Sabah hava yağmursuz olacaqMayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 18-23° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.
KİV: “Azərbaycanın PUA-lardan istifadə etməsi dünyada onlara marağı artırdı”“Azərbaycanın 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsi dünyada onlara marağı artırdı”.

“Report”un məlumatına görə, jurnalist Pol İddon “Forbes” jurnalında dərc olunmuş məqaləsində yazır ki, “rəsmi Ankara Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan Azərbaycana “Bayraktar TB2” PUA-ları satmışdı. Rəsmi Bakı bu PUA-lardan 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Ermənistan qoşunlarına qarşı istifadə etdi. Bu müharibədən sonra Türkiyə və Azərbaycan hərbi əlaqələrini möhkəmləndirmək niyyəti ilə 2021-ci ilin iyununda Şuşa Bəyannaməsi imzaladılar”.

O bildirib ki, Türkiyənin “Bayraktar TB2” PUA-larını satdığı daha bir ölkə Ukraynadır:

“Bu ölkə sözügedən PUA-lardan Rusiyaya qarşı hərbi əməliyyatlarda uğurla istifadə edir. Ukrayna müharibəsində TB2-lər döyüş qabiliyyətini bir daha əyani şəkildə nümayiş etdirdi. Lakin məhz Azərbaycanın 2020-ci ilin payızında PUA-lardan qətiyyətlə istifadə etməsi dünyada onlara marağı kəskin şəkildə artırdı”.

İsrail istehsalı olan “Harop” PUA-larına gəlincə, P.İddon yazır:

“Azərbaycan Qarabağdakı müharibədə özünün “Harop”larından Ermənistanın “S-300” zenit-raket komplekslərinə qarşı istifadə etdi. Ötən ilin payızında xəbər yayılmışdı ki, İsrail və Mərakeş bu Şimali Afrika ölkəsində birgə “Harop” istehsalı ilə bağlı saziş imzalamağa yaxındırlar.

İran isə may ayında Tacikistanda “HESA Ababil-2” hərbi PUA-larının istehsalı üzrə zavod açdı. Bu hadisə Tacikistana qonşu olan Qırğız Respublikası Türkiyədən “Bayraktar TB2” PUA-ları sifariş etdikdən bir il keçməmiş baş verdi”.

Müəllif əlavə edib ki, Qazaxıstan Türkiyədən sonra “TAI Anka” PUA-larının yığılması ilə məşğul olacaq ikinci ölkədir.
BMT: “Ukraynadakı müharibə 70-dən çox ölkədə böhran və defolta səbəb ola bilər”"Ukraynadakı müharibənin gücləndirdiyi ərzaq, yanacaq və maliyyə böhranları kasıb ölkələrdə iğtişaşlara və 70-dən çox ölkədə defolta səbəb ola bilər".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının administatoru Ahim Ştayner Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.

“Böhranla ayaqlaşmağa çalışırıq, lakin inkişaf etmiş iqtisadiyyatların çoxunun sadəcə pulu qalmayıb”, - o deyib.

Xatırladaq ki, artıq Şri-Lanka kütləvi etirazlar fonunda defolt olduğunu elan edib.

"The Wall Street Journal" yazır ki, Rusiyanın Ukraynadakı limanları bloklaması çatışmazlıqlara və ölkələrdə qiymət artımına səbəb olur. Belə ki, Misir kimi ölkələr artıq tamamilə idxaldan asılıdır.

Nəşrə görə, müharibə enerji daşıyıcılarının da bahalaşmasına səbəb olur. Enerji resurslarının çatışmazlığı gübrənin bahalaşmasına və nəticə etibarilə ərzaq inflyasiyasının sürətlənməsinə səbəb olur.
Azərbaycanda baş verən yüksək inflyasiyanın səbəbləri açıqlanıbAzərbaycanda baş verən yüksək inflyasiya əsasən idxal inflyasiyası ilə bağlıdır.

Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sevinc Həsənova hesab edir ki, yalnız Azərbaycanda deyil, bütün dünyada COVID-dən sonrakı dövrə keçid olaraq yaranmış tələbin qarşılanmasındakı çətinliklər misli görünməmiş inflyasiya təzyiqləri yaradıb.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı da bu təzyiqlərdən yan ötməyib: “Bizim verdiyimiz proqnozlara nisbətən inflyasiya daha yüksək – 17 % olub. Beynəlxalq təşkilatıların proqnozuna görə 2021-ci ilin son ayında ən yüksək həddə çatacağı, növbəti ildə əmtəə qiymətləri indeksinin nisbətən 5 dəfə aşağı olacağı, 2022-ci ilin ortalarına qədər həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı ehtimal edilsə də, pandemiyanın təsiri nəticəsində qlobal təchizat və istehsal logistika zəncirində baş vermiş sınmaların hələ də qalması, xüsusilə də son aylar Rusiya-Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokunun baş verməsi, dünyanın müxtəlif yerlərində baş verən iqlim dəyişiklikləri, o cümlədən, quraqlıq səbəbindən məhsuldarlığın azalması bir sıra məhsulların ixracını azaldıb. Bu da bir çox məshulların qiymətlərinin artmasına gətirib çıxarıb”.

report
Deputat: “Bank kreditləri ucuzlaşdırılmalıdır”“Mən Milli Məclisə üzv seçiləndə cavan oğlan idim. O vaxtdan bəri bank kreditlərinin faizlərinin aşağı salınmasını deyirəm. Bu məsələyə baxılmalı, bank kreditləri ucuzlaşdırılmalıdır"

Bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Bundan başqa, o, təklif edib ki, ölkədə kənd təsərrüfatının inkişaf tempi artırılsın: “Bu, inflyasiyanı aşağı salar".
Britaniya Kraliçası Prezidenti təbrik etdiBöyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.
Ərdoğan Əliyevə məktub göndərdiTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu mühüm və əlamətdar ildönümündə Türkiyə kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul etdiyi qardaş Azərbaycanın haqlı qürurunu və həyəcanını ürəyində böyük xoşbəxtlik hissi ilə duyur.

"Bir millət, iki dövlət" şüarı ilə davam etdirdiyimiz mükəmməl səviyyədəki əlaqələrimizi Şuşa Bəyannaməsinə uyğun olaraq müttəfiqlik iradəsi ilə gücləndirdiyimizə görə məmnunluq hissi keçirirəm. Ortaq səylərimiz, nümunəvi həmrəyliyimiz və sarsılmaz qardaşlığımızın keçmişdə olduğu kimi, gələcəkdə də regionumuzda sülhün, rifahın və sabitliyin ən böyük təminatçısı olmaqda davam edəcəyinə ürəkdən inanıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifahının davamlı olması üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".
Rus ordusu 4 yaşayış məntəqəsini ələ keçirdiRusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirib.

Bu barədə qondarma “lxr”in nümayəndəsi İvan Filiponenko məlumat verib.

Onun sözlərinə görə, döyüşlər nəticəsində Svetlodarsk, Luqanskoe, Mironovski və Toşkovka yaşayış məntəqələri ələ keçirilib.

Qeyd edək ki, Svetlodarsk şəhərinin tutulması barədə separatçılar məlumat yaymışdılar. Hətta meriya binasının üzərində də Rusiya bayrağı qaldırılmışdı. Şəhərdə Avropanın ən böyük istilik elektrik stansiyalarından biri olan Uqleqorsk İES yerləşir.
ABŞ Rusiyanın yolunu bağladıABŞ Rusiyanın beynəlxalq investorlara milyardlarla dollarlıq borcunu qaytarması üçün son yolu bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, ABŞ Rusiyaya Amerika bankları vasitəsilə borc ödənişlərini davam etdirməyə imkan verəcək lisenziyanın yenilənməsini ləğv edib.

Bildirilir ki, ABŞ Maliyyə Nazirliyi mayın 25-də gecə yarısı Rusiyadan istənilən istiqraz ödənişlərini emal etmək üçün banklara verdiyi lisenziyanı dayandırır.

Rusiyanın borcları 1917-ci il Bolşevik İnqilabından sonra ilk dəfə defolt olub.

Qeyd edək ki, ABŞ-ın bu sanksiyasına cavab olaraq Rusiya bu ay müddəti mayın 25-dək başa çatan iki istiqrazı qabaqcadan ödəyib.
Hindistan səfirliyi Beynəlxalq Yoqa Günü çərçivəsində silsilə tədbirlər keçirəcəkİyunun 21-də qeyd olunacaq VIII Beynəlxalq Yoqa Günü (IDY 2022) münasibətilə Azərbaycanda silsilə tədbirlər keçiriləcək.

Avrasiya.net xəbər verir ki, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın sözlərinə görə, səfirlik müxtəlif yoqa məktəbləri və dövlət qurumları ilə əməkdaşlıq edərək Beynəlxalq Yoqa Günü ərəfəsində Bakıda və onun ətrafında yerləşən məşhur məkanlarda – Qobustan, Atəşgah, Yanardağ, İçərişəhər və Heydər Əliyev Mərkəzinin parkında yoqa tədbirləri təşkil edəcək. Bundan başqa, regional gənclər mərkəzləri ilə birgə Sumqayıt, Lənkəran və Qubada yoqa tədbirləri keçiriləcək.

Yoqa müəllimləri Kənan Məmmədov (“Art of Living”), Elçin Quliyev (Klassik Yoqa Məktəbi), Səbinə Şahi (“Yoga Shahi Studio”), Ruqiya Əşrəfli (Ruchira Yoga Space), Lalə Xancanova və Preeti Ullas sözügedən yoqa seanslarına rəhbərlik edəcəklər.

İlk iki sessiya mayın 26 və 30-da keçiriləcək.