Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan həlli vacib suallar

Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanan həlli vacib suallarİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dünən yaydığı məlumat diqqətimi çəkdiyindən gecikdirmədən (http://belediyye.info/new/details/torpaqlardan-qanunsuz-istifade-hallari-arasdirilib-faktlar--6381.htm) bəzi məqamlara münasibət bildirməyi özümə borc bilirəm.

***

Cənab Prezident İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin təyinatı üzrə istifadəsi, bu sahədə pozuntuların aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqları canla-başla icra edildiyini dilə gətirən Əmlak Məsələləri Dövlət Xidməti kaş ki üç istiqamət üzrə, özü də ayrı-aryı rayonlarda olan regional idarələrin birləşdirilməsi məsələsinə də bir aydınlıq gətirəydi. Yəni bir qurumun üç istiqamət üzrə saysız-hesabsız regional idarələri formalaşdırılıb. Bu fikri önə çəkməklə biz regional idarəetməyə keçidn əleyhinə deyilik. Əksinə araşdırma və yazılarımızda daim bu ideyanın daha geniş miqyas almasının tərəfdarıyıq. İradım onadır ki, bu cür regional idarəetmə qəbul edilən deyil. Əslində idarətemədə optimallaşdırılmanın aparılmasında əsas meyar vətəndaş məmnunluğunun təminatı dayanır. Əgər qəbul edilən qərar buna yönəlmirsə demək qərar düz verilməyib.

Ən acınacaqlı məqam ondadır ki, müşahidələrimiz göstərir ki, bu qurumların, yəni mövcud regional idarələrin heç biri digərini qəbul etmir. Qısası qurumlar arası əlaqələr sıfır həddindədir desəm, yəqin ki, yanılmaram.

Fikir verin misal olaraq bir regional idarəyə toxunaq:

İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə Ərazi Şöbəsi -əhatə etdiyi rayonlar -Bərdə, Ağdam,Tər-tər, Naftalan, Goranboy.
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Reyestr Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi - əhatə etdiyi rayonlar -Bərdə, Ağdam,Tər-tər,Naftalan, Goranboy.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsi - əhatə etdiyi rayonlar -Mingəçevir, Ağdaş, Yevlax, Bərdə, Tərtər, Ağdam.

Olmazmı bu idarələr, hətta idarə içində olan “idarə”lər ləğv edilsin və yenidən təşkil edilməklə şəffaflıq təmin edilmiş olsun. Misal olaraq Goranboy rayonunun ucqar kənd sakini bir sənədin həll edilməsi üçün həm Bərdə şəhərinə, həm də Mingəçevir şəhərinə üz tutmalıdır. Amma xidmət əməkdaşları deyə bilərmi ki, vətəndaş bu sənədlərin həlli üçün necə dəfə bu şəhərlərdəki idarələrə ayaq basmalıdır. Odur ki, vətəndaşın həyətyanı torpaq sahəsini əldə etməklə bağlı bələdiyyəyə müraciətindən sonra əldə etmək istədiyi torpaq sahəsinin "kupçasnı" və bununla bağlı prosesin niyə aylarla, hətta bəzən illərlə çəkdiyinə də xidmət əməkdaşları cavab versəydi yaxşı olardı. Torpaq alarkən vətəndaşın necə zülm çəkməsinə səbəb olan, bələdiyyənin isə ikiqat problemlə üz-üzə qoyan Xidmət niyə bu günədək bələdiyyələrin mülkiyyətinə torpaq və əmlak verməyib? Nəyi gözləyir. Axı bütün bunlarla bağlı Prezident Fərman və Sərəncamları hələ 1999-cu ildə imzalanıb. Üstəlik bu proseslərin onlayn şəklidə icrası, şəffaflığın təmin edilməsi, hərrac prosesindəki natamamlığın olması həqiqətən narahatlıq doğuran amillərdəndir. Maraqlıdır, əvvələr hərrac komissiyasının beş üzvü olduğu halda indi onun dörd üzvünün olmasını kim müəyyən edib. Hərrac komissiyasının beşinci üzvü kimi çıxış edən vətəndaş cəmiyyətinin təmsilçisini (və ya rayon ictimaiyyətinin nümayəndəsi) siyahıdan kim çıxarıb. Ümumiyyətlə, təhlillər göstərir ki, hərrac komissiyaların fəaliyyətinə yenidən baxılmasına zəruriət var.

Bundan başqa pay torpağını örüş sahəsinə çevirən, hətta kəndlərin, şəhərlərin mərkəzini belə örüş sahəsi kimi qeyd edən, örüş sahələrini də kateqoriyaya aid edib müəyyən maraqlar güdən, maraqlıdır, kimlərdir? Bələdiyyə sədrləri ya xidmət əməkdaşları?

Bir çox hallarda bələdiyyə ərazisini dövlət mülkiyyəti hesab edən, bələdiyyələrə iki dəfə rüsum ödətdirən bir qurum nə vaxt sakinlərin, Azərbaycan vətəndaşlarının real olaraq məmnunluğunu qazanmağa səy göstərəcək. Bilmək maraqlı olardı.

Üstəlik, iyirmi ildir min bir bəhanə ilə paytaxt bələdiyyələrinə mülkiyyətə torpaq sahəsi ayrılmırsa, əraziləri tanıdılmırsa Xidmətin fəaliyyətinə necə qiymət verək. Bu gün bələdiyyələrə xəritələri təsdiq edilib verilmədiyindən bələdiyyə öz ərazisini nə məhkəmə qarşısında, nə Bakı Nəqliyyat Agentliyi qarşısında, nə Dövlət Reklam Agentliyi qarşısında, nədəki Ekologiya və Təbii sərvətlər nazirliyi qarşısında isbat edə bilmədiyindən milyonlarla manat maliyyə vəsaiti itirir, məhz İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyəti nəticəsində. Nəticə də isə sakinlərin qaldırdığı problemlər vaxtında öz həllini tapmır və narazılıqlar, inciklliklər və problemlər yaşanır.

Başqa bir tərəfdən Abşeron, Binəqədi, Sabunçu rayonlarında zəbt edilmələri həvəslə deyən xidmət əməkdaşları axı bununla özünü “yeni Amerika” açmış kimi göstərməməlidir. Çünki bu proseslərdə, habelə problemin bu şəkil almasında xidmətin də öz günahı və öz məsuliyyəti var. Hər halda etiraf edilsəydi daha məqsədəuygun olardı.

***

Son olaraq qeyd etmək istərdim ki, biz cənab Prezident İlham Əliyevin atdığı bütün addımları dəstəkləyirik. İlham Əliyev Ali Baş Komandan kimi ötuz illik mücadilədən sonra Qarabağ problemini birdəfəlik həll etməklə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdrımış oldu. Və bu gün Azərbaycan məhz İlham Əliyevin sayəsində Qafqazda söz sahibidir. Bu reallığı heç bir Azərbaycan vətəndaşı dana bilməz.

Sözsüz ki, sadaladığımız mövcud problemlər inkişafa maneə yaratmır.

Ancaq bizdə vətəndaş cəmiyyətinin təmsilçisi olaraq idarəetmədə öz yeri olan bir qurumun qarşılaşdığı problemi qaldırmaqla onun tezliklə həll edilməsini və ölkəmizin daha yüksək inkişafa nail olmasını istərdik. Məhz əsas məqsədimiz də elə budur.

Odur ki, düşünürəm ki, şəxsinə hörmətim olan Mikayıl Cabbarov qaldırılan məsələlərə reaksiya verməklə onların aradan qaldırılmasına yardımçı olacaqdır. Məhz hörmətli Mikayıl Cabbarovun müdaxiləsindən sonra vətəndaşlarda və on beş minlik bələdiyyə üzvlərində narazılıq yaradan məqamların aradan qaldırlacağına tam əminəm.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin sədri