13 sen 15:43aktual

Bakı elan etdi: Qarabağda hərb başlayır?.. - Analiz

Bakı elan etdi: Qarabağda hərb başlayır?.. - AnalizAzərbaycan Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı yaydığı bəyanatlara biri də əlavə olundu. Ancaq budəfəki bəyanat genişliyinə və məzmununa görə əvvəlkilərdən fərqlənir.

Avrasiya.net xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub. Təhlildə Azərbaycan XİN-in Ermənistanla bağlı yaydığı bəyanatın mahiyyətinə diqqət çəkilib:

“Birincisi, bu bəyanatda Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” açıqlamasının hansı nəticələrə gətirəcəyi bu cümlələrlə izah olunub: “Ermənistan rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsa belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. Onlar beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı”.

Bəyanatdakı yuxarıdakı cümlələrin sonluğunda gələcək zaman ifadələrindən istifadə edilmir - “kəskinləşməsinə xidmət edəcək” və ya “gərginlik yaradacaq” yazılmır, “kəskinləşməsinə xidmət etdi” və “gərginlik yaratdı” bildirilir. Bu o deməkdir ki, Nikol Paşinyanın açıqlamaları bölgədə geri dönüşü olmayan proseslərə start verdi və rəsmi Bakı bunu belə qiymətləndirir.

İkincisi, Azərbaycan XİN-in bəyanatında yazılır ki, Paşinyanın açıqlamaları danışıqlar prosesini pozmaq cəhdidir. Əslində, bu cəhd deyil, düşünülmüş siyasətdir. Nikol Paşinyan hələ ötən il BMT Baş Assambleyasındakı çıxışında pozuculuq cəhdlərinə başladı və ardınca onun Tehrana səfəri zamanı yerli ermənilər tərəfindən “Qarabağ Ermənistandır. Vəssəlam” şüarı qaldırıldı və selfi çəkildi. Bunun məntiqi sonu kimi də avqustun 5-də Xankəndidə bu şüar Ermənistanın baş naziri tərəfindən bir daha təsdiq olundu.

Üçüncüsü, Azərbaycan XİN-in bəyanatında BMT və ATƏT-in baş katiblərinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, eləcə də Minsk Qrupu üzvü ölkələrinin xarici işlər nazirlərinə ünvanlanmış məktublarından söz açılır. Həmin məktublarda “beynəlxalq ictimaiyyətin qəti mövqeyinin işğalçı Ermənistanın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli olduğu” qeyd edilib. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlanıb.

Bu o deməkdir ki, rəsmi Bakı Nikol Paşinyanın təxribatçı açıqlamalarına beynəlxalq təşkilatların reaksiya verməməsindən narahatdır. Həqiqətən heç bir beynəlxalq təşkilat konkret olaraq Nikol Paşinayanın danışıqlar prosesini pozan “Qarabağ Ermənistandır” açıqlamasına münasibət bildirmədi, bunun danışıqlara zərbə vurduğunu qeyd etmədi. “Qarabağ Ermənistandır” siyasəti anneksiyanın rəsmən etirafı deməkdir. Bundan sonra danışıqlara da ehtiyac qalmır. Təəssüf ki, beynəlxalq təşkilatlar bu təhlükəli gedişata “dur” deməyiblər. Tam əksinə, Minsk Qrupu həmsədrləri bəyanat yayaraq, Dağlıq Qarabağda qanunsuz keçirilən “yerli seçkilərin normal olduğunu” vurğuladı.

Buna baxmayaraq, Azərbaycan XİN-in bəyanatında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə etməsinə, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməməməsinə, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirinin Ermənistan baş nazirinin bəyanatına münasibət bildirərək, şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırıldığı vurğulanıb.

Həqiqətən, həm Rusiya XİN-in sözçüsü, həm də ABŞ səfiri mövzu ilə bağlı fikir bildiriblər, ancaq pozucunun ünvanını konkret göstərməyiblər və bəzi cümlələrində isə həmişə olduğu kimi, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymağa çalışıblar. Yəni Rusiya XİN sözçüsü və ABŞ səfiri bizim narahatlığımızı tam bölüşməyiblər, fikirləri yarımçıqdır.

Dördüncüsü, XİN-in bəyanatının əsas qayəsi son abzasların birində əks olunub: “Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsi cəhdi deməkdir. Nikol Paşinyan onu da birmənalı şəkildə dərk etməlidir ki, millətçi-təxribatçı dairələrin təzyiqi altında danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır”.

Bəyanatda “cəhd” sözündən bir neçə dəfə istifadə olunub. Paşinyanın açıqlamaları “danışıqlar prosesinin məhv edilməsi cəhdi” deyil, danışıqlar prosesinin məhv edilməsidir. “Danışıqlar prosesini tərk edən tərəf mütləq uduzacaqdır” cümləsi ilə də razılaşmaq çətindir. Ermənistan hakimiyyəti təxribatçı açıqlamalarına rəğmən, danışıqları tərk etmir və etməyəcək, tam əksinə, status-kvonun uzanmasına xidmət edən imitativ danışıqlar işğalçının maraqlarına cavab verir. İndiki vəziyyətdə danışıqları tərk etmək və ya imitasiyaya xidmət edən danışıqlara fasilə vermək barədə biz düşünməliyik. Ermənistan parlamenti Aprel savaşının nəticələri ilə bağlı komissiya yaradıb, ordudakı yeyintilərin və itkilərin səbəbkarları axtarılır, Azərbaycan Ordusu işğalçıya bir neçə “Aprel” yaşatsa, Ermənistan itkilərin səbəbkarını axtaracaq və bununla işğalçı dövlətdə gərginliyi artıracaq komissiyaların sayı da artacaq”.
XƏBƏR LENTİ
SORĞU