BMT İranla bağlı həyəcan təbili çalır: Vəziyyət kritikdirBMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı İranda vəziyyətin kritik olduğunu bildirib.

Avrasiya.net xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“İranda həftə sonu iki uşaq da daxil olmaqla etiraz aksiyaları nəticəsində ölənlərin sayının artması və təhlükəsizlik qüvvələrinin sərt reaksiyası ölkədə kritik vəziyyətin olduğunu göstərir”, - deyə təşkilatın insan haqları üzrə komissarı Volker Türk bildirib.

Komissarlıq (OHCHR) indiyədək 300-dən çox insanın, o cümlədən 40-dan çox uşağın həlak olduğunu açıqlayıb. Ölənlərin sayının artacağı istisna edilmir.

22 yaşlı Məhsa Əmininin İranın əxlaq polisinin nəzarəti altında vəfat etməsindən sonra başlayan etirazlar tezliklə genişmiqyaslı iğtişaşlara çevrilib.
"YAP-ı müstəqilliyimizlə həmyaşıd hesab etmək olar"Çağdaş dünyamızda istənilən ölkənin siyasi, iqtisadi, hərbi, mədəni həyatının idarə olunması üçün ilk növbədə hakim siyasi təşkilat, iqtidar partiyası lazımdır. Bizim ölkəmizdə bu missiya ötən gün 30 illik yubiley tədbirinə qatıldığımız Yeni Azərbaycan Partiyasının (YAP) üzərinə düşür. Bütün müxalifət partiyaları kimi biz də Milli Həmrəylik Partiyası olaraq YAP-ın fəaliyyətini yaxından izləyirik. YAP ölkəmizin ən keşməkeşli dönəmində, müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və xeyir-duası ilə siyasi həyata vəsiqə qazanıb. Bu partiyanı müstəqilliyimizlə həmyaşıd partiya hesab etmək olar.

30 illik fəaliyyətini qeyd etmək üçün veteranları ilə, gənc üzvləri ilə, yerli və xarici qonaqları ilə dünən bir araya gələn Yeni Azərbaycan Partiyasının yubiley törəninə müxalifət partiyalarının nümayəndələri də dəvət olunmuşdu. Bu da son vaxtlar ölkədə həyata keçirilən siyasi islahatların, formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın və davam etdirilən siyasi dialoq kursunun nəticəsində təşəkkül tapmaqda olan yeni siyasi ənənələrdən biri kimi qiymətləndirilməlidir.

YAP əvvəllər öz tədbirlərinə müxalifət nümayəndələrini dəvət etmirdi. Çünki iqtidar-müxalifət münasibətləri elə də hamar deyildi. Ramiz Mehdiyev-Əli Həsənov “ittifaq”ı hakim partiya ilə müxalifət qüvvələri arasında daim gərgin münasibətlərin hökm sürməsinə çalışırdı. Lakin Prezident İlham Əliyevin həyata keçirdiyi kadr dəyişiklikləri və siyasi islahatlar siyasi açılıma, siyasi dialoqa yol açdı, iqtidar-müxalifət münasibətlərində yumşalmalar müşahidə olunmağa başladı, ölkədə yeni siyasi mədəniyyət formalaşdı. Hakim partiya müxalifət partiyaları ilə təmas və əməkdaşlıq kursuna start verdi. Məhz bütün bunların nəticəsi kimi bu yaxınlarda YAP-ın təşkilatçılığı ilə mədəniyyət paytaxtımız Şuşada keçirilən beynəlxalq konfransa da müxalifətin nümayəndələri dəvət olunmuşdu.

Biz YAP-ın yeni siyasi kursunu, siyasi açılımını alqışlayırıq. İqtidar partiyası ilə müxalifət qüvvələri arasında əməkdaşlıq və uzlaşma mühitinin formalaşması doğrudan da çox təqdirəlayiq haldır. Dünənki yubiley tədbirinə müxalifət partiyalarının təmsilçilərinin dəvət olunması da bu mühitin formalaşmasına daha da təkan verən bir hadisə kimi qiymətləndirilməlidir. Ölkə Prezidenti və YAP-ın sədri cənab İlham Əliyevin müxalifət nümayəndələrinin də iştirak etdiyi yubiley tədbirində həm öz partiyadaşlarına, həm də bütövlükdə xalqımıza 30 il ərzində keçilən yol haqqında hesabat xarakterli çıxış etməsi olduqca müsbət tendensiyadır.

Biz əvəllər iqtidarın da, müxalifətin bir araya gəldiyi, rəqib siyasi liderlərin bir-birilə sivil ünsiyyət qurduğu məqamları yalnız qardaş Türkiyənin və Qərb ölkələrinin siyasi mühitində müşahidə edirdik. Ancaq indi oxşar proseslərin Azərbaycanın siyasi həyatına da yansıması bütün siyasi qüvvələr tərəfindən təqdir olunur, xoş qarşılanır. Bu mənada, ötən gün Heydər Əliyev Mərkəzində keçirilən YAP-ın yubiley tədbirində iqtidarla müxalifətin bir araya gəlməsini Azərbaycanda yeni siyasi dönəmin başlanğıcı kimi qiymətləndirmək olar.

YAP-ın bu toplantısı milli birlik, siyasi həmrəylik toplantısı idi. Prezident İlham Əliyevin yubiley tədbirindəki çıxışına da milli birlik, həmrəylik kontekstindən yanaşmaq lazımdır. Vətən Müharibəsi barədə danışan dövlət başçımız Qələbə qazanmağımızda da milli birliyin nə qədər əhəmiyyətli rol oynadığını xüsusi olaraq qeyd etdi: “Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovdu. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir”.

Bu milli birliyi, vəhdəti bundan sonra da qoruyub saxlamalıyıq. Bu da həm Yeni Azərbaycan Partiyasından, həm də bizdən, bütün müxalifət qüvvələrindən asılıdır. YAP dünən 30 illik yubileyini milli birliyə xüsusi önəm verən partiya kimi, eyni zamanda qalib ölkənin qalib partiyası kimi qeyd etdi. Biz Milli Həmrəylik Partiyası olaraq həm Prezident İlham Əliyevi, həm də Yeni Azərbaycan Partiyasının bütün üzvlərini 30 illik yubiley münasibətilə ürəkdən təbrik edir və hakim partiyaya siyasi dialoqun dərinləşməsi, demokratik ənənələrin formalaşması və milli birliyin daha da möhkəmlənməsi istiqamətində uğurlar diləyirik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ailə başçısını itirənlərin pensiyası artırılır - 374 manatGələn il ailə başçısını itirməyə görə pensiyanın məbləğinin 374 manat olacağı proqnozlaşdırılır.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bu gün keçirilən iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən bildirib.

Onun sözlərinə görə, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək.
"Böyük bacı Fransa kiçik bacısını öz yanında görmək istəyib"Beynəlxalq Frankofoniya təşkilatının 54 üzvü, 7 assosiativ, 27 müşahidəçi üzvü var.

Təsisat “fransız dilinin birləşdirdiyi ölkələr arasında əlaqələndirmənin təşkili məqsədilə yaradılan institutsonal mexanizmdir”.

Amma yaranışdan hədəfi fransız dilinin, mədəni müxtəlifliyin populyarlaşdırılması, peşəkar kadrların hazırlanması, ali təhsil və elmi araşdırmaların dəyişdirilməsi olsa da, 2005-ci ildən, bilavasitə Fransanın təşəbbüsü ilə “əməkdaşlıq istiqamətləri”nin sayı artırılıb.

“Əməkdaşlıq istiqamətləri” siyahısına əlavə olunan sahələrdən biri də gender bərabərliyi ilə bağlıdır. Əgər Ermənistanda fransız dilinin öyrənilməsi ilə bağlı real mənzərəni nəzərə alsaq, o zaman sözügedən ölkənin Beynəlxalq Frankofoniya təşkilatına üzvlüyünü, yalnız gender bərabərliyi ilə əlaqələndirmək olar. Yəni böyük bacı Fransa kiçik bacısını öz yanında görmək istəyib, vəssalam. Çünki rəsmi statistikaya görə, Ermənistan məktəblərinin, orta ixtisas və ali təhsil müəssisələrinin 76%-də ingilis, 14%-də fransız, 10%-də isə alman dili tədris olunur.

Başqa bir statistik göstəriciyə əsasən, Ermənistanın 43 ümumtəhsil məkəbində tədris dili rusca olan sinflər var. Bundan başqa, Fransanın “kiçik bacı”sının ərazisində rus dilini dərindən öyrədən 63 məktəb də fəaliyyət göstərir. Fransız dilinin, sadəcə xarici dil kimi tədris olunduğu məktəblərin sayının yaxın bir neçə il ərzində 16-ya çatdırılması nəzərdə tutulub.

Bütün bunları mən demirəm, Ermənistan Təhsil nazirliyi rəsmi hesabatlarında açıqlayır. Və bütün bu göstəricilər, Ermənistanın Frankofoniya təşkilatına üzvlüyü üçün heç bir tutarlı əsasın olmadığını göstərir və təsdiqləyir ki, Fransa sözügedən təşkilata təsisatın nizamnaməsində elan olunan prinsiplər çərçivəsindən deyil, dünyadakı reallıqlarla və gerçək potensialı ilə uzlaşdıra bilmədiyi geosiyasi iddiaları müstəvisindən yanaşır. Eynilə BMT Təhlükəsizlik Şurasına, ATƏT-in cəhənnəmə vasil olmiş Minsk Qrupunun həmsədrlik instituna yanaşdığı kimi... Yanaşır, istəyir, həm də çox istəyir, amma... bacarmır. BMT Təhlükəsizlik Şurasında, ATƏT-in siyasi leksikondan kənara ifraz olunmuş Minsk Qrupunda bacarmadığı kimi, dominant rol aldığı Frankofoniya Təşkilatında da Azərbaycan əleyhinə iddialarını – sözünü keçirə bilmir. Banlayır, banlayır və... yenə banlayır.

BMT Təhlükəsizlik Şurasındakı oyunbazlıqlarından sonra ümidi Frankofaniya Təşkilatına qalmışdı, o da fayda vermədi. Fransa öz meydanında, öz evində, “arxa bağça”sı hesab etdiyi məkanda da rüsvayçılıqla məğlubiyyətə uğradı... İndi “kiçik bacı” Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) hansı durumdadırsa, Fransa Frankofoniya təşkilatında oxşar vəziyyətdədir.

Eıçin Mirzəbəyli
Fərhad Əhmədovdan haqqında yayılan xəbərlərə REAKSİYARusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov barəsində yayılan məlumatlara cavab verib.

Avrasiya.net xəbər verir ki, iş adamı rəsmi nümayəndəsi Nail Şahverdiyev vasitəsilə “Qafqazinfo”ya göndərdiyi müraciətdə barəsində olan iddiaları təkzib edib:

“Azərbaycan Respublikasında fəaliyyət göstərən kütləvi informasiya vasitələrində son günlər ərzində barəmdə həqiqətə uyğun olmayan məlumatlar dərc edilib və iti surətlə dərc edilməkdə davam etməkdədir. Belə ki, kütləvi informasiya vasitələrində mənim Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım, mənə məxsus evlərdə axtarışlar aparıldığı və “mənim casusluqda ittiham olunduğum” kimi absurd məlumatlar dərc edilib. Bildirirəm ki, mənim Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığım və ya mənə qarşı hər hansı bir ittihamın irəli sürüldüyü barədə məlumatlar həqiqətə uyğun deyil və təhqiqat və ya istintaq orqanlarına dəvət olunmaq cinayətdə ittiham edilmək demək deyil. Əfsuslar olsun ki, bu gün informasiya vasitələri gündəmdə qalmaq üçün mənim adımdan istifadə edir, adım ətrafında antireklam xarakterli yazıları və ümumiyyətlə mənə aidiyyəti olmayan uydurma işlər üzrə ittiham edildiyim barədə həqiqətə uyğun olmayan məlumatlar yayır”.

F.Əhmədov əlavə edib ki, Rusiya Federasiyasının vətəndaşı olması ilə yanaşı bir azərbaycanlı kimi istər əvvəllər mövcud olmuş siyasi fəaliyyətində, istərsə də biznes fəaliyyəti zamanı daim Azərbaycana qulluq edib:

“Cənab İlham Əliyevin siyasi kursunu öz imkanlarım çərçivəsində hər cür dəstəkləmişəm. Hazırda Azərbaycan dövləti və Azərbaycan xalqı üçün etdiklərimi sadalamaq istəmirəm və düşünürəm ki, bu haqda internet ehtiyatlarında kifayət qədər məlumat və materiallar mövcuddur. Hesab edirəm ki, qeyd edilən xarakterli yazıları dərc etməklə həmin kütləvi informasiya vasitələrinin məqsəd və niyyətləri mənə və məni tanıyan hər bir şəxsə məlumdur - məni xalqımın gözündə nüfuzdan salmaq, şərəf və ləyaqətimi, o cümlədən işgüzar nüfuzumu ləkələməkdir, hətta bəzi hallarda bu yazılar böhtan və təhqir əlamətlərini özündə əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir”.

F.Əhmədov barəsində yayılan məlumatlar təkzib edilməzsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyini əlavə edib.

Əli Əliyevə hökm oxundu - 3 il 6 ayProkuror Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

İttihama görə, Ə.Əliyev onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək xəsarət yetirib. Partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Qeyd edək ki, VİP sədri Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

Ə.Əliyev Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

***

Vətəndaş İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökm Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
İranın Ermənistandakı səfiri: “Zəngəzur Tehran üçün mühüm rol oynayır”Ermənistanın baş prokuroru Anna Vardapetyan noyabrın 22-də İranın bu ölkədəki səfiri Abbas Badaşxan Zohurinin başçılıq etdiyi İran nümayəndə heyəti ilə görüşüb.

Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Vardapetyan iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirib və əmin edib ki, səmərəli qarşılıqlı fəaliyyət əsasında bu, genişlənəcək və yeni keyfiyyət alacaq.

Zohuri isə qeyd edib ki, Ermənistan və İran arasında 3000 illik tarixi və mədəni əlaqələr bütün istiqamətlərdə əlaqələrin inkişafı üçün yaxşı əsasdır və bunu xüsusilə son illərdə müşahidə etmək olar.

Səfir vurğulayıb ki, Ermənistanla münasibətlər İran üçün prioritetdir və onların qarşılıqlı olması iki ölkənin liderləri tərəfindən təsdiqlənib.

İranın Qafanda konsulluğunun açılmasının yüksək qiymətləndirilməsinə cavab olaraq Zohuri bildirib ki, Sünik (Zəngəzur-red.) bölgəsi Tehran üçün mühüm rol oynayır.

"O vurğulayıb ki, heç bir dövlətin regiona qarşı iddiası olmamalıdır", - məlumatda deyilir.

Vardapetyan və Zohuri həmçinin məhkumların ekstradisiyası, hüquqi yardım, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq kimi məsələləri də müzakirə ediblər.

Dünən məlum olub ki, Ermənistan və İran Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub.

Qərbi Azərbaycanda çoxlu yaralı var: dərman çatmırQərbi Azərbaycan əyalətinin cənub şəhərlərində qan və dərman çatışmazlığı yaranıb.

Axar.az xəbər verir ki, bu barədə İran insan haqları təşkilatları və sosial şəbəkə fəalları məlumat yayıb.

Məlumatda əyalətin Soyuqbulaq (Mahabad), Xana (Piranşəhr) və Bukan şəhərlərinin xəstəxanalarına çox sayda yaralı yerləşdirildiyi üçün serum, antibiotik və sarğı ləvazimatları qıtlığı yarandığı bildirilir.

Qeyd edək ki, son 34 gündə hökumət qüvvələrinin adı çəkilən şəhərlərdə etirazçılara qarşı odlu silahdan istifadə etməsi nəticəsində çox sayda insan ölüb və yaralanıb.

İranda öldürülənlərin sayı 434-ə qalxdıEtiraz aksiyaları başlayandan bu günə kimi İran hökumət qüvvələri tərəfindən öldürülən etirazçıların sayı 434-ə çatıb.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Öldürülənlərdən 60-ı azyaşlıdır.

Bildirilir ki, 68 gündür davam edən nümayişlərdə 17.473 nəfər saxlanılıb.

“Züleyxa”nın həbs xəbəri doğru çıxdıİranlı məşhur aktrisa Katayun Riahi ölkədə hökumət əleyhinə etirazlara qoşulduğuna və sosial şəbəkə hesabında ictimai yerlərdə hicabını açdığını əks etdirən videolar paylaşdığına görə həbs olunub.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, noyabrın əvvəlində saxlanılan aktrisa ölkədəki iğtişaşları qızışdırmaqda, həmçinin müxalif qüvvələrdə əlaqə saxlamaqda ittiham olunur.

Bundan öncə onun saxlanılması barədə xəbərlər yayılsa da, rəsmən təsdiqlənmirdi. İRNA agentliyi aktrisanın həbs xəbərinin doğru olduğunu yazıb.

Bundan sonra onun pərəstişkarları küçələrə axın edərək, “Katayun Riahiyə azadlıq” şüarlarını səsləndirib, sənətçinin azadlığa buraxılmasını tələb ediblər.

Qeyd edək ki, Katayun Riahi Yusif peyğəmbərin həyatından bəhs edən serialda Züleyxa obrazı ilə məşhurluq qazanıb.