“Daşkəsən” dəmir filizi yataqlarının istismarına dair ictimai müzakirə keçirilib“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti (DDF MMC) tərəfindən Daşkəsən dəmir filizi yataqlarının istismara verilməsi işləri çərçivəsində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması prosesi başa çatdırılıb.

Daşkəsən şəhərində yerli icra hakimiyyəti və bələdiyyələrin əməkdaşları, elmi təşkilatların təmsilçiləri və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə sözügedən sənədin ictimai müzakirəsi keçirilib. İctimai iştirakçılıq haqqında qanunvericiliyə uyğun olaraq təşkil edilən görüşdə cari ilin yay aylarında istismarına başlanılması planlaşdırılan “Daşkəsən” dəmir filiz sahəsi və ətraf ərazilərdə təfsilatlı ekoloji monitorinq və tədqiqat işlərinin icra edildiyi, ekoloji və sosial-iqtisadi mühitə gözlənilən təsirlərinin qiymətləndirildiyi qeyd edilib. Həmçinin hasilat işləri zamanı bu təsirlərin azaldılması məqsədilə ən müasir istehsalat təcrübəsinə əsaslanan səmərəli idarəetmə sisteminin tətbiqi və qabaqcıl texnologiyalardan istifadə edilməsi öz əksini tapıb.

İctimai müzakirə zamanı görüş iştirakçıları tərəfindən ƏMTQ sənədinin dağ-mədən sənayesi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun işlənib hazırlandığı xüsusilə vurğulanıb və sənəddə əksini tapan məsələlərin icrasının bölgədəki biomüxtəlifliyinin qorunması baxımından vacibliyi qeyd olunub. Bununla yanaşı, görüş iştirakçıları və ekspertlər tərəfindən ekoloji monitorinq və ətraf mühitin idarə edilməsi tədbirlərinə dair bir sıra təkliflər səsləndirilib. Təkliflər baxılması və sözügedən sənədə daxil edilməsi üçün protokollaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ölkə ərazisində qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərlə bağlı səlahiyyətlər həvalə edilib. Sərəncamdan irəli gələn tapşırıqların icrası, dəmir filizi yataqları üzrə fəaliyyətin təşkili ilə əlaqədar bütün səhmləri Cəmiyyətə məxsus olan ilk törəmə şirkət – DDF MMC 2020-ci ildən dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlayıb.

MMC Prezident İlham Əliyevin 06 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamına əsasən “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsi ilə bağlı kompleks işlərin icrasını davam etdirir. Bu layihənin başlıca hədəfi qısa müddət ərzində dəmir filiz yataqlarının hasilata verilməsi və qara metallurgiya məhsullarının istehsalı üçün keyfiyyətli xammala olan təlabatın ödənilməsidir.

Layihə çərçivəsində ölkə ərazisində dəmir filizi hasilatı, emalı, o cümlədən dəmir filizi konsentratı və birbaşa reduksiya edilmiş dəmirin istehsalı üçün sənaye kompleksinin yaradılması ilə qeyri-neft sənayesinin tərəqqisinə əhəmiyyətli töhfələr veriləcək. Belə ki, istismara başlanılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunda daimi iş yerlərinin açılması, yerli şirkətlərin fəaliyyəti üçün yeni imkanların yaradılması və ölkə iqtisadiyyatına yüz milyonlarla manat vəsaitin cəlb edilməsi nəzərdə tutulub.
Gəncə bölgəsində yaşayan əcnəbilərin inteqrasiyana dair müzakirələr aparılıbGəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində “Azərbaycanın Qərb bölgəsində miqrasiya idarəçiliyi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

Gəncə Regional Miqrasiya İdarəsinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə Gəncədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və dövlət qurumlarının nümayəndələri, o cümlədən ali təhsil müəssisələrinin əcnəbi tələbələrlə işləyən əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov pandemiyanın azalması fonunda ölkəyə gələn əcnəbilərin sayında artımın baş verdiyini və digər bölgələrlə yanaşı Gəncədə də bu tendensiyanın müşahidə olunduğunu bildirib.

Qeyd olunub ki, miqrasiya idarəçiliyinin effektivliyi həm siyasi müstəvidə mövcud olan amillərdən, həm də bu prosesdə iştirak edən maraqları tərəflərin fəallığından asılıdır. Lakin bu fəallığın səmərəliliyi ictimai təşəbbüslərin həyata keçirilməsi üçün istəyin olması ilə yanaşı, həm də bu kimi fəaliyyətlərin icrasında maraqlı olan qeyri-hökumət təşkilatlarının təcrübəsi, müvafiq bilik və bacarığı, yeni çağırışların tələblərinə cavab verən resurs və imkanlarla bağlıdır. Bu səbəbdən bölgələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının həmin indikatorlar üzrə institusional potensiallarının artırılması günün tələbədir.

“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova təmsil etdiyi təşkilatın xətti ilə miqrasiya sahəsində həyata keçirilən layihələr və bu sahədə ixtisaslaşan beynəlxalq təşkilatlarla əməkdaşlıqları barədə məlumat verib, miqrasiya sahəsində maraqlı tərəflərlə əlaqələrin inkişaf etdirilməsi zərurəti haqqında danışıb. QHT təmsilçisi bununla yanaşı həm də miqrasiya proseslərində iştirak edən ölkə vətəndaşlarının xaricdə olarkən üzləşdikləri çətinliklər və qarşılaşdıqları təhlükələr barədə məlumat verib.
Gəncə 1 saylı Mediasiya Təşkilatının təsisçilərindən Kübra Ələkbərova hazırda miqrantların hüquqlarının təmin olunması məqsədilə həyata keçirdikləri fəaliyyətlərdən danışıb.

“Gəncə Maarif Evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev xarici ölkələrə səfər edən şəxslərin getdiyi ölkələrin miqrasiya qanunları barədə məlumatlı olmasının vacibliyi, Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin sədri Mehman Xəlilov bölgə qeyri-hökumət təşkilatlarının icra etdikləri layihələrin əlaqələndirilməsi və bu prosesdə onlara təşkilati dəstəyin göstərilməsi, Delege Gəncə Ofisinin təmsilçisi Elmira İsmayılova son illər bölgələrdə vətəndaş cəmiyyəti sahəsində həyata keçirilən quruculuq işləri barədə danışıblar.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev və Gəncə Regional Miqrasiya İdarəsinin rəisi Orxan Xıdırov qaldırılan məsələlərə münasibət bildirib, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair gələcək fəaliyyətlər barədə məlumat veriblər.

Bölgə QHT-lərinin miqrasiya sahəsində potensiallarının artırılmasına ehtiyacın olduğunu vurğulayan tədbir iştirakçıları bu sahədə bir sıra təkliflərlə çıxıb ediblər.
Ruslar Ukraynada hücum taktikalarını dəyişdiRus ordusu quru qruplaşmalarının hücumunu dəstəkləmək üçün aviasiyadan istifadəni artırıblar.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Kifayət qədər yüksək dəqiqlikli raket ehtiyatı olmadığına görə, düşmən Ukrayna ərazisində mühüm və hərbi obyektləri məhv etmək üçün başqa yollar axtarır”, - məlumatda deyilib.

Qeyd edilir ki, xeyli canlı qüvvə və texnika itkisinin əvəzlənməsi üçün rus ordusu Cənub Hərbi Dairəsindən ehtiyat hissələri formalaşdırır:

“Belarus Silahlı Qüvvələrinin yeddiyə qədər batalyonu Volın və Polesye istiqamətlərində Belarus-Ukrayna sərhədinin mühafizəsinin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir. Düşmənin Belarus ərazisindən raket və hava zərbələri endirmək təhlükəsi keçməyib”.
İrəvanda etirazçılar PA-nın girişini bağladılarErməni müxalifəti səhər saatlarından etibarən İrəvanda növbəti aksiyalara başlayıb.

Axar.az xəbər verir ki, aksiya iştirakçıları parlament və Prezident Administrasiyasına üz tutublar.

Etirazçıların yolunun üstündə xüsusi təyinatlılar dayanıb. Prezident Administrasiyası yaxınlığında polislə aksiya iştirakçıları arasında toqquşma yaşanıb. Təhlükəsizlik qüvvələri etirazçıları PA-nın binasından uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər.

“Ermənistan” blokundan olan deputatlar Aram Vardevanyan və İşxan Saqatelyan müxalifət tərəfdarlarını sakitləşdirməyə çalışıblar. Bir müddət sonra vəziyyət sabitləşib.

Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarları səsləndirirlər.

Polis etirazçıları binanın girişlərini açmağa çağırıb.
Ruslar Xarkovda uğursuzluğa düçar oldular - UkraynaXarkov vilayətində rus işğalçıları Pasek yaşayış məntəqəsini tutmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Artilleriya və ordu aviasiyasının dəstəyi ilə düşmən Pasika yaşayış məntəqəsinə nəzarəti ələ keçirməyə uğursuz cəhd göstərib. Xarkov istiqamətində düşmənlər əsas səylərini artıq tutmuş mövqeləri saxlamağa cəmləyiblər. Bundan əlavə, ruslar Ternovaya istiqamətində növbəti hücum əməliyyatları keçirməyə cəhd edib, lakin heç bir uğur əldə edə bilməyib”, - məlumatda deyilir.
NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıbRusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, ondan əvvəlki bütün silahlı münaqişələr kimi danışıqlar masası arxasında bitəcək. Yeganə sual bunun nə vaxt və hansı şəraitdə olmasıdır.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Məqsədimiz Ukraynaya döyüş meydanında danışıqlarda Kiyev tərəfi üçün məqbul şərait yaradan belə bir nəticə əldə etməyə kömək etməkdir. Yəni seçimdən danışırıq: ya Ukraynaya müharibədə qalib gəlməyə kömək edirik, ya da danışıqları dəstəkləyirik. Söhbət Ukraynanın sülh danışıqları aparmaq üçün döyüşdə məqbul şərtlər əldə edəcək qədər güclü olmasından gedir”, - Stoltenberq əlavə edib.

Baş katib həmçinin NATO-nun Ukrayna müharibəsində əsas vəzifəsini açıqlayıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində alyansın iki əsas məqsədi var: - birincisi, alyans Ukrayna ordusuna öz ölkəsini müdafiə etməyə kömək etməyə çalışır, ikincisi, müharibənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almağa səy göstərir.

Putinin ortadan götürülməsi üçün ssenarilər varRusiya Prezidenti Vladimir Putinin mühitində üsyan mümkündür, lakin onun aradan götürülməsi üçün başqa ssenarilər də var.

Axar.az xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Aleksey Qaran deyib.

“Rusiya rəhbərliyində Ukraynada müharibəni dayandırmağın zəruriliyini anlayan “daha ​​düşüncəli adamlar” var. Söhbət ilk növbədə iş adamlarının pul itirməsindən gedir”, - Qaran vurğulayıb.

O, Kreml daxilində üsyanı istisna etməyib: “Putinin ətrafında Patruşev kimi “şahinlər” mövcuddur”.

Qaranın sözlərinə görə, çox güman ki, Putin özünü mühafizəçilərlə mühasirəyə alıb, ona görə də onu çıxarmaq mümkünsüz görünür. Belə olan halda Ukrayna bir müddət diktatura rejiminin yanında yaşamalı olacaq.

Professor əlavə edib ki, Putin hakimiyyətdən uzaqlaşdırılarsa, müxtəlif variantlar mümkündür:

“Biri hazırkı rejimi təmsil edən “şahin”ləri hakimiyyətdə saxlamaqdır. Daha çevik bir ssenari də mümkündür. Biz öz işimizi görməliyik. Putinin ətrafına və qorxu içində olan Rusiya cəmiyyətinə ümid edə bilmərik”.
Yevlaxda sərnişin mikroavtobusu traktorla toqquşub, 10-dan çox xəsarət alan varBakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.

"Report"un məlumatına görə, Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən "Ford" markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub. Hadisə zamanı Goranboy rayon sakinləri: - 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il təvəllüdlü), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Bu gün UEFA Konfrans Liqasının ilk qalibi müəyyənləşəcəkBu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq.

"Report"un məlumatına görə, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

"Canavarlar" 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə o vaxtkı adı ilə Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxmaqla imza atıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.

"Feyenoord"a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.

UEFA Avropa Liqası

Final

25 may

23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana, Milli Arena.
Səudiyyə: İran buna təminat verməlidirİranla əlaqələrin normallaşması üçün təşkil edilən görüşlərdə müəyyən irəliləyişlər əldə olunub, lakin bunlar yetərli deyil.

Axar.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan deyib.

“Gələcəkdə əməkdaşlıq üçün İranın təminat verməsi gərəkdir”, - deyə nazir bildirib.