Qarabağda daha 178 mina aşkarlandıAzərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, mayın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 109, tank əleyhinə 69 mina və 155 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 413 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Belarus Ukrayna sərhədinə əlavə qüvvə yerləşdirirBelarus Silahlı Qüvvələri intensiv şəkildə kəşfiyyat aparır və sərhədyanı ərazilərdə əlavə bölmələr yerləşdirir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Volın və Polesye istiqamətlərində Belarus Silahlı Qüvvələri intensiv şəkildə kəşfiyyat aparır, Qomel vilayətinin sərhədyanı rayonlarına əlavə bölmələr yerləşdirilir. Belarus ərazisindən raket və hava zərbələri təhlükəsi hələ də qalır”, - məlumatda deyilir.
"Biz ABŞ-ın Azərbaycana münasibətdə yeni yanaşmasını təqdir edirik"Yaxın-uzaq tariximizin ən şərəfli günlərindən biri olan 28 May - Müstəqillik Günü yaxınlaşdıqca Azərbaycan xalqını və dövlətimizin başçısını təbrik edən dünya liderlərinin sayı gündən-günə artır. Bu təbrik məktubları arasında ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubu heç şübhəsiz ki, xüsusi əhəmiyyətə malikdir.

Məktubun əhəmiyyətliliyi bir sıra önəmli məqamlarla bağlıdır. Bunu Baydenin son məktubunun əvvəlki məktublarından ciddi şəkildə fərqlənməsindən də görmək mümkündür. Əvvəlki məktublar daha çox formal protokol xarakteri daşıyırdı. Lakin sonuncu məktubunda isə Amerika Birləşmiş Ştatlarının lideri ənənəvi diplomatik ritorikanın çərçivələrindən kənara çıxaraq, ABŞ və Azərbaycan münasibətləri ilə bağlı bir sıra çox ciddi məqamlara toxunub.

Budəfəki məktub ilk növbədə Ağ Ev rəhbərliyinin Azərbaycana qarşı yeni yanaşmasının göstəricisi kimi dəyərləndirilməlidir. Yaxın keçmişə ekskurs etsək görərik ki, son 30 ildə ABŞ-Azərbaycan münasibətləri heç də hamar və neqativsiz olmayıb. ABŞ prezidentləri bir çox hallarda Azərbaycana munasibətdə “ikili standartlar” siyasətindən çıxış ediblər. Xüsusən də artıq tarixə qovuşan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 28-29 il ərzində ABŞ ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkə kimi Azərbaycana qarşı heç də ədalətli mövqe tutmayıb.

Birləşmiş Ştatlar ənənəvi olaraq “demokratiya” və “insan haqları”nı bəhanə edərək Azərbaycana qarşı daim təzyiq göstərməyə və bu yolla özünün bölgədəki geosiyasi maraqlarını təmin etməyə çalışıb. Lakin indi reallıqlar dəyişib. Daha doğrusu, Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan torpaqlarını azad etməklə Cənubi Qafqazda yeni reallıqlar yaradıb.

Artıq nə “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə var, nə ermənilərin maraqlarına xidmət edən “status-kvo” vəziyyəti var, nədəki bu vəziyyətin qorunub saxlanmasına himayədarlıq edən, dəstək verən ATƏT-in Minsk Qrupu var. Bu qrup artıq formal quruma çevrilib və de-fakto mövcud deyil. ABŞ rəhbərliyi də heç şübhəsiz ki, bu yeni reallıqların fərqindədir və hazırda bu yeni reallıqlara adekvat siyasət yürütməyə başlayıb. Baydenin sözügedən təbrik məktubunda da məhz yeni siyasətin konturlarını müşahidə edirik.

Biz ABŞ-ın Azərbaycana münasibətdə yeni yanaşmasını təqdir edirik və ümid edirik ki, Ağ Evin xarici siyasət kursunu müəyyənləşdirən şəxslər bundan sonra ermənipərəst yanaşmalardan tamamilə imtina edəcəklər. Xüsusən də Dövlət Departamentinin strateqləri ənənəvi ermənipərəst siyasətin ötən 30 il ərzində ABŞ-Azərbaycan münasibətlərinə nə qədər ağır zərbə vurduğunun fərqində olmalıdırlar.

Bu da etiraf edilməlidir ki, erməni lobbisinin maraqlarına uyğun yürüdülən siyasət Birləşmiş Ştatlara əslində heç nə qazandırmadı. Əksinə, 44 günlük müharibədən sonra bu siyasət tamamilə iflasa uğradı. Görünən budur ki, Bayden də bu həqiqəti dərk edir və ona görə də ABŞ-ın Azərbaycana qarşı münasibətində müsbət kontekstdə dəyişikliklər etməyə başlayır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Putin iki istiqamətdə Avropaya təzyiqi artırırVladimir Putinin məqsədi təkcə Ukraynada müharibənin yaratdığı ərzaq böhranı deyil, həm də miqrasiya böhranıdır. Rusiya Prezidentinin hesablamasına görə, taxıl tədarükünün kəsilməsindən sonra aclıqla üzləşən insanlar bu bölgələrdən qaçaraq, Avropaya getməyə çalışacaqlar. Vaxtilə müharibənin dəhşətindən qaçan milyonlarla suriyalı kimi...

Bunu Almaniyanın Rusiyadakı keçmiş səfiri Rüdiger fon Fritş deyib.

O bildirib ki, yeni qaçqın dalğası ilə Putin Avropada sabitliyi pozmaq və Qərb hökumətlərinə Rusiyaya qarşı sərt mövqeyindən əl çəkmələri üçün siyasi təzyiq göstərmək istəyir:

"Bu, yeni hibrid müharibədir. Ukrayna ərazisində müharibə tezliklə bitməyəcək. Çünki Putin indi öz hakimiyyətini saxlamaq məsələsi ilə üzləşib. Ona görə də müharibənin davam etməsi və genişlənməsi ehtimalı yüksəkdir".
Mişel açıqladı: Bakı və İrəvan bu nəticələrə nail oldu!Bu gün mən yenidən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul etdim. Bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Avropa İttifaqının hər iki ölkə ilə, eləcə də bütövlükdə regionla əlaqələrinin inkişafına diqqət yetirdik.

Axar.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir.

“Müzakirə səmimi və məhsuldar keçdi. Biz məsələlərin bütün spektrini nəzərdən keçirdik. Biz humanitar məsələləri, o cümlədən minalardan təmizləmə və itkin düşənlərin taleyinin həllini ətraflı müzakirə etdik”-deyə, məlumatda qeyd olunur.

“Aşağıdakı nəticələrə nail olduq:

Sərhəd məsələləri

Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. Burada sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlər həll ediləcək.

Kommunikasiyaların açılması

Liderlər nəqliyyat əlaqələrini blokdan çıxarmağa başlamağın zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Qərbi Azərbaycan və Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımalara dair prinsipləri razılaşdırıblar. Xüsusilə, beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, torpaq haqları, eləcə də gömrük qaydaları barədə razılığa gəliblər. Yaxın günlərdə Baş nazirin müavinləri bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq.

Sosial-iqtisadi inkişaf

Aİ hər tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini təşviq edəcək. Mən əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır.

Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik. təşəkkürlər”-deyə, bəyanatda vurğulanıb.
Biləsuvarda Cəbrayıl sakini intihar edibBiləsuvar rayonunda intihar hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbədə qeydə alınıb.

Belə ki, qəsəbə sakini, Ə. Məmmədov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.