Terrorçular İsveç silahları istifadə edir - Akarİsveç istehsalı olan AT-4 tank əleyhinə silah var. İraqın şimalında və Suriyada həyata keçirdiyimiz əməliyyatlarda terrorçuların istifadə etdiyi bu silahların çoxunu ələ keçirdik.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Biz görüşlərimiz zamanı onların bütün fotoşəkillərini və seriya nömrələrini açıqladıq. Terror təşkilatlarına hər cür dəstək verdikdən sonra birgə müdafiə təşkilatında müttəfiq olaraq yer almaq tələbinin böyük bir uyğunsuzluq olduğunu hesab edirik”, - Akar bildirib.
Müharibə veteranı torpağa görə intihar edib - Qardaşından ŞOK İTTİHAMXəbər verdiyiniz kimi, İkinci Qarabağ müharibəsinin iştirakçısı Maşallah Mənəfov intihar edib. 1986-cı il təvəllüdlü M. Mənəfov ötən gün Sabirabad rayonunun Cavad kəndində özünü asaraq həyatına son qoyub.

Son günlər əsəb xəstəliyindən əziyyət çəkdiyi deyilən müharibə iştirakçısının intiharının səbəbilə bağlı müxtəlif fikirlər səsləndirilir, onun rayon İcra Hakimiyyətindən narazı olduğu bildirilir.

Modern.az iddialara aydınlıq gətirmək üçün 44 günlük Vətən müharibəsində iştirak etmiş Maşallah Mənəfovun qardaşı Atagül Mənəfovla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bildirib ki, qardaşı bələdiyyənin torpaq verməməsi səbəbindən canına qəsd edib: “Maşallah bələdiyyəyə dəfələrlə müraciət etmişdi ki, əkin-biçin üçün ona torpaq sahəsi ayrılsın. Torpağı yox idi, amma onun müraciətinə baxmadılar, bələdiyyə sədri Ağahəsən Ağayev onun müraciətinə biganə yanaşdı. Maşallah sonra rayon İcra Hakimiyyətinə müraciət etdi. Onlar da kömək etmədilər, konkret olaraq rədd cavabı verdilər. Son günlər Maşallah bu məsələ ilə əlaqədar bələdiyyəyə gedib-gəlirdi. Lakin istəyinə çatmadı".

A.Mənəfov bir uşaq atası olan qardaşının ailəsində problemlərin olmadığını söyləyib: "Ailəsilə bağlı hər hansı problem yaşamamışdı. Onun başına gələn çətinliklərin 90 fazi bələdiyyəyə görə idi”.

Qardaşının sözlərinə görə, Maşallah hadisə günü işə getməyib, günorta saatlarında kənd ərazisində özünə qəsd edib.

İddialarda adı hallanan Cavad kənd bələdiyyəsinin sədri Ağahəsən Ağayevlə əlaqə saxlayaraq, onun da mövqeyini öyrəndik:

“Maşallah Mənəfov mənim qəbulumda olmayıb, mənə müraciət etməyib. Onun müraciəti ilk dəfə icra başçısının qəbulu zamanı olub. Qəbulda mən də iştirak edirdim. Veteranımızın müraciəti həm işlə, həm də torpaqla bağlı idi. Biz ona gələn ilin payız aylarında torpaqla təmin olunacağını bildirmişdik, çünki indiki vaxtda orada pambıq əkilmişdi və torpaq yalnız pambıq yığımından sonra verilə bilərdi. Bu da haradasa 1-1.5 hektar torpaq idi”.

A.Ağayev şəxsi hesabından M.Mənəfova 2 dəfə maddi yardım etdiyini qeyd edib:

“Mənə dolanışığının pis olduğunu demişdi, mən də ona yardım etmişdim. Onların evlərində olmuşam, evinin yolu bərbad vəziyyətdə idi, çınqıl tökdürmüşdük, orada dedi ki, mənim işimə baxılsa, yaxşı olar. Qeyd edim ki, veteranın özünün pay torpağı var idi”.

Xatırladaq ki, 1986-cı il təvəllüdlü Maşallah Mənəfov İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Yaxınları onun əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirirdilər.

Hazırda intihar faktı ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Mərhumun bir oğul övladı yadigar qalıb.
Ora əlil və ya kasıbçılığı görən biri təyin edilsin - DeputatBüdcə icrası haqqında qanun layihəsi və büdcənin icrası imkan verir ki, bəzi sahələrə diqqət edək.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat əlavə edib ki, büdcə gəlirlərinin əsas hissəsini dövlət müəssisləri ödəməlidir:

“Ancaq diqqət edəndə görürük ki, Vergilər Nazirliyi yolu ilə toplanan vergilər 8,5 milyard təşkil edib. Bunun 1,8 faizini dövlət müəssisələri ödəyib. Bu o deməkdir ki, bu qurumlar vergi ödəmir. Belə olan halda sual olunur ki, bu müəssisələr niyə özəlləşdirilmir? Bəzən deyirlər ki, bu doğru yol deyil. Bəs hansı yol olmalıdır?”

Q.Həsənquliyev əlavə edib ki, büdcədə nəzərdə tutulan elm xərclərinin müəyyən hissəsi də icra edilməyib. O, bunu anlamadığını qeyd edib və bildirib ki, əslində bu sahəyə daha çox maliyyə ayrılmalıdır:

“Başqa ölkələrlə müqayisə aparmaq olar. Yaponiyada gəlirlərin 3,2, Finlandiyada 2,76 faizi elmə ayrılır. Biz niyə müasir silahları İsraildən alırıq? Ona görə ki, İsraildə elmə bizdən 20 dəfə çox maliyyə ayrılır. Elmə pul ayrılmadan onu inkişaf etdirmək olmaz”.

Deputat eyni zamanda xatırladıb ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ona ayrılan vəsaitin 11 faizini icra etməyib:

“Olmazmı ki, yoxsul insanların gəlirləri yoxlanılsın, əgər lazımdırsa, Ehtiyac Meyarı artırılsın və bu maliyyə kasıb təbəqəyə verilsin?! Hesab edirəm ki, bu, kasıb, yoxsul insanlara verilə bilərdi. Hesab edirəm ki, ora əlil və ya kasıbçılığı görən biri təyin edilsəydi, başqa cür düşünərdi”.
İlham Əliyev Özbəkistana səfər edəcəkAzərbaycan və Özbəkistanın analitik mərkəzləri “Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri” adlı onlayn konfrans keçirib.

Avrasiya.net xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Bölgələrarası Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafına töhfə verən fikir mübadiləsinin aparılması üçün dialoq meydançası qismində bu formatın zəruriliyi vurğulanıb.

Bildirilib ki, bu formatda ilk görüş ölkələr arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə ötən ilin dekabr ayında təşkil olunub. Bu dəfə isə iki ölkənin analitik mərkəzlərinin aparıcı ekspertləri Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri ərəfəsində bir araya gəliblər. Bu səfər əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.
Ölkəmizə meymunçiçəyi ilə bağlı dərmanlar gətiriləcəkAzərbaycana meymunçiçəyi ilə bağlı testlər və dərmanlar gətiriləcək.

Avrasiya.net xəbər verir ki, bunu Report-a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səhiyyəsi istənilən epidemik və pandemik çağırışlara cavab verməyə hazırdır:

“Meymunçiçəyi ilə əlaqədar bütün lazımi qabaqlayıcı tədbirlər görülüb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizə bu günlərdə testlər gətiriləcək. Eyni zamanda meymunçiçəyinin müalicəsi üçün lazım olan və qeydiyyatdan keçmiş bütün dərman preparatları çox qısa müddətdə ölkəmizə gətiriləcək”.

Deputat veteranpulunun artırılmasını TƏKLİF ETDİ"Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var".

Avrasiya.net xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli məlumat verib.

O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına onların problemləri həll edilə bilər:

"Müharibə iştirakçılarına diqqət artırılmalıdır. Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənar qalmalıdırlar. Müharibə iştirakçılarına verilən 80 manat veteranpulu azdır, artırmaq lazımdır".
Ermənistan məğlubiyyətdən dərs çıxarmalıdır“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyacaqsa, Azərbaycan üçün Ermənistanın ərazi bütövlüyünü sual altına qoymaqdan başqa çıxış yolu olmayacaq” – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyun ayının 16-da Bakı şəhərində keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunda çıxış edərkən bu fikirləri bildirmişdir.

Qeyd etməliyik ki, beynəlxalq səviyyəli tədbirlərin ölkəmizdə yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın dünyada olan nüfuzunun ən böyük göstəricilərindən biridir. Dünyanın 50-dən artıq ölkəsini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş Forumda ölkə başçımız cənab İlham Əliyevin çıxışı və Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən geniş bəhs etməsi xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, bu kimi çıxışlar və bəyanatlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşasında olduqca önəmlidir.

Cənab Prezident xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan əldə etdiyi tarixi qələbə nəticəsində tarixi ədaləti bərpa edərək beynəlxalq hüququn prinsiplərinin yerinə yetirilməsini təmin etmişdir. Azərbaycan dövləti üçün hazırda Qarabağ problemi həll olunaraq birdəfəlik gündəlikdən çıxmışdır. Bizim bu gün əsas istəyimiz regionda sülhün və sabitliyin əldə edilməsidir. Çünki Ermənistanın uzun illərdir davam edən təcavüzkar siyasəti nəticəsində Cənubi Qafqazda sülh və sabitlik pozulmuş və uzun illər davam edən münaqişə burada yaşayan xalqların həyatına mənfi təsir göstərmiş və regionun inkişafı istiqamətində ən böyük əngəl olmuşdur. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğradaraq öz torpaqlarını işğaldan azad etməsinə baxmayaraq qonşu Ermənistanla münasibətlərin normallaşmasında və sülh müqaviləsinin imzalanmasında maraqlıdır.

Bu istiqamətdə əldə edilmiş qarşılıqlı anlaşmalar xüsusilə Ermənistan tərəfindən icra edilməlidir. Ermənistanda mövcud olan bəzi revanşist qüvvələr bir sıra böyük dövlətlərin dəstəyi ilə hazırki Ermənistan iqtidarına təzyiq göstərmək yolu ilə bu sülhün təmin edilməsini yubatmağa çalışırlar. Xüsusilə Ermənistanın bəzi dairələrindən Qarabağın statusu ilə bağlı müzakirələrin başladılması üçün müraciətlərin edilməsi ikitərəfli münasibətlərin normallaşmasına ciddi təsir göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi Dağlıq Qarabağın statusu məsələsi artıq gündəlikdən çıxıb. Çünki Dağlıq Qarabağ adında Azərbaycanda inzibati ərazi yoxdur. 1991-ci ilin sonlarında Azərbaycan parlamenti tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilmişdir. Ermənistan tərəfinin Qarabağın statusu ilə bağlı ortaya atdığı məsələ əslində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymasıdır. Məhz qarşı tərəfin bu formada təxribatçı siyasət yürütməsi məqsədli xarakter daşımaqla iki dövlət arasında imzalanacaq sülhün qarşısında maneə yaradır.

Ermənistanın ərazi bütövlüyümüzə qarşı təxribatçı addımlarına qarşı isə Azərbaycanın tarixi-nöqteyi nəzərdən irəli sürəcəyi və Ermənistanın ərazi bütövlüyünü sual altında qoyacaq kifayət qədər arqumentləri və tarixi faktları mövcuddur. Hər birimizə məlumdur ki, indiki Ermənistan ərazisinin böyük hissəsi tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın şimal hissəsi Çar Rusiyası tərəfindən işğal edildikdən sonra ermənilər Şərqi Anadoludan və İran ərazisindən tarixi torpaqlarımıza köçürülmüş və demoqrafiq vəziyyət ermənilərin xeyrinə dəyişdirilmişdir. Azərbaycan sovetləşdikdən sonra isə əvvəlcə Şərur-Dərələyəz, daha sonra isə Qərbi Zəngəzur Ermənistana peşkəş edilmişdir. Tarixi ərazilərimiz olan bu torpaqlarda tarixən soydaşlarımız yaşamışdır. Lakin Çar Rusiyasının və Sovet Rusiyasının xalqımıza qarşı yürütdüyü düşmənçilik siyasəti nəticəsində soydaşlarımız bu tarixi ərazilərimizdən mərhələli şəkildə deportasiya edilmişdir. Təəssüf ki, Sovet dövründə Ermənistanın ərazilərimizə olan iddiaları sonrakı dövrlərdə də davam etmişdir. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsi ermənilərin torpaqlarımıza qarşı olan iddialarının qarşısına sədd çəkmişdir.

Hazırda Ermənistan tərəfinin yenidən Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyacaq bəyanatlar verməsi də təsadüfü deyildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, Ermənistan 2-ci Qarabağ müharibəsindəki məğlubiyyətindən dərs çıxarmalı və torpaqlarımıza qarşı təcavüzkar siyasətinə birdəfəlik son qoymalıdır. Məhz bu sayədə regionda davamlı sülh və sabitlik yaranar, inkişaf əldə edilə bilər.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
KİV: "İran nüvə obyekti üçün yeni böyük tunel şəbəkəsi qazır"İran Nətənzdəki nüvə obyektindən cənubda yeni böyük tunel şəbəkəsi qazır.

“Report” “New York Times”a istinadən xəbər verir ki, bu məlumat ABŞ və İsrail kəşfiyyatından bildirilib.

Məlumata görə, tezliklə orada, dağın içində uranın zənginləşdirilməsi üzrə zavodun ərazisi bu tunellər hesabına genişləndiriləcək.

Bildirilib ki, ABŞ Prezidenti Cozef Bayden administrasiyası bir ildən çoxdur bu şübhəli obyekti izləyir. Orada sentrifuqlar yenisi ilə əvəz ediləcək. İnformasiyaya əsasən, Cozef Bayden Yaxın Şərqə səfəri zamanı İrana qarşı iddiaları reallaşması üçün düyməni hələ basmayacaq.

İsrail mənbələrinin dəyərləndirməsinə görə, İrana uranın böyük miqdarda zənginləşdirilməsini təmin etmək məqsədi ilə çoxlu sayda sentrifuqları artıq quraşdırıb.

Qeyd edək ki, İslam Respublikası nüvə obyetklərindəki Atom Enrejisi üzrə Beynəlxalq Agentliyinin 27 kamerasını bağlayıb. Ona görə də uranın zənginləşdirilməsinə nəzarat etməkdə çətinlik yaranıb.
"Pandemiya sona çatır"Dünyada COVID-19-a yoluxma sayı kəskin azalıb. Pandemiya geridə qalmaq üzrədir.

Bunu Bakıda "Qlobal səhiyyənin idarə edilməsi" panelində çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, bir çox ölkələrdə testlərdə pozitiv nəticələrin payı azalıb. Lakin aşağı gəlirli ölkələrdə bu, problem olaraq qalmaqdadır.

“Pandemiyanın sona çatması üçün fokuslanmalıyıq”, - deyə T.A.Qebreyesus vurğulayıb.
ANAMA əməkdaşı minaya düşdü2022-ci il 17 iyun tarixində ANAMA əməkdaşı işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat məlumat yayıb.

"Hadisə tərəfimizdən araşdırılır. Araşdırmalar yekunlaşdıqdan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda bildirilib.