Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edibMüdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib.

"Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.

Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.

Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.

Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.
Azərbaycanda vəzifəli şəxs saxlanıldıSaray qəsəbə bələdiyyəsinin sədri Məhi Həsənov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Avrasiya.net Unikal-a istinadən xəbər verir ki, M.Həsənov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.

Hazırda araşdırma aparılır.
Misirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artırMisirdə Azərbaycan dilini öyrənmək istəyənlərin sayı artır. Belə ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 70 nəfər müraciət edib və onlar üçün açılan əlavə qrupda ilk dərs keçirilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüşdə misirli və digər ölkələrdən olan gənclərin dilimizə, həmçinin ədəbiyyatımıza böyük marağından məmnunluğunu ifadə edib. Eyni zamanda iki dost ölkə arasında əlaqələrin inkişafından danışıb, tarixi mənbələrdə azərbaycanlıların ərəb mədəniyyəti və ədəbiyyatının inkişafına töhfələrini diqqətə çatdırıb.

O vurğulayıb ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, müxtəlif fənlər üzrə 35 ölkədən 400-ə yaxın gənc ödənişsiz təhsil alır.

Misir-Azərbaycan Dostluq Cəmiyyətində ərəb ölkələrindən olan gənclərin Azərbaycan dili kurslarına böyük rəğbəti Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq mətbuatı tərəfindən də geniş işıqlandırılıb.

Onların yayımladığı xəbərlərdə qeyd olunub ki, diaspor təşkilatının fəaliyyəti Azərbaycanın zəngin mədəniyyəti və ədəbi irsinin gənclərə tanıdılması ilə yanaşı, həm də iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir.
Qeyd edək ki, Azərbaycan dili dərsləri həftənin bütün günləri il boyu davam edir.
Ukraynada azərbaycanlı iş adamı qətlə yetirildi - FOTOUkraynada gənc azərbaycanlı iş adamı öldürülüb.

Avrasiya.net “Qafqazinfo”ya istinadən məlumat verir ki, 33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq qətlə yetirilib.

Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.
Ruslar Xarkova hücuma hazırlaşırlarRuslar qərbdən Xarkova doğru hücuma şərait yaradırlar.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, rus qoşunları bir neçə aydır ki, Balakliya və Bolşaya Komışuvax bölgələrində mövqelər tutublar:

“Ruslar cənub-şərqdən Xarkova hücumlarını yeniləmək üçün Balakliya bölgəsindəki mövqelərindən istifadə edə bilərlər. Rusiyanın Donbasda irəliləyiş tempini, güc və logistika ilə bağlı problemlərini nəzərə alsaq, qüvvələrinin Xarkov bölgəsini və ya Xarkovu ələ keçirməsi ehtimalı çox azdır”.

7 nəfər zəhərlənmədən öldüİyul ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 880 nəfər müraciət edib.

Bu barədə Avrasiya.net-ə KTM-dən məlumat verilib.

Bildirilib ki, onlardan 158-i Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, digərləri isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Qəbul olan xəstələrdən 100-ü dərmandan, 22-si sirkə turşusundan, 4-ü qida zəhərlənməsindən, 7-si etil spirtindən zəhərlənib. Digərlərindən 1-i anaflaksiya səbəbindən, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 17-ni ilan sancıb.

Zəhərlənən şəxslərin 66-sı qadın, 72-i kişi, 20-si isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 5 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər isə alkoqollu içkidən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 4-ü qadın, 3-ü kişidir.

Peşə məktəblərinə tələbə qəbulu başladı2022-2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu başlayıb.

Avrasiya.net xəbər verir ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 1-dən “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.

Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 2022/2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 127 ixtisas olmaqla 23340 yer üzrə aparılacaq.

Sənəd qəbulu avqustun 12-də saat 18:00-da başa çatacaq.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənəcək. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, sms vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.
Pelosi iki ordunu üz-üzə gətirdi: ABŞ niyə geri çəkildi?Nensi Pelosinin Tayvana planlaşdırılan səfərinə görə yaşanan gərginlik ABŞ-Çin xəttində “müharibə qapıda” fikrini ortaya çıxardı, hərçənd, hərbi toqquşma hər iki tərəf üçün indi o qədər də məqbul seçim deyildi, səfərin ləğvi də bunu təsdiqləyir:

- Pekin Tayvanın Çinə birləşdirilməsi siyasətini izləyir, lakin mümkün eskalasiyanın indi baş verməsi hələ başa çatdırmadığı “iqtisadi rifah” modelinin zədələnməsi və qlobal layihələrinin arxa plana keçməsi təhlükəsinin yaranması deməkdir;

- Vaşinqton Tayvanın mövcud statusunun qorunub saxlanılmasında maraqlıdır və anlayır ki, mümkün eskalasiya Çinin Tayvanı tam nəzarətə götürməsinə gətirib çıxara bilər.

Gərginliyin bu həddə inkişafında hər iki tərəfdən qaynaqlanan səbəblər var.

Çin lideri Si Szinpin üçüncü dəfə sədrliyə hazırlaşdığı vaxt Tayvan məsələsində heç bir “güzəştə” getmək niyyətində deyil. ABŞ son dövrlər Tayvan ətrafında hərbi və siyasi varlığını artıran Pekinə “mesaj” verir.

Məsələyə Pelosinin adaya səfər edib-etməməsi prinsipindən daha çox, geosiyasi proseslər fonunda baxmaq olar. Və Vaşinqtonun bu qarşıdurmada taktiki-strateji hədəflərinin olduğu aydın görünür.

Taktiki hədəf:

- Çini Tayvan siyasətinə korrekt etməyə sövq etmək: xüsusilə Ukrayna müharibəsindən sonra Tayvanın “müstəqil” mövqeyinə qarşı daha sərt siyasət izləyən Pekin praktiki addımlarını da bu yöndə atır və ABŞ prosesin gərginləşdirilməsi ilə Çinin müəyyən qədər yumşalmasına nail olmaq istəyir;

- ABŞ-Çin danışıqlarının yeni gündəmini formalaşdırmaq: həm Tayvan, həm də Ukrayna məsələsində Çinin tutduğu mövqeyini dəyişdirmək istəyən Vaşinqton gərginliklə mümkün danışıqlarda “əlini gücləndirir”;

- Tayvan gərginliyi güclənən və ABŞ-ın əsas güc olduğu təkqütblü dünya sisteminə risklər yaradan Çinə “dünyada söz sahibini” göstərmək üçün də Vaşinqtona lazımdır: Pekinə “yumşaq qarnı” göstərilir.

Strateji hədəf:

Ukrayna müharibəsi ilə NATO cəbhəsini yenidən bir çətir altında toplayan, nəhayət, ötən ay Madrid zirvəsində Çini açıq rəqib elan edən Vaşinqtonun Tayvan gedişinin strateji tərəfi birdən çoxdur:

- Avropanı Çinə qarşı tam birləşdirmək: Pekin Tayvan məsələsində təcavüzkar tərəfə çevrilir və sivil dünya ilə inteqrasiyası mümkünsüz hala gəlir;

- Çinin diqqətini daxili probleminə yönəltmək və genişlənmə siyasətinin qarşısını almaq;

- Çinlə mübarizəni daxilinə və sərhədlərinə köçürmək.

Bu kontekstdə Pelosinin səfəri üzərindən yaranan gərginlik Vaşinqtonun “tək güc” mövqeyinə risk yaradan Çinə qarşı praktiki həmlə hesab oluna bilər və məqsəd “reaksiyanın yoxlanılması” idi. Açıq qarşıdurma indi başlayır və kəskinləşəcəyi gözləntisi daha böyükdür.

Asif Nərimanlı
Ukraynanın Kiyev vilayətində 1 348 mülki şəxsin meyiti aşkarlanıbİyulun 31-nə olan məlumata görə, Ukraynanın Kiyev vilayətində Rusiya hərbçiləri tərəfindən öldürülmüş 1 348 nəfər yerli sakinin meyiti aşkarlanıb, daha 300 nəfər itkin düşüb.

“Report” “İnterfaks Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andriy Nebitov bildirib.

“Bu gün təəssüf ki, Rusiya Federasiyasının təcavüzü nəticəsində həlak olmuş 1 348 mülki vətəndaşın meyitini aşkarlamışıq”, - o, milli telemarafonun efirində deyib.

Nebitov qeyd edib ki, mülki şəxslərin üzərində işgəncə izləri olan meyitlərinin aşkarlanması halları heç də az deyil.

“(Rusiya hərbçilərinin - red) mövqelərinin yaxınlığında aşkarlanan 7 nəfərin meyitinin olduğu sonuncu kütləvi məzarlıqda onların hamısı başlarına atəş açılmaqla öldürüldüyü müəyyən eidlib, lakin bundan əvvəl dizlərindən güllələniblər: bir, hətta iki güllə ilə. Və bəzilərinin əlləri bağlı olub", - Kiyev vilayətinin polis rəisi bildirib.

Onun sözlərinə görə, şəxsiyyətləri müəyyənləşdirilənlər mülki şəxslərdir, onların nə müdafiəyə, nə də hər hansı hərbi hissəyə aidiyyəti var. “Buna görə də söhbət Rusiya ordusu tərəfindən Ukrayna xalqının qəsdən soyqırımından gedir”, - o qeyd edib.
Xaricdə yaşayan bəzi ermənilər İrəvana buraxılmır"Daşnaksütyun" Partiyasının Niderlanddakı gənclər təşkilatının erməni əsilli fəalı Suen Abramyanın Ermənistana girişinə qadağa qoyulub.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Suen qeyd edib ki, heç bir izahat verilmədən hava limanında 12 saat saxlanılıb. Bundan sonra ona arzuolunmaz şəxs olduğu deyilib və Niderlanda qayıtmalı olduğu bildirilib.

“Dünən gecə “Daşnaksütyun”un Gənclər Ofisinin Sünikdə təşkil etdiyi könüllü düşərgələrində iştirak etmək üçün Ermənistanın “Zvartnots” hava limanına gəldim. Məni 12 saat saxladıqdan sonra heç bir izahat verilmədən vətənimə daxil ola bilməyəcəyimi, arzuolunmaz insan olduğumu və Niderlanda qayıtmalı olduğumu söylədilər”, - Suen qeyd edib.

Eyni zamanda Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan da Ermənistana buraxılmayıb.