Yeniyetmə qızın ərə verilməsinin qarşısı ALINDIAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabad rayonunun Qəzli kəndində 17 yaşı tamam olmamış yeniyetmə qızın ərə verilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, yeniyetmə qızın ailəsi ilə danışıqlar aparılıb:

“Danışıq zamanı onlar ailədə xəstə adamın olduğunu əsas gətirərək nişan mərasimi keçirmək istədiklərini bildiriblər. Ancaq araşdırma zamanı nişan yox, toy mərasiminin keçirilməsinin nəzərdə tutulduğu müəyyənləşib. Dərhal müdaxilə olunub, toyun keçirilməsinin qarşısı alınıb. Eyni zamanda ailəyə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın evləndirilməsi nəticəsində ailə inzibati, hətta hüquqi məsuliyyətə cəlb oluna bilər”.

Qeyd edək ki, toyun bu gün keçirilməsi nəzərdə tutulmuşdu.
"Rusiyanın 31 500 hərbçisi zərərsizləşdirilib"Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 500 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 393 ədəd tankı, 3 492 ədəd zirehli döyüş maşını, 703 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 96 hava hücumundan müdafiə sistemi, 212 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 406 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 559 ədəd dronu, 125 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
Erməni müxalifətinin 8-9 iyun planları - AçıqlandıBu gün axşam saat 8-də Fransa meydanında “Ermənistan” və “Mənim şərəfim var” fraksiyalarının deputatlarının iştirak edəcəyi “Ermənistan dünən, bu gün və sabah” mövzusunda diskussiya keçiriləcək.

Teleqraf.com erməni mediasına istinadən bildirir ki, revanşistlərin birləşdiyi “Müqavimət hərəkatı”nın planları açıqlanıb.

İyunun 9-da saat 19:30-da isə revanşistlər Fransa meydanında mitinq keçirəcək.

Xatırladaq ki, səhər saatlarında Müqavimət hərəkatının üzvləri Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin ofisinə yürüş edib, orada etiraz aksiyası keçirərək, Aİ ofisi və Aİ səfirini polisin etirazçılara qarşı qəddar davranışına göz yummasını pisləyiblər
Şizofreniya xəstəsi özünü dənizə atdıİyunun 7-də saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli parkda bir nəfər özünü dənizə atıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb.

Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.
Senzura və səfərbərlik Rusiyada gərginliyi artırır“Dxr” və “lxr”də məcburi səfərbərlik, həlak olan hərbçilər haqqında məlumatlara senzura tətbiq edilməsi Rusiyada gərginliyi artırır.

Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Kreml hüquqşünaslara və psixoloqlara batmış "Moskva" kreyserinin şəxsi heyətinin ailələrini Rusiyada artan sosial gərginliyi səngitmək üçün doğmalarının ölümü ilə bağlı məlumatı açıqlamamağa inandırmağı tapşırıb. Nəticədə bəzi qohumlar etiraz əlaməti olaraq Sevastopolda Qara Dəniz Donanmasının komandanlığı ilə görüşməkdən imtina ediblər”, - məlumatda deyilir.
Türkiyədən İsveç və Finlandiyaya 9 şərtTürkiyə NATO-ya üzvlük üçün vetonun götürülməsini istəyən İsveç və Finlandiyaya 10 şərt qoyub.

Bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, şərtlər aşağıdakı kimidir:

1. İsveç və Finlandiya PKK, DHKP/C, İŞİD, FETÖ və onların qolları daxil olmaqla, terror təşkilatları ilə mübarizədə Türkiyəyə dəstək verməlidir;

2. Terror təşkilatlarının müdafiəçisi olan İsveç və Finlandiya terrorla mübarizə üçün lazımi qanuni tənzimləmələr və hüquqi infrastruktur yaratmalıdır;

3. Hər iki ölkədəki PKK-nın qollarına aid nümayəndəliklər bağlanmalıdır;

4. FETÖ fəaliyyətlərinə icazə verilməməli, əlaqəli internet saytları və media orqanları bağlanmalıdır;

5. Ekstradisiya, aktivlərin dondurulması və terrorla əlaqəli dərnəklərin bağlanması tələbləri qarşılanmalıdır;

6. İsveç və Finlandiyada terrorla bağlı şəxslər deportasiya və ekstradisiya edilməlidir;

7. PKK və DHKP/C kimi terror təşkilatlarının aksiya-nümayiş keçirməsinə icazə verilməməlidir;

8. Hər iki ölkə Türkiyə ilə kəşfiyyat paylaşımı etməlidir;

9. Hər iki ölkə Türkiyəyə qarşı müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmalıdır.
Baş Prokurorluq ƏMƏLİYYAT KEÇİRDİ - 5 vəzifəli saxlanıldıBaş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Avrasiya.net-in məlumatına görə, iyunun 7-də keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.

Əməliyyat zamanı həmçinin Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı, Əmlak idarəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.
Bolqarıstan Ukraynaya hərbi yardımdan imtina etdiBolqarıstan səfir Vitali Moskalenkonun xahişi ilə Ukraynaya hərbi yardım göstərməkdən imtina edib. Rusiyaya qarşı sanksiyalara gəlincə, Bolqarıstan bütün tədbirləri dəstəkləyib.

Bu barədə “The Sofia Globe” məlumat yayıb.

Baş nazir Kiril Petkov bildirib ki, Ukraynaya hərbi-texniki yardımla bağlı parlamentin qərarı var və onlar Milli Assambleyanın qərarına əməl edəcəklər.

“Düşünürəm ki, biz Ukrayna üçün xeyli işlər gördük, qaçqınlara dəstək səviyyəsində, humanitar yardıma yatırdığımız vəsait səviyyəsində…”.
Yunan mediasının Azərbaycan Ordusu haqda yalanı“Efes” təlimi Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi təlimlərin ən üst səviyyəsidir. Hərəkat iki ildə bir, müştərək və birgə fəaliyyət şəklində gerçəkləşdirilir. Təlimdə həqiqi döyüş sursatlarından, mərmi və güllələrdən istifadə olunur.

Bu sözləri Axar.az-a Azərbaycan Ordusunun "Efes-2022" təlimlərində iştirakı və Yunanıstan mediasının qarayaxma kampaniyası haqqında haqda danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Generalın sözlərinə görə, Şuşa Bəyannaməsi çərçivəsində başqa sahələrdə olduğu kimi, hərbi sahədə də qarşıya qoyulan hədəflərə çatmaq üçün ölkələrimiz birgə fəaliyyəti dayanmadan davam etdirir:

“Ölkələrimiz arasında əlaqələr Şuşa Bəyannaməsi imzalandıqdan sonra tarixinin zirvə nöqtəsindədir. Bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq inkişaf etməkdə və daha da yaxınlaşmaqdadır. Dolayısı ilə sənəddə göstərildiyi kimi, hərbi birləşmələrin qarşılıqlı göndərilməsi, ortaq təlim və tədris kimi məsələlər hazırki təlimdə də öz əksini tapıb. Bu il içərisində Türkiyə və Azərbaycanda, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə iyirmiyə yaxın təlim keçirilib. “Efes-2022” təlimi 20 mayda başlayıb və 9 iyunadək davam edəcək. Təlimə 37 ölkə qatılıb, bunlardan 13-ü isə birbaşa təlimdə iştirak edir. Ümumilikdə təlimdəki şəxsi heyətin sayı 10 min nəfərə qədərdir.

Burada Türkiyə müdafiə sənayesinin istehsalı olan modern sistemlər sınaqdan keçirilməkdə və inkişaf etdirilməkdədir. Təlimdə ölkəmizin 43 müdafiə sənayesi şirkətinin məhsulları əyani şəkildə meydanda və tədris prosesində ölkəmizə gələn xarici ölkə nümayəndələrinə göstərilir. Azərbaycan müdafiə naziri Zakir Həsənov da həmkarı Hulusi Akarın dəvəti ilə təlimləri izləyənlər arasındadır”.

Yücel Karauz təlimdə iştirak edən Azərbaycan hərbçiləri haqqında Yunanıstan mediasının yaydığı yalanlara da toxunub:

“Yunanıstan mediasının təlimə qatılan Azərbaycan və Türkiyə xüsusi təyinatlarının, komandolarının yunan adalarını işğal edəcəyi haqqında xəbərləri isə xəyal məhsulundan, boşboğazlıqdan, cəfəngiyyatdan başqa bir şey deyil. Bu yalan iddialar heç bir məntiqə sığmır. Çünki “Efes” yeni keçirilən və hansısa bir hadisəyə reaksiya xarakterli təlim deyil. Yunanıstan mediasının yalanları daxildə yaşadıqları qorxunun təzahürüdür. Şuşa Bəyannaməsində də göstərildiyi kimi, Türkiyə və Azərbaycan əlaqələri hansısa bir üçüncü ölkəyə qarşı deyil, müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunması və bölgədə əməkdaşlığın inkişafı, sülhün möhkəmləndirilməsi üçündür. Bayaq da qeyd etdiyim kimi, bu təlimdə Azərbaycan və Türkiyə Ordusu birgə döyüş, ortaq hərəkat, hərəkatın koordinasiyası, hərbi texnikanın və silah sistemlərinin bir-birinə inteqrasiyası, dostluq və qardaşlığımızın möhkəmləndirilməsi istiqamətində bir üst səviyyəyə keçməkdədirlər. Allah hər zaman Ordularımızı müzəffər etsin”.
İranda qatar qəzası: ölənlər varİranda Məşhəd-Yezd reysini həyata keçirən qatar qəzaya uğrayıb.

Hadisə yerli vaxtla saat 05:30-da Tebes şəhəri yaxınlığındakı Mezino stansiyasında baş verib.

Sərnişin qatarının 7 vaqonundan 5-i relsdən çıxıb. Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 15 nəfər isə yaralanıb.

Hadisə yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib.

Ölən və yaralananların sayının artacağı istisna edilmir.

Qəzanın başvermə səbəbləri araşdırılır.