Bakıya 220 min miqrant gəldi: evlər bahalaşırRəsmi statistikaya əsasən, son 9 ay ərzində Azərbaycana gələn miqrantların sayı 220 084 nəfərdir. Onların əksəriyyəti bir vaxtlar qazanc dalınca getmiş həmvətənlilərimiz, müharibə və sanksiyalardan sarsılmış Rusiya və Ukrayna vətəndaşlarıdır.

Avrasiya.net xəbər verir ki, bu barədə rəsmi açıqlamada bildirilib.

Miqrasiya üzrə ekspert Azər Allahverənov İTV-yə deyib ki, 220 min miqrantın 116 mini Rusiyanın payına düşür:

“Yəni həmin vəziyyət Rusiya vətəndaşlarının Azərbaycana gəlməsi və qeydiyyata alınması kimi xarakterizə edilə bilər. Son 2 ay ərzində İrandan Azərbaycana gələn çoxsaylı şəxslərin olduğu da bildirilir”.

Qeyd olunub ki, miqrantların paytaxt Bakını seçməsi yollardakı tıxacların artmasının səbəblərindən biri hesab edilir. Hətta yollarda xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərin də sayı artıb.

Miqrantların artması Bakıda mənzillərin qiymətinin 10 faiz artmasına səbəb olub.

Təhlilçilərə görə, əgər miqrantlar bir neçə ay əvvələ qədər kirayə mənzillərə maraq göstərirdilərsə, indi mənzil almaq niyyətinədirlər.
Səmərqənd Zirvə görüşündə Azərbaycan lider statusunda 11 noyabr tarixində Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə iştirak etmişdir. Qeyd edək ki, son vaxtlar Azərbaycan-Özbəkistan ikitərəfli münasibətləri getdikcə daha da dərinləşit, genişlənir. Son 7 ayda Prezident İlham Əliyev üç dəfə Özbəkistana səfər edib: aprel ayında dövlət səfəri, sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə Görüşü və noyabrda Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü. Səfərlər zamanı aparılan müzakirələr onu göstərir ki, Azərbaycan-Özbəkistan əlaqələri daha da yüksək səviyyəyə qalxmışdır.

Tədbirdə çıxışı edən dövlət başçısı cənab İlham Əliyev bildirdi ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.

İlham Əliyev Türk dünyasının böyük bir ailə olduğunu vurğuladı. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.

Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.

Dövlət başçısının diqqət çəkdiyi əsas məsələlərdən biri də xaricdə yaşayan gənclərlə bağlı oldu. Gənc nəslin yaşadıqları digər ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır.

Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik.
Qarabağ və Zəngəzur dəhlizi. Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, tarixi ədalət və beynəlxalq hüquq bərpa olundu. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.

Cənab Prezident bildirdi ki, otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar. Ermənistan işğal zamanı 67 məsciddən 65-ni yerlə-yeksan edib, qalan 2 məscid isə ciddi zərər görüb və donuz, inək saxlanılması üçün istifadə olunub. Bu, bütün müsəlman dünyasına təhqirdir. İslamofobiya və türkofobiya Ermənistanın rəsmi ideologiyasının bünövrəsini təşkil edir. Ermənistan işğal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən ötən iki il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb.

Hal-hazırda işğaldan azad olunmuş torpaqlarımızda sürətli quruculuq işləri davam edir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq. Bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər.

İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikiləcək, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunacaqdır.

Davamlı erməni xislətinə diqqət çəkən İlham Əliyev bildirmişdir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu.

Dünya ictimai rəyini çaşdırmaq üçün Ermənistan əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu iddialar əsassızdır. Azərbaycan ordusu öz torpaqlarında vuruşub və Ermənistan ordusunu məğlub edib. Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq.

Oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyanatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsinin nəticələrinin təkcə Azərbaycan üçün deyil, eləcə də region üçün önəmindən danışdı. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.
Biz bir daha Səmərqənd sammitində Azərbaycan Respublikasının və Prezident İlham Əliyevin dünya üçün, region üçün, xüsusən də türk dünyası önəminin şahidi olduq.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri
MEDİA yeni müsabiqə elan etdiMedianın İnkişafı Agentliyi onlayn media subyektlərinə və çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edib.

MEDİA-dan Avrasiya.net-ə verilən məlumata görə, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Eyni zamanda Media Reyestrinə daxil edilmiş ictimai-siyasi qəzetlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin yekununda qalib elan edilmiş qəzet redaksiyaları ilə Agentlik arasında maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur.

Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15000 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3000 manat (əsaslı yenilənmə niyyəti ifadə edilmişdirsə, ilk ay 5000 manat olmaqla) məbləğində maliyyə yardımı göstərilir.
"Uşaqlara aşağı yaşlardan təbiətə sevgi hissi aşılamalıyq"- Təhsil eksperti"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində noyabrın 11-də Şirvan şəhəri T.Bağırov adına 11 saylı tam orta məktəbdə "Müasir İKT ilə uşaq və yeniyetmələrdə canlı aləmə sevgi aşılamağın yolları" mövzusunda məktəblilərin iştirakı ilə tədbir keçirilib.

Təbdirdə çıxış edən "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri Elman Cəfərli bildirib ki, son illər dünyada ekoloji tarazlığın pozulması ciddi fəsadlar yaradıb. Su mənbələrinin quruması meşələrin keçəlləşməsinə, iri sənaye şəhərlərində yaşıllıqların məhvi, çoxillik ağacların kəsilməsi hava çirkliliyinin artmasına səbəb olub.

"Təbii ehtiyatlardan israfçılıqla istifadə, ayrı-ayrı işbazların tez varlanma hərisliyi üzündən yaşıllıqlar, canlı aləm məhv edilir, ekoloji tarazlıq pozulur. Ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolu ölçüyəgəlməz dərəcədə böyükdür.

Təbiətin mühafizəsinin gücləndirilməsində, bununla bağlı maarifləndirmə işinin genişləndirilməsində ictimai fəalların, KİV-in gənc nəslin tərbiyəsi ilə məşğul olan pedaqoqların üzərinə mühüm vəzifələr düşür.

Ekoloji tərbiyə ətraf mühitin dərk olunması və təbiətə qayğı ilə yanaşmanın formalaşması proseslərindən keçir. Hədəf qrupu olaraq məktəbliləri seçməkdə məqsədimiz odur ki, ekolji tərbiyənin erkən yaşlardan başladığını düşünürük.

Hesab edirik ki, ekoloji tərbiyə ilə gəncləri doğma torpağı və təbiəti sevməyə, ətraf mühitə biganəlikdən qaçmağa öyrədə bilərik. Təbiət güclüdür, ancaq bu güc tükənməz deyil. İnsan kiçik yaşlarından dərk etməlidir ki, torpağın, havanın və suyun çirklənməsi insan həyatı üçün təhlükə yaradan ekoloji fəlakətə səbəb ola bilər"-deyə, o, bildirib.

Layihə rəhbəri deyib ki, ekoloji maairfləndirmədə hər kəs aktiv rol oynamalıdır: "Ətraf mühitə laqeyd qalmayan, məsuliyyətli, duyarlı vətəndaş vətəndaş yetişdirmək ağır və çətin prosesdir. Əlbəttə, tərbiyə ailədən başlanır. Öncə valideyn övladını təbiətə qayğı ilə yanaşmağı, ətraf mühitə duyarlı olmağı öyrətməlidir.

Sonra məktəbdə bu proses davam etməlidir. Biz layihənin sonundan aidiyyati dövlət qurumlarına, Milli Məclisin təhsil komitəsində müraciət etməyi düşünürük. Məktəblərdə ekoloji bilgilər verən fənnlər və ya məşğələlər tədris proqramına salınmalıdır.

Aşağı sinif şagirdlərinin təbiət qoynuna ekskursiyaları təşkil olunmalıdır. Erkən yaşlarında uşaqlara ağac kəsməyin, yaşıllıqları məhv etməyin, ətrafı zibilləməyin yanlış olduğu başa salınmalıdır. Tətil günlərində məktəbli könüllülər ağacəkmə, yaşıllıqlara qulluqetmə aksiyalarına cəlb edilməlidir".

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər və ibtidai təhsil" elmi jurnalının baş redaktoru Böyükağa Mikayıllı bildirib ki, müasir informasiya kommunikasiya texnologiyalarının köməyi ilə uşaq və yeniyetmələrdə canlı aləmə sevgi aşılamağın yolları tapılmalıdır: "Smartfon dövründə yaşayırıq. Bütün şagirdlər, məktəb yaşlı uşaqlar sosial şəbəkələrə qoşulmaq imkanı var. Uşaq və yeniyetmələrdə canlı aləmə sevgi aşılayan cizgi filmləri, video-kitablar yaradıb sosial şəbəkələrdə paylaşmaq lazımdır".

Ümumilli lider Heydər Əliyevin təbiətə qayğı göstərməyin zəruriliyi ilə bağlı sitatlarını xatırladan Böyükağa Mikayıllı son illər iri sənaye şəhərlərində yaşıllıqların artdığını bildirib. "Şirvana 20 ildir gedib gəlirəm, artıq hər tərəf yam-yaşıldır. 90-cı illərdə belə deyildir"-deyə, o, bildirib.

Böyükağa Mikayıllı Məktəblilərə Avropa ölkələrinin təcrübəsindən danışıb: "Bir həftə öncə Polşanın Qdansk şəhərindən qayıtmışam. Hər tərəf yan-yaşıl, tər-təmzidir. Orada küçədə bir pişik, it tapa bilməzsiniz. Heyvanlar evdə saxlanılır. Bizdə də son illər küçə heyvanlara qayğı hissləri güclənib. Canlı aləmə, heyvanlara sevgi hissi erkən yaşlarından başlanılmalıdır.

Şagirdə canlı aləmə sevgi hissi erkən yaşlarından aşılansa o, küçədə heyvanları daşlamayacaq, ağacın budağını qırmayacaq, ətrafı zibilləməyəcək".

Böyük alim Stiven Hovginqin "Bəşəriyyətin cəmi 800 il ömrü qalıb" fikrini xatırladan Böyükağa Mikayıllı bidlrib ki, dünyanın ömrünü uzatmaq insan oğlunun öz əlindədir: "O, bəşəriyyətin qorunması uğrunda ən böyük mübarizlərdən biri idi. Təbiəti qorumaq bizim öz əlimizdədir.

İnsan oğlu zavodları, istehsal müəssislərini normal işlətsək, meşələri kəsməsək, su mənbələrini israfçılıqla qurtmasaq 800 ildən də çox yaşaya bilərik. Bu gün uşaqlara təbiətə sevgi hissi aşılamalıyq ki, o gələcəkdə, iş adamına çevriləndə ətraf mühiti qorusun".

Təbdirdə məktəbliləri maraqlandıran suallara cavab verilib. Onlar layihə haqqında görüləcək işlərlə bağlı məlumatlandırılıb. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Naziliyinin regional İdarəsinin sektor müdiri Rafiq Məhərrəmov və qurumun baş məsləhətçisi Vüqar Nəzərov iştirak ediblər.
İstanbulda partlayış törədən qadından etirafİstanbulda baş verən partlayışla əlaqədər saxlanılan şəxsin kimliyi məlum olub və o, PKK ilə əlaqəsi olduğunu etiraf edib.

Bu barədə İstanbul polis idarəsindən bildirilib.

Vurğulanıb ki, Ahlam Albashır Suriya əsillidir.

Qeyd edək ki, dünən İstanbulda baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır.Qədim tarixə, eyni zamanda etnik kökə və ortaq dinə sahib olan Türk Dövlətləri Təşkilatına daxil olan respublikalar arasında münasibətlər son illər inkişaf etməkdədir. Qeyd etməliyik ki, təşkilata daxil olan respublikaların əksəriyyəti müstəqillik qazanmadan öncə uzun illər Sovet imperiyasının tərkibində olmuş və bu amil türkdilli dövlətlər arasında dostluq münasibətlərinin inkişafına böyük təsir etmişdir. Sovet imperiyasının dağılmasından sonra öz müstəqilliklərini bərpa etmiş türkdilli respublikalar arasında sovet dönəmində mövcud olmuş dostluq və qardaşlıq münasibətlərində yeni bir səhifə açılmışdır.

Xüsusi olaraq qeyd etməliyik ki, müstəqillik əldə etdikdən sonra bu münasibətlərin inkişafında Ulu Öndər Heydər Əliyevin fəaliyyəti xüsusi rol oynamışdır. Sonrakı illərdə bu münasibətlərin daha da inkişafı və yeni mərhələyə qədəm qoyması isə cənab Prezident İlham Əliyevin adı ilə bağlı olmuşdur. Bildiyimiz kimi Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən birini təşkil etməkdədir.

Məhz bu siyasətin məntiqi nəticəsidir ki, son 7 ay ərzində Dövlət Başçımız 3 dəfə Özbəkistan Respublikasına səfərə getmişdir. Möhtərəm Prezident İlham Əliyev cənablarının 11 noyabr 2022-ci il tarixdə Özbəkistana növbəti səfəri və Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirakı bu baxımdan böyük önəm kəsb etmişdir. Zirvə Görüşündə çıxış edən cənab Prezident Azərbaycan-Ermənistan münasibətlərindən, postmüharibə dövründən də bəhs edərək bildirmişdir ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi isə təkcə ölkəmiz üçün deyil ümumilikdə türk dünyası üçün əlaqələrin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edir və Türk coğrafiyasının birləşməsi baxımından tarixi hadisə olacaqdır. Bununla yanaşı xüsusi olaraq qeyd etməliyik ki, mövcud geosiyasi vəziyyət türk dövlətlərinin bütün sahələrdə əməkdaşlıq imkanlarının daha da artırılmasını vacib edir. Qeyd etməliyik ki, səfər çərçivəsində türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər də imzalandı.

Son illər türk dövlətləri arasında əlaqələr əhəmiyyətli dərəcədə güclənməkdədir. Qarşılıqlı əlaqələrin genişlənməsi ümumilikdə türk dövlətlərinin birliyinin daha da güclənməsinə xidmət edir. Ötən il Türkiyədə keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə təşkilatın adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) adlandırılması, qəbul edilən önəmli qərarlar, nəzərdə tutulan perspektiv layihələr türk birliyinin uğurlu gələcəyindən xəbər verir. Qarşılıqlı səfərlər və əldə edilmiş razılıqlar əsasında imzalanmış sənədlər Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin və xalqların mənafelərinə xidmət etməklə yanaşı, inanırıq ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
DTX İranın xüsusi casus şəbəkəsini ifşa etdi - Videoİran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycan Respublikasına qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumat yayıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilib ki, Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Zahir Fəxrəddin oğlu Əsgərov İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində adıçəkilən ölkənin xüsusi xidmət orqanı nümayəndələri tərəfindən məxfi əməkdaşlığa cəlb edilmişdir. O, ötən dövr ərzində onların tapşırığı ilə Azərbaycan Respublikasının suverenliyi və müdafiə qabiliyyətinin zərərinə istifadə etmək üçün xarici dövlətlərin ölkəmizdə fəaliyyət göstərən şirkət və nümayəndəlikləri, Xəzər dənizində Hərbi Dəniz Qüvvələrinin keçirdiyi təlimlərin yeri və vaxtı, neft platformalarına daşınan yüklər barədə məlumatlar toplamışdır. Zahir Əsgərov sözügedən məlumatları mobil telefon vasitəsilə, eləcə də İranda həmin şəxslərlə görüşlər zamanı bilavasitə təqdim etməklə casusluq formasında dövlətə xəyanət etmişdir.

Başqa bir araşdırma ilə müəyyən edilmişdir ki, Elnur Akif oğlu Rəsulov 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü “Meyse” və “Doktor” adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşmişdir. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində “Texnofest” Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini Vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərmişdir.

Eyni zamanda müəyyənləşdirilmişdir ki, digər Azərbaycan Respublikası vətəndaşı Ağazadə Bəxtiyar Rafiq oğlu dini təhsil almaq üçün İran İslam Respublikasında olarkən orada həmin ölkənin xüsusi xidmət orqanının nümayəndələri ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa başlamış, onların tapşırığı ilə xarici dövlətlərin Azərbaycanda fəaliyyət göstərən nümayəndəlikləri, ölkədə baş verən ictimai-siyasi proseslər, hərbi hissələr, onların yerləşdiyi yerlər və təyinatları, o cümlədən komanda heyəti barədə əldə etdiyi məlumatları toplayaraq İran xüsusi xidmət orqanına verməklə dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr yaranmışdır.

Həmçinin müəyyən edilmişdir ki, Cəfərzadə Mirhafiz Mirisaq oğlu İran xüsusi xidmət orqanlarının nəzarəti altında törətdiyi cinayət əməllərinə görə 2018-ci ildən barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Məmmədov Orxan Kəmran oğlunun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə verdiyi tapşırıqların yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərərək hərbi təyinatlı obyektlərin yerləşdiyi əraziləri dəqiqləşdirməklə onların lokasiyasını və digər məlumatları Teleqram tətbiqi sistemi vasitəsilə sonuncuya göndərmişdir.

Azərbaycan Respublikasının vətəndaşları Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmuşlar.

Araşdırmalar zamanı İran xüsusi xidmət orqanının tapşırığı əsasında fəaliyyət göstərən, barələrində olan cinayət işləri üzrə məsuliyyətdən yayınaraq İranda gizlənən Tohid İbrahimbəyli, Orxan Məmmədov, Elşad Hacıyev və digərləri tərəfindən təsir dairəsində saxlanılan Azərbaycan vətəndaşlarının üzv kimi cəlb edildiyi “Müzakirələr”, “Elanlar” və digər adlar altında Vatsap tətbiqində yaradılmış qapalı qruplar ifşa edilmişdir. Məlum olmuşdur ki, bu qruplar vasitəsilə müasir beynəlxalq hüquqla tanınan insan hüquqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına zidd, Azərbaycanda dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyaların yayılması həyata keçirilmişdir.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda 38 yaşlı qadın intihar edibBakıda 38 yaşlı qadın intihar edib.

Hadisə noyabrın 11-də paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Nurlanə Nəsirova yaşadığı evin tavanına bərkidilmiş iplə özünü asıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N.Nəsirova evli idi, bir uşağı var.
Ruslar çoxlu silah-sursat qoyub qaçdılarRus qoşunları Dnepr və Xersonun sağ sahilindən qaçdıqdan sonra təchizatda çox böyük problemlərlə üzləşiblər, bu da tezliklə onların müdafiə sisteminin tamamilə dağılmasına səbəb ola bilər.

Bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.

"Ruslar sağ sahildən qaçaraq orada böyük miqdarda texnika qoyublar. Onları daşımağa, sol sahilə evakuasiya etməyə sadəcə vaxtları olmayıb", - o bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya Ukraynanın cənubundakı bölmələrini Krım körpüsü üzərindən cəmi bir dəmir yolu xətti ilə silahla təmin edir:

"Nəticədə, qabaqcıl bölmələr üçün dəstək sisteminin deqradasiyası indi sol sahildə görünməyə başlayır. Ukrayna Silahlı Qüvvələri cənubda, hətta müvəqqəti işğal olunmuş Krımın şimal-qərbində yerləşən rus mövqelərini də atəşə tutmağa başlayır".
"Yeni dünya düzənində türk birliyi önəmlidir"İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir.

Qloballaşan dünyada milli kimliyin qorunması, tarixi köklərə bağlılıq xalqların mövcudluğu baxımından strateji əhəmiyyət daşıyır. Yeni dünya düzənində türk birliyi, türkdilli dövlətlərin yaxınlaşması və əməkdaşlığı təhlükəsizliyin təmin edilməsi baxımından da önəmlidir. Türk Dövlətləri Təşkilatı bu tarixi missiyanın təmin olunması baxımından olduqca funksional təsir bağışlayır. 11 noyabr 2022-ci il tarixdə Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə görüşü keçirilmişdir.

Türk Dövlətləri Təşkilatı 2021-ci ildə yeni status qazandıqdan sonra ilk Sammitini Səmərqənddə keçirib. Ortaq tarix, ortaq dil və ortaq mədəniyyət kimi 3 əsas sütun üzərində qurulmuş Türk Dövlətləri Təşkilatı ilk yarandığı zaman 4 üzv ölkəsi Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda bu gün artıq təşkilatda 5 üzv və 2 müşahidəçi türk dövləti var. Səmərqənddə keçirilən 9-cu Zirvə görüşü 200 milyona yaxın insanı əhatə edən böyük bir coğrafiya üçün əhəmiyyətli hadisədir. Dünyanın mövcud geosiyasi vəziyyətində dünyada mövcud olan türk dövlətlərinin vahid təşkilatda birləşməsi olduqca vacibdir. Bu təşkilat bütün türk dövlətlərinin bir-birinə yaxınlaşmasını və birliyini təmsil edir.

Səmərqənd Sammiti eyni zamanda türk dövlətlərinin müəyyən sahələrdə birgə addım atmalarını təmin etməklə əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxaracaqdır. Keçirilən Sammitdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Türk Dövlətləri Təşkilatının fəaliyyətinin əhəmiyyətindən, son dövrlərdə qarşılıqlı əməkdaşlığın inkişafından və Azərbaycan – Ermənistan münasibətlərindən bəhs etdi.

Cənab Prezident işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq, Ermənistan tərəfindən sərhəddə hərbi təxribatların törədildiyini xüsusi vurğulamışdır. Son olaraq sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-hücum əməliyyatına başlamağa məcbur oldu. Ermənistan dünya ictimai rəyini çaşdırmaq üçün əsassız olaraq Azərbaycanı hərbi təcavüzdə günahlandırmağa çalışır. Bu əsassız iddiaları qəti şəkildə rədd edirik. Biz öz torpaqlarımızda vuruşmuşuq və Ermənistan ordusunu məğlub edərək onları əzəli torpaqlarımızdan qovmuşuq.

Biz bu gün də Azərbaycan-Ermənistan sərhədi istiqamətində öz doğma torpaqlarımızdayıq. Hazırda Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu məsələ ilə bağlı ölkə başçımız qeyd etmişdir ki, Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir və öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb. Bununla yanaşı üçtərəfli Bəyanata uyğun olaraq Zəngəzur dəhlizini bizə təqdim etməyib və bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir.

Əlbəttə ki, biz hazırlıqlı olmalıyıq və biz hazırıq. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi İkinci Qarabağ müharibəsinin dərsləri Ermənistan tərəfindən unudulmamalıdır və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələcək. Əgər orada kimsə – istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi.

Son olaraq “Fərrux” əməliyyatı, “Qisas” əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Biz bu dərsi öyrədirik və ümid edirik ki, nəhayət, onlar bunu anlayacaqlar, boyunlarını büküb öz daxili işləri ilə məşğul olacaqlar, bizim torpağımıza göz dikməyəcəklər, Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır, Qarabağ Azərbaycandır!

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri