İranlı nazir Azərbaycana gəlirİranın idman və gənclər naziri Seyid Həmid Səccadi Azərbaycana səfərə yola düşüb.

Avrasiya.net xəbər verir ki, nazir İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin Daimi Şurasının iclasında iştirak edəcək.

Seyid Həmid Səccadi Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri müzakirə olunacaq.
Alla Puqaçovanın Rusiyadakı malikanəsi müsadirə olunurMəşhur estrada ulduzu Alla Puqaçova və əri Maksim Qalkinin qəfildən İsrailə getməsindən sonra çoxları “primadonna”nın Rusiyadakı daşınmaz əmlakının aqibətinin necə olacağını düşünürdü.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Alla Puqaçova və Maksim Qalkin Rusiyanın Qryaz kəndindəki malikanələrini satışa çıxarıb.

Amma Rusiya hakimiyyətinin Puqaçovanın əmlakı ilə bağlı başqa planları var.

Bildirilir ki, Rusiya hakimiyyəti Alla Puqaçova və Maksim Qalkinin müharibə əleyhinə mövqeyinə reaksiya verib. Planlara onların Qryaz kəndindəki mülkünün müsadirə edilməsi də daxildir.

Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Andrey Luqovoy bildirib ki, sözügüdən malikanənin müsadirə olunacağı gözlənilir.

Onun sözlərinə görə, malikanənin Rusiya Federasiyasının qanunlarına zidd olaraq tikildiyinə dair “şübhələr” var. İddialara görə, əsas kimi, villanın inşası zamanı tikinti, yanğın və sanitariya qanunvericiliyinə riayət olunmayıb. Artıq bu istiqamətdə yoxlama aparmaqda israrlıdırlar.

Luqovoy deyib ki, qanun pozuntuları aşkar edilərsə, Qalkin və Puqaçovanın qəsri müsadirə olunacaq. O, həmin malikanədə Donbasdan olan qaçqınları yerləşdirməyi təklif edib.

Əgər belə pozuntular varsa, Qalkini əlində olan hər şeydən məhrum etmək lazımdır. Mənəvi nöqteyi-nəzərdən Donbasdan olan qaçqınların ora köçürülməsi ideyasını dəstəkləyərdim. Qoy Qalkin orda, Rusiya Federasiyasından kənarda sevinsin, - Luqavoy deyib.
Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildiBaş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, həmçinin Ədliyyə Nazirliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin məsul əməkdaşlarının və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələrinin iştirakı ilə “Elektron prokurorluq” informasiya sisteminin tətbiqinə dair əməliyyat müşavirəsi keçirib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin prokurorluq orqanlarına olan inam və etimadının təcəssümü olaraq prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılmasına dair 7 may 2021-ci il tarixli fərmanın icrası ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələrə dair ətraflı məlumat verib.

Bundan sonra ilkin mərhələdə informasiya sistemində tətbiqi nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə müəyyən edilən modulların işlənməsinə dair Baş Prokurorluğun idarə rəisi Elnur Musayev təqdimatla çıxış edib, ən müasir texnologiyaları və dövlət qurumlarının elektron məlumat bazalarına çıxışı nəzərdə tutulmuş sistemin üstünlükləri, işin səmərəliliyinin artırılmasına yönəlmiş funksiyalar diqqətə çatdırılıb.

Müşavirədə qısa müddət ərzində bütün prokurorluq orqanlarında tətbiqi nəzərdə tutulan informasiya sisteminin “Elektron Hökumət” portalına və “Elektron Məhkəmə” informasiya sisteminə tam inteqrasiyasının əhəmiyyəti vurğulanıb.

Əməliyyat müşavirəsinin sonunda Baş prokuror tərəfindən cari ilin 28 aprel tarixində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verən yanğının səbəblərinin araşdırılmasında fərqləndiklərinə görə Fövqəladə Hallar Nazirliyi üzrə müvafiq əmrlə təltif olunan prokurorluq işçilərinə medal və döş nişanları təqdim edilib.
Rusiya yalnız bu halda məğlub ola bilər - SolovyovLitva başa düşməlidir ki, Rusiyanın itirəcəyi heç nə yoxdur, o, yenilməzdir. Kreml yalnız daxildən xəyanət edilərsə, müharibəni uduza bilər.

Axar.az xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Litvalılar düşünürlər ki, Rusiya ilə belə axmaqlıq edə bilərlər? Onlar ciddi şəkildə düşünürlər ki, belə oynamaq olar? Litva başa düşməlidir ki, Rusiyanın itirəcəyi heç nə yoxdur. Moskva Avropadakı qərar qəbul edən mərkəzlərə zərbə vura bilər. İndi məndən avropalılara sual: müharibənin ağır yükünü öz üzərinizdə hiss etməyə hazırsınızmı? Rusiya ilə genişmiqyaslı müharibəyə hazırsınızmı? Avropa başa düşməlidir ki, Rusiya uduzmaz. Rusiyanı məğlub edə biləcək yeganə şey daxildən xəyanətdir”, - o bildirib.
Əli Həsənovun səhhətində problem: Dişləri töküldüAzərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənovun səhhətində problem yaranıb. Keçmiş məmur kəskin diş ağrılarından əziyyət çəkir.

Ə.Həsənovun yaxınlarının "Yeni Sabah"a verdiyi məlumata görə, hazırda o, Bakıdakı özəl klinikaların birində dişlərini müalicə etdirir. Mənbə Əli Həsənovun bir neçə dişinin kəskin stressdən töküldüyünü bildirib.

Qohumu sabiq köməkçinin bir müddət əvvəl insult keçirdiyilə bağlı yayılan xəbərləri də təkzib edib. Onun sözlərinə görə, Əli Həsənovun ağzının əyilməsiylə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Məlumatlı şəxs deyib ki, Həsənov kənar şəxslərlə bütün əlaqələri kəsib. O, hətta ən yaxın dostlarının xeyir-şər məclislərinə qatılmaqdan da imtina edib.
8-ci Beynəlxalq Yoqa Günü (IDY 2022) qeyd edilibHindistanın Bakıdakı Səfirliyi “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində 21 iyun 2022-ci il tarixində 8-ci Beynəlxalq Yoqa Gününü qeyd edib. Beynəlxalq Yoqa Günü ərəfəsində Səfirlik 9 əsas yoqa tədbiri təşkil edib. 2022-ci ilin iyun ayı ərzində Bakıda, Quba və Lənkəranda yoqa sessiyaları keçirilib. Bakıdakı yoqa tədbirləri iyunun 4-də Velotrekdə, iyunun 5-də Qobustanda, iyunun 8-də Atəşgah Məbədi Dövlət Tarix-Memarlıq Qoruğunda, iyunun 10-da Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, iyunun 18-də İçərişəhərdə və iyunun 19-da İçərişəhərdə yerləşən “Yoga Shahi Studio”sunda təşkil olunub.

İyunun 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Azərbaycan Gənclər Fondu və “The Art of Living” beynəlxalq təşkilatı ilə birgə, eləcə də iyunun 13-də Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər Fondu ilə birlikdə yoqa sessiyaları keçirilib.

21 iyun 2022-ci il tarixində günorta saatlarında Hindistan Səfirliyində baş tutmuş 8-ci Beynəlxalq Yoqa Gününündə tanınmış yoqa müəllimləri – “The Art of Living” beynəlxalq təşkilatından cənab Kənan Məmmədov, “Sivananda Yoga” məktəbindən cənab Elçin Quliyev və “Yoga Shahi Studio”sundan Sabinə xanım Şahi yoqa seanslarına rəhbərlik ediblər. Əsas Yoqa Günü tədbirində 200-ə yaxın yoqa həvəskarı və məktəbli uşaqlar iştirak ediblər.

Hindistanda yaranmış qədim fiziki, əqli və mənəvi təlim olan yoqa hazırda bütün dünyada müxtəlif formalarda tətbiq olunur və onun məşhurluğu artmaqda davam edir. Yoqanın qlobal məşhurluğu nəzərə alınaraq, 2014-cü il dekabrın 11-də Birləşmiş Millətlər Təşkilatı qətnamə qəbul edərək 21 iyun tarixini Beynəlxalq Yoqa Günü elan edib. O vaxtdan bəri yoqanın bir çox faydaları haqqında məlumatlılığı artırmaq məqsədi ilə iyunun 21-i bütün dünya üzrə Beynəlxalq Yoqa Günü kimi qeyd olunur. Builki Yoqa Gününü mövzusu “İnsanlıq üçün Yoqa” olub.
AKP prezident seçkilərinin tarixini dəyişir?Türkiyədə 2023-cü ilin iyun ayına planlaşdırılan prezident seçkiləri bir ay əvvəl keçirilə bilər.

Bu barədə Türkiyə mətbuatı AKP-dəki mənbəyə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, AKP seçkilərin mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi iyunun 18-də deyil, mayın 14-də keçirilməsini təklif edib. Çünki iyun ayında seçkilərlə universitet imtahanları üst-üstə düşür.

Bildirilib ki, AKP seçkilərin ikinci tura qalması ehtimalını da hesablayıb. Seçkilər iyunun 18-də keçirilsə, mövcud qanunvericiliyə görə, ikinci tur iki həftə sonra, yəni iyul ayında baş tutmalıdır. Türkiyədə daxili turizmin ən qaynar dövrü olduğu üçün seçici fəallığı aşağı olacaq.
Nəhənglərin döyüşü - Cənubi Qafqaz uğrunda mübarizə bu bölgəyə sıçradıBöyük dövlətlərin Mərkəzi Asiya, Cənubi Qafqaz və Avrasiya uğrundakı mübarizəsi Latın Amerikası qitəsinə də sıçrayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə “Atlas” araşdırmalar mərkəzinin analitik təhlilində deyilib.

Məqalədə qeyd edilib ki, ABŞ Cənubi Amerikaya diqqətini artırmağa qərar verib:

“Bir neçə gün əvvəl Los-Ancelesdə “Amerika sammiti” keçirilib. Tədbirdə ev yiyəsi ilə yanaşı, Cənubi Amerika ölkələri dəvət olunublar. Buna baxmayaraq, tədbirdə 4 dövlətin - Kuba, Venesuela, Nikaraqua və Meksikanın liderləri iştirak etməyib. İlk üç dövlətin ABŞ-la münasibətləri gərgindir, bu aydındır. Meksika Prezidenti Andres Nauel Lopesin sammitə qatılmaması isə sual doğurub. Demək, Meksika da Amerikanın regional siyasətindən narazıdır.

Toplantıda çıxış edən ABŞ Prezidenti Co Bayden cənub qonşularıyla iqtisadi əməkdaşlığın genişləndirilməsini hədəf götürən yeni plan təqdim edib. ABŞ Latın Amerikası ölkələrinə iqtisadi yatırımlarını artırmağa qərar verib. Bu səbəbsiz deyil. Son illərdə ABŞ-ın iki əsas rəqibi – Rusiya və Çin Latın Amerikası ölkələri ilə əməkdaşlıqlarını genişləndiriblər. Vaşinqton buna mane olmağa çalışır. Ancaq Ağ Ev üçün çətin olacaq. Çünki Çinin Mərkəzi və Cənubi Amerika ölkələri ilə ticarətinin həcmi ABŞ-ı xeyli üstələyib. Çinin 2021-ci ildə Cənubi Amerika ölkələri ilə ticarət mübadiləsinin həcmi 247 milyard dollar olub. ABŞ-ın isə eyni ildə Cənubi Amerika ölkələri ilə ticarətinin həcmi isə 174 milyard dollar təşkil edib. Halbuki 5 il əvvələ qədər rəqəmlər eyni idi. Vaşinqtonun bu reallığı dəyişdirmək üçün resursları azdır. Çinin layihələri Latın Amerikası ölkələri üçün daha cəlbedicidir”.

Məqalədə vurğulanıb ki, Bayden çıxışında Cənubi Amerikada demokratik institutların gücləndirilməsinin vacibliyini qeyd edib:

“Ancaq Cənubi Amerikanın kasıb və orta inkişaf etmiş ölkələrini demokratiyadan çox maliyyə dəstəyi və ticarət həcminin artırılması düşündürür. Əgər Vaşinqton bu istiqamətdə irəliyə bilməyəcəksə, Çinin gerisində qalacaq.

Digər tərəfdən, kasıblaşan Cənubi Amerika ölkələrinin sakinlərinin bir qismi ABŞ-a üz tutublar. Bu, ABŞ üçün miqrant problemini dərinləşdirir. Bayden keçmiş prezident Donald Trampdan fərqli olaraq miqrantların yolunu kəsmək istəmir, ancaq “açıq qapı” siyasəti Amerikada narazıların sayını artırır. Bayden miqrant axınının çox olduğu Honduras, Qvatemala və Salvadora 2 milyard dollar dəstək vədi verib. Bayden bu ölkələrdə həyat şəratinin yüksəldilməsi ilə ölkəsinə gələn miqrantların sayının azalacağına ümid edir. Ancaq bu ölkələr onillərdir ağır vəziyyətdədirlər və 2 milyard dollarla 3 kasıb dövlətin sosial-iqtisadi problemlərini həll etmək çətindir.

Bayden sammit çərçivəsində Braziliya Prezidenti Jair Bolsonaru ilə ayrılıqda görüşüb. Bununla Bayden Braziliyanın ABŞ üçün xüsusi önəm daşıdığını vurğulamaq istəyib. Braziliyada oktyabrda prezident seçkisi keçiriləcək və Bolsanarunun məğlub olmaq ehtimalı var. Braziliyada solçu Lusi Silvanın yenidən prezident seçiləcəyi ehtimalı istisna edilmir. Sol düşərgənin nümayəndələrinin isə ABŞ-a münasibəti müsbət deyil”.
Hökumətdən mühüm QƏRAR - Ət ucuzlaşır“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib. 

Qurban bayramı ərəfəsində belə bir dəyişiklik ətin qiymətinin ucuzlaşmasına gətirib çıxaracaq və qurbanlı heyvanın alışı hər bir vətəndaş üçün əlçatan olacaq. 

Dəyişikliklərdə aşağıdakı məsələlər nəzərdə tutulub:

- Baytarlıq pasportunun alınması tələb olunmayacaq;

- Hər heyvan üçün 20 manat dövlət rüsumu tutulmayacaq;

- “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda nəzərdə tutulan başqa dəyişikliklər isə xərclərin daha 5 manat azalda bilər;

- Dəyişikliklər heyvan ətinin maya dəyərini azaldacaq: 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşəcək. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalacaq və s.

Qeyd edək ki, Baş Nazirin 21 iyun tarixli Qərarı ilə Nazirlər Kabinetinin 2007-ci il 30 yanvar tarixli 19 nömrəli Qərarına dəyişiklik edilib. Qərarda heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib. Belə ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.

Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulub.

Dəyişiklik nəticəsində hər bir heyvana görə batarlıq pasportunun alınması zərurəti aradan qalxacaq və nəticə olaraq bununla bağlı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.

Hazırda iribuynuzlu heyvanların, atların, dəvələrin ən geci doğulduqdan sonra 4 ay müddətində, donuzlar, qoyun və keçilərin 2 ay müddətində, damazlıq quşların isə 5 aylıq yaşda olduqda nişanlanması aparılmalıdır. Təklif olunan dəyişikliyə əsasən bütün kənd təsərrüfatı heyvanlarının doğulduqdan sonra 1 ay müddətində identikləşdiriləcək.

Atların və dəvələrin identikləşdirilməsi üçün birkalama qulağın daxili səthinə tatuirovka, damazlıq quşların brikalaması isə ayaqlarına halqa vurulmaqla həyata keçirilməsi nəzərdə tutulmuşdu. Dəyişiklik layihəsi ilə atların və dəvələrin birkalanması dərialtına mikroçip yerləşdirilməklə, qrup halında quşların birkalanması isə onların saxlanc yerlərinə birka vurulmaqla həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, baytarlıq pasportu yalnız heyvan sahibinin istəyinə əsasən ev heyvanlarının xarici ölkəyə aparılması zamanı veriləcək.

Bundan əlavə, əldə etdiyimiz məlumata əsasən, Hökumət “Dövlət rüsumu haqqında” və “Baytarlıq haqqında” Qanunlarda dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Layihənin qəbul edildikdən sonra bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq.

Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır.

Bu qərar və dəyişikliklər antiinflyasiya tədbiri kimi ən azı heyvan əti satışında qiymətlərin sabit qalmasına təsir edə bilər. Xüsusilə, Qurban Bayramı ərəfəsində ətin qiymətinin hətta nisbətən ucuzlaşmasını müşahidə etmək mümkün olacaq.
MTN-nin sabiq polkovniki jurnalistləri təhqir edibSabiq MTN polkovniki Vüsal Ələkbərov jurnalistləri təhqir edib.

Bu barədə jurnalist Aytən Məmmədova "Facebook" hesabında məlumat verib.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasdan sonra V.Ələkbərova sual vermək istəyən “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanski və “Azadlıq” radiosunun əməkdaşı Aytən Məmmədova ona yaxınlaşıblar. Lakin o barəsindəki ittihamlara cavab verməkdən boyun qaçırıb və uzaqlaşmağa başlayıb. Jurnalistlərin arxasınca gəldiyini görən MTN polkovniki “itsiz, dalıma düşmüsüz? Gedin işinizlə məşğul olun” deyərək onlara etiraz edib.

Vüsal Ələkbərov çəkiliş üçün icazə vermədiyini bildirib.

Qeyd edək ki, V.Ələkbərov 2015-ci ildə MTN-də keçirilən əməliyyat zamanı saxlanılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilsə də, Ali Məhkəmə tərəfindən cəzası şərti hesab edilib və 3 ildən sonra azadlığa çıxıb.

O, 2008-2014-cü illərdə MTN-də İstintaq Baş İdarəsində şöbə rəisi olduğu dövrdə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. Hazırki cinayət işi üzrə 32 zərərçəkmiş var və bir çoxu Vüsal Ələkbərov tərəfindən qanunsuz həbs edildiyini, külli miqdarda pul alındığını iddia edirlər.