Xarkovda azərbaycanlı həlak olduÜç gün əvvəl Xarkov vilayətində azərbaycanlı Elşad Məmmədov atışma nəticəsində həlak olub.

Bu barədə Baku TV-nin süjetində qeyd olunub. Bildirilib ki, onun hansı şəraitdə öldürüldüyü hələ ki məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.
Vilyam Hacıyevlə bağlı daha bir şok faktBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub.

Report xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov çıxış edib.

O, cinayət işi üzrə tərtib edilən aktlarda dəymiş ziyanla bağlı yazılan rəqəmlərlə razı olmadıqlarını söyləyib.

Məhkəmədə elan olunub ki, istintaq dövründə maliyyə yoxlaması zamanı V.Hacıyevin rəhbərliyi dövründə külli miqdarda vəsait rayon ərazisindəki təhsil və məktəbəqədər müəssisələrdə xərclənməsi adı ilə silindiyi qeyd edilib.

Təqsirləndirilən şəxsin vəkili bununla razı olmadıqlarını deyib.

Hakim bildirib ki, növbəti prosesdə İmişli rayon ərazisində aparılan tikinti işlərinə ayrılan və xərclənmiş vəsaitlərlə bağlı akt tədqiq ediləcək.

Daha sonra məhkəmənin növbəti iclası iyunun 13-nə təyin edilib.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Rusiyada müharibəyə qarşı olan tanınmış jurnalistin torpaq sahəsinə həbs qoyulubMoskvanın Basman rayon məhkəməsi Rusiyanın tanınmış publisisti Aleksandr Nevzorovun Sankt-Peterburqda, Fin körfəzi sahilində yerləşən torpaq sahəsinə həbs qoyulması barədə hökm çıxarıb.

“Report” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib k, torpaq sahəsinin qiyməti hazırda 7,87 milyon rubldur (136 min dollara yaxın).

Qeyd edək ki, ötən həftə A.Nevzorov və xanımı Lidiya Nevzorova Ukrayna vətəndaşlığı alıb. Tanınmış publisist Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə qarşı çıxış edənlərdəndir.
Əlilliklə bağlı narazı vətəndaşların DİQQƏTİNƏ!"Əlilliklə bağlı əsas təyinatımız elektron platforma üzərindən həyata keçirilir". 

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov jurnalistlərə açıqlamasında  deyib.

A.Bayramov qeyd edib ki, bəzi vətəndaşlar qiymətləndirmənin nəticəsindən razı qalmaya bilərlər: 

"Onlar bizə müraciət edib, onlayn növbə ilə komissiyaya gələ bilərlər. Əlilliyin elektron qiymətləndirilməsində yanlışlıq müəyyən edilibsə, dərhal aradan qaldırılır. Səhv qərar verilən və ya əlilliyi olduğu halda təyinat almayan şəxslərin sayı minimuma endirilib. Əlilliyi olduğu halda bizə müraciət etməyən şəxsləri özümüz tapmağa çalışırıq".
100-ə yaxın tələbənin diplomu saxta çıxdıÖtən il 98 nəfərin diplomunun saxta olduğu müəyyən edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 12" jurnalında qeyd edilib.

Bildirilib ki, 2021-ci ildə 936 şəxsə aid 6 magistr, 751 bakalavr, 3 orta ixtisas və 176 yenidənhazırlanma diplomlarının həqiqiliyinin yoxlanması üçün Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyinə sorğular göndərib. Nəticədə 98 nəfərin diplomunu hüquqi əsası olmadığı müəyyən edilib. Bunlardan 85-i bakalavr, 2-si orta ixtisas və 11-i yenidən hazırlanma üzrədir.

Hüquqi əsası olmayan diplomlarla bağlı məsələlərə hüquqi qiymət verilməsi üçün Mərkəz tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Bakıdakı Formula 2 yarışında qəza baş verdiFormula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçirilən Formula 2 üzrə birinci sərbəst yürüşdə qəza baş verib.

 “MP Motorsport” komandasının pilotu Klement Novalakın bolidi təhlükəsizlik blokuna çıprılıb.
 Formula 2 yarışında 11 komanda birincilik uğrunda mübarizə aparır. Hər komandanı iki pilot təmsil edir.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən Bakıda Formula 1 və Formula 2 yarışları keçirilməyib. 2021-ci ildə isə yarışlar tamaşaçısız keçib.

Formula 2 çempionatı 14 mərhələdən ibarətdir. Yarışa noyabrın 18-20-də Abu-Dabidə keçiriləcək yürüşlə yekun vurulacaq.
Rusiya Ukraynanın son itkilərini açıqladıSon sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus bir Su-25 hücum təyyarəsini, bir MiQ-29 qırıcısını və beş pilotsuz təyyarəni məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib.

O əlavə edib ki, hava hücumundan müdafiə qüvvələri Luqansk və Xarkov vilayətində dörd “Toçka-U” raketini, həmçinin Donetsk və Xarkov vilayətində “Uraqan” reaktiv yaylım atəşi sisteminin üç mərmisini ələ keçirib.

Konaşenkovun sözlərinə görə, son sutkada Rusiya aviasiyası Ukraynaya məxsus 6 tankı, 4 artilleriya qurğusunu da məhv edib.

“Əməliyyat-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 46 ərazini vurub”.

İqor Konaşenkov bildirib ki, Rusiya raket qüvvələri və artilleriyası son sutka ərzində 350-dən çox hərbçini, Ukraynanın 11 silah və sursat anbarını, 62 komanda məntəqəsini, 138 artilleriya atəşi mövqeyini məhv edib.
 "Raket qoşunları və artilleriya 62 komanda məntəqəsini, 138 artilleriya atəşi mövqeyini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 303 ərazini vurub. Artilleriya zərbələri nəticəsində 350-dən çox millətçi, 7 zirehli texnika, 2 ədəd “Qrad” reaktiv yaylım atəşi sistemi, 5 səhra artilleriya silahı və minaatan, 16 xüsusi texnika, həmçinin 11 raket və artilleriya silahı, döyüş sursatı və yanacaq anbarı məhv edilib”.

Konaşenkov qeyd edib ki, müharibə başlayandan indiyədək 195 təyyarə, 130 helikopter, 1168 pilotsuz uçuş aparatı, 336 zenit-raket kompleksi, 3484 tank və digər zirehli döyüş texnikası, 499 reaktiv yaylım atəşi qurğusu, 1843 səhra artilleriya silahı və minaatan, o cümlədən 3528 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.
 Rusiya fevralın 24-də Ukraynada müharibəyə başlayıb.
Ukrayna diversiya qrupu Rusiyaya girdi: döyüşlər gedirUkraynanın diversiya qrupu Bryansk vilayətinin ərazisinə daxil olub. Daha sonra Ukrayna ilə sərhəddəki sərhəd-keçid məntəqəsi atəşə tutulub.

Bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Ukraynanın kəşfiyyat-diversiya qrupu Bryansk vilayətinin Podıvotye qəsəbəsi ərazisinə girib. Ərazidə döyüşlər gedir, onların yerləşdiyi ərazi qumbaraatanlardan və haubitsalardan atəşə tutulub.

Səhər saatlarında isə vilayətin Belaya Beryozka qəsəbəsinin sakinləri partlayış səsləri eşidiblər. İlkin məlumata görə, bu, Ukrayna ilə sərhəddəki keçid məntəqəsinə hücum cəhdi olub.
15 yaşlı oğlan bıçaqlandı, anası özünü binadan atdıSumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb.

Report xəbər verir ki, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endib.

Şahidlərin verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qərb ləngiyir, mərmimiz bitib - UkraynaDonbasda artilleriya müharibəsi gedir və Ukrayna bu qarşıdurmada Rusiyaya uduzur.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Ukraynanın bir artuilleriyasına qarşı Rusiyanın 10-15 artilleriyası var. Gün ərzində 5-6 min mərmi istifadə edirik. Balansımızda olan bütün sursatlarımızı istifadə etmişik. Bizə təcili silah lazımdır. Təəssüf ki, Qərb bu məsələdə ləngiyir”, - Skibitski bildirib.