməmək üçün buna risk etmədiyini iddia etmişdi. Əlbəttə ki, Rusiyada komandadaxili vəziyyət bizim mövzumuz deyil, amma ölkəmizdəki ciddi dəyişikliklər fonunda xatırlatma yəqin ki, yerindədir.

Prezident Administrasiyası hakimiyyətin can evi, «Ağ Ev»idir və orda bizim bugün müşahidə etdiyimiz dəyişiklik ölkə siyasətinin dəyişməsi anlamına gəlir. Ölkənin sadə insanları, əyalətdə başı təsərrüfat işlərinə qarışmış adamlar kadr dəyişikliyini adbaad bilmir, yeni kadrların ölkəyə hansı yenilik rüzgarı gətirəcəyinin detallar ilə maraqlanmağa bəlkə vaxtları da yoxdur. Onlar bu ciddi dəyişikliyin əsas memarı - Prezident İlham Əliyevə güvənir və əmindirlər ki, o, doğru olanı edir və bundan sonra da edəcək.

Ölkə siyasətində olan fəal kəsim isə bu kadr dəyişikliyinin miqyasından yaxşı mənada təəccüb içərisindədir və yaxın aylarda da Prezidentin bundan sonra nələr edəcəyini ciddi şəkildə təhlil etməklə məşğul olacaqlar. İndi cəmiyyətin fəal kəsimi daha çox bir sual ətrafında fokuslanacaq: bəs, bundan sonra nə olacaq? Növbədə, məhkəmə-hüquq islahatlarıdırmı?

Ölkənin siyasi-ictimai nəbzi son aylar o qədər sürətli və dəyişik məkanlarda döyünməyə başlayıb ki, detallı təhlil etmək o qədər də sadə deyil. Məsələn, dəyişiklik qərarının kökündə yaş həddinin olmadığını Prezident özü də qeyd edib. Dövlət başçısı yaşlı məmurlara münasibətdə həssas gedişinin kimlərəsə qarşı istifadə edilməsindən narazı olduğunu bəyan etdi və o təbliğat dayandı. Çünki doğrudan da, son olaraq Administrasiyadakı vəzifəsini itirənlər yaş senzinə düşmürdülər. Yəni bu aydın siqnaldır ki, Prezidenin əsas məqsədi heç də «yaşlılar getsin, cavan kadrlar gəlsin» deyil. Şübhəsiz ki, dövlət başçısının düşündüyü yeni idaretmə modelini «pensiya islahatı» kimi dar çərçivəyə salmaq, bu boyda ciddi işə adekvat qiymətləndirmə deyildi. Prezidentin son addımları da göstərdi ki, baş verən sürəci hakimiyyətin «perezaqruska»sı kimi qiymətləndirmək naşılıqdı. Bu, tamamilə bir yenilənmə, modelləşmə, yeni siyasi hədəflərə yönləndirmədir. İlham Əliyev hakimiyyətinin yükünü bir yaşlı məmurun çiyindən daha cavanına dövr etmir, bu kreslo sahibinin dəyişməsi deyil. Belə olsaydı, indiyədək hörmətli akademik, sabiq PA rəhbərinə, eləcə də digərlərinə elə o strukturun içərisində əvəzedici tapılardı. Amma PA rəhbəri də daxil, dəyişdiyi kadrların hamısının yerinə yeniləri kənardan gətirildi, hamısının üzərinə də konkret və ağır məsuliyyət qoyuldu. İndən sonra vəzifə də, kreslo da, səlahiyyət də ənənəvi üstünlüyə malik deyil. Müşahidələr onu deməyə əsas verir ki, indi vəzifədə irəli çəkilənlərə oturduqları kreslo əvvəlki kimi üstünlüklər, necə deyərlər, rahat həyat vəd etmir. Onların hər birinin üzərinə ağır məsuliyyət qoyulub. Bu adamlara şans verilib, böyük etimad göstərilib. Vicdanla, həm də Prezidentin qurmaq istədiyi sistemə uyğun işləməlidirlər. Konkret olaraq, son təyinatlara gəlincə, Prezident köməkçiləri ilə artıq bir mini -Təhlükəsizlik Şurası qurmuş kimi görünür. Bu köməkçilər hərbi məsələdən tutmuş (Məhərrəm Əliyev güc strukturu rəhbəri olmadan general-polkovnik rütbəsi almış ilk şəxsdir), ölkəyə investisiyaların cəlbinə (Neft Fondunda investisiya işini yaxşı bacarmış Şahmar Mövsümova bu görəv verilib) qədər ağır və məsuliyyətli iş üçün vəzifələndiriliblər. Bu təyinatları indi təkcə müxalifət və ya digər tənqidçi mövqedə olanlar deyil, bu vəzifələri itirənlər də diqqətlə təqib edəcəklər.

Qarşıdan xeyli diqqət cəlb etmiş, bəzi müstəqil mövqeli şəxslərin qatıldığı bələdiyyə seçkiləri gəlir. Bu həftə böyük ehtimalla, növbədənkənar parlament seçkilərinin vaxtı da bilinəcək. Ölkə daha bir ciddi siyasi prosesə daxil olacaq. Prezident İlham Əliyev hətta son vaxtlar sərt tənqid etdiyi müxalif qüvvələri də bu dəyişillik prosesindən kənarda qoymadı. Yəqin ki, siyasi areneda qalmaq üçün onlara son şans verdi…

Musavat.com



XƏBƏR LENTİ
SORĞU