Meymunçiçəyi pandemiya ELAN EDİLDİDünya Səhiyyə Şəbəkəsi meymunçiçəyi xəstəliyini pandemiya elan edib.

Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.

Səhiyyə Şəbəkəsi meymunçiçəyi virusunun dünyada geniş yayılması ilə əlaqədar təcili iclas keçirib. Toplantıda meymunçiçəyi xəstəliyinin ictimai sağlamlıqda fövqəladə hal olduğu qeyd edilib və xəstəliyin pandemiya elan olunması qərara alınıb.

Qeyd edək ki, meymunçiçəyi Afrikada yayılan nadir virusdur, bəzi xüsusiyyətləri "çiçək" xəstəliyinə bənzədiyinə görə belə adlanır. İlk əlamətləri COVID-19-u xatırladır - qızdırma, başağrısı, bel və əzələ ağrıları, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.

Paralel olaraq adətən üzdən başlayan və daha sonra bədənin digər hissələrinə, xüsusən də əllərə və ayaqlara yayılan sulu şişlik və səpgilər meydana gəlir, onlar güclü qaşınma verir, daha sonra yaraya çevrilir.

Meymunçiçəyi virusu insanlara birbaşa təmasla və ya hava yolu ilə keçə bilər. Koronavirusda olduğu kimi, burada da tənəffüs yolları, gözlər, burun və ya ağız virusu qəbul edə bilir.

İlk dəfə meymunda aşkar edilən virusa indiyədək 20-dən çox ölkədə rast gəlinib.
Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərirAzərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün yola düşür.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, təyyarə bir saata yola düşəcək.

FHN-dən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.
Polkovnik əsgərin həbsinə etiraz etdiƏziz Məlikovun atası Şamaxı rayonu Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikovun mətbuata verdiyi açıqlama ilə tanış oldum. Əlbəttə, istəməzdim ki, gənc bir insanı bu formada sərt şəkildə cəzalandırsınlar. Azərbaycan Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin verdiyi qərarı əsla alqışlamıram.

Bu sözləri Axar.az-a Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Soltanpaşa oğlu Məlikovun həbs edilməsini şərh edən hərbi ekspert, istefada olan polkovnik Üzeyir Cəfərov deyib.

Polkovnikin sözlərinə görə, əsgər daha yüngül formada cəzalandırıla və ona şans verilə bilərdi:

“Bu əsgər qatı cinayətkar deyil ki, onun haqqında belə sərt addımlar atılsın. Fikrimcə, Hərbi Prokurorluq daha ciddi işlərlə məşğul olmalıdır. Hazırda haqqında danışdığımız qurumun nüfuzuna son vaxtlar müxtəlif məsələlərlə bağlı zərər dəyib. Hərbi Prokurorluq da bəhs etdiyimiz addımlarla özünü prinsipial təqdim etmək istəyir. Guya bunlar o qədər prinsipial hərəkət edirlər ki, hər şey birdən-birə ortaya çıxır və avtoşluq edən əsgərin haqqında ağır maddələrlə iş qaldırırlar. Verilən qərar Azərbaycan hüququna xələl gətirir. Ən azından o əsgərin xidmət yeri dəyişdirilə və ona yeni şans verilə bilərdi. Bu adam kimisə öldürməyib, kiməsə xəsarət yetirməyib. Məgər hər avtoxuliqanlıq edəni bu cürə formada cəzalandırırlar? Yanaşma doğru deyil. Əsgəri hər an məsuliyyətə cəlb etmək olar, o, heç bir yerə gedə, gizlənə bilməz. Sən ona etdiyi səhvi başa sal, şans ver, əgər özünü doğrultmasa, qanunlara uyğun formada dörd ay yox, daha uzun müddətə də həbs etmək olar”.

Polkovnik qeyd edib ki, onun hansı formada hərbi hissəni tərk etməsi haqda rəsmi məlumatda heç nə deyilmir:

“Bildiyim qədər belə məsələlərdə ilkin mərhələdə Müdafiə Nazirliyinin tərkibində təhqiqat aparılmalıdır. Hər kəs məmur oğlunun həbsindən danışdı. Əziz Məlikovun atası adi bir bələdiyyə sədridir. Mən heç onu tanımıram. Ancaq elə danışılır ki, guya Soltanpaşa Məlikov çox böyük vəzifə sahibidir. O əsgərin avtoşluğu kameraya düşməsə idi, heç kimin ondan xəbəri belə olmayacaqdı. Bu gənc nə edib ki, ona istintaq müddətində 4 ay həbs veriblər? Çox ağır cəzadır, çox. Yenə deyirəm ki, ümumiyyətlə həmin əsgəri, onun ailəsini tanımıram. Ancaq mən Əziz Məlikovu öz övladım kimi qəbul edirəm. Əsgər hərbi hissəni özbaşına tərk edib, yoxsa döyüş postunu qoyub qaçıb? Ona məzuniyyət düzgün şəkildə verilibmi? Yəni burada çoxlu suallar var. Onlar aydınlaşmalı və daha humanist qərar verilməlidir”.

Ü.Cəfərovun sözlərinə görə, indiyədək heç bir həbsxana, cəzaçəkmə müəssisəsi insanı islah etməyib:

“Əksinə, verilən qərar o gəncdə Azərbaycan qanunvericiliyinə, cəmiyyətə inamsızlıq, etibarsızlıq yaradacaq və onun gələcək həyatına mənfi təsir edəcək. Çağırış edərdim ki, rəhbərlik bu ağır cəzanı aradan qaldırsın”.
İran ABŞ-dan 4,3 milyard dollar təzminat tələb edirTehranın 55-ci Hüquq Məhkəməsi ABŞ-ın İrana 4,3 milyard dollar təzminat ödəməsi barədə hökm çıxarıb.

Avrasiya.net "Report"a istinadən bildirir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

Hökmdə qeyd olunub ki, ABŞ İsrailin İranın nüvə mütəxəssislərinə qarşı sui-qəsd təşkil etməsinə dəstək verib. Ona görə də ABŞ maddi və mənəvi zərərə görə İrana 4 milyard 300 milyon dollar təzminat ödəməlidir.

Xatırladaq ki, İranın nüvə üzrə mütəxəssisləri Möhsün Fəzrizadə, Əyyub İntizari, Kamran Mollapur, Ehsan Hadibeygi müəmmalı şəkildə ölüb.
NATO Rusiyaya savaş səbəbi verməklə, Kremli sınağa çəkir...Kreml bu hərbi-siyasi alyansın təhdid taktikasına reaksiya verə bilməzsə, Rusiyanın öz sərhədləri içərisinə sıxışdırılması sürətlənə bilər...

Avrasiya.net xəbər verir ki, bunu politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, NATO-nun “təhlükəsizlik çətiri” altında olan Baltikyanı ölkələrdən Litva Rusiyanın Kalininqrad vilayətinə öz ərazisindən yüklərin daşınmasına qadağa qoydu. Rusiya buna kəskin şəkildə etiraz etdikdən sonrasa, Litva həmin qadağanı daha da sərtləşdirdi və öz ərazisindən Rusiyaya məxsus yük avtomobillərinin hərəkətini də blokladı:

"İndi Rusiya olduqca çətin vəziyyətə düşüb. Belə ki, Kreml üçün Rusiyanın Kalininqrad vilayətinin təchizat prosesi ciddi problemlə üzləşib. Ona görə də, Rusiya Litvaya sərt şəkildə xəbərdarlıq edib ki, yükdaşımalara qoyulan qadağa dərhal ləğv olunmalıdır. Əks halda, Rusiya öz maraqlarını qorumaq üçün təxirəsalınmaz addımlar atmaq hüququnu özündə saxlayır.

Yəni, Kreml NATO üzvü olan Litvanı Rusiya qoşunlarının hərbi müdaxiləsi ilə hədələyir. Litvanı Kalininqrad vilayətinə yükdaşımaları bərpa etmək məqsədilə savaşa başlayacağı ilə təhdid edir. Və bu, Ukraynadan fərqli olaraq, Rusiyanın hərbi gücü qarşısında tab gətirmək şansı olmayan Litva üçün ilk baxışdan olduqca təhlükəli xəbərdarlıq təsiri bağışlayır".

Bununla belə, Litvanın rəsmi dairələrində Rusiyanın təhdidlərinin ciddi narahatlıq doğurduğu qətiyyən müşahidə olunmur. Böyük ehtimalla Litva “Kalininqrad qərarı”nı ABŞ və NATO-nun tövsiyyəsi ilə qəbul etmiş də ola bilər. Yəqin ki, bu addımın qarşılığında Rusiyanın hərbi müdaxiləsi olarsa, NATO-nun Litvaya tam dəstək verəcəyi ilə bağlı təminat verilib:

"Onu da qeyd edək ki, ABŞ və digər önəmli NATO ölkələrinin Rusiyanın Litvaya qarşı təhdidlərinə reaksiyası da bu ehtimalı təsdiqləyir. Xüsusilə də ABŞ Litvaya qarşı Rusiyanın hərbi müdaxiləsinə dərhal uyğun cavab veriləcəyini bəyan etməsi Kremli daha təmkinli davranmaq məcburiyyətində qoya bilər. Çünki, hazırda Rusiya NATO ilə birbaşa silahlı toqquşmalarda qətiyyən maraqlı deyil.

Məsələ ondadır ki, ABŞ bu məsələyə münasibətdə NATO nizamnaməsinin 5-ci bəndini xüsusi olaraq, xatırladır. Həmin bəndə görə, əgər, hər hansı NATO ölkəsinə qarşı hücum olarsa, bu, ümumilikdə hərbi-siyasi alyansa yönəlik hərbi müdaxilə kimi qəbul edilir. Ağ Ev də bəyan edib ki, ABŞ NATO-nun “bir üzv ölkəyə qarşı hərbi hücum hamıya yönəlik savaşdır” prinsipinə sadiqdir. Və bu, o deməkdir ki, Rusiya Litvaya qarşı savaşa başlayarsa, ABŞ başda olmaqla, bütün NATO ilə birbaşa müharibə aparmaq məcburiyyətində qala bilər".

Bütün bunlar onu göstərir ki, Rusiya və NATO arasında savaşın başlaya biləcəyi qətiyyən istisna deyil. Sadəcə, belə bir qlobal savaşın başlanıb-başlanmayacağına hazırda yalnız Kreml qərar verə bilər. Əgər, Kreml Litvaya qoşun yeritmək potensialına sahib olduğuna əmin olarsa, belə bir fəlakət ssenarisi reallığa çevrilə bilər. Əks halda, Rusiyanın bütün bu baş verənlərə sükutla cavab verməkdən başqa çıxış yolu qalmayacaq.

Hər halda, Litva ilə Ukrayna qətiyyən eyni situasiyada deyil. Ukrayna NATO ölkəsi olmadığından bu hərbi-siyasi alyans Rusiya ilə silahlı toqquşmadan yayınmağa üstünlük verdi. Litva variantındasa, NATO istəməsə belə, Rusiya ilə müharibədə iştiraka məcbur olacaq. Hətta Litvaya qarşı təhdidlərə tez-tələsik verilən sərt reaksiyalar Rusiyanın NATO tərəfindən növbəti, həm də daha ağır və daha dərin “savaş bataqlığı”na çəkilməsinin planlaşdırıldığını da düşünmək olar".

Digər tərəfdən, Böyük Britaniyanın da bu məsələyə münasibəti maraq doğurur. Belə ki, rəsmi London həm NATO dövlətlərini, həm də bütün Avropa ölkələrini Rusiya ilə birbaşa müharibəyə hazır olmağa çağırıb. Böyük Britaniya əmindir ki, belə bir savaşın baş vermə ehtimalı o qədər də uzaqda deyil. Ona görə də, NATO və Avropa ölkələri öz hərbi xərclərini artırmalı, öz hərbi potensiallarını daha da gücləndirməli və Rusiyanın savaş meydanında məğlub edilməsinə tam hazır olmalıdırlar:

"Göründüyü kimi, dünyanın iki nəhəng ölkəsi – ABŞ və Böyük Britaniya NATO ilə Rusiya arasında müharibənin baş verə biləcəyini qətiyyən istisna etmirlər. Üstəlik, bunu törədə biləcək addımlar atmaqla yanaşı, həm də ciddi şəkildə hazırlaşırlar. Və belə anlaşılır ki, Ukrayna savaşının müxtəlif bəhanələrlə daha da böyüdülərək, qlobal savaşa çevrilməsi ilə bağlı da müəyyən planların qurulmaqda olduğundan şübhələnmək üçün əsaslar hər halda, var".
Agentlik şəhid ailəsinə 1 otaqlı mənzil verdi, atası İMTİNA ETDİSumqayıt şəhərində yaşayan şəhid atası Əziz Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayət edib.

Modern.az-ın məlumatına görə, şəhid atası bildirib ki, ailəsi əvvəllər 4 nəfərdən ibarət idi. Böyük oğlu Əliyev Emil Əziz oğlu 6 oktyabr 2020-ci il tarixində Vətən müharibəsində şəhid olub.

Hazırda 17 kvadratmetr sahəsi olan 1 otaqlı mənzildə yaşayan ailə başçısı kömək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.

Şəhid atası bildirib ki, onların müraciətinə nazir müavini Hidayət Abdullayev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Zaur İbrahimov baxıb:

“Biz Hidayət Abdullayevlə videoformatda danışdıq və 1 otaqlı mənzildə subay oğlumla birgə yaşadığımızı çatdırdım. Hidayət Abdullayev Zaur İbrahimova göstəriş verdi ki, şəhid ailəsini 2 otaqlı mənzillə təmin edin. Biz 2 ay gözlədik evdən bir xəbər gəlməyincə təkrar müraciət etdik və cavabında “sizə 2 otaq deyil, 1 otaqlı mənzil veririk” dedilər. Səbəb kimi bizə 1 otaqlı evimizin olduğunu dedilər. Biz isə Hidayət Abdullayevin 2 otaqlı mənzil barədə göstəriş verdiyini xatırlatdır. Qeyd edim ki, əksər şəhid ailələrini 2 otaqlı və ya 3 otaqlı mənzillə təmin ediblər”.

Şəhid atası bildirib ki, haqları pozulduğuna görə, Prezident Administrasiyasına teleqram vurublar.

“Prezident Administrasiyasından bizimlə əlaqə saxladılar. Problemimizi əməkdaşlara bildirdik, bizə dedilər ki, “Administrasiyadan göstəriş verəcəyik ki, probleminiz həll olunsun”".

Əziz Əliyevin sözlərinə görə, artıq 1 ildir nazirliyin Sosial Xidmətlər Agentliyi problemi həll etmir, göstərişləri qulaqardına vurur.

Məsələylə bağlı açıqlama verən açıqlama verən Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov isə bildirib ki, Vətən müharibəsindən sonra 3500-dən çox şəhid ailəsi və müharibə əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil təqdim edilib. Proses davam etməkdədir. Bu ilin sonunadək daha 1000 ailəyə mənzil və ya fərdi ev veriləcək.

Agentlik rəsmisi şikayətçi şəhid atasının narazılığını belə cavablandırıb:

“Vətən Müharibəsi şəhidi Emil Əliyevin atası Əziz Məcid oğlu Əliyev də Sumqayıt Şəhər İcra Hakimiyyətinin 04.06.2021-ci il tarixli sərəncamı ilə ailə tərkibi 3 nəfər (özü, həyat yoldaşı və oğlu) olmaqla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Təqdim olunan sənədlərə Sosial Xidmətlər Agentliyində baxılıb və məlum olub ki, Əliyev Əziz Məcid oğlu ailə tərkibi ilə mülkiyyətində olan Sumqayıt şəhərində yerləşən 1 otaqlı mənzildə qeydiyyatdadırlar. Uçota alınmış ailənin tərkibi nəzərə alınmaqla qanunverciliyə uyğun olaraq Sumqayıt şəhərində 1 otaqlı mənzillə təmin edilməsi təklif edilib. Təəssüf ki, ailə bu təklifdən imtina edib”.

M.Həşimovun sözlərinə görə, şəhidin atasının razılığı olduğu təqdirdə ailə növbəliliklə 1 otaqlı mənzillə təmin ediləcək.

Şəhid Emil Əliyev 1993-cü il avqustun 1-i Sumqayıt şəhərində anadan olub. 2000–2011-ci illərdə Sumqayıt şəhərində yerləşən Tofiq İsmayılov adına 29 saylı tam orta məktəbində təhsil alıb. Həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Energetika fakültəsinə daxil oluv. 2015-ci ildə isə həmin universiteti bitirib, müddətli hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və böyük şücaət göstərib. Hərbi xidməti bitirdikdən sonra 2016–2017-ci illərdə Sumqayıt şəhərində işləyib.

2020-ci il sentyabrın 21-də könüllü olaraq Vətən müharibəsinə yollanıb. Müxtəlif istiqamətlərdə döyüşlərə qatılan Emil Əliyev 6 oktyabr 2020-ci il tarixində Füzuli rayonu uğrunda gedən döyüşlərdə qşəhid olub.

Emil Əliyev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Ölkə başçısının sərəncamlarına əsasən, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ərzaq bahalaşmasının SƏBƏBLƏRİRusiya ən böyük neft və qaz tədarükçülərindən biri olduğuna görə yanacaq məhsullarının qiyməti qlobal miqyasda yüksəlib və bu daha çox yanacaq idxal edən İEÖ-də inflyasiyanı artırıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktor müavini Elçin Güləliyev bildirib.

AMB rəsmisi deyib ki, həm Rusiya, həm də Ukrayna eyni zamanda əsas ərzaq ixracatçılarıdır, bu səbəblə müharibədən və sanksiyalardan yaranan tədarük zəncirinin qırılması halları qlobal ərzaq qiymətlərinin bir az da bahalaşması ilə nəticələnib:

"Məlumat üçün qeyd edək ki, Ukrayna və Rusiyanın dünya buğda ixracında payı 30 faizdir, buna görə də buğdanın qiyməti rekord həddə çatıb. Bundan əlavə region üzrə logistika xətlərinin qırılması digər məhsulların da tədarükündə problemlərə və dolayısıyla bahalaşmaya səbəb olub.

Ərzaq və enerjinin istehlakda daha çox paya malik olduğu (Afrikada 50 faizə qədər) aşağı gəlirli ölkələr və inkişaf etməkdə olan bazarlar üçün təsir çox güman ki, daha böyük və uzunmüddətli ola bilər. Aşağı gəlirli ölkələrdəki insanlar yüksək qiymətlərə daha çox həssasdırlar, çünki ərzaq istehlakın orta hesabla 44% təşkil edir. İnkişaf etmiş iqtisadiyyatlarda bu göstərici 16 faizdir. Kəskin artan neft və qaz qiymətləri həm yanacaq, həm də mineral gübrələrin qiymətlərini artıraraq kənd təsərrüfatı və təzə ərzaq istehsalını da bahalaşdırır".
“QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalıdır”İyunun 23-də Bakıda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sonuncu respublika zona konfransı keçirilib.

Avrasiya.net xəbər verir ki, konfranda çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, bildirib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşıb: “Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir”.

V.Quliyev bildirib ki, İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi vacib amildir.
Həbsdə olan rəisin şirkəti tenderdə 13 milyon udduAzərsu ASC Bakının Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Axar.az xəbər verir ki, “Protean Construction” ASC tenderdə qalib gəlib və buna görə şirkətə təxminən 12,9 milyon manat ödəniləcək.

Şirkətlə bağlı apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, “Protean Construction” Azərsu ASC-nin elan etdiyi əksər tenderlərin qalibi olub.

2021-ci ilin avqustunda "Azərsu" ASC-nin Şuşa şəhərinin içməli su təchizatının təmin olunması üçün qurğuların əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderin qalibi də “Protean Construction" MMC olub. Bununla bağlı şirkətə 8.6 milyon manat ödənilib.

Maraqlıdır ki, şirkətlə 2019-cu ildə də Binəqədi və Biləcəri qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün müvafiq olaraq 987 min manatlıq və 789 min 600 manatlıq, Babək prospektinin yenidən qurulması ilə əlaqədar yol boyu su və kanalizasiya xətlərinin tikintisi üçün 1 milyon 480 min 500 manatlıq müqavilə bağlanılıb. Üzərindən 3 il keçməmiş şirkət Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatının yaxşılaşdırılması ilə bağlı yenidən 13 milyona yaxın tenderin qalibi olur.

2021-ci ilin əvvəlində Azərsu ASC-nin Pirşağı Tullantı Sutəmizləyici Qurğusunun gətirici kanalizasiya kollektorlarının tikintisi (Pirşağı-Kürdəxanı-Zabrat kollektoru, Ceyranbatan gölünün şimal şərq hissəsində, Saray qəsəbəsi istiqamətində), yağış və tullantı sularının idarə olunması sisteminin yaradılması ilə bağlı elan etdiyi 2 açıq tenderin qalibləri “Tunel Tikinti Servis” MMC və “Protean Construction” ASC olub. Hər iki şirkətlə məbləği 34 milyon 444,5 min manat və 3 milyon 891,7 min manat, ümumilikdə isə 38 milyon 336,2 min manatlıq müqavilələr imzalanıb.

Şirkət bundan başqa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə Qubadlı şəhəri daxil olmaqla, Mahmudlu, Xıdırlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçən Qubadlı-Eyvazlı yolunun inşasında da iştirak edir.

Beləliklə, şirkətin son 3 ildə yalnız açıq tenderlərdə udduğu məbləğlərin həcmi 63 milyon manatdan (bunun 38.3 milyon manatı “Tunel Tikinti Servis” MMC ilə birlikdə udulub) çoxdur.

Amma bu qədər tenderlərin qalibi olan, əhəmiyyətli layihələrdə iştirak edən və dövlətdən külli miqdarda vəsait alan şirkətin kimə məxsus olması hələ də qaranlıqdır. Mətbuatın iddiasına görə, “Protean Construction” ASC Azərsu Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynovun ən yaxın kadrlardan biri, Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Elman Məmmədova məxsusdur. Elman Məmmədovun həbsi ilə bağlı məlumat ötən ilin may ayında yayılıb. Onun “Azərsu”nun kommersiya departamentinin rəisi Xanvər Abbasovla birlikdə saxlanıldığı bildirilirdi.

İndiyə qədər “Protean Construction” ASC-nin Elman Məmmədova məxsus olub-olmaması ilə bağlı isə heç bir rəsmi açıqlama verilməyib.